Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:53

Avtomobillər texniki baxışdan necə keçir?


Texniki korrupsiya
Gözlə
Embed

No media source currently available

0:00 0:01:17 0:00
Direct-ə keçid
Bura Xırdalan şəhərinin bir neçə kilometirliyindəki Dövlət Yol Polis İdarəsinin maşınların texniki baxış məntəqəsidir.

Bu məntəqədəki 2 saylı kompüter otağının qarşısında duranlar pula bükdükləri texniki pasportu azca aralı saxlanmış qapıdan içəri uzadırdılar. Dar və insanların nəfəsindən pəncərəsi tərləyən bir-neçə kvadrat metrlik dəhlizdə hər kəs birinci olmaq istəyirdi.

Ancaq məntəqədəki digər otaqların qarşısında da növbə olsa da, orada nə növbəni pozanlar, nə də əlində pul tutub içəri keçənlər var idi.

Sürücülər öz aralarında 2 saylı otağı korrupsiya otağı adlandırırdılar.

Bir qədər əvvəl adamları basabas yaratdıqlarına görə qınayan da polis əməkdaşı idi. O, 2 saylı otağın qarşısında səliqə- səhman yaratmıdı. Sadəcə özü də kimin üçünsə növbədən kənar texniki baxış talonu alırdı. Onun içəri girib çıxmağı bir neçə dəqiqə çəkdi. Ümumiyyətlə bu otağa girənlər içəridə o qədər də yubanmırdılar.

SON GÜN HƏYƏCANI

Mayın 1-i VAZ markalı avtomobillərin texniki baxış müddəti başa çatdığından aprelin 30-u məntəqədə maşın və sürücü əlindən tərpənmək olmurdu. Orda olduğum bir neçə saat müddətində müşahidə etdim ki, avtomobillərin texniki baxışdan keçməsinin müxtəlif yolları var.

Bunun bir yolu odur ki, maşın tam saz vəziyyətdə olmalıdır. Bu zaman avtomobilin sahibi banka 26-28 manat ödəyib texniki baxış talonunu götürə bilər. Yerdə qalan hallarda isə sürücü gərək müfəttişlərlə necə deyərlər «dil tapsın».

«KEÇ İÇƏRİ PULU VER VƏSSALAM!»


2-ci otaqdan çıxan bir avtomobil sahibini sorğu-suala tuturam.
«Nə qədər ödədiniz?
- 56 manat.
- Ödənilən pula görə sizə qəbz verdilərmi?
- Heç bir şey vermirlər. Bilirsən necədir, maşının nasazlığı var, yoxsa yox, fərq eləməz. Keç içəri pulu ver vəssalam!
- Maşını texniki baxışa gətirmək lazım deyil?
- Adə. Yox.. Heç nəyə ehtiyac yoxdur. Mənə içəridə dedilər ki, kassaya nəyə getmisən ki? Dedim ki, saat yarımdır dayanmışam. Dedilər nahaq yerə, niyə gəlib keçə bilmirsən içəri....»

Avtomobillərin texniki baxışdan keçməsi üçün 7 otaq var. Sürücülərin sözlərinə görə, avtomobil müayinədən uğurla keçəndən sonra pul vermək istəmirsə bir-bir həmin otaqlara girməlisən.

Texniki baxışa gələnlər arasında deyəsən

yuxarılardan tapşırılanlar da az deyildi. Hətta bunu orda gizlədən də yox idi. 2-ci otaqdan sürücülərə edilən müraciət:

«SEYMUR MÜƏLLİM KİMİ GÖNDƏRMİŞDİ?»


Məntəqənin qarşısında mülkü paltarlı müəyyən şəxslər də gözə dəyir. Onlar avtomobil sahiblərinə heç içəri keçmədən, 65 manat əvəzində cəmi 10-15 dəqiqə ərzində işlərini düzəldəcəklərini vəd edirlər. Nə qədər çənə vursan da onlardan bu qiymətdən ucuz sənəd əldə etmək mümkün deyil.

Kamran Əliyev
DÖVLƏT YOL POLİSİ İNANMIR


Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev texniki baxışa görə, sürücülərdən rüsumdan əlavə pul alınmasına inanmır. Deyir ki, ola bilsin sürücülərin əlində olan pullar vaxtında texniki baxışa getmədiklərinə görə, onlara yazılan cərimələrdir.

Kamran Əliyevə görə, əgər belə hallar varsa bu sürücülərin günahıdır.

«Mən inanmıram bizim əməkdaşlar sürücüdən pul alsın. Hər həftə efirdə nə qədər texniki baxışla, vəsiqə ilə bağlı danışmaq olar. Onda gərək, gedək oturaq televiziyada 24 saat bizi göstərsinlər. Yol hərəkəti təhlükəsizliyi ilə bağlı Azərbaycandakı qədər dünyanın heç bir ölkəsində maarifləndirmə aparılmır. Hamı istəyir ki,qanun onun istədiyi kimi işləsin».

SÜRÜCÜ GÜNAHKARDIR, YOXSA POLİS?


Yol Hərəkəti Qaydaları Əleyhinə olan İnzibati Xətaların Kommentariyası kitabının müəllifi Ərşad Hüseynov hesab edir ki, texniki baxışda korrupsiyanın mövcudluğuna görə, həm sürücülər, həm də polisləri günahkardır. Hüquqşünasa görə, sürücü texniki baxışa nasaz avtomobil aparmaqla polisin rüşvət almasına şərait yaradır:

«Polis prinsipial olmalıdır. Əgər qanuna qalsa vətəndaş polisə 10 min də rüşvət təklif etsə polis onu almamalıdır. Mən də deyirəm sürücü də günahkardır. Amma sürücü görsə ki, rüşvət qəbul olunmur bu baş verməz. Əgər polis prinsipial olsa texniki baxışda mövcud olan korrupsiyanın qarşısı 5 dəqiqəyə alınar. Polisin marağı var orda, ona görə texniki baxışda korrupsiya mövcuddur».

RƏSMİ RÜSUM NƏ QƏDƏRDİR?


Azərbaycanda qeydiyyatda olan bütün nəqliyyat vasitələri «Yol hərəkəti haqqında» qanuna görə, ildə bir dəfə texniki baxış keçirilir.

Mühərrikinin həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1 qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat vergi tutulur. Üstəgəl 2000 kub sm-dən artıq hər kub sm-ə görə 2 qəpik yol vergisi verməlisən. Əlavə olaraq avtomobilə göstərilən xidmətə görə, 10 manat dövlət rüsumu ödənilir.

Qanunda müəyyən olunan müddət və qaydalar çərçivəsində nəqliyyаt vаsitələrini teхniki bахışdаn keçirmədiyinə görə, fiziki şəхslərə 30, vəzifəli şəхslərə isə 40 mаnаtdаn 70 mаnаtаdək cərimə nəzərdə tutulur.
XS
SM
MD
LG