Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:03

Seyran Səxavət “Rəmiş” (Hekayə)


Cavanlıqda özümdən böyüklərlə oturub-dururdum. Yaşa dolandan sonra isə qoşulmuşam cavanlara.

Elə dostlarım var ki, qırx-qırxbeş yaş məndən kiçikdirlər. Onlarla ünsiyyət ürəyimə sarı yağ kimi yayılır – həm də mənə sərf eləyir – bilirsiniz niyə?

Bir cavan dostumla oturanda onun iyirmi beş yaşını gəlirəm altmış yaşımın üstünə, sonra qardaş malı kimi iki yerə bölürəm, ikimiz də oluruq yaşıd.

Sonra isə yaşıdlar kimi dərdləşirik, bölüşürük... dünyanı yola veririk...

Yenə üç nəfər oturmuşuq - mənim altmış, üçümüzün isə uzaq başı yüz iyirmi yaşımız olar. Və yenə yüz iyirmini qardaş malı kimi üç yerə bölmüşük. Yenə yaşıdlar kimi dərdləşirik, bölüşürük... dünyanı yola veririk...

Elnur, Teyfur, mən...

Söhbətimizin qaymaqlayan yerində telefonuma zəng gəldi.

– Alo. – Cavab verdim.

– Sənətkar, salam. – Rəmiş idi.

– Salam, salam...

– Sənətkar hardasan?

– Bakıda.

– Bakının harasında?

– Doqquzuncu mikrorayonda.

– Doqquzuncu mikrorayonun harasında?

– “Emis” restoranında, həyətdə oturub iki yaxın dostumla çay içirəm.

– Sənətkar cibində iki “şirvanın” var?

– Var.

– Min bir taksiyə, gəl Yeni Yasamala, yen aşağı, diki qalxanda sağ tərəfdə köhnə bir traktor var, Nuh Nəbidən qalıb, bax onun yanında səni gözləyirəm.
– Xeyirdimi? – Soruşdum.

– Ürəyim istədi səni, gör nə vaxtdı görmürəm. Moskvadaydım...

– Yaxşı, gəlirik,- dedim.

Elnurun maşınına mindik. Rəmiş deyən kimi elədik, Yeni Yasamalın dərəsinə yenib dikləndik; sağ tərəfdə, o dediyi kimi Nuh Nəbidən qalma köhnə bir traktor, traktorun yanında köhnə bir minik maşını, maşının yanında Rəmiş, Rəmişin də yanında Gülü... Maşından düşüb görüşdük. Dostlarımı onunla tanış elədim:

– Elnur... Teyfur... yaxşı kişilərdi, – dedim.

– Bu yaşda kişidilərsə elə böyük şeydi, – onlara da əl verdi, – Rəmiş, – dedi və onun öz adını deməsi mənə çox təəccüblü gəldi.

Rəmiş öz maşınına minə-minə dedi:

– Sənətkar, dalımca gəlin.

Görüşdüyümüz yerdən bir az da yuxarı qalxıb sağa burulduq, əlli-altmış addım da gedib dayandıq - bərbad bir həyət idi, nə evə oxşayırdı, nə idarəyə.

– Düşün, – dedi.

Düşdük. Cavan dostlarımın da, mənim də təəccübləndiyimi görüb dedi:

– Deyəsən, buralar xoşunuza gəlmədi?

– Bura nədi belə, haradı? – Mən dedim.

– Heç mən də bilmirəm... Dostumun yanına gəlmişəm – bura çağırıb, bura gəlmişəm də... Gəlin, gəlin... – qabağa düşdü. Bizdən bir az aralıda doqquz nəfər var idi; dördü Adam idi, beşi it – biz onlara tərəf gedirdik.

Üçümüzü də bir-bir o adamlara təqdim eliyəndən sonra çönüb itlərə baxdı:

– Bunlar da bizimkilərdi... – dedi.

– O nə təhər olur? – dedim.

– Sənətkar, nə təhər olacaq... bunlar da bizim kimi yiyəsizdirlər... Eşitmisən də, yiyəsiz itləri də güllələyirlər...

– Eşitmişəm...

– Bu gün bu itlərin sahibi bizik... Adam biliblər bizi... hə...

– Hə... itlərin də sahibi tapıldı, qaldıq biz, – dedim.

– Sahibə də sahib lazımdı ki? – Rəmiş təəccübləndi.

