Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 09:59

Məhkəmə yolları - uzandıqca uzanır


Ali Məhkəməyə daxil olan işlərin sayı isə 10.8 faiz artıb
Ali Məhkəməyə daxil olan işlərin sayı isə 10.8 faiz artıb
«Mən doğulduğum evdə yaşamaq hüququndan məhrum olmuşam. Apellyasiya Məhkəməsi 22 may 2007-ci il tarixli qətnaməsi ilə mənim iddiamı qismən təmin etdi. Mən isə tam təmin olunmasını tələb etmişdim. Sonra Ali Məhkəməyə müraciət etdim. Ali Məhkəmə isə Apellyasiya Məhkəməsinin çıxartdığı qətnaməni qüvvədə saxladı».

Bakı sakini Hüseyn Səmədovun məhkəmə yollarında qalmasının bu il düz 10 ili tamam olur. Elə onunla Bakı Apellyasiya Məhkəməsinin qarşısında söhbət edirəm. Əlində bir yığın sənəd vardı. Deyir ki, 10 ildən çoxdur ki, mənzil hüququ pozulub:

«Hər yerdən əlim üzüləndən sonra Konstitusiya Məhkəməsinə müraciət elədim. Onlar da qəbul eləmədi. Qanunvericiliyə görə yerli məhkəmələrdə bütün instansiyaları keçəndən sonra 6 ay müddətinə Avropa İnsan Haqları Məhkəməsinə müraciət eləməliydim. Mən də müraciət elədim, indi gözləyirəm».

KEÇƏN İL VƏTƏNDAŞLARIN HÜQUQLARININ MƏHKƏMƏ MÜDAFİƏSİ ARTIB?

«2009-cu ildə Azərbaycanda məhkəmə-hüquq sahəsində inkişaf davam etdirilib. Əvvəlki illərlə müqayisədə 2009-cu ilə vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib».

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin yanvarın 25-də Ali Məhkəmənin Plenumunda deyib.

MƏHKƏMƏ YOLLARINDA KEÇƏN 22 İL…

Hüseyn Səmədov isə Ramiz Rzayevin dedikləriylə razılaşmır. Ali Məhkəmə sədrinin bu fikriylə razılaşmayanlar isə şikayətə gələnlər arasında çoxuq təşkil edir:

«…Bizdə mülk işidir. 22 ildir məhkəmə gedir. Bu günə kimi məhkəmələrdəyik. Nəsimi məhkəməsindən tutmuş plenuma qədər gedib. İndi yenə qərardaddan Apellyasiya Məhkəməsində baxılacaq.

…Bizi adam yerinə qoymurlar, şikayətimizə düzgün baxmırlar.

İntiqam Əliyev
…9 aydan çoxdur ki, məhkəmələrdəyəm.

…Ali Məhkəmə, kollegiya, dövlət orqanları, şikayət etmədiyim yer qalmayıb, nəticə yoxdur.

…Get-gələ, salırlar, uzadırlar».

Azərbaycanda müstəqil hüquq sisteminin olmaması, müstəqil məhkəmə sisteminin formalaşmaması və vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasıyla nəticələnir. Bu fikirsə Amerika Dövlət Departamentinin insan hüquqları ilə bağlı hesabatından götürülüb. Oxşar fikirlər müxtəlif beynəlxalq təşkilatların illik hesabatlarında da tez-tez səslənir.

Hüquq Maarifçiliyi Cəmiyyəti isə məhkəmələrlə bağlı monitorinq keçirib. Cəmiyyətin sədri İntiqam Əliyev monitorinqin məhkəmələrdə acınacaqlı vəziyyəti ortaya çıxardığını bildirir:

MƏHKƏMƏ MONİTORİNQİ…

«Ədalətli məhkəmə araşdırmasının müxtəlif aspektləri var. Monitorinqlərdə bunlar araşdırılır. Vəziyyət çox pisdir. Bizim hesabatımız təxminən 800 səhifəlik bir hesabatdır. Orada çox dəhşətli faktlar var. İnsanlar təkcə məhkəmə binalarında əziyyət çəkmələri haqda deyil, məhkəmələrdə təhqir olunmaları, haqlarının tapdanması haqda qabarıq faktlar var. Bu faktlar məhkəmələrin açıqlığı prinsipindən tutmuş məhkəmədə çəkişmə prinsipinin pozulmasına qədər ən geniş aspektləri əhatə edir».

RƏSMİLƏR İSLAHATLARDAN DANIŞMAĞI SEVİRLƏR

Bu vaxta qədər məhkəmələrdə problemlərin olmasını prezident də, ədliyyə naziri də, baş prokuror da deyib və ara-sıra bundan yenə danışırlar. İndi isə daha çox bu sahədə gedən islahatlardan bəhs edilir.

Əli Hüseynov
Rəsmilər hüquqşünasların, hakimlərin peşəkarlığını artırmaq, müstəqil məhkəmə hakimiyyətinin fəaliyyətini təmin etmək üçün Məhkəmə-Hüquq Şurası adlı qurumun yaradılmasını tez-tez misal çəkirlər. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov da bu qurumda təmsil olunur. O deyir ki, bu vaxta qədər çox işlər görülüb və bu proses davam edəcək.

«Yaxın 2-3 il ərzində bizi hələ gərgin iş gözləyir. Mübahisələr də olsa, biz artıq müəyyən uğurlara nail olmuşuq. Bizim həyata keçirdiyimiz işlərdə heç bir halda subyektivlik yoxdur, biz bunu görüntü üçün eləmirik. Bizə lazımdır ki, real nəticələr əldə olunsun. Real məhkəmə müdafiə sistemi yaradılsın».

Ali Məhkəmənin məlumatına görə, mülki işlər üzrə məhkəmə kollegiyasında və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 2009-cu ildə baxılan işlər 2008-ci illə müqayisədə artıb. Rəqəmlərin dili ilə danışsan mülki işlər üzrə məhkəmə kollegiyasında 14,6 faiz, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 28,9 faiz artım olub. Ali Məhkəməyə daxil olan işlərin sayı isə 10,8 faiz artıb. 2009-cu ildə Ali Məhkəməyə 21 min 162 müraciət gəlib. Ancaq narazılıqlar isə qalır.
XS
SM
MD
LG