Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:36

Kitabi-Dədə Qorqud (Müqəddimə)


Məhəmməd peyğəmbərin zamanına yaxın Bayat boyunda “Qorqud
ata” deyilən bir kişi vardı.

O kişi oğuzların kamil bilicisi idi: nə deyirdisə, olurdu.

Gələcəkdən qəribə xəbərlər söyləyirdi. Allah onun könlünə ilham verirdi...

Qorqud ata dedi: “Axırda xanlıq geriyə – Qayıya dönər, heç kim
əllərindən almaz...”

Qorqud atanın bu dediyi Osman nəslidir.

/Qiyamət günü qopunca necə var, elə də ömür sürüb gedəcək/... və
daha buna bənzər neçə söz söylədi.

Qorqud ata oğuz xalqının çətin işlərini həll edərdi.

Nə olsa, Qorqud ataya danışmayınca iş görməzdilər.

O nə buyursa, qəbul edirdilər, sözün tutub gedirdilər...

Dədə Qorqud soylamış:

Allah-Allah deməyincə işlər düzəlməz.
Qadir Allah verməyincə kişi varlanmaz.
Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
Əcəl vaxtı çatmayınca kimsə ölməz.
Ölən adam dirilməz, çıxan can geri gəlməz.
Bir igidin Qara dağ yumrusunca malı olsa,
yığar-toplayar, qismətindən artığını
yeyə bilməz.
Qovuşaraq sular daşsa, dəniz dolmaz.
Təkəbbürlük eyləyəni Tanrı sevməz.
Könlünü uca tutan adamda ağıl olmaz.
Yad oğlunu saxlamaqla oğul olmaz, –
böyüyəndə atar-gedər, gördüm deməz...
Kül təpəcik olmaz (Kürəkən oğul olmaz).
Qara eşşək başına yüyən vursan, qatır olmaz.
Qaravaşa don geydirsən də, qadın olmaz.
Lopa-lopa qarlar yağsa, yaza qalmaz.
Gül-çiçəkli göycə çəmən payıza qalmaz.
Köhnə pambıq bez olmaz.
Qarı düşmən dost olmaz.
Qaracığa qıymayınca yol alınmaz.
Böyük, iti, polad qılıncı çalmayınca döyüş bitməz.
Kişi malına qıymayınca adı çıxmaz.
Qız anadan görməyincə öyüd almaz.
Oğul atadan görməyincə süfrə çəkməz.
Oğul atanın yetirməsi, iki gözünün biridir.
Ağıllı oğul olsa, ocağının közüdür.
Oğul daha neyləsin, ata ölüb mal qalmasa.
Ata malından nə fayda, başda ağıl olmasa...
Ağılsız adamın şərindən Allah saxlasın, xanım, sizi!
Dədə Qorqud soylamış:
Bərk qaçarkən Qazlıq ata namərd igid minə bilməz,
minincə, minməsə yaxşıdır!
Çalıb-kəsən iti qılıncı müxənnətlər çalınca,
sınsa yaxşıdır!
Vura bilən igidə oxla qılıncdan bir çomaq yaxşıdır.
Qonağı gəlməyən böyük evlər yıxılsa yaxşıdır!
At yeməyən acı otlar bitincə, bitməsə yaxşıdır!
Adam içməyən acı sular sızınca, sızmasa yaxşıdır!
Ata adını ucaltmayan fərsiz oğul
ata belindən enincə, enməsə yaxşıdır.
Ana bətninə düşüncə, doğulmasa yaxşıdır.
Ata adını yaşatmaqçın ağıllı oğul yaxşıdır.
Yalan söz bu dünyada olunca, olmasa yaxşıdır.
Doğrucul adamlar yüz yaşasa yaxşıdır.
Üç yüz on yaşına çatasan;
Allah sizə yamanlıq göstərməsin,
Dövlətiniz əbədi olsun, xanım, hey!
Dədə Qorqud soylamış, görək, xanım, nə soylamışdır:
Getdiyi yerin otlaqlarını keyik tanıyar.
Uzaq yerlərin çəmənlərini qulan tanıyar.
Ayrı-ayrı yollar izini dəvə tanıyar.
Yeddi dərə qoxularını tülkü tanıyar.
Gecə ikən karvan köçdüyünü torağay bilər.
Oğulun kimdən olduğunu ana bilər.
Ərin ağzının kəsərini at bilər.
Ağır yükün zəhmətini qatır bilər.
Hansı yerdə sıyrılan varsa, çəkən bilər.
Qafil başın ağrısını beyni bilər.
Qolça qopuz götürüb eldən-elə, bəydən-bəyə
ozan gəzər;
Ər comərdini, ər namərdini ozan bilər.
Elinizdə-evinizdə çalıb-deyən ozan olsun!
Azıb gələn qəzanı Tanrı sovuşdursun, xanım, hey!
Dədə Qorqud yenə soylamış, görək, xanım, nə soylamışdır:
Ağız açıb tərifləsəm, üstümüzdə Tanrıya əhsən!
Tanrı dostu, din başçısı Məhəmmədə əhsən!
Məhəmmədin sağ yanında namaz qılan
sadiq Əbubəkrə əhsən!
Quranın son fəslində “əmmə” surəsi gözəldir!
Höccələnib düz oxunsa, yasin gözəldir!
Qılınc çaldı, din açdı mərdlər şahı Əli, – əhsən!
Əlinin oğulları – peyğəmbərin nəvələri –
Kərbəla çölündə Yezid əlində öldürülən
iki qardaşa – Həsənlə Hüseynə əhsən!
Yazılıb-düzülüb göydən enən Tanrı elmi
Qurana əhsən!
O, Quranı yazdı-düzdü, alimlər öyrənincə
ölçdü-biçdi, –
Alimlər başçısı Üffan oğlu Osmana əhsən!
Alçaq yerdə tikilibdir, Tanrı evi Məkkə gözəldir.
O Məkkəyə sağ-salamat gedib-gəlsə, sidqi
bütöv Hacıya əhsən!
Sayılan günlərdən cümə gözəldir,
Cümə günü oxunanda xütbə gözəldir.
Qulaq asıb-dinləyəndə ümmətə əhsən!
Minarədə azan verən azançıya əhsən!
Dizini yerə basıb oturanda qadın gözəldir.
Sinəsindən ağarırsa, ata gözəldir.
Ağ südünü doyunca əmizdirsə, ana gözəldir.
Yanaşıb yola girəndə qara buğur gözəldir.
Sevgili qardaş gözəldir.
Uca ev yanında qurulsa gəlin çadırı, gözəldir.
Uzunca ipi də gözəldir. Oğul gözəldir.
Heç kimə bənzəməyən, bütün aləmləri yaradan
Allaha əhsən!..
O təriflədiyim uca Tanrı dost olub,
sənə kömək etsin, xanım, hey!