– Sahibə də sahib lazımdı, sahibin sahibinə də, hələ lap sahibin sahibinin sahibinə də... belə pilə-pillə qalxır, qalxır... gedib dirənir Allahın ayaqlarının altına. Allahın ayağının altına dirənəndə duyuq düşürlər ki, elə hər şeyin sahibi Allah imiş - bunların sahibliyi bekara şeyimiş...

– Bağışla ee, sənətkar, fikrim, o iti görürsən, bax onun yanında idi, dediklərini tuta bilmədim... bir az çoban-çoluq dilində olsun ee, qəliz olmasın... qəliz olanda elə bil barmağım pərdədən sürüşür...

– Çoban-çoluq dilində danışmaq elə bilirsən asandı?

– Sən danışarsan...

– Dediyim odur ki, fikrim məndədi, yoxsa itdə?

– Səndə...

– Dediyim odur ki, əgər hər hansı bir sahibin də sahibi varsa o, sahib deyil – sahib odur ki, onun sahibi olmasın. – O da Allahdı. İndi tutdun?

– Mən tutmadım ee... Sən qəşəng tutuzdurdun. – Sağ əli ilə alın qırışlarını hamarladısa da bir şey çıxmadı, əksinə, deyəsən qırışlar bir az da dərinləşdi, – mən sənnən dilləşə bilmərəm, qardaş. Sən danışanda mən uyuram, – elə bilirəm Rəmiş gitara çalır...

– Çox şişirtmə... – dedim, – çox şişirdirsən ee...

–Çox şişirtməsəydim çoxdan partlamışdı.

Bayaq gizləmək istədiyim təəccübümü açıb tökdüm çölə:

– Sən Allah, bura haradı... nədi belə?

– Vallah, heç mən də bilmirəm. Dostumun yanına gəlmişəm – bura çağırıb bura gəlmişəm.

Anladım ki, bu sualı Rəmişə yüz dəfə də versəm eyni cavabı alacam – ona görə də ruhdan düşüb əyləşdim, söhbəti dəyişmək istəsəm də bir şey çıxmadı və təzə mövzu tapa bilmədiyim mənə əfəllik kimi gəldi, hətta bu əfəlliyim xəfif əsəbiliyə çevrilib sifətimə çiskinlədi.

– Qapısı yox, darvazası yox... – Ətrafa baxa-baxa Rəmişin düz gözünün içinə dedim; əslində isə bu sözlər Rəmişin gözünün içindən yan keçib onu bura dəvət eliyən dostunun dalınca muncuq kimi düzüldü – onun dalınca danışırdım.

– Qapı, darvaza olan yerdə ürəyim sıxılır, belə yaxşıdı...

Mən onunla, bir az da qəsdən, razılaşmadım:

– Buranın nəyi, harası xoşuna gəlir axı? – Xəfifcə bozardım da.

– Buranın orası xoşuma gəlir ki, nə qapısı var, nə darvazası. – Rəmiş gözümün içinə dikəldi, – qapı da, darvaza da lazımsız şeydi... Qapını xayın adamlar kəşf eləyib – xayın xoflu olar axı... evdən çıxanda qapını bağlayıb gedirlər. Ömür boyu nə qədər qapı bağlamaq olar axı... Qarabağ tərəfdə bir qarğış var ee, eşitmisən?

– Hansını deyirsən?

– Deyir, səni görüm qapın bağlansın! Eşitmisən?

– Hə... noolsun?

– O olsun ki, bəndə hər dəfə evdən çıxıb qapısını bağlayanda elə bil ki, Allaha namyok eliyir. Bir dəfə, beş dəfə, on dəfə – axırda da Allah onun qapısını elə bağlayır ki, Fələk də aça bilmir... Hayıf deyil belə...

Darvaza, dalınca gəlir dəmir qapı, dalınca taxta qapı, taxta qapının da böyründə içəridən asılmış qoşalülə... adamların bir-birinə etibarı qalmayıb ki. Hələ onu demirəm ki, villaların, Allah xeyir versin ee, qabağında qorovulçular üçün ayrıca ev tikirlər, top-tüfəngi də öz yerində, quş da səkə bilmir.

Bundan qabaq darvaza-zad yox idi, qapının da cəftəsini keçirirdilər ki, mal-heyvan içəri girməsin, cəmisi əlli il bundan qabaq.

– Bəri bax, Rəmiş, niyə qızışmısan qəfil?

– Məndə hərdən olur, sən fikir vermə...

