Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:02

Ilqar Rəsul "Xərçəng və qırmızı tramvay" (Hekayə)


Axşam saat 9-a 15 dəqiqə qalmış tramvay relsinin kəsdiyi küçədə ağır yol qəzası baş verdi.

Tramvay qəfil yoluna çıxan qara rəngli "Pejo"nu xıncım - xıncım eləmişdi. Xoşbəxtlikdən maşında cəmi bircə nəfər var imiş. Bədbəxtlikdən həmin o bircə nəfər elə sükanın arxasındaca...

Gecə xəbərlərində ilkin mülahizə kimi günahın "Pejo"nun sürücüsündə olduğunu dedilər...
Xəstəni müayinə edəndən sonra həkim dedi:

- Siz xəstəsiniz.

Xəstə:
- Bilirəm, elə ona görə də teatra yox, xəstəxanaya gəlmişəm.

Həkim:
- Siz çox ciddi xəstəsiniz.

Xəstə:
- Mən sağlam vaxtı da ciddi oluram.

Həkim:
- Demək istəyirəm ki, vəziyyətiniz ağırdır.

Xəstə:
- İndi hamının vəziyyəti ağırdır.

Həkim:
- Sizinki ümidsizdir!

Xəstə:
- Ümidsiz heç nə olmur.

Həkim:
- Xərçəngsiniz. Uzağı altı ay ömrünüz qalıb!

Xəstə (gülümsünərək):
- Bəs yaxını?

Həkim:
- Dörd ay.

Xəstə:
- Siz buna əminsiniz?

Həkim:
- Bəli.

Xəstə:
- İnandırıcı səslənmir. Ancaq əgər bu dörd ay məsələsi dəqiqdirsə, deməli mənim vəziyyətim sizinkindən xeyli yaxşıdır.

Həkim:
- Nəyə görə?

Xəstə:
- Çünki bu dəqiqə dünyada heç kim daha nə qədər yaşayacağını bilmir. Adamlar var ki, bir saat sonra öləcəklər. Lap elə bu dəqiqənin özündə də ölənlər var. Elələri də var ki, bir həftə ömürləri qalıb. Mən isə sizə inansaq, hələ dörd ay ölməyəcəm. Əgər buna sizin diaqnozunuzun səhv çıxa biləcəyini də əlavə etsək, bir igidin ömrü olur.

Həkim:
- Maraqlı danışırsınız.

Xəstə:
- Həqiqət həm də maraqlı olduğu üçün hörmətə layiqdir.

Həkim:
- Çətin ki, dörd aydan sonra mənim həqiqətimə hörmət edə biləsiniz.

Xəstə:
- Mənim hər dəqiqə baş verə biləcək həqiqətimə isə nə qədər tez hörmətlə yanaşsaz o qədər yaxşıdır.

Həkim:
- Yaxşı o olar ki, özümüzə hörmət edib bir-birimizin vaxtını almayaq.

Xəstə:
- Onda mən getdim.

Həkim:
- İstəsəniz metroya qədər sizi öz maşınımla apara bilərəm.

Xəstə:
- Nə rəngdədir?

Həkim:
- Nə?

Xəstə:
- Maşın.

Həkim:
- Qara "Pejo"du.

Xəstə:
- Yox, mən qırmızı tramvayla gedirəm.

Həkim:
- Deyəsən qırmızı rəngdən xoşunuz gəlir.

Xəstə:
- Yox, bu hardan ağlınıza gəldi?

Həkim:
- Bəs onda niyə qırmızı tramvayla gedirsiniz?

Xəstə:

- Evimizin qabağından keçdiyinə görə...

Həkim kabinetinin qapısını bağlayıb xəstəxanadan çıxdı. Hava qaralmışdı. "Pejo"suna minib, binadan aralandı. Maşını sürərkən maraqlı xəstəni görmək ümidi ilə ətrafa baxırdı. Tramvay relsinin üstündən keçəndə axşam saat 9-a 15 dəqiqə qalmışdı...
XS
SM
MD
LG