Ozan deyir: “Arvadlar dörd cürdür: birisi soy soldurandır; birisi toy
doldurandır; birisi evin dayağıdır; birisi necə desən, bayağıdır”.
Ozan, evin dayağı odur ki, çöldən-bayırdan evə bir qonaq gəlsə,
əri evdə olmasa, o gələn adamı yedirir-içirir, əzizləyib-oxşayır, yola
salır. O cür arvad Ayişə, Fatimə cinsidir, xanım. Onun uşaqları sağ
olsun. Ocağına bu cür arvad gəlsin...Gəldin, o ki soy soldurandır,
oğrunca yerindən qalxar, əl-üzünü yumadan doqquz bozlamacla bir
bardaq qatığı gəvələyər, tıxıb-basıb doyunca yeyər, əlini böyrünə
vurar, deyər: “Bu evi görüm, xaraba qalsın! Ərə gedəndən bəri qarnım
da doymadı, üzüm də gülmədi. Ayağım başmaq, üzüm yaşmaq görmədi.
Deyər: “Ah, nə olaydı, birinə də gedəydim. Umduğumdan da
yaxşı-uyğun olaydı”. Onun kiminin, xanım, uşaqları böyüməsin! Ocağına
bu cür arvad gəlməsin.

Gəldin, o ki toy doldurandır, tərpənincə yerindən qalxdı, əl-üzünü
yumadan obanın o ucunu bu ucuna çarpışdırdı. Söz-şayiə yaydı,
qapılara qulaq qoydu. Öynəyədək gəzdi. Öynədən sonra evinə gəldi.
Gördü ki, oğru köpəklə yekə dana evini qatıb-qatışdırmışdır; evi toyuq
komasına, inək damına dönmüşdür. Qonşularını çağırar ki: “Yetər!
Zəlihə! Zibeydə! Ürüdə-can, qız-can! Paşa! Ayna Mələk! Qutlu
Mələk! Ölməyə itməyə getməmişdim. Yatacaq yerim yenə bu xaraba
olasıydı. Nə olardı, mənim evimə azacıq baxaydınız? “Qonşu haqqı –
Tanrı haqqıdır” – deyib-söylər. Bunun kiminin, xanım, uşaqları
böyüməsin! Ocağına bunun kimi arvad gəlməsin.
Gəldin, o ki necə desən, bayağıdır. Əri evdə olanda çöldən-bayırdan
evinə bir abırlı qonaq gəlsə, əri desə ki, dur çörək gətir, yeyək;
qonaq da yesin. Desə, bişmiş çörək daimi deyil, yemək lazımdır. Arvad
deyər: “Neyləyim, bu yıxılacaq evdə un yox, ələk yox. Dəvə də
dəyirmandan gəlmədi... Nə gəlirsə, mənim sağrıma gəlsin”,-deyə
əlini yanına vurar, üzünü o tərəfə, sağrısını ərinə döndərər. Min söylərsən,
birisini eşitməz, – ərin sözünü qulağına almaz. O, Nuh peyğəmbərin
eşşəyi nəslindəndir. Xan, ondan da sizi Allah saxlasın!
Ocağınıza belə arvad gəlməsin!

davamı
XS
SM
MD
LG