– Bu qəşəng qızışmaqdı... belə şeyə fikir verməsən Adam ocaq daşı kimi partlayıb qırıq-qırıq olar...

– Başına dönüm, yeriniz rahatdımı? – Rəmiş mənim cavan dostlarımdan soruşdu və onların cavabını gözləmədən ikinci sualı verdi:

– Buralar xoşunuza gəldimi?

Bayaqdan bəri ağızlarını açıb bizim söhbətimizə qulaq asan uşaqlar nə deməliydilər ki? Dedilər ki, çox yaxşıdı. Rəmiş gördü ki, uşaqlar onun xətrinə qırmızıca yalan dedilər və onların bu yalanı razılığa çevrilib Rəmişin üzünə hopdu; uşaqlar özləri isə yalan dediklərini Rəmişdən də yaxşı bilirdilər – hər iki tərəf məmnun olmuşdu – günümüzdə, ilimizdə və əsrimizdə bundan gözəl nə ola bilərdi ki...

– İndi bir sənətkar da gəlməlidi. – Rəmiş dedi.

Mənim sənətkarın kimliyi ilə maraqlanmamağımdan Rəmiş bir az tutulan kimi olsa da dedim:

– Rəmiş, sən də elə yetənə sənətkar deyirsən, bunu tərgit.

– Heç vaxt tərgitmərəm.

– Niyə? – Mən təkid elədim.

– Niyəsi odur ki, yer üzündə nə qədər adam varsa hamısı sənətkardı.

– Bu, qeyri-mümkündü. – Mən qəti etiraz elədim.

– Sənətkar, dərindən fikirləşsən görəzsən ki, mümkündü.

– Sən dərindən fikirləş də... de görək.

– Bəli yer üzündə hamı sənətkardı, sənətkar olmayan yoxdu. Görürsən ki, biri yaxşı maşın sənətkarıdı, biri yaxşı xanəndədi, yazıçı, şairdi, rəssamdı, bəstəkardı – hamısı sənətkardı də... Biz öyrənmişik, ancaq yaxşı şeyə sənətkar deyirik... sənətkar deyəndə ancaq müsbət şeylər fikirləşirik. Ancaq bu, düz deyil. Gözdən tükü elə çəkirlər ki, ruhun da incimir – oğrudu, sənətkardı, səni şirin dilinə salıb elə alladır ki, quru yurdda qalırsan, – sənətkardı, oğraşdıqda tayı-bərabəri yoxdu – sənətkardı...anasının əmcəyini elə kəsir ki, anası yazıq da elə bilir məsum körpədi onu əmir-sənəkardı, dədəsinin goruynan alver eliyir – sənətkardı sənətkar... istedaddı. Hər cür adama rast gəlirik də... ona görə də mən, sən demişkən, yetənə sənətkar deyirəm. Bax, o itlər də sənətkardı, çünki it olmağı onlardan başqa heç kəs bacarmaz... bildin?

– Bildim.

– Quzu kəsərəm saa.

– Burdaaa?

– Buranın məsələsi həll olundu də... – ani fikrə gedib əlavə etdi, bayaq dedim ki, indi bir sənətkar da gəlməlidi, heç vecinə almadın.

– Kimdi ki?

– Bayaq soruşsaydın deyərdim... indi gözlə, gələndə görərsən... Yemək-içmək də, Rəmişin dediyi o sənətkar da stola eyni vaxtda gəldi, elə bil o sənətkarı da yeməklə bərabər mətbəxdən gətirdilər – bu Yaşar Nuri idi.

– Xoş gəlmisən sənətkar. – Rəmiş onunla çox isti görüşdü, qucaqlaşdılar. Sonra Yaşar mənim üstümə gəldi, ikimiz də məmnuniyyətlə Rəmişi təkrar elədik. Sonra mənim gənc dostlarıma əl verib təəccüblə onların sifətinə elə baxdı ki, onlar bir anlıq özlərini artıq hesab elədilər və bu tez keçib getdi. Rəmiş Yaşarın qaynanasının ünvanına ənənəvi bir informasiya göndərdi:

– Yaşar, qaynanan səni çox istəyir.

Yaşar isə elə bil heç eşitmədi, bu qulağından alıb o biri qulağından ötürdü. İştahla stola baxıb əllərini bir-birinə sürtdü:

– Süzün dəə! – dedi.

