Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:46

NATİQ "Oğru" HEKAYƏ


Nə zamansa belə bir dövlət olub – adına fəhlə-kəndli hökuməti deyərdilər.

Bu ölkənin insanları inanırdılar ki, hamının bərabər və firavan yaşayacağı kommunizm quracaqlar. Elə bu inamla da gecə-gündüz çalışır, şəhərlər, kəndlər salırdılar.

Nəsillər bir-birini əvəz edir, milyonlar canlarından keçirdi.

Sonralar, lap sonralar anladılar ki, onlar əslində elə kommunizmdə yaşayırlarmış. Amma bu, sonralar, lap sonralar oldu. 1991-ci il dekabrın 25-i saat 19:38-də isə fəhlə-kəndli hökumətinin oraq-çəkicli, qırmızı bayrağı birdəfəlik endirilib tarixin arxivinə gömüldü...

***

- Belə biabırçılıq olmaz yoldaşlar, əllərimiz qabar bağlayır zəhmət çəkib taxıl əkirik haramzadanın biri gözümüzün qabağında oğurlayıb aparır. Bir ildə üç anbardar dəyişmişik xeyri yoxdu.

İndi biz neyləyək əlimizi-qolumuzu sallayıb duraq ki, hansısa müftəxor taxılımızı daşısın bəs onda biz dövlətə nə verəcəyik, bu kolxozçuların balaları nə yeyəcək? Belə çıxır biz fərsizik hə?!

Alın tərimizlə əkib-becərdiyimiz məhsulu qoruya bilmirik. Ə, Qasım qalx ayağa, ay vicdansız, səni anbardar seçəndə bu boyda camaatın qabağında partbiletinə and içmədimi ki, kolxozun bir dəni də o yan-bu yan olmayacaq? İndi nə oldu, heç üçcə ay deyil işləyirsən taxıl yenə kəm gəlir, göstərərik sənə yalandan partiyaya and içməyi.

- Ay sədr, məni çöndər balalarının başına, partiyacanı, dədəmin ölmüşünə mənim xəbərim yoxdu. Ay başınıza dönüm taxılı mən hara apardım siz görmədiniz? Bir çətən külfətim boğazımdan asılmayıb ki, kolxozun malına kəm baxam, bir arvadımdı, bir özüm də.

Nəyimə lazımdı buğda? Vallah hər axşam anbarın qapısını bağlayıb gedirəm evə, o qıfılı ki ora mən vururam, bütün rayon yığışa aça bilməz.

- Ə, bəs taxıl niyə kəm gəlir?

- Vallah o kişinin yolu haqqı – əli ilə kolxoz idarəsinin qabağında ucalan Leninin büstünü göstərir – mənim xəbərim yoxdu. İstəyirsiniz elə bu dəqiqə tüpürüm cəmdəyimə, qandallayın göndərin Sibirə, billah xəbərim yoxdu, nə sirdi mən bilmirəm.

- Yoldaş sədr, - qabaqcıl kolxozçulardan kimsə söz aldı – madam ki, biz zülmlə becərdiyimiz taxılı qoruya bilmirik, niyə dağa-daşa düşək qonşu kənddən adam çağıraq anbarı etibar edək ona.

- Əşi ağzından çıxanı qulaqların duyurmu, elə şey olar bəs rayon nə deyər? Deməzlərmi ki, bu nətəhər kolxozdu öz anbarını yiyə dura bilmir. Mən buna razı deyiləm – partkomun ötkəm müdaxiləsindən sonra sədr heç bu təşəbbüsün üstündə burmadı – yoldaşlar, Qasımın cəzası ağır olacaq bilin, amma anbarı da bir nəfərə tapşırmalıyıq axı. Kimi məsləhət görürsünüz, təklifiniz nədi?

