Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:46

Dilqəm Əhməd "Gözətçi" (Hekayə)


-

Buradan Vətən o qədər uzaq görsənir ki... Hər səhər-axşam mənim yerim buradır. Bilmirəm, nəyə görəsə burada xidmət etmək mənə qəribə duyğular bəxş edir. Özümü dünyanı çiyinlərində saxlayan Atlant kimi hiss edirəm. Çiynimdəki avtomatın ağırlığı az qala sümüyümü sızlatsa da buna dözməyə çalışıram. Dözməyib, nə edəsiyəm? Bizi bura yeyib-içməyə göndərməyiblər ki?.. Gecələr hava çox soyuq olur, elə ki yağış başladı, çəkmələrimin içinə qədər islanıram, xidmət boyunca corablar yaş olsa da, dizlərimdən aşağı hiss etməsəm də çalışıram ayıq-sayıq olam. Əslində bizə corab çox gəlir, lakin poqonunda qoşa nöqtəyə oxşar ulduzları olan hərbi qulluqçunun biri qəsəbədəki bütün mağazaları müxtəlif mallarla təmin etdiyi üçün məcbur qalıb özümüz alırıq. Almağa pulun olmadısa, yaş corabın elə ayağındaca qurumağa başlayacaq, sonra isə bütün kazarmanı iy götürdüyündən yazılmamış cəzalara məruz qalacaqsan. Neyləmək olar? Dözməlisən...
Gecələr uzun olduğu üçün düşünməyə vaxtım çox olur. Tez-tez universitet illərini xatırlayıram. Çox aktiv tələbə idim. Tələbə Həmkarlar İttifaqının sədr müavini idim. Zorla məni iqtidar partiyasına üzv yazsalar da, başqa imzalarla müxalifət qəzetlərinin bəzilərinə yazılar yazır, universitetdəki özbaşınalıqlar haqqında gizlicə müşahidələr aparıb geniş reportajlar hazırlayırdım. Tutduğum vəzifəyə görə heç kim məndən şübhələnmirdi, yaxşı da qonorar alırdım. Beləcə iqtidarın təmsilçisi olaraq müxalifətə bir növ agentlik edirdim. Nəhayət dörd illik təhsilim tamam oldu, ali təhsilli hüquqşünas kimi hərbi xidmətə göndərildim.
Əslinə baxsan, Kəsəyən kəndində yerləşən hərbi hissəmizdə qulluq eləmək elə də çətin deyil. Bir il nədir ki? Əvvəlcə yeni olduğun üçün üç ay döyüləcəksən, sonra bu üç ayın ağrısını bədənindən çıxaracaqsan, növbəti üç ayı gözləmə mövqeyində dayanacaqsan, nəhayət sonuncu üç ayda isə sən təzə gələnləri döyməyə başlayacaqsan. Nə edəsən, buradakı qanunlar pozulmazdır, tabe olmağa məcbursan. Mən indi gözləmə mövqeyindəyəm, inanmıram ki hansısa təzə əsgərə əlim qalxsın. Şəxsiyyətim və peşəm buna imkan verməz. Bu yaxınlarda ona edilən təhqirlərə dözməyən əsgər yoldaşım az qala intihar edəcəkdi...
Əsgər Əliyevin ta məktəb illərindən sevdiyi Nurtən adlı bir qız var idi. Tez-tez məktublaşar, telefon işlətmək mümkün olduqda isə zəngləşərdi. Sonuncu dəfə Nurtən öz yeni şəklini zərfin içərisinə qoyaraq Kənana göndərmişdi. Hərbi hissənin qeyri-rəsmi sorumlusu Qarayev (artıq son günlərini sayırdı) məktubun içərisində pul axtararkən şəkli görür. Çox şərəfsiz olduğu üçün gənc əsgər Əliyevin qüruruna toxunmağa başlayır:
- “Əsgər Əliyev, bu şəkil axşam bizə lazım olacaq, xəbərin olsun, sonra sənə verərik”. Ardınca öz tayları ilə qəhqəhə çəkərək Kənanı ələ salmağa başlayırlar. Kənan sakit təbiətli idi. O da mənim kimi ali təhsilini başa vurub hərbi xidmətə gəlmişdi. Ancaq tələbəlik illəri ərzində başı kitab-dəftərin arasından qalxmadığı üçün çox çəkincən idi, tez-tez sıxılar, hasarı aşıb qaçmaq istəyərdi. Dindar olmasına baxmayaraq zabitlər namaz qılmasına icazə verməmiş, “günahı bizim boynumuza” deyərək ibadətini etməyə qoymamışdılar. Kənan Qarayevin təhqirləri qarşısında göz yaşına boğulsa da, səsini çıxarda bilməmiş, intiqamını gecəyə saxlamışdı. Axşam hər kəs yatdığı vaxtda köhnə əsgər Qarayev üzərinə sperma bulaşmış rəsmi hırıldaya-hırıldaya Kənanın üzünə ataraq sevgilisinin onlara çox ləzzət verdiyini söyləmişdi. Bu hərəkətdən sonra Kənan çox da düşünməmişdi: axşam yeməyindən sonra mətbəxdən götürdüyü bıçağı ani bir hərəkətlə Qarayevin düz ürəyinə saplamışdı... İndi haradasa cəzasını çəkir.