– Bu gün Yaşarın ad günüdü. – Rəmiş bir informasiya da stolumuza göndərdi, biz də bu xəbəri tariximiz boyu olduğu kimi gurultulu, hətta mən deyərdim ki, sürəkli alqışlarla qarşılayıb eləcə də yola saldıq.

– Mosvka nə təhərdi? – Yaşar gözünü Rəmişə elə zillədi ki, elə bil Rusiyaya çörək dalınca getmiş bir qohumunu, ya da tanışını soruşurdu.

– Yaşar, Moskva o qədər yekədir ki, onun nə təhər olduğunu bilmək olmur haa...

– Sənin üçün yaxşı keçər. – Yaşar əl çəkmədi.

– Çox yaxşı... Allah yaxşı oğlanların canını sağ eləsin.

Yaşarın keyfi kök idi; doğum günü münasibəti ilə artıq hardasa olmuşdu – o, bu məclisə hazır gəlməsə də hazırlıqlı gəlmişdi.

Ev sahibinin dediyi Araz uzunluqda bir tostdan sonra birinci badələri (Yaşardan başqa hamıda birinci idi) sənətkarımızın, Yaşar Nurinin sağlığına içdik. Stol arxasındakılar yüksək iştah nümayiş etdirərək, öz “işlərinin” öhdəsindən böyük bacarıqla gəlirdilər.

İtləri də yaddan çıxarmırdılar, qabığı soyulmuş ağac budağı kimi təmizlədikləri ağappaq sümükləri itin qabağına necə atarlarsa, eləcə onlara atırdılar.

Beş itdən dördü stol arxasında oturanlar qədər fəal idilər; stol arxasındakı fəalların atdığı sümükləri də göydə qapırdılar – bir it isə yoldaşlarının sümükləri göydə necə qapmalarına çox diqqət və səliqə ilə tamaşa eliyirdi, cəvcilərindən su axırdı, şirə ifraz eliyirdi.

Stol arxasındakılar da, itlər də təxminən eyni vaxtı doyub dolandılar – ağzının suyunu axıdan itdən başqa.

İtlər gülürdü; gülürdü deyəndə ki, qəhqəhə çəkmirdilər ee, elə olsaydı səslərini eşidərdik; belə desək daha doğru olardı; “itlər gülürdü” yox, “itlər gülümsəyirdi”.

Ağzının suyunu axıdan it bekaf idi. Ancaq haqq üçünə demək lazımdır ki, bu beş itin içində hamısından qürurlusu, qəşəngi və şəxsiyyətlisi də elə o idi. Zəhmli baxışları isə atlını atdan salardı; ancaq bütün bunlar şəhərdə olduğuna görə o qədər effekt vermirdi.

Hamının sağlığına içilmişdi – mənim gənc dostlarımın da – hamı da razı qalmışdı, çünki dediyim kimi bütün iştirakçılar əhatə olunmuşdu.

Rəmiş əlini atıb qabırğa kababını götürüb ağzının suyu axan itə baxıb muşqurdu. İt ona baxsa da yerindən tərpənmədi.

Rəmiş ayağa durub itə tərəf bir addım atmışdı ki, it də ona tərəf gəldi və əgər belə demək mümkündürsə, aralarındakı yolun ortasında görüşdülər. İt kababı Rəmişin əlindən alıb azacıq aralandı, bir yanda çömbəlib arxasını stola çevirdi, kababı yedi, sonra enli, uzun dilini çıxarıb səliqə –səhman ədasıilə dodaqlarını və cəvcilərini yalayıb elə təmizlədi ki, elə bil solfetlə silmişdi.

Rəmiş gözünü o itə zilləmişdi, mən də hər ikisinə. O biri itlər Rəmişlə bu İtin arasında yaranmış ünsiyyətə it kimi baxırdılar. Rəmiş bu dəfə iki parça dana basdırmasını götürüb yenə itə göstərdi, muşqurdu, it bu dəfə də yerindən tərpənmədi.

O biri itlər isə Rəmişin əlindəki tikələri o saat yedilər – gözləriynən. Rəmiş o biri itlərin gözləri baxa-baxa əlindəki tikələri qaytarıb böyük nimçəyə qoydu. İtlər Rəmişdən küsdülər – bunu Rəmiş də hiss elədi, ancaq nümayişkaranə bir şəkildə özünü o yerə qoymadı. İtlərdən biri başını qaldırıb camaatın qulağı eşidə-eşidə bir-iki ağız göylərə hürdü də.

– Qudurasan... – Rəmişdən reaksiya gəldi.