- Nə təklifimiz olacaq ay sədr, - həmişə iclasların həlledici məqamında çıxış edən qocaman pambıq ustası dilləndi – bizim kənddə anbarda işləyəcək adam qalmayıb. Ay balam, ilə iki-üç anbardar dəyişirik, bu vaxta kimi az qala hər evdən bir nəfər anbarda işləyib, tay biz hardan adam tapaq, bir qalıb əlimizə dəyənək alıb ellikcə duraq anbarın qabağında görək o hansı qurumsaqdı camaatın malına qəsd edir...

– Ay arvad, necə yəni əlimizə alaq dəyənəyi duraq anbarın qabağında, hərənin öz işi-gücü var, heç bilirsən rayon buna nə deyər? – partkom pambıqçının sözünə nöqtə qoymasına imkan vermədi – nə qədər ki məsələ dilə-dişə düşməyib onu elə öz aramızda həll edək, nə qonşu kəndən adam lazımdı, nə də hamı əlinə dəyənək alsın.

Yəni deyirsiniz bizim aramızda namuslu, alnıaçıq, vicdanlı bir kommunist qalmayıb ki anbarı onu etibar edək?

Partkomun pafoslu çıxışı camaatı bir az duruxdurdu, sanki dirijor çubuğundan işarə gözləyən orkestrin üzvləri kimi hamı başını sağa - sədrin açıq pəncərəsindən aydınca görünən Leninin büstünə tərəf çevirdi.

Elə bil camaat partkomun sualının cavabını ondan soruşmaq istəyirdi, yəni doğurdanmı bizim aramızda vicdanlı kommunist qalmayıb, əziz Vladimir İliç?

Bu səhər dan yeri sökülməmişdən pambığa gedən kolxozçuların toplaşdığı iki iri gövdəli tut ağaclarının altında hamı axşam olacaq iclasdan danışırdı.

Məlum məsələdi, yenə də taxıl kəm gəlib, yenə anbardarı qovlayıb ən yaxşı halda bir partiya töhmətini yapışdıracaqlar belindən, əgər camaat qahmar çıxmasa, bəlkə də bədbəxtin yaxasını verdilər prokurorun cənginə. Nə isə axşam kolxoz idarəsində qiyamət qopacağı hamıya gün kimi aydan idi.

Çolaq Qədir də qaralmış yulğun budağından düzəltdiyi çəliyinə söykənə-söykənə danışılanlara qılaq verir, aradabir camaata qoşulub taxıl oğrusunun yeddi arxa dönəninə lənət yağdırırdı.

Ona kənddə fikir verən olmazdı, özünün şikəstliyi bir yana, qarğışa tuş gəlmiş kimi oğlanlarının ikisi də ayaqlarını çəkə-çəkə yeriyirdi, ailəsində bir babad Allah bəndəsi arvadı idi ki, onu da nə alaq vurmağa, nə pambıq yığmağa aparırdılar. Arvadı da xeyirdə-şərdə yeri gəldi-gəlmədi əl atıb and-aman eləyirdi ki iki yox, elə bil üç uşaq saxlayır, üçü də ocağının başında şikəst qalıb.

Kolxozçular kəndin ən fağır, məğmun adamı kimi Çolaq Qədirin üzərindən nəzərlərini əskik eləməzdilər – bayramlarda pay-plüşü, əti-yağı kəm olmazdı, öz aralarında deyərdilər ki, kəndin bir məğmunu var, onu da ac qoymayasıyıq ki.

Ona ən yüngül işi tapşırmışdılar, işləmək yox, sadəcə başını qatmaq üçün. Çolaq Qədir səhərlər xırmanın ayağındakı balaca gölməçənin yanında eşələnən kəndin qazlarına, toyuq-cücəsinə göz qoyar, axşam əl-ayaq yığışandasa idarənin qabağındakı Leninin büstünün böyür-başının alaq-ulağını, traktorlardan yerə düşmüş çır-çırpısını təmizləyərdi.

