Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 14:42

Koreya Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır


Koreya Respublikasının prezidenti Ro Mu Hyun - Bakı 11 may 2006, Foto «Trend»
Koreya Respublikasının prezidenti Ro Mu Hyun - Bakı 11 may 2006, Foto «Trend»

Koreya Respublikası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Mayın 11-də Azərbaycan prezidenti İlham Əliyev və Koreya prezidenti Ro Mu Hyun imzaladığı birgə bəyannamədə deyilir ki, hər iki tərəf BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Lissabon sammitinin üç prinsipinə diqqət yetirərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında həllini əhəmiyyətli hesab edir. Prezidentlərin görüşündən sonra keçirilən mətbuat konfransında cənab Ro Mu Hyun Azərbaycanın qonşu dövlətdən kifayət qədər zərər çəkdiyini də dedi: «Biz bilirik ki, Azərbaycan inkişaf yolunda böyük əziyyətlər çəkib, çətinliklərdən keçib. Qeyd etmək istəyirəm ki, Azərbaycan eyni zamanda, qonşu ölkənin də günahı ucbatından müəyyən əziyyətlər çəkib. Ancaq qazandığı müstəqilliyi itirməyib».


Koreya prezidenti İlham Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Dəvəti qəbul edən İlham Əliyev isə bildirdi ki, Bakıdakı görüşlərində siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin perspektivləri müzakirə edilib. Koreyada Azərbaycan səfirliyinin açılması barədə qərar qəbul edilib.


Səfər çərçivəsində tərəflər arasında neft, rabitə, energetika, nəqliyyat və digər sahələri əhatə edən doqquz sənəd imzalanıb.


Koreya prezidenti Bakıda olduğu müddətdə iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən biznes-foruma qatılıb, «Səngəçal» terminalına baş çəkib, Azərbaycandakı Koreya icmasının nümayəndələri ilə görüşüb.


Bu, Koreya prezidentinin Qafqaza ilk səfəridir.


Cənab Ro Mu Hyun Bakıya rəsmi səfəri mayın 12-də başa çatır.
XS
SM
MD
LG