Tək it çömbəldiyi yerdən qalxıb Rəmişə yaxınlaşdı, üzünü onun çəkmələrinə sürtsə də quyruğunu bulamadı, bu, Rəmişin xoşuna gəldi, o, stolun üstündən bir çəngə salfet götürdü, itin başını sığallaya-sığallaya onun ağız-burnunu sildi. O biri itlər bu mənzərəni seyr etsələr də heç nə qanmadılar, ancaq bu it qandı və burda qanmaqdan çox hiss eləmək var idi.

Rəmiş üzünü bu uçuq-sökük, sınıq-salxaq məkanın sahibinə tutub dedi:

– Sənətkar, itlər sənindi?

– Yox...

– Bəs kimindi?

– Elə hamının...

– Hamınındısa demək heç kəsin deyil, yiyəsizdilər.

– Nə bilim, vallah... – Rəmişin dostu dilləndi və hiss olundu ki, onunku “nə bilim, vallah”a qədərdi və dərinə getməklə işi yoxdu, heç vaxt da dərinə getməklə işi olmayıb...

Rəmiş dostuna dedi:

– Sənətkar, bu iti görürsən? – O iti göstərdi.

– Bəli... – Dostu cavab verdi.

– Bilmirsən onun əsli haralıdı?

Biz uğunub getdik, onun isə dodağı da qaçmadı, dedi:

– Nə bilim, vallah, itdi də... Biz bura yığışanda gəlib yığışırlar başımıza... sülənirlər.

– Səhvin var... O süləngi itə oxşamır – o birilərini de, deyim hə...

– Nə bilim, vallah.

– Bilmirsən, mən deyirəm dayna...

– Nə bilim, vallah.

Rəmiş içində at oynadan əsəbini qatil kimi boğub atdı içinə, mənə tərəf çevrildi, gözlərində iri, aydın hərflərlə, kiril əlifbası ilə oxunması eynəksiz –filansız mümkün olan, gendən çağıran bir cümlə yazılmışdı:

– Kopoyoğlunun xarabasında dərdləşməyə Adam yoxdu də... – Rəmiş gözlərini qırpan kimi bu cümlə onun gözlərindən silindi və mənə dedi:

– Sənətkar, mən ölüm o it sülənən itə oxşayır?

– Qətiyyən. – qətiyyətlə dedim.

Rəmiş sol əlini sol çiynimə qoyub məni özünə sıxdı, başını sağ çiynimə qoydu: yaşlı Adam kövrələndə beləcə uşaqlaşır və başını qoyub sıxılmağa adam çiyni axtarır, kiminsə çiyninə pənah gətirir, kiminsə çiynində mənəvi sığınacaq axtarır – bəzən tapır, bəzən də...

Yaşar Nuri itlərdən o tərəfdə burda tanış olduğumuz adamlardan biri ilə əl-qolunu ölçə-ölçə söhbət eliyirdi.

Gülü stola xörək gətirən qadınla bir kənarda oturub çay içə-içə bal kimi söhbətin axarına düşmüşdü. Qadınlar danışa-danışa bəzən söhbətin elə bir məqamına yetişirlər ki, onlara elə gəlir ki, dünya yalnız söhbət eləmək üçün Allah tərəfindən yaranmış bir məkandır, deysən indi də o məqamda idilər.
...Unudulmaz, bütün quzeyli-güneyli Azərbaycan xalqının, həm də mənim Məmməd əmimiz – Məmməd Arazın bir cüt misrası:

Ürəyə girməyi bacarmaq azdır,

Ürəkdə qalmağı bacarmalısan...

Cavanlıqda məni çox istəyən, lap indi də istəsin, Məmməd Əminin ədəbiyyatdakı ərköyün “qardaş oğlusu” kimi, bu misralara bir balaca əl yox, ürək gəzdirməkdə məqsədim var, mən icazəliyəm:

Dünyaya gəlməyi bacarmaq azdır,

Dünyada qalmağı bacarmalısan...

Rəmişi dünyaya valideynləri gətirib buraxıblar yer üzünə, behiştlik olsunlar...

Rəmişi dünyada saxlayan, ona “ol” və “qal” deyən isə Gülüdü, Gülü.

Dünyanın bütün kişiləri Rəmişə qibtə eliyə bilərlər.

Gitara kimi Gülünü də Rəmişə Allah yetirib.

Allah Gülüyə deyib:

– Rəmişdən muğayat ol – mənim borcumdan çıx...