Heç dərinə gedəndə buna iş də demək olmazdı, sadəcə camaat fikirləşirdi ki, qoy Qədir də özünün onlardan kəm bilməsin, eləcə başını qatsın.

Çolaq Qədir toyuq-cücəni xırmanın ayağına ötürəndən sonra hərdən bir taxıl anbarı tərəfə gələr, yerə tökülən, arpadan, buğdadan yığıb bağlamasına qoyar, sonra anbarın arxasındakı kölgəliyə çəkilib bir xeyli mürgü vurardı.

Heç kimin ağlına gəlməzdi ki, kolxozun böyük anbarının arxa tərəfi günün ən qızmar çağında belə dünyanın ən sərin yerdi və o da ağıllarına gəlməzdi ki, anbarın iki iri gözlüklərinin açıldığı bu sərin məkanda yalnız Çolaq Qədir mürgü vurur. Qaz balaları kimi şaytıya-şaytıya toyuq-cücənin arxasında o ki var qaçıb əldən düşən oğulları atalarının kölgəliyə çəkilməsinə bəndmiş kimi anbarın arxasına şığıyardılar.

Çolaq Qədir yan-yörəsinə bir xeyli boylanar, ətrafda ins-cinsin olmadığını tam yəqin edəndən sonra uşaqları gözlüklərdən içəri atardı. Uşaqlar hər dəfə bellərinə bağladıqları torbaları gücləri çatdığı qədər ağız-buğuz doldurmadan çıxmazdılar, sonra çolaq torbaları bir tay edib kolluqda gizlədərdi.

Ta hava qaralandan, əl-ayaq yığışandan sonra Qədir tayını çiynin atıb evinə aparardı, qabağına çıxan olsa belə unamazdı ki, çolağın çiynindəki taxıl tayıdı, ya başqa bir oğurluq mal. Hərdən ala qaralıqda qabağına çıxanlar nə qədər illah edərdilər ki, «ver yükünü biz götürək, özünü əziyyətə salma gücə düşərsən» Qədir razı olmazdı, nəfəsi kəsilə-kəsilə, çəliyinə güc verib özünü evinə salardı.

Açıq havada tər tökənlər yatsalar yuxularına da girməzdi ki, heç kolxozun anbarından geri qalmayan başqa bir anbar da Qədirin evinin zirzəmisindədir.

Ərinin el malına qənim kəsilməsi bircə arvadına agah idi, amma o da ha illah etsə də bu məsələnin sirrini bilə bilməzdi.

Marağını boğa bilməyib bir gecə taxıl oğurluğundan qayıdan ərindən niyə belə etdiyini soruşmaq istəmişdi, sözü elə ağzında qalmışdı çolaq qara yulğun çəliyi ilə arvadı o qədər döymüşdü ki, bədəni gömgöy zol atmışdı, özü kimi topal oğlanları da araya girməmişdi, eləcə tamaşaya baxırmışlar kimi aralıda dayanıb cıqqırlarını çıxartmamışdılar, bəlkə də ataları him eləsəydi bir-ikisini də onlar dartardılar.

O vaxtdan arvad qət eləmişdi ki, ərinin oğurluğuna qarışmayacaq, lap kolxozun bütün anbarını daşıyıb gətirsə belə, nəyinə lazım, dövlətin malı can dərmanı.

Qədir həmişə torbasının yerbəyer elədikdən sonra kölgəlikdə mürgü vura-vura kənd camaatının qarasına o ki var söyər, avamlığına gülərdi. Bu necə camaatdı, hamısı deyir anbarın qapısını qoruyaq, bir nəfərin ağlına gəlmir ki ay balam, bu xarabanın pəncərəsi, hələ üstəlik bacası da var axı.

Nə yapışmısınız bir qapıdan istəyirsiniz ki, dünyanın yüz qıfılını vurun, tilsimini qurun, kimdi qapıdan girən, oğurlayan elə pəncərədən də oğurlayar, hələ o tərəfə də keçər.

