Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:40

Musa Əfəndi "Xoşbəxtlik axtarışında" (Hekayə)


Yəqin, insanlar öldükdən sonra onların kölgələri bu dünyada qalır və gecələr – ölən insanların kölgələrindən yaranıb.

Yenə kölgələr, elə bil, onun otağına yığışmışdı - gecə idi, kiçik və zəif buludlar böyük və güclü günəşi gizlədə bilmişdi.

Dünən gecə olduğu kimi bu gün də Murad öz səsinə ayıldı. Qorxmuşdu, tərin içində idi, ayılanda qorxduğunun fərqinə varmışdı, bir də onu anlamışdı ki, bu onun sonuncu yuxusudur... Saat altı olardı, durdu, pəncərəsinin pərdələrini yana çəkdi.

Günəş işıqları onun otağına girib kölgələri öldürmək üçün bir – birilərini itələyirdilər. Görünür, Muradın səsindən buludlar da qorxmuş, günəşin qarşısından çəkilmişdilər.

Otağı çardaqda idi, geyinib aşağı düşdü. Nənəsi namaza oyanmışdı.

- Nənə, xoşbəxtsən? – Murad hələ də yuxusunun təsirində idi, başqa vaxt belə qəribə suallar verməzdi. Yuxuda, inandığı mələklər və uydurmalarında canlandırdığı sevgililəri birləşib onu lənətləmişdilər – o birdə xoşbəxt olmamağa məhkum edilmişdi.

- Xoşbəxtəm, bala. Uşaqlarım, sənin kimi nəvələrim var. – Murad “niyə” sualını vermədi, o başa düşdü ki, nənəsi nəvə sidiyinin ən şirin duyğu olduğunu artıq qəbul edib. Amma Murad bununla qane olmaq istəmirdi, heç niyə belə qəribə sual verdiyini və nənəsinin bunu təəccüblə qarşıladığını da hiss etmədi. O, yalnız xoşbəxt olmaq istəyirdi.

Evdən çıxdı, nənəsi isə təsbeh çevirirdi. Küçələrinin o biri tinində, qonşuluqda yaşayan sərxoş Vovanı gördü. O arağın təsirindən hələ ayılmamışdı və deyəsən buna görə də, arvadı Mariyanın onu niyə evə buraxmadığını qavraya bilmirdi.

Murad, yaxınlaşıb:
- Vova dayı, xoşbəxtlik necə olur?
- Xoşbəxtlik rənglidir, -Vova dedi, - hə, hə, mən onu görmüşəm, rənglidir...

Rəngli, göy qurşağı, yağış... – Murad bu üç sözü beynində çevirərək gəzişməyə başladı. Qurbağanın suya atılanda çıxardığı səsdən ayılanda gördü ki, gəzib evlərindən beş yüz metr aralıda olan kiçik gölün yanına gəlib. Rəngli, göy qurşağı, yağış... – bu üç söz hələ də beynində idi, birdən sanki yuxudan ayıldı, qurbağaları daşlamağa başladı. Uşaq vaxtı, bu gölə gəlib qurbağaları öldürərdilər ki, yağış yağsın, göy qurşağı çıxsın.

Onlara elə gələrdi ki, qurbağalar mələklər üçün şahzadələrdir və mələklər onları öpəndə onlar əsl şahzadə çevrilirlər, qurbağalar öləndə isə mələklər ağlamağa başlayır və yağış yağırdı.

Beşinci qurbağanı öldürəndə dayandı, öz xoşbəxtliyini başqalarının ölümü üstündə qurmaq ona xoş gəlmədi, axı qurbağalar da əslində şahzadələrdirlər.

Evə qayıtdı.

İçəri girəndə televizor açıq idi, film gedirdi. “xoşbaxlıx... xoşbaxlıx” – Moşu hələ də xoşbəxtliyə qafiyə axtarırdı.

“Moşu xoşbəxt şairdir, mən hələ uşaq olanda bu film çəkilmişdi. Üstündən neçə il keçib, Moşu hələ o vaxtdan xoşbəxtliyə qafiyə axtarır, deməli, o xoşbəxtdir. Xoşbəxtliyin özünü tapıb, indi isə qafiyəsini axtarır. Mən hələ xoşbəxtliyin nə olduğunu bilmirəm” – bu düşüncələrlə otağına qalxdı.
Yatağına uzandı. Nə üçün durğun olduğunu, kefsizliyinin səbəbini gündəliyində axtarmağa başladı.

“Bu gün babamın nənəmə yazdığı köhnə məktubları tapdım. Saçların payız sarısı adlı şeirdən başa düşdüm ki, nənəm gəncliyində sarışın olub. Mən gözümü açandan bəri isə onun saçlarına qış çoxdan gəlmişdi və qarını da yağıdırmışdı. Yəqin, babam hələ də sevir və onlar xoşbəxtdirlər”

Gündəliyində də heç nə tapmadı, bir iki səhifə də oxudu, yenə heç nə tapmadı. Bir neçə tanış addan başqa. Gündəliyini silkələməyə başladı, bəlkə, xoşbəxtlik vərəqlərin arasından düşər deyə... Anası onu çağıranda gündəliyindən çarpayıya bir dənə də xoşbəxtliyin düşmədiyini başa düşdü.

Atası işə maşınla gedirdi, onu da yolüstü məktəbə aparacaqdı. Bu dəfə də elə oldu...

Yolda Murad atasından soruşdu:
- Ata, bu dövrdə ən xoşbəxt adamlar kimlərdir?
- Varlılar, Murad, varlılar...
- Kasıblar niyə xoşbəxt deyil?
- O ağacları görürsən? – atası bir qədər susduqdan sonra barmağı ilə iki yol arasına basdırılmış ağacları işarə edib dedi – bax, kasıb insanlar da o ağac kimidir. Onlar yol ortasında əkilmiş ağaclara bənzəyirlər, biz irəli gedirik, onlar tərpənmirlər, yerlərində sayıb yoldan keçən bahalı maşınlara baxırlar. Baxıb, tərpənə bilmədikləri üçün tozlanırlar, quruyurlar bu ağaclar kimi.

- Amma yolun o tərəfinə baxsalar, bizim getdiyimiz istiqamətin əksinə gedən maşınlara baxıb xoşbəxt ola bilərlər, hə?
- Yox, hər iki halda onlar yerlərində sayırlar, tərpənə bilmirlər... Gərək, arxan olsun, sərt arxan olsun, ayağından çəkən yox...

Sükutu məktəbə çatanda ibtidai sinifdə oxuyan uşaqların səsi pozdu. Murad maşından düşüb siniflərinə getdi.
Dərsin ortasında, yanındakı partanın boş olması onun diqqətini çəkdi. Parta yoldaşının kim olduğunu xatırlamağa çalışsa da, bu onda alınmadı.

Dərs qurtardı, onların məktəbi dağın ətəyində idi, hər gün olduğunu kimi bu gün də dağa çığmağı və ordan kəndlərinə baxmağı qərara aldı.

Dağın bir tərəfi qayalıqlar idi. Həmişəki kimi uçurumun qırağında oturub ayaqlarını aşağı salladı. Səhərdən bəri beynini məşqul edən “xoşbəxtlik nədir?” sualını bu dəfə beynindən dilinin ucuna gətirdi.
- Bir saatlıq xoşbəxtlik daha qısadır, bir saatlıq ağlamaqdan... – bir qız səsi ilə bu sözlər havada uçuşdu.

Murad arxaya çöndü, heçkəs yox idi, birdən hiss elədi ki, kimsə sağ əlindən tutub, sağa baxdı, heçkəs yox idi... Səs tanış idi. Kimin səsi olduğunu başa düşməyə çalışdı, başa düşəndə artıq gözlərindən yaş yanağından süzülüb qayalıqlarda yox oldu.

Hər şey sanki gözündən düşən göz yaşı ilə yadına düşdü.

Bir il bundan əvvəl sevdiyi qızı – Nərmini itirmişdi. Ağır gəldi ona. İlk əvvəl özünü öldürmək istədi, sonra beynində qızlar canlandırmağa başladı. Onları sevməyə çalışdı. Hər gün Nərminin bir sürətini beynində canlandırırdı, sevirdi, öldürürdü...

Keçmişi xatırlamaq istəmirdi, hər gün öldürdüyü sevgililərinin heç birini yadına salmırdı. Yenilərini canlandırırdı, yenilərini sevirdi. Tarix dərslərini ona görə sevməzdi, anlayırdı ki, hər tarix kiminsə keçmişidir və keçmişdə ağrıdan başqa heç nə yoxdur.

Tarix dərslərinə də bu səbəbdən girməzdi, Murad onu da anlamışdı ki, həyat - küləkli havalara bənzəyir, küləkli havalar kimi həyat da çirkli, cırıq qəzet parçasını gözləmədiyin anda sənin üzünə vuracaq və bu çirkli kağız parçası insanın keçmişindən başqa heç nə deyil...

Və unutmağa başladı keçmişini. Nə etdisə də, xoşbəxt ola bilmədi yenə də. Sonra xoşbəxtliyini axtarmağa başladı.

Və bir il keçdi. Bu gün Nərminin öldüyü gündən bir il keçib. Həmişə görüşdükləri yerdədir, amma Nərminsiz. Bir il sonra onu yenidən xatırladı, dəli küləyin Nərminin sözlərini onun üzünə vurması ilə...
Və onda anladı ki heç vaxt xoşbəxt ola bilməyəcək, yuxusunda gördükləri başına gəlmişdi – deyəsən, hər gün beynində canlandırdığı və öldürdüyü mələklər onu lənətləmişdi və təbii ki öldürdüyü qurbağalar da...

Gərək, arxan olsun, sərt arxan olsun – atasının dediyi sözlər yadına düşdü sərt qayalara baxanda. Ayağa qalxdı, arxasını qayalıqlara doğru çevirdi.

Xoşbəxtlik – dedi, - bir duyğunun, bir sözün ki tələffüzü cəmi üç saniyə vaxt aparır, o duyğu nə qədər uzun ola bilər ki?

Və gözünü yumub kürəyini qayalıqlara tərəf tutaraq özünü hava boşluğuna buraxdı.

***
külək otağının pəncərəsini bərk çırpdı. Anası nə isə olduğunu hiss etdi ürəyində. Külək isə onun çarpayısı üstündəki gündəliyini yerə atdı.
Açılan səhifədə bu sözlər yazılmışdı:

“O, bu gün məni tərk etdi. Əslində insanın sevdiyi hər kəs, hər şey onu tərk edir. Və bu gün mənim üçün zaman dayandı, deyəsən, əqrəblərin mənə yazığı gəldi və onlar məni tərk etmədilər. Axı mən də yaşamağı sevirdim..”

O hər şeyi anlamışdı, təkcə, gündəliyində xoşbəxtliyi axtaranda tanış adlar arasında Nərminin adını görməmişdi. Axı ilk sevgilər ancaq gündəliyin solmuş vərəqlərində olur...
Bəlkə də, Nərmin onun beynində yaratdığı mələklərdən sadəcə biri idi, bəlkə də, o heç olmamışdı, bəlkə də, hər öldürdüyü mələklə birlikdə o da hər gün ölürdü.Bəlkə də, heç indi o ölməyib. Bəlkə, bunlar hamısı yuxudur...

Birdən qışqırıq səsi ilə Murad yuxudan ayıldı. Qorxmuşdu, tərin içində idi, ayılanda qorxduğunun fərqinə varmışdı, bir də onu anlamışdı ki, bu onun sonuncu yuxusu deyil...
XS
SM
MD
LG