İndii Gülü, Yer üzündə Allahın borcunu vaxtlı-vaxtında qaytaran barmaqla sayılası tək-tük qadınlardandı, anam-bacım olasan, Gülü.

Füzulinin nəvələri, Məmməd Arazın qardaşı uşaqları olan bütöv Azərbaycan, o tərəfli, bu tərəfli Araz çayında birlikdə çimən vahid Azərbaycan Rəmişi yaxşı tanıyır. O, heç vaxt taleyinin, alın yazısının “xətrinə” dəyməyib, necə gəldi yaşayıb-yaxşı və haqq yolun da yolçusu olub, pis və nahaq yolun da, ancaq Rəmişin keçdiyi bütün cığırlar və yollar çoxdandır ki, haqq yoluna qovuşub; bütün qovuşuqlarda aydınlıq var-aydınlığın mübarək Qaqa...

Bütün bu cümlələr bir cümləni deməyə nişanlanıb:

– Gülü olmasaydı Rəmişin özünün də, Gitarasının da sümükləri çoxdan çürümüşdü...

Şükürlər olsun ki, bu gün Gülü və Rəmiş Məmməd Arazın yuxarıda dediyim, qoşalaşmış bir cüt misrasına oxşayır:

“Ürəyə girməyi bacarmaq azdır” misrası olmasa,

“Ürəkdə qalmağı bacarmalısan”

misrası, yiyəsiz, tək insanın havadan asılı qalıb yellənən taleyinə bənzəyərdi.

Bu misranın biri Gülüdü, biri Rəmiş... Onsuz da Dünyadakı insanlar hər şeydən çox misralara oxşayırlar – Allahın Yerin alnına yazdığı misralara...
– Sənətkar, nə fikrə getmisən? – Rəmiş başını çiynimdən götürdü.

– Nədi ki?

– Heç də... səni mən dəvət eləmişəm ki, bir yerdə olaq, darıxmışam.

Özümü qanmazlığa vurdim:

– Bir yerdəyik də...

– Yoox.. Çox uzaqlarda idin... hə... bax, indicə qayıdıb gəldin... Gülü hanı? Gülü, gitaranı gətir... hə... Halım yaman qarışıb, bulanlıq arx suyuna oxşayıram.
– Neyləmək istəyirsən ki?

– Durulmaq istəyirəm.

– Neynirsən ee durulub?

– Özümə baxmaq istəyirəm...

Bu yazıda Yaşar Nurisiz, Elnur və Teyfursuz da keçinə bilərdim; ancaq onlar mənə lazımdı – o günü gözlərimin qabağında vulkan kimi püskürəcək bir möcüzənin şahidləri kimi.

Mənim olub-qalanım, hörmətli oxucu, sənin ipinin üstünə odun yığmaq olmaz – bir də gördün ki, yazdıqlarıma inanmadın; onda mən deyəcəm:

– Yaşar Nuri ölməyib ha, inanmırsan ondan soruş. Yaşara inanmırsansa Elnur Abbasovdan soruş, ona da inanmasan Teyfur Xanlarovdan soruş, ona da inanmasan, səninki səndə, mənimki məndə - sənnən qurtardım.

– Sənətkar – Rəmiş qəfil dedi, – Məmməd Arazın yasına getmişdin?

Tay sözüm yoxdu... sözlərim tut qurusuna dönmüşdü, dedim:

– Əlbət ki... çoxdan...

– Çox sevirəm o kişini... bəri bax, sənətkar, Məmməd Arazın Azərbaycan xalqına nə təhər qohumluğu çatır?

Rəmişdi də; onun bu sualı berahat kənd yollarına oxşasa da, dedim: – Hamı ona əmi deyirdi... Deməli Məmməd Araz Azərbaycan xalqının dost-doğma əmisidi – Aqil Abbasdan başqa.

– Aqil Abbasın nəyidi bəs?

– Bütün xalqımızın əmisidi, Aqilin qaynatası.

– Əmi yaxşıdı, qaynata?

– Mənim də, xalqımızın da aləmində əmi yaxşıdı. Aqil Abbasın aləmində isə qaynata ...

– Hə... sənətkar, – o gitaranı kökləyirdi, – hə indi sizin ikinizə bir “Segah” çalacam...

– İkimiz kimdi:

– O itinən sənə... O it çox “muzukalnı” itdi haa... sənətkardı...

– Bəs o biriləri?

– O biriləri də sülənməyin sənətkarