Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 20:31

Emin Millinin atası xəstəxanaya yerləşdirilib


Emin Millinin valideynləri
Emin Millinin valideynləri
Emin Millinin atası Paşa Abdullayev beyin qan dövranının pozulması, işemik insult ehtimalı ilə xəstəxanaya yerləşdirilib. Paşa Abdullayevin vəziyyəti şənbə günüdən ağırlaşıb. Onun sol qolu və sol ayağı işləmir. Ailə üzvlərinin verdiyi məlumata görə, iki gün ərzində dəfələrlə təcili yardım çağırılmasına baxmayaraq, Paşa Abdullayevin xəstəxanaya yatırılmasına nail ola bilməyiblər.

Aprelin 13-ü Abdullayev xəstəxanaya yerləşdirilib. Amma Paşa Abdullayevi yaşadığı Yasamal rayonunda həftədə üç dəfə həyati əhəmiyyətli hemodializ proseduru qəbul etdiyi Şəhər Klinik Xəstəxanada (Semaşko) yox, Sabunçu rayonu 3 saylı klinik xəstəxanada yerləşdiriblər. Xəstəxananın reanimasiyasından AzadlıqRadiosuna bildiriblər ki, xəstənin vəziyyəti ağırdır, müalicə başlayıb, amma hələlik dəyişiklik müşahidə olunmayıb. Xəstə həkimlərin nəzarəti altındadır.

Paşa Abdullayevin 75 yaşı var. O, beyin qan dövranının pozulması ilə yanaşı, böyrək çatışmazlığı fonunda ürək çatışmazlığından əziyyət çəkir.

Emin Millinin anası Natella Abdullayevanın sözlərinə görə, oğlunun Salyana köçürüldüyü barədə xəbəri Paşa Abdullayeva verməyiblər. Natella Abdullayeva deyir ki, şəhərin bir başından o birinə - həyat yoldaşını və başqa şəhərə - Salyana oğlunu yoluxmağa getmə çətinliyi ilə üz-üzədir.

Emin Milli 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulub. O və Adnan Hacızadə qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli biliniblər.

Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə E.Milli 2 il 6 ay, A.Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Gənclər həbslərinin sifarişli olduğunu düşünürlər.
XS
SM
MD
LG