Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:04

Şərif AĞAYAR "Laçınsız ilk gün"


... Mən Əhmədbəyliyə – Əşrəf əmigilin yatağına çatanda gördüm ki, kəndçimiz Zaman su maşınının içindən uşaq çıxarır.

Əlini çənin bacasından içəri sallayıb nəsə axtarır, sonra yuxarı dartır, maşının üstündə və yanında dayanan çobanlar pencəklərinin boynu, yaxası «quzğun çaynağı»na keçmiş uşaqları ziyanlıq mal kimi biri-birinə ötürüb yerə qoyurlar.

Uzun müddət tifillər ayaqlarının keyini açıb yeriyə bilmir. Zaman yenə zarafatından qalmırdı. Kimin peysərindən yapışıb çəndən çıxarırdısa, alnına yağlı bir söyüş də şappıldadırdı:

«Əlini ver görüm, sənin xalanı... Nə təhər gəldiniz? Köpəyuşağı! Çənin pasını üst-başınızla yaxşıca təmizləmisiz. Basırığa düşəniniz yoxdu ki...»
Hər uşağın qucağında öz dəyişək paltarı vardı.

Ata-anaları Laçında qalmışdı bu uşaqların.

Uzaq başı Kəlbəcər üzdən piyada gələrdilər. Ayağı yer tutmayan uşaqları, qocaları isə beləcə arana yola salırdılar. Ağcabədi uzaq idi. Ona görə əlsiz-ayaqsızları, xəstələri Füzulidə, Cəbrayılda məskunlaşan tanış-bilişin evində qoyub geri qayıtmaq lazım idi. Kənddə hələ çox adam qalmışdı. Vaxt isə daralırdı.

Əşrəf əmi məni görən kimi təlaş içində olduğumu anladı:

«Niyə belə sınıxmısan, ə! Çörək vermillər sənə? Qorxma, sizin eviniz bir az bundan əvvəl keçdi. Ağcabədi tərəfə.

Öz gözümnən gördüm».
Mən Füzulinin Alxanlı kəndi həndəvərindəki yataqların birində, qohumlarımgildə olurdum. Qoyun-quzu saxlayırdıq. Qorxum ondan idi ki, dədəm kənddə deyildi. Bakıya müalicəyə getmişdi.

Yel xəstəliyi vardı kişinin. Laçın soyuq yer olduğundan həmişə ağrıyırdı. Ağrıyan kimi də qanı qaralırdı.
«Bu xarabadan nə vaxt canımız qurtaracaq. Ay bura daş qoyanın...»

***

İki gün sonra aşağı yataqlardan bir uşağı Aşıq Günün kimi atın yəhərinə qırlayıb Alxanlıya göndərdilər. Mənim dalımca:

«Dədən dedi, təcili gəlsin Əhmədbəyliyə...»

Getdim.

«Şuşanın alınmasını eşidən kimi işimi bildim. Müalicəni yarımçıq qoyub gəldim. Laçını alıblar da, gedib də... Qohum övladın çoxu qalıb kənddə. İnanmırlar ki, torpaq alınacaq. Qız-gəlini güdaza verəcəklər...» - dədəm çox həyəcanlı idi.

Sonra izah elədi ki, biz dayımı və əmimi qarşılamaq üçün Laçına tərəf getməliyik. Onlar köç yolu ilə heyvan gətirirlər.

***

Köç yoluna maşın işləmirdi. Asfaltla gedənlər isə yalnız ev-eşik yığmaq üçün tutulan «partavoy» maşınlar idi. Allah işimizi rast saldı. Asfaltdan köç yoluna tərəf ağ bir «Qaz 53» buruldu. Dədəm kefqasını çıxarıb yelləyə-yelləyə maşına tərəf yüyürdü:

«Ə, saxla! Ə, saxla! Belə gündə adam adamı yolda qoyar?!»

Maşın dayandı. Məlum oldu ki, bunlar da bizim kimi adam qarşılamağa çıxıblar.

«Kuza»ya qalxdıq. Yol boyu heyvanlarını qabağına salıb gələn yüzlərlə insan varıdı. Soraqlaşa-soraqlaşa taa Laçının qənşərinəcən gəldik. Xoşbəxtlikdən mindiyimiz «Qaz 53»-ün sahibləri də axtardığı adamı tapa bilmirdilər.

Yoxsa qalan yolu piyada getməli olacaqdıq. Dağtumasdan Muratxanlıya tərəf sallananda əmimlə rastlaşdıq. Saqqal basmışdı tamam.

Onu belə görməmişdim heç vaxt. Dədəm maşının salonunu orta barmağı ilə taqqıldatdı. Maşın dayandı. Düşdük. Xahiş elədik ki, bizi bir dəqiqə gözləsinlər. Əmimlə görüşdük. O dedi ki, dayımı görməyib. O biri əmim isə kənddə qalıb. Gəlmək istəmir.

Üstəlik bir dəstə kənd adamına qoşulub gedənlərə gülür və deyir ki, qayıdanda sizi kəndə buraxmayacağıq. Dədəm başını buladı və biz maşına tərəf qayıtdıq.

«Kuza»da azca saman varıdı. Dədəm samanı ayağı ilə küncə toplayıb üstündə oturdu, kefqasının arxasını qaldırıb başını «port»un taxtasına söykədi və mürgülədi:

«Necə gündü yuxusuzam. Yerimə qor dolub elə bil».

Maşın qəflətən çalaya düşüb atdandı. «Port» dədəmin başının arxasına dəyincə kefqa atılıb «kuza»nın ortasına düşdü. Mən onu götürüb çırpdım və dədəmə qaytardım. Dədəm əli ilə başının arxasını ovuşdura-ovuşdura dedi:

«Görəsən buralardan maşın tapmaq olarmı? Gedib Cəfərqulunun da evini yığıb gətirək».

Cəfərqulu dədəmin ortancıl qardaşı idi.

***

Muratxanlıdan azca yuxarı, Laçına tərəf dikləmişdik ki, yolun içində böyük bir qələbəlik gördük. Elə bir basabas, elə bir itələşmə var idi ki, torpaq atsan yerə düşməzdi bir tərəfdə hərbçilər – tank, top, qrad qurğuları... Bir tərəfdə camaat – qohumları o bir üzdə qalan laçınlılar...

Hərbçilərdəqn biri tankın üstünə çıxıb qışqırdı:

«Ay camaat, Laçını ermənilər aldı! İndi Qayğı qəsəbəsindən də yolu bağlayacaqlar! İrəli getmək olmaz!»

«Bəs siz harda ölmüşdünüz ki, Laçını aldılar? Həə, a qurumsaxlar!» – səsindən tanıdım. Əliqulu kişi idi... Uzun müddət qonşu kənddə briqadir işləmişdi. Qoçaq adamıdı.

Bu sözün arxasınca bir qışqırıq, bir haray-həşir düşdü ki, adamı lap vahimə basırdı. Kişilər də arvadlara qoşulub şivən qaparırdı.

«Uşaqlarım qaldı... Atam qaldı... Ailəm qaldı... Balalarım qaldı… Qardaşımın yetimləri qaldı…»

Tanklar hərəkətə gəldi. Adamlar yoldan çəkildilər və camaatı düşmən umuduna qoyub nərildəyə-nərildəyə aradan çıxan bu cansız əjdahalara tərəf nifrinlər yağdırmağa başladılar.

Bircə Əliqulu yoldan çıxmadı. Qabaqdakı tank məcbur olub dayandı. İçindən çantaraq bir əsgər düşüb Əliquluya yaxınlaşdı:
«Dayı, çıx yoldan».

«Bala, bizi qoyub hara gedirsiniz? Barı silahlarınızı verin, gedib arvad-uşağımızı xilas edək də...»

«Çıx yoldan! Mane olma. Biz əmrə tabe olan adamlarıq».
Əliqulu üzüqoylu asfaltın ortasına uzandı:
«Onda mənim üstümdən keçəcəksiniz».

Tankdan daha bir əsgər başını çıxarıb zabitəli səslə rus dilində nəsə dedi. Görünür komandir idi.

Çinlərini görmək mümkün deyildi. Çantaraq əsgər onu dinləyəndən sonra tələsik Əliqulu kişiyə yaxınlaşdı və avtomatın qundağı ilə boynunun arxasına möhkəm bir zərbə endirdi.

Əliqulu kişinin sifəti asfalta dəyincə hüşunu itirdi. Əsgər onun yaxasından yapışıb yolun kənarına çəkdi. Asfalta tökülmüş qanın içində Əliqulunun qızıl dişləri parıldayırdı.

***

Qaş qaralmışdı artıq. Qələbəliyin içində hamı biri-birindən kimisə xəbər alırdı. Biz də təsadüfən bir qohumumuzu gördük. O dedi ki, dayım maşın tutub heyvanları Ağcabədiyə aparıb. Daha işimiz qalmamışdı.

Elə həmin maşının üstündəcə Cəbrayılın Dastumas kəndinə gəldik.
Tanımadığımız tinlərin birində düşdük. Kənddə işıq yanırdı. Ona görə küçələr zülmət içində idi. Dədəm qalın linzalı eynəyini taxıb sağa-sola boylandı:
«Bu kənddə olmamışam, heç yanı tanımıram».

Boş küçə ilə kəndin içinə tərəf addamladıq. Acından ürəyim gedirdi. Hündür darvazalı evlərin birindən bişmiş çolpa ətinin qoxusu ilan kimi içalatıma sıyrıldı.
«Bax, bir kasıb evi tap, a bala, gözüm yaxşı seçmir».

«Kasıb niyə?»
«Kasıblar dargöz olmur».

Qəribədir, dədəm kəndimizin ən varlı adamlarından idi.

Sınıq-salxaq bir darvazanın qarşısında dayandıq. Darvaza divarla deyil, dağılıb-yırtılmış köhnə çəpərlə əhatələnmişdi. Dədəm darvazanı taqqıldatdı. Cavab gəlmədi. Bir də... Bir də... Yerdən daş götürüb, təkrar taqqıldatdı. Yenə cavab gəlmədi.
O, darvazanı qorxa-qorxa itələdi . Darvaza açıq idi. Amma eybəcər cırıltısı vardı. Ona görə bir qarış açmışdı ki saxladı. Kefqasını götürüb başını içəri uzatdı:

«Ay ev yiyəsi!»

Mən çəpərin yırtığından həyətdəki tövlənin dəhlizini aydınca görürdüm. Əyninə plaş geyinmiş uzun bir kişi əlində fənər, o biri əlində ağac üzü tövləyə dayanmışdı. Qarşısında bir camış vardı.

Camışın altında çömbəltmə oturan qadının çılpaq dizi fənər işığında ağappaq ağarırdı.
«Ay ev yiyəsi!»

Qadın cəld donunun ətəyini dartıb açıq dizini örtdü və camışın qarnının altından darvazaya tərəf baxdı. Kişi də arxaya boylandı. Hətta camış belə gövşəyə-gövşəyə üzünü bizə sarı çevirdi...

Kişi ayaqlarını sürüyə-sürüyə azca aralanmış darvazaya yaxınlaşdı. Dədəm cəlb kefqasını başına qoyub qəddini düzəltdi. Ayna qarşısındaymış kimi paltarını səliqəyə saldı.

«Dığğğğğ...» - darvaza ağır-ağır açıldı. Kişi dədəmlə üzbəüz dayandı. Fənəri onun sifəti bərabərinə qaldırıb saxladı, diqqətlə baxdı. Hannan-hana kişinin yorğun səsi eşidildi:
«Kimsən?»

«Allah qonağıyıq, ağsaqqal!»
«Allaha da qurban, qonağına da...»

Kişi üzünü çevirib evə tərəf getdi. Dədəm də arxasınca… Bir azdan kişinin xırıltılı səsi gəldi:
«Ay qız, Yasəmən, gəl qonaqların əlinə su tök».

Əlində vedrə tutmuş gözəl-göyçək bir qız evin dəhlizinə tərəf yaxınlaşdı. Vedrəni bizdən iki-üç addım aralı, pilləkənin üstünə qoyub içəri keçdi. Əlində aftafa, qolunun üstündə ağ dəsmal geri qayıtdı. Kişi sakitcə dayanıb baxırdı.

Əvvəlcə dədəm ovuclarını tutdu. Əllərini biri-birinin üstündə bir-iki dairə hərləmişdi ki, qəflətən qız qeyri-adi bir səslə qışqırdı:
«A pişik!!!»

Hamımız diksindik. Qız özü də qorxdu və əlini ağzına aparıb susdu. Sonra cəld aftafanı yerə qoyub pilləkəndəki vedrəyə tərəf yüyürdü. Vedrəyə qara bir pişik sırmanmışdı.

Qızın gəlişini görən heyvancığaz evin dəhlizi ilə qaranlıq küncə tərəf götürüldü. Qız pilləkəndəki palçıqlı qaloşlardan birini götürüb pişiyin arxasınca tolazladı. Qaloş da, pişik də qaranlıqda görünməz oldu.

Artıq mən qızın əlindən yerə düşüb suyu laqqaluqla boşalan aftafanı qaldırıb dədəmin əllərinə su tökürdüm. Qız utandığından baş barmağının dırnağını qabaq dişlərinin arasına sürtə-sürtə bizə yaxınlaşdı və birdən pıqqıldayıb gülməyə başladı. Nə qədər başını gizlədib özünü ələ almağa çalışdısa da heç nə alınmadı. Kişi dözmədi:

«Noolub, bala?»
Qız əlindəki dəsmalı kişiyə verib qaça-qaça bizdən uzaqlaşdı.

Yuyunub, qurulanandan sonra evə keçdik. Bura yəqin ki, qonaq otağı idi. Bir stol, dörd stul, bir «Rekord» markalı köhnə televizor və bir çarpayı vardı. Stolun üstünə çıraq qoyulmuşdu. Əyləşdik. Kişi görünüşünə bab gələn usandırıcı bir ağırlıqda söhbətə başladı:

«Uzaq yerdən gələnə oxşuyursuz».

«Hə, Laçınnanıx» – dədəm cavab verdi.
«Laçını da verdilər?»
«Verdilər».

«Köpəyuşağı... Yoxdu da bu millətin yiyəsi. Nə təhər çıxdınız? Ölüm-itim olmadı ki?»
Dədəmin səsi boğuldu:

«Hələ bilmirik».
Kişi dədəmin qəhərləndiyini görüb, təsəlli vermək istədi:
«Ürəyini sıxma, inşallah yaxşı olar».

Sonuncu söz kişinin dodaqlarından üzülməmiş işıqlar yandı. Kişinin gözləri parıldadı:
«Gördünüz, Allah var, irəhimi var... Oğlundu?

... Söhbət xeyli uzandı. Sonra kişi durub televizoru işə saldı. Televizor göstərmədi.

«Andırı dünən düzəltdirmişdim» – deyib də televizorun «təpəsinə» bir yumruq ilişdirdi. Bu an Bəxtiyar Vahabzadə göründü ekranda. O, vətənpərvərlik və Qarabağ mövzusunda danışırdı.

Gərək ki, şeir də oxudu. Biz Bəxtiyar müəllimə qulaq asa-asa Yasəmənin gətirdiyi qatıq doğramasından yedik. Qablar bir az çirkli olduğundan mən güc-bəla ilə yedim. Bir yandan da Yasəmənin hərəkəti yer eləmişdi mənə.

O, hər dəfə stola yaxınlaşanda yenə səssiz gülüşlə içində uğunub gedir, başını və göyçək çöhrəsini hamıdan gizlətməyə çalışırdı.

Dədəmin vecinə deyildi heç nə... İki-üç qaşığa boşqabı par-par parıldadı.
Bir azdan, dədəm demiş, havamızı dəyişməyə çıxdıq. Qayıdanda gördük ki, Yasəmən iki nəfər üçün yer hazırlayıb.

Çox yəqin ki, yenə gülə-gülə. Döşəmədəki yerə uzandım. Dədəmgil üz-üzə oturub təzədən söhbətə başladılar. Bayaqkı veriliş də qurtarmamışdı hələ.

Həmçinin oxu
Nizami Gəncəviylə razılaşmayan gənc yazar
Şərif Ağayar "Kərpickəsən kişinin dastanı"
XS
SM
MD
LG