Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 05:02

Şou-biznesdə uşaq əməyindən istifadənin artdığı deyilir


Ölkə üzrə uşaqların 55 faizinin məcburi əməyə cəlb edildiyi bildirilir Foto: Ələkbər İlyasov
Ölkə üzrə uşaqların 55 faizinin məcburi əməyə cəlb edildiyi bildirilir Foto: Ələkbər İlyasov

Rəqs və ya başqa kollektivlərin rəhbərləri uşaqların əməyindən müxtəlif əyləncəli təlbirlərdə geniş istifadə edərək, onları təhsildən yayındırırlar


Bu yaxınlarda Bərdədə ezamiyyətdə olarkən rayon mərkəzindəki bazarda böyüklərlə yanaşı 10-15 yaşlı oğlan uşaqları da gördüm. Onlardan biri Əlizamin bir neçə il əvvəl atasını itirib. 15 yaşı var, deyir ki 6-cı sinifdən məktəbə getmir: «Neynəyirəm məktəbi, gəlib burda günə 8-10 min manat pul qazanıram, vəziyyət çətindi».


Müstəqil ekspertlərə görə, oğlan uşaqları həm də nəqliyyat sahəsində çox işləyirlər. Məsələn, pulyığan, maşınyuyan. Bundan başqa, onlar küçələrdə boş şüşə yığır, zibilxanalarda metal toplayır, çayxanalarda işləyir. Qız uşaqlarının əməyindən isə, ekspertlərə görə, daha çox pambıqçılıqda istifadə olunur. Şəhər yerlərində isə yeniyetmə qızlar barlarda, yeməkxanalarda qab yuyur, yaxud başqa işləri görürlər.


Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva deyir ki, uşaq əməyinin geniş yayılması ölkədə yoxsulluq səviyyəsinin yüksək olmasıyla bağlıdır və çox vaxt uşaqlar ailələrinə kömək üçün işləyirlər. Bəzi sahibkarlar isə bundan sui-istifadə edirlər: «Uşağa günə 10 min manat təklif edəndə sevinə-sevinə konduktor işləməyə razı olur. Onun iş saatı səhər saat 6-dan başlayır gecə saat 12-yə qədər. Böyükləri bu pula işlətmək olmaz».


Xanım Ağayeva deyir ki, sahibkarların uşaq əməyindən istifadədə maraqlı olmasının bir səbəbi də uşaqların öz hüquqlarını bilməmələridir. Onun sözlərinə görə, son dövrlərdə daha bir sahədə şou-biznesdə uşaq əməyindən istifadə halları artıb. Rəqs və ya başqa kollektivlərin rəhbərləri uşaqların əməyindən müxtəlif əyləncəli təlbirlərdə geniş istifadə edərək, onları təhsildən yayındırırlar.


Uşaq əməyinin nə dərəcədə geniş yayılmasıyla bağlı mətbuatda bəzi rəqəmlər də səslənir, hətta ölkə üzrə uşaqların 55 faizinin əməyə cəlb edildiyini deyənlər də var. Bu zaman uşaqların məktəbə davamiyyəti ilə bağlı araşdırmalar əsas götürülür. Amma Milli Məclisin üzvü, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova deyir ki, belə rəqəmləri səsləndirmək qeyri-ciddi işdir. Onun fikrincə, uşaq əməyi Azərbaycan cəmiyyətində problem kimi mövcuddur, amma bəzi qeyri-hökumət təşkilatları bu məsələnin miqyasını qəsdən şişirdirlər. Xanım Əhmədova düşünür ki, uşaq əməyinin real miqyasını müəyyən etmək çox çətindir: «Əvvəla, ona görə ki, sahibkarlar bunu gizlədirlər, digər tərəfdən isə uşaqlar və valideynlər iş yerini itirmək qorxusuyla bunu gizli saxlayırlar. Bunu aşkar etmək çox çətindir. Qeyri-hökumət təşkilatlarının bu sahəni araşdırmaq imkanları məhduddur. Rəqəmləri isə hay-küy salıb beynəlxalq təşkilatlardan qrant almaq istəyilə şişirdirlər».


Deputatın fikrincə, indi ölkədə kasıb alilələrə ünvanlı sosial yardım verilməsi üçün başlanan iş həm də uşaq əməyinə qarşı ciddi önləyici tədbir səciyyəsi daşıya bilər. O, hesab edir ki, Azərbaycanda uşaq əməyinin qarşısının alınması üçün dövlət səviyyəsində milli planın hazırlanmasına ehtiyac var.


BMT-nin Uşaq Fondunun - UNİCEF-in eksperti Rodovan Jehak isə deyir ki, dünyada 200 miylondan artıq uşaq əməyə cəlb edilib. Amma onun sözlərinə görə, xoşbəxtlikdən Azərbaycan bu sahədə lider ölkələr arasında deyil. Yəni məsələn, Azərbaycanda uşaq əməyi ilə bağlı vəziyyət Afrika və Cənubi Asiya ölkələrində olduğu kimi faciəvi deyil, amma ölkədə uşaqların əməyə cəlb edilməsi və təhsildən məhrum olmasıyla bağlı çoxlu nümunələrə rast gəlmək olar: «Vəziyyət daim monitorinq olunmalıdır. Bu elə məsələdir ki, «vəziyyət gözəldir» ifadəsini heç vaxt işlədə bilməyəcəyik. Yoxsulluqla mübarizə ilə yanaşı, elə bir qeydiyyat sistemi yaradılmalıdır ki uşaqların əməyə cəlb edilməsi mümkün olmasın. Həmçinin hüquq-mühafizə orqanları uşaq əməyinə lazımi reaksiya verməlidir».


...Bərdə bazarında söhbətləşdiyim 15 yaşlı Əlizamin isə deyir ki, hansısa bir peşə sahibi olmaq istərdi, amma alver etməkdən başqa çarəsi yoxdur.


XS
SM
MD
LG