Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:36

Ermənistan parlamentini güllələyənlərdən biri də müəmmalı şəkildə öldü


Gülləbaranda öldürülən Baş nazir Vazgen Sarkisyanın dəfni, 31 oktyabr 1999
Ermənistanda Qarabağ klanını hakimiyyətə gətirən hadisə, 1999-cu ildəki parlament gülləbaranı yenidən gündəmə gəlib.

Ermənistan parlamentində 1999-cu ildəki gülləbarana görə həbs edilən 7 nəfərdən biri şənbə günü həbsxanada ölü tapılıb.

Ədliyyə Nazirliyinin penitensiar xidmətindən bildiriblər ki, məhbus Hamlet Stepanyan şənbə günü səhər öz yatağında ölü tapılıb. Cəsədin ekspertizası zamanı heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.

İstintaqda iştirak etmək üçün həbsxanalardakı şəraitə nəzarət edən qeyri-hökumət təşkilatlarının nəzarət şurasından da 4 nümayəndə dəvət edilib.

Meyidin yarılması prosesini müşahidə edən hüquq müdafiəçilərindən biri Laura Qalstyan deyib ki, çox güman ki, məhbus ürək tutmasından keçinib.

Hamlet Stepanyan 1999-cu il oktyabrın 27-dəki gülləbaran zamanı, silahlı şəxslərə parlament zalına girməyə yardım etməyə görə mühakimə edilmişdi və 14 il həbs cəzası almışdı.

Həmin hadisə vaxtı keçmiş jurnalist Nairi Hunanyanın rəhbərlik etdiyi bir qrup yaraqlı şəxs parlamentin iclasına hücum edib, zaldakıları gülləmişdilər.

SAYCA 3-CÜ HADİSƏ

Hadisə vaxtı Vazgen Sarkisyan, spiker Karen Dəmirçiyan və başqa 6 rəsmi də həlak olmuşdu.

Baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçiyan
O vaxtki prezident Robert Koçaryanın apardığı danışıqlardan sonra yaraqlılar girov götürdüyü deputatları azad edib, təslim olmuşdular və sonradan ömürlük həbs edilmişdilər.

Amma 2000-ci ildə yaraqlılara silah tapmaq ittihamıyla həbs edilən Norayr Yegizaryan öz kamerasında ölü tapıldı. O zaman polis bildirdi ki, Yegizaryan kameradakı elektrik sobasından düzgün istifadə etməyib, onu cərəyan vurub.

4 il sonra, 2004-cü ildə, parlament güllbaranına görə tutulan 7 nəfərdən daha biri – Vram Qalstyan öz kamerasında asılmış halda tapıldı. Həbsxana rəhbərliyi bildirdi ki, məhbus intihar edib.

Hər iki halda məhbusların yaxınları və cəmiyyətdəki bəzi qüvvələr ölümlərin təsadüfi olmadığı haqda iddialar səsləndirdilər. Hətta onların aradan götürüldüyünü deyənlər də var idi.

İndi gülləbarana görə həbs edilən 3-cü şəxs də vəfat edib. Və artıq həmin gülləbaranın təşkilatçısı olan Nairi Hunanyanın səsləndirdiyi motivlərə Ermənistanda çoxları şübhəylə yanaşır. Hunanyan deyirdi ki, guya xalqın qanını içən məmurlardan qisas almaq üçün parlamenti tutmuşdu. Amma artıq çoxları inanır ki, həmin hücumun arxasında parlament binasından, hətta ölkədən kənarda duran çox böyük qüvvələr dayanır.
XS
SM
MD
LG