Qədir uşaqlarının onun kimi topal olmasına bərk heyfslənirdi, keşkə heç olmasa biri adam balası kimi yeriyərdi, pah nələr eləmək olmazdı. O qədər pəncərəsindən, bacasından xəbəri olmayan yerlər var ki, nə qədər istəyirsən götür, nə qədər istəyirsən apar heç gözünün üstündə qaşın var deyən də olmaz, elə götürərsən ki, ruhları da inciməz.

Amma nə fayda, köpək uşaqlarının ikisə də atalarına çəkib, ömürləri böyü qara yulğun budağına söykənə-söyənə gəzəcəklər...

Çolağın evi kolxoz idarəsindən bir az aralıda, tut bağlarının qurtaracağında idi.

Onu da özü tikməmişdi, toyu olan ili kənd camaatı birləşib öz hesablarına ona bir ev qaraltmışdılar. Kimisi toyuq-cücə, kimisi qaz-ördək, qoyun-quzu vermişdi ki, fağırın həyəti səsli-küylü olsun, gözü başqa yerdə qalmasın, özünü dolandıra bilsin.

Qədir də evin qabağında enli üzüm talvarı düzəltmişdi, camaatı gördüyü üzüm idi, talvarın altı isə müharibə dövrünün hər şeylə təchiz olunmuş bunkerinə oxşayırdı, neçə anbardarın qovulmasına, neçəsinin qandallanmasına bais olan taxıl tayları bura qalaqlanırdı. Hər dəfə taxıl biçinindən sonra kolxozun anbarı daralır, çolağın üzüm talvarıysa elə eninə verirdi.

Bu qədər var-dövlətlə nə edəcəyini heç özü də bilmirdi, oğurluq onun heç kimin qiymətləndirmədiyi, dəyər vermədiyi əlindən gələn yeganə iş idi. Onu tərgitməyi heç ağlına da gətirməzdi, lakin bu boyda sərvəti xərcləməyə yer tapa bilməyəcəyini düşündükcə kolxoza, insanlara, ağlı kəsən hər şeyə lənət yağdırırdı.

Kolxoz idarəsinin açıq pəncərələrindən süzülən işıq Qədirin evinə dönən yolu işıqlandırırdı, içəridə gedən qızğın müzakirələrin əks-sədası az qala kəndin o başından eşidilirdi. Bu kənd hələm-hələm belə naçar vəziyyətə düşməz, belə haylı-küylü olmazdı.

Camaatı o qədər sakit, istiqanlı insanlar idi ki, heç yatanda da qapı-bacalarını bağlamazdılar, qonşuların arasında çəpər də çəkən olmazdı, elə bilərdilər ki, bütün yer üzünün insanları da onları kimi başlarını aşağı salıb ancaq öz işləriylə məşğuldur.

Qədir adəti üzrə idarənin qabağından burulub eləcə evinə tərəf yönəldi, nədənsə birdən ağlına iclasa girmək gəldi. Onun belə yerlərlə qəti arası olmazdı, ona görə yox ki, adam yerinə qoyub yığıncaqlara çağırmazdılar, ona görə ki, Qədirin ümumiyyətlə adam arasında olmaqdan zəhləsi gedərdi. Amma anbarı bu dəfə hansı bədbəxtə tapşıracaqlarını fikirləşdikcə onu maraq bürüyürdü, çiynindəki taxıl tayını Leninin büstünün arxa tərəfində ala-qaranlıq bir yerə qoydu.

Yaxşı bilirdi ki, buğda tayının lap büstün qənşərinə qoysa belə, həmkəndliləri onun oğulluq olduğunu heç ağıllarına də gətirməzdilər, özü də gör harda!
Qədir çəliyinə güc verə-verə açıq qapıdan içəri keçdi, bayaqdan haldan-hala düşən keçmiş anbardar Qasım onu görən kimi ayağa qalxıb yerin verdi.

- Biz öz anbarımızı özümüz qoruyacağıq, mən təklif edirəm ki, növbəylə hər gecə birimiz keşik çəkək, hamımız anbarın qapısını qorusaq kim ora yaxın düşə bilər? – danışan kəndin ağsaqqallarından biriydi. Hamı ona həmişə hörmətlə yanaşardı, o da şikəst idi, amma Qədir kimi anadangəlmə yox, ayağının birini müharibədə itirmişdi.

Qədir qapı haqqında eşidəndə bir istədi əlini-əlinə vurub qəh-qəhə çəksin, vallah bu camaat avamdı, ə bir keçin anbarın arxasına da baxın də, nə yapışmısınız bu cəftəsi çürük qapıdan.

- Yoldaş sədr, bəlkə hamı yox, elə komsomolçular keşik çəksin – bu da günün qızmarında zəmiləri, pambığı suvarmaqdan qamışa dönmüş ağzıyelli cavanlarından idi, sinəsini qabağa vermişdi ki, bir əclaf oğruya görə kəndin ağsaqqalı, ağbirçəyi gecələr yuxusuz qalmasın.

- Yoldaşlar, başa düşün anbardar işdi axı, gəlin hamımız ona kömək edək, amma açarları konkret bir adama etibar etməliyik. Varmı aranızda belə bir adam?

- Var – partkom gözlərində qığılcım parladı, ayağa qalxıb – məsələn, Qədir yoldaş – dedi. Camaat bir anın içində qapının yanında boynubükük dayanan Qasımın yerində oturmuş Qəbirə tərəf baxdı. Partkomun gözlərindəki qığılcımı içi sədr qarışıq indi bütün iclas iştirakçılarına sirayət etmişdi. Təklifi səsə qoymağa ehtiyac qalmadı gurultulu alqış sədaları iclas zalını başına götürdü. Sədr çiynindən ağır yük götürülən adam kimi:

- Çox gözəl, Qədiri hamımız yaxşı tanıyırıq, öz kəndimizin oğuldu, sakit, vicdanlı yoldaşdı anbarın açarlarını ona vermək üçün mənə elə gəlir səsverməyə ehtiyac yoxdu elə sizin alqışlarınız yetər - dedi. Yerbəyerdən hamı razılıq əlaməti kimi başını tərpətdi – ay Qədir, sənə etibar edirik, ümidimiz sənədi, bir sözün varmı? – sədr əlavə etdi.

Qədir elə bil yuxudaydı, gözlərini elə bərəltmişdi ki, az qala həlqəsindən çıxacaqdı, bir istədi desin ki, ay camaat, sizin başınıza at təpib? Ə, vallah ağlınızı itirmisiniz, siz nə avam adamlarsınız, heç bilirsiniz mən kiməm?

Bu vaxta kimi anbarın pəncərəsindən girirdim bacarmırdınız, indi öz əlinizlə açarları mənə verirsiniz. Necə də sevinirlər e!.. – Vallah mən nə deyə bilərəm ki, yoldaş sədr, el-obanın yanında söz verirəm anbarın qapısını göz bəbəyim kimi qoruyaram, tay nə deyim... – heç bundan sonra nəsə deməyə ehtiyac da yox idi, sürəkli alqışlar onun sözlərini eşidilməz etdi.

Çolaq Qədir kolxoz idarəsindən adamlar dağılışandan bir xeyli sonra çıxdı, təzəcə təhvil aldığı anbarın açarlarını şaqqıldadıb cibinə qoydu. Adəti üzrə bir xeyli yan-yörəsinə nəzər salıb əl-ayaq çəkildiyini tam yəqinləşdirdiyindən büstün alaqaranlığında gizlətdiyi taxıl tayının çiyninə atıb şaytıya-şaytıya evinə tərəf yönəldi.
XS
SM
MD
LG