Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 06:50

Obama Sarkisyanın normallaşma cəhdlərini alqışlayıb


Barak Obama erməni həmkarı ilə, Vaşinqton, 12 aprel 2010
Barak Obama erməni həmkarı ilə, Vaşinqton, 12 aprel 2010
Vaşinqtonda beynəlxalq nüvə təhlükəsizliyi sammitində iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan aprelin 12-də ABŞ prezidenti Barak Obama ilə görüşüb.

OBAMA ƏLİNDƏN GƏLƏNİ EDƏCƏK Kİ…

Ağ Evdən verilən rəsmi məlumatda qeyd edilir ki, prezident Obama Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində Sarkisyanın cəhdlərini alqışladığı deyib. ABŞ prezidenti erməni xalqının mənafeləri naminə Sarkisyanı bu prosesi davam etdirməyə çağırıb.

Prezident Obama həmçinin Türkiyə ilə Ermənistanı imzaladıqları protokolların icrası və münasibətlərin normallaşdırılması üçün əllərindən gələn hər şeyi etməyə çağırıb.

Barak Obama əlavə edib ki, Ermənistanda demokratiyanın inkişafına hər cür dəstək göstərəcək.

Prezidentlərin görüşündə dövlət katibi Hillari Klinton və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib.

İnformasiya agentlikləri Türkiyə-Ermənistan normallaşması üçün aparılan diplomatik prosesdə birbaşa iştirak etmiş Hillari Klintonun Sarkisyanla ayrıca daha bir dəfə görüşəcəyini yazırlar.

YEREVAN PROTOKOLLARDAN ÇIXA BİLƏR?

Sarkisyan və başqa Ermənistan rəsmiləri Obama administrasiyasının Ermənistan-Türkiyə normallaşması prosesinin heç bir ön şərt olmadan aparılmasını müdafiə etdiyini deyirlər. Ermənistan rəhbərliyi bildirir ki, əgər Türkiyə bu normallaşmaya dair imzalanmış protokolların təsdiqini Qarabağ münaqişəsinin həllinə bağlamaqda davam etsə, Yerevan həmin protokollardan çıxa bilər. Hələlik, ABŞ tərəfdən Yerevanın bu hədələrinə heç bir rəsmi reaksiya məlum deyil.

ABŞ prezidenti aprelin 13-də də Türkiyənin baş naziri ilə görüşməlidir. ABŞ rəsmiləri dünən bildiriblər ki, «Vaşinqtonun önəmli NATO müttəfiqi kimi, Türkiyə ilə müzakirə etməli bir çox məsələləri var. Eyni zamanda, Ermənistan-Türkiyə normallaşması prosesinin də müzakirə ediləcəyi gözlənir».

Ermənistan prezidenti aprelin 12-də ABŞ prezidenti Obamadan bir qədər əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanla da görüşüb. Bir saat yarıma qədər davam etmiş müzakirələrdə hər iki tərəfdən xarici işlər nazirləri də iştirak ediblər.
Serj Sarkisyan və Rəcəb Tayyip Ərdoğan, 12 aprel 2010
Amma nə Sarkisyan, nə də Ərdoğan jurnalistlərə açıqlama verməyiblər. Türkiyə informasiya agentlikləri görüşdə Ərdoğanın ötən həftənin sonunda Sarkisyana ünvanladığı, ictimaiyyətə açıqlanmayan məktubunun müzakirə edildiyini yazırlar.

«TÜRKİYƏ ERMƏNİLƏRLƏ ŞƏRTLƏ DANIŞA BİLMƏZ»

Ərdoğandan az sonra Vaşinqtondakı erməni icmasının nümayəndələrinə müraciət edən Serj Sarkisyan bütün qonşuları ilə normal əlaqələrin saxlanmasına hazır olduqlarını, amma kimsəyə onlarla diktə ilə danışmağa imkan verməyəcəklərini deyib:

«Bu səhər mən Türkiyənin baş naziri ilə görüşdüm. Bizim mövqeyimiz həmişə ortada və açıq olub: Türkiyə Ermənistan və ermənilərlə şərtlərlə danışa bilməz. Sadəcə olaraq ona görə ki, biz buna imkan verməyəcəyik.

Biz həmçinin də heç bir halda, soyqırımın sual altına alınmasına yol vermək fikrində deyilik. Biz eyni zamanda Türkiyənin özünü guya Qarabağ münaqişəsinin həllində müsbət rol oynayırmış kimi göstərməsinə də imkan verməyəcəyik».

Ötən həftənin sonunda jurnalistlərlə söhbətində Ermənistan prezidenti Serj Sarkisyan da deyib ki, onların Türkiyə ilə bağlı qərarları artıq qəbul edilib. Amma vaxtı çatmadan onu elan etmək istəmirlər.

Sarkisyanla görüşdən az əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan deyib ki, Ermənistanla münasibətlərin normallaşmasına dair protokolların təsdiqi Qarabağ münaqişəsinin həlli prosesinə bağlıdır. Ərdoğan bir daha vurğulayıb ki, həmin münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri öz fəaliyyətlərini bir qədər də gücləndirməlidirlər.
XS
SM
MD
LG