Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 02:35

Lukaşenkonun varis planı


Aleksandr Lukaşenko Kolya ilə Minskdə motosiklet festivalında, 20 iyul 2009
Hakimiyyətlərin varis planları içərisində son dönəmlər haqqında ən çox danışılan Belarus prezidenti Aleksandr Lukaşenkodur. 2008-ci ilin yazında Lukaşenko ictimaiyyət içərisinə balaca bir oğlanla çıxandan sonra bu məsələ medianın gündəmindən düşmür.

Pis ailə başçısı – əla ata?

Rusiya mediası yazır ki, Lukaşenko heç vaxt yaxşı ailə başçısı kimi tanınmayıb. Hətta 1994-cü ildə prezident seçkisində qələbə qazanandan sonra Aleksandr Lukaşenko ailəsini kənddən paytaxta gətirmədi. Elə indi də həyat yoldaşı 15 ildir ölkəyə başçılıq edən Qalina Rodionovna Rıjkoviçi kəndində yaşayır, Şklov rayon İcra Hakimiyyətində çalışır və media ilə heç bir təmas qurmur. Onların iki oğlu da ali məktəbdə oxuyana qədər ictimaiyyət arasında görünməyib.

Bəs o zaman Lukaşenkonun «mənim davamım» adlandırdığı bu balaca kimdir?

Bu suallara Lukaşenko Kolya ilə görünməyə başlayandan az sonra çox aşkar bir cavab verdi. Regionlara səfərlərindən birində o bildirdi ki, mənim kiçik oğlum prezident olacaq. Bu «ehtiyatsız» sözdən sonra prezidentin Britaniyadan olan piarçıları onun bir qədər də korlanmış imici üzərində xeyli çalışmalı oldular.

Məsələ ortaya çıxandan sonra ən çıxılmaz durumda olanlardan biri də Lukaşenkonun mətbuat katibi idi. Media əhlinin uşağın kimliyi ilə bağlı verdikləri saysız suallara o, ən ağlasığmaz cavablar verirdi:

«Əla uşaqdır, mən də onu görmüşəm. Dövlət başçısı ona hədiyyə olunan ikonanı bu uşağa bağışlamışdı.
Aleksandr Lukaşenko oğlu Kolya ilə Bişkekə gəlir, 30 iyul 2009
Ancaq mən bu uşağın haradan peyda olması ilə heç maraqlanmamışam».

Allahın hədiyyəsi

Lukaşenkonun media ilə siçan-pişik oyunu isə onun axır ki, bu uşağın onun oğlu olmasını Rusiya mediasına etiraf etməsi ilə başa çatdı:

«Hər şey çox sadədir. Oğlum obrazlı desək, mənim davamımdır. O, sadəcə məndən başqa heç kimdə qala bilmir. Təbii, bu, mənimçün əlavə yükdür. Çünki onu məndən başqa kimsə geyindirə, yedirdə bilmir. Burada gizlətməli nə var ki? Putin də onu görəndə mənə dedi ki, bu, Alların hədiyyəsidir».

Atasının bu etirafından sonra – 2008-ci ilin payızında hərbi təlimlərdə generallar yalnız ata Lukaşenkoya deyil, həm də oğlu Kolyaya məruzə edirdilər. Bu mərasim üçün Kolyaya məxsusi hərbi geyim də tikilmişdi. Ölkənin keçmiş hərbi naziri bu təlimləri «teatr tamaşası» adlandırmışdı.

Papaya əlifba bağışlayan bic

Media yazır ki, Kolya Lukaşenkonun şəxsi həkimi işləmiş İrina Abelskaya ilə qeyri-rəsmi nikahından doğulub. 4 yaşından sonra o, atasının bütün rəsmi və qeyri-rəsmi görüşlərində onunla bərabərdir.
Kolya Vatikanda Roma Papası XVI Benediktə kitab təqdim edir, 27 aprel 2009
Kolyanın Roma Papasına qonaq gedərək ona rus əlifbası bağışlaması isə çoxlarında təəccüb qarışıq təbəssüm doğurmuşdu.

Kolyanın anası kimdir?

Kolyanın anası Belarus elitasındakı çoxluqdan fərqli olaraq, kənddə doğulmayıb. Görənlər deyir ki, bu qadın olduqca yaxşı təəssürat oyadır. Bir ara onun karyerası çox uğurla inkişaf edirdi. Özü ölkənin mərkəzi xəstəxanasına, anası ilə bütünlükdə səhiyyə sisteminə başçılıq edirdi. 2004-cü ildə analıq məzuniyyətində olan İrina oğlu dünyaya gələndən düz bir ay sonra namizədlik dissertasiyasını müdafiə etmişdi. Ancaq bütün uğurlarına baxmayaraq, İrina oğluna atasının Aleksandr Lukaşenko olduğu göstərilən doğum haqqında şəhadətnamə ala bilməmişdi.

2007-ci ildən sonra isə İrinanın karyerasında eniş başladı. İşdən çıxarılan Abelskaya uzun müddət işsiz qaldı. İndi o, Minsk xəstəxanalarından birində adi həkimliklə məşğuldur. Özü də yalnız kişiləri qəbul edir. İrinanın oğlu ilə nə qədər tez-tez görüşdüyünü də bilən azdır. Bəlli olan odur ki, İrina ilin bir neçə ayını Avropa ölkələrində keçirir.

«Bağça»da «böyük siyasət» oyunu

Belarusun müxalifət mediası isə Lukaşenkonun varis planını gen-dol tənqid etməkdədir. «Narodnaya volya» qəzetinin şef-redaktoru Svetlana Kalinkina yazır ki, söhbət heç də Kolyanın nikahdankənar doğulmasından və adətən siyasətçilərin belə işləri gizli saxlamalarından getmir:

«Bizim gözlərimiz qarşısında ata öz oğlunun psixikasını korlamaqla məşğuldur. Bu yaşda uşaq ağsaqqal babalarla, prezident mühafizəçiləri ilə «böyük siyasət» oyunu oynamaq yerinə, bağçaya getməli, öz yaşıdları ilə əylənməlidir. Ola bilər ki, bu ağsaqqallar heç də pis adamlar deyillər, ancaq hər yaşın öz kampaniyası var».
XS
SM
MD
LG