Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 03:37

«Ermənistan Azərbaycan torpaqlarını Rusiyasız işğal edə bilməzdi»


Dmitri Medvedev Ulyanovskda İlham Əliyevi qarşılayır, 24 noyabr 2009
Dmitri Medvedev Ulyanovskda İlham Əliyevi qarşılayır, 24 noyabr 2009
«Forum iki ölkənin prezidentlərinin təşəbbüsü ilə həyata keçirilir. Rusiyanın bu gün mədəni, siyasi, elmi, eyni zamanda biznes və məmur sahəsində bir elitası Azərbaycana yığışıb. 100-dən artıq nümayəndədir. Düşünürük ki, Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, elmi, mədəni əməkdaşlıq sahəsində yaxşı bir körpü vardır. Bu körpünü daha da möhkəmləndirmək üçün belə bir forumun keçirilməsi qərara alınıb».

Prezident Adminstrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə deyir. O hesab edir ki, yanvarın 22-də Bakıda başlayan «Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu» iki ölkənin münasibətləri onsuz da bütün sahələrdə inkişaf edir. Tarixi əlaqələr baxımından humanitar sahədə də əməkdaşlığı inkişaf etdirməyə zəmin var.

Novruz Məmmədov
Cənab Məmmədovun fikrincə, təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli deyil, ümumilikdə Cənubi Qafqazın təhlükəsizliyinin təminatında Rusiyanın rolu böyükdür:

RUSİYA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ ÇOX MÜHÜM ROL OYNAYA BİLƏR

«Rusiyanın maraqlarının da təmin olunması çərçivəsində biz düşünürük ki, bu təhlükəsizliyin daha da möhkəmlənməsinə nail ola bilərik. Və bu istiqamətdə mənə elə gəlir ki, Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin həllində çox mühüm rol oynaya bilər. Mənə elə gəlir ki, bu gün Rusiya tərəfində bu anlam mövcuddur».

Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, humanitar sahə çox geniş məhfumdur. Burada mədəniyyətlər, insani əlaqələr, iki ölkə arasındakı gediş-gəliş, Azərbaycanda yaşayan ruslar, Rusiyada yaşayan azərbaycanlılar və sair məsələlər ola bilər. Və bu sahələrdə əməkdaşlıq təbii ki, lazımdır və vacibdir.

DEMOKRATİK MƏHFUMA HƏR İKİ ÖLKƏDƏ TAMAMİLƏ BİGANƏLİK VAR

Ancaq dövlət quruculuğu, insan hüquqları, vətəndaş hüquq və azadlıqları məsələsinə gəlincə, bu məsələlərə - demokratik məhfuma hər iki ölkədə tamamilə biganəlik var. Hər iki ölkədə hər şeyin üzərində icra hakimiyyətinin inhisarı mövcuddur. Və onlar bunu digər insanlarla, digər siyasi qüvvələrlə bölüşmək istəmirlər.

«Yəni, bu məsələdə əgər mübadilə də olsa, yalnız avtoritar qanunların daha da sərtləşdirilməsi, insan hüquqlarının daha böyük bacarıqla məhdudlaşdırılması və sair ola bilər».

Zərdüşt Əlizadə
Onu da deyim ki, Prezident Adminstrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əli Həsənov forumun önəmindən danışarkən bildirib ki, tədbirdə həmçinin Azərbaycanın və Rusiyanın bütün aparıcı KİV-lərinin ya rəhbərləri ya da nümayəndələri iştirak edir. Və onlar qarşıya qoyulan məqsədlərlə - hər iki ölkənin ictimaiyyətini mövcud əlaqələrin vəziyyəti və gələcəyi ilə bağlı nəzərdə tutulan məsələlərlə tanış edə biləcəklər.

KİV-lərdən söz düşmüşkən, tədbirə AzadlıqRadiosu da daxil ölkənin bəzi tanınmış media qurumlarının nümayəndələri tədbirin keçirildiyi Muğam Mərkəzinə buraxılmadı. Dedilər adınız siyahıda yoxdur. Forum başa çatandan sora içəridən çıxan jurnalistlərdən siyahıya necə düşdüklərini soruşanda isə məlum oldu ki, təşkilatçılar onlara 2 gün əvvəldən dəvətnamə göndərib. Bu məsələnin bir tərəfi.

RAMİZ MEHDİYEVİN PROFESSİONALLIQ ÇAĞIRIŞI


Amma məhz Azərbaycanın forumdakı jurnalistlər vasitəsilə Rusiya ictimaiyyətini məlumatlandırması məsələsinə gəlincə, bu məsələdə müəyyən addımlar atıldı. Özü də bu humanitar addımdan daha çox, siyasi gedişə oxşadı. Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxışı zamanı Rusiya mətbuatını Dağlıq Qarabağ münaqişəsindən yazarkən professional olmağa çağırıb. Deyib ki, münaqişənin tarixindən yazanda rus mənbələrinə istinad edin, rusiyalı diplomat Aleksandr Qriboyedov 19-cu əsrdə imperatora yazdığı məktubda ermənilərin Azərbaycana İran və Türkiyədən köçürüldüyünü qeyd edib.

Cənab Mehdiyev vaxtı ilə Yerevanın təzyiqlər altında Ermənistana hədiyyə edildiyini, hazırda Dağlıq Qarabağı çıxmaqla,
İlqar Məmmədov
Azərbaycanda 20 min erməninin yaşadığını, azərbaycanlıların tarixi torpaqları olan indiki Ermənistanda isə 1 nəfər belə azərbaycanlının qalmadığını da vurğulayıb.

«ERMƏNİSTAN AZƏRBAYCAN TORPAQLARINI RUSİYASIZ İŞĞAL EDƏ BİLMƏZDİ»

Politoloq İlqar Məmmədov isə hesab edir ki, necə adlandırılmasından asılı olmayaraq, iki ölkə arasında keçirilən tədbirlər siyasi mahiyyət daşıyır. Çünki Azərbaycanla Rusiyanın siyasi sistemləri arasında hazırda oxşarlıq həddən artıq çoxdur. Demək olar ki, hər iki ölkədə eyni cür siyasi sistem qurulub. Və aydın görünür ki, Rusiyanın 5-6 ildir Azərbaycanda tətbiq etdiyi yumşaq güc alətləri artıq öz bəhrəsini verir:

«Artıq 1990-cı illərdən fərqli olaraq Azərbaycanda Rusiyanı bizim torpaqların işğalçısı kimi görmürlər. Halbuki biz hamımız yaxşı bilirik ki, Azərbaycan torpaqlarını Ermənistan Rusiyasız işğal edə bilməzdi. Və 1990-ı illərdə Azərbaycan əhalisinin əksəriyyəti belə düşünürdü. Amma indi görürük ki, bu yumşaq gücün tətbiqi nəticəsində Azərbaycanda ictimai rəyin əhəmiyyətli dərəcədə dəyişdirilməsinə nail olub Rusiya. O cümlədən Rusiyanın maraqlarını Azərbaycanın siyasi sistemində təmsil edən dairələr vasitəsilə».

İlqar Məmmədov deyir ki, Rusiya ilə Azərbaycan arasında haqqında danışılan əməkdaşlıq körpülərindən başqa xeyli yeraltı keçidlər, yollar mövcuddur. Əsas hərəkət də üzdə olan körpülərdə yox, həmin o yeraltı keçidlərdə, yollarda baş verir.
XS
SM
MD
LG