Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 07:50

«Venesiya Komissiyasının rəyinin heç bir əhəmiyyəti yoxdur»


Rasim Musabəyov
Rasim Musabəyov
«Venesiya Komissiyasının indi verdiyi o rəyin heç bir əhəmiyyəti yoxdur. Yəni bu qərar qəbul olunmadan öncə - parlamentin Konstitusiya dəyişikliklərini müzakirəsindən və referenduma çıxarılmasından öncə o rəy verilsəydi, ola bilsin onu hansı şəkildəsə nəzərə almaq mümkün idi. İndi referendum elan olunub, heç kəs onu dayandırmaq fikrində və səlahiyyətində deyil».

Bunu politoloq Rasim Musabəyov deyir. Onun fikrincə, Venesiya Komissiyası həmişəki kimi ikitərəfli bir rəy verəcək. Onun sözlərinə görə, bu rəyin o halda əhəmiyyəti olardı ki, onun geniş ictimai təbliği mümkün olardı. Və indiki halda da bu baş verməyəcək.

ACXP sədri Əli Kərimli isə deyir ki, Venesiya Komissiyasının son illərdəki fəaliyyəti onda bəzi suallar yaradıb. O deyir ki, bu komissiyaya əvvəlki illərdəki qədər etimad yoxdur. Azərbaycan Avropa Şurasına daxil olduğu ilk illərdə Venesiya Komissiyası Seçki Məcəlləsinin təkmilləşdirilməsi, Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması üzrə kifayət qədər prinsipial mövqe nümayiş etdirirdi, lakin fəaliyyətini bu cür saxlamadı:

«İndi də mən şübhə etmirəm ki, Venesiya Komissiyasının rəyinin nə olmasından asılı olmayaraq elan olunmuş referendum yəqin ki, keçiriləcək və bizim, hətta xalqın böyük əksəriyyətinin referendumu boykot etməsinə baxmayaraq, arzu olunan nəticələri elan edəcəklər. Sadəcə olaraq həm bizim ölkə daxilində gördüyümüz işlər, həm də Avropa strukturlarının verdiyi və bundan sonra verəcəyi bəyanatlar bu referendumun nəticəsində Konstitusiyaya ediləcək düzəlişlərin bütün mənalarda legitimliyini sarsıdacaq».

Politoloq Rauf Mirqədirovun sözlərinə görəsə, Venesiya Komissiyası referendumun ləğvi və ya ora müəyyən dəyişikliklərin olmasını tələb etsə də, hökumət buna əməl etməyəcək. Çünki bu, müəyyən vaxt tələb edən bir prosedurdur və referenduma cəmi 4 gün qalıb:

«Venesiya Komissiyasının hansı mövqedən çıxış etməsindən asılı olmayaraq, mən düşünmürəm belə bir prosedur olsun. Çünki Komissiyanın qərarlarının yerinə yetirilməsi ümumiyyətlə məcburi deyil. Venesiya Komissiyası ancaq məsləhətçi, tövsiyəçi bir orqandır. Tövsiyələrinin yerinə yetirilməməsini nəzərə alaraq siyasi qərarlar çıxara bilirlər. Bu, Avropa Məhkəməsi deyil ki, onun qərarlarının yerinə yetirilməsi məcburi olsun».

İqtidaryönlü Ana Vətən Partiyasından millət vəkili Zahid Oruc isə Azərbaycan hökumətinin Venesiya Komissiyasının qərarlarına əhəmiyyət verməməsi fikri ilə razılaşmır. O deyir ki, bu cür fikirlər siyasi maraqlara xidmət edir. Zahid Orucun sözlərinə görə, Azərbaycan indiyədək Seçki Məcəlləsinə dəyişiklik etməklə, Komissiyanın mövqeyini qəbul olunan qərarlarda nəzərə almaqla onun tövsiyələrini nə qədər ciddi qəbul etməsini göstərib. Lakin Zahid Oruca görə, referenduma çıxarılan müddəaların qəbul edilib- edilməməsinə Azərbaycan xalqı öz səsi ilə qərar verəcək.
XS
SM
MD
LG