Hazırda mən özüm yarı evli sayılıram. Universitetin sonuncu kursunda qrup yoldaşım Aysellə nişanlanmışdım. Məni qatarla yola salanda o qədər ağlamışdı ki solğun rəngi hələ də gözümün qabağındadır. Çox darıxıram onun üçün. Əsgər bloknotumdakı bütün şeirləri ona yazmışam, çoxunu da elə burada - gözətçi olanda. Ən həyəcanlısı, beş aydan sonra qayıtdığımda onunla evlənməkdir. Hər gün toyun ssenarisini gözümün önünə gətirir, atamla anamın ən böyük arzusunu həyata keçirəcəyim üçün özümü xoşbəxt sayıram. Necə də olsa, məni böyütmüş, oxutmuş, ən nəhayət, əsgər göndərmişdilər. İndi isə sıra məndədir...
Vaxtımın bitməsi üçün günlər azaldıqca həyəcanım çoxalır. Bir tərəfdən son zamanlar sərhəd pozucularının aktivləşməsi, digər tərəfdən kənd camaatından gizlicə alaraq oxuduğum müxalifət qəzetlərindəki müharibə bəyanatları yaman sarsıdır məni. Elə bilirəm ki, indicə atəşkəs pozulacaq, savaş yenidən başladığı üçün bizi burada saxlayacaqlar. Universitet illərində hərbi həyat haqqında da reportajlar hazırlayırdım. İndi buradan baxanda paytaxt mənə çox qəribə görsənir. Soyuqdan dişlərim bir-birinə dəyərək şaqqıldayır, tir-tir əsməkdəyəm, paltarlarımın arasında gizlətdiyim qəzetləri oxumağa başlayıram. Şükür, bu gün də “lazım” gəlməyib. Görüm onu heç gəlməsin. Sanmayın ki, müharibədən qorxuram. Əsla! Sadəcə bağlı qapılar arxasında qurulan böyük oyunların kiçik, zavallı oyunçusu olmaq istəmirəm. Mənim burda soyuqdan bütün əzələlərim göyərdiyi halda, hansısa harınlamışlar indi gözəl süfrələr açmış, hərbidən saxlatdırdığı övladları ilə əylənməkdədirlər. İndi hansısa “papa”nın gül balası bulvar yolunda iki təkər qaldırır, biri saunalarda gözəl qızlarla əylənir, digəri indidən atasının postuna hazırlaşır. Vətən nemətini onlar yeyir, cəfasını isə mən çəkirəm... Gün ərzində bunları düşündükcə elə əsəbiləşirəm ki, istəyirəm darvazanı aşıb birbaş vətən xainlərini güllələyim. Amma eləmək olmur. Anamdan və Ayseldən keçə bilmirəm. Onlar üçün burdayam mən, hansısa məmurun var-dövlətini artırması üçün təhlükəsizliyini qorumuram. Hamısının canı cəhənnəmə.
Bəzən isə bir fikir məni lap dəhşətə gətirir. Ya qayıtmasam, şəhid olsam, o zaman nə olacaq? Çox güman ki, belə olacaq. Əvvəlcə fakt iki gündən sonra təsdiqlənəcək, düşmənlə qəhrəmancasına vuruşduğum elan olunacaq, əsgər yoldaşlarımın çiyinlərində tabutum evimizə göndəriləcək. Aysel saçlarını yolacaq, anam isə üzünü cırmaqlayacaq. Xəbər portallarının əməkdaşları isə bu səhnələri əbədiləşdirəcək, beli bükülmüş atamdan müsahibə alacaq. Bir neçə gün bütün informasiya agentliklərinin, xalqın qəhrəmanı olacağam. Sonra isə yavaş-yavaş unudulacağam. Nəhayət, bir deputat qalxıb deyəcək ki, əsgər ölümləri üzərindən siyasət aparmayın, hərb həyatıdır, ya öldürəcəksən, ya da şəhid olacaqsan. Bu qədər sadə, vəssalam. Bəs ocağı sönmüş bir ailə, ümidləri gənc yaşda puça çevrilmiş Aysel nə olacaq? Onları düşünən olacaqmı? Off, çox çətindir. Ölmək bir şey deyil, insanı yandıran geridə qalanlardır.
...Buradan Vətən çox uzaq görsənir. Hər gün “Vətən sərhəddən başlayır” sözlərini eşitməkdən qürur duyuram. Görəsən, sərhəddən vətəni dəyişdirsək, Vətən dəyişərmi?

06.04.2010
XS
SM
MD
LG