Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 05:03

BMT-də müxalifət qəzetlərindən də kəskin danışıblar


Universal Dövrü Baxış adlanan növbə fevralın 4-də Azərbaycana da çatdı
Universal Dövrü Baxış adlanan növbə fevralın 4-də Azərbaycana da çatdı
Hökumət medianın fəaliyyəti və güclənməsi üçün bütün addımları atır. Keçən illərdə medianın müstəqilliyinə dəstək baxımından hökumət bir sıra vacib addımlar atıb. Ədliyyə sistemində islhalatlar demokratik prinsipləri gücləndirmək və insan haqlarını reallaşdırmaq məqsədilə edilir.

Sizcə, bu sözlər hansı ölkə haqqında deyilib?

Bunlar Azərbaycan haqqında deyilir. Özü də harda? BMT-nin İnsan Haqları Şurasında. Deyən də Xarici İşlər nazirinin müavini Xələf Xələfovdur.

BMT-nin İnsan Haqları Şurası 2011-ci ilə kimi hər bir ölkədə insan haqlarının vəziyyətinə baxış keçirməlidir. Universal Dövrü Baxış adlanan bu növbə fevralın 4-də Azərbaycana da çatdı. Azərbaycanın hesabatının hansı əlavələrlə qəbul olunacağı isə sabah bilinəcək.

Azərbaycan İnsan Haqları Şurasına 13 nəfərlik nümayəndə heyəti göndərib. Hesabatı heyətə başçılıq edən Xarici İşlər nazirinin müavini Xələf Xələfov verib.

O deyib ki, Azərbaycan insan haqları ilə bağlı öhdəlikləri yalnız bəzi ərazilərində yerinə yetirə bilmir, bunlar da erməni qüvvələri tərəfindən işğal olunmuş ərazilərdir.

Azərbaycanın hesabatında siyasi müxalifətin vəziyyətindən, söz və toplaşmaq azadlığından və başqa insan haqları problemlərindən danışılmır.

Bu hesabatda hər şeyi gözəl qələmə verən Azərbaycan rəhbərliyi görəsən nəyə əsaslanır? Bəlkə ona ki, BMT-nin İnsan Haqları Şurasının bir üzvü də elə Azərbaycanın özüdür?

Ancaq hesabatla bağlı çıxış edənlər Azərbaycanın müxalifət qəzetlərindən kəskin danışıblar.

BMT-nin rəsmi internet saytında qaldırılan sualların, narahatlıqların və tövsiyələrin siyahısı verilib. Bunların uzunluğu elə Azərbaycanın hesabatı qədərdir. Sanki hesabatın hər cümləsinə bir sual düşür.

Şuranın 47 nəfərdən ibarət işçi qrupunun qaldırdığı suallar bunlar olub ki, mediaya təzyiqlərə niyə son qoyulmur? Medianın azadlığı üçün doğrudan da addımlar atılırmı? Həbsdə olan jurnalistləri buraxmaq üçün hansı işlər görülür? Təminat varmı ki, ədliyyə sistemi hakimiyyətdən müstəqildir? İşgəncələrin olmaması üçün nə edilir və s.

Tövsiyələr isə suallardan daha çox şey deyir. Azərbaycana tövsiyə olunub ki, media azadlığını beynəlxalq standartlar səviyyəsinə qaldırsın. Jurnalistlərə qarşı cinayətlər və zorakılıqlar effektiv şəkildə araşdırılsın və günahkarlar cəzalandırılsın.

Dövlət rəsmiləri indiki praktikadan çəkindirilsin ki, tənqid olan kimi jurnalistə və insan haqları müdafiəçisinə cinayət işi açdırmaqla cavab verməsinlər.

Toplaşmaq azadlığı, diffamasiya haqda qanunvericiliyə yenidən baxılsın və ya dəyişdirilsin.

Dövlətin bütün strukturları söz azadlığına hörmət eləsin. Azad toplaşmaq haqda qanun elə yazılsın ki, buna yerli hakimiyyətlər məhdudiyyət qoya bilməsin.

Və nəhayət, xarici radioların FM tezliyində yayımının dayandırılması qərarına yenidən baxılsın.
XS
SM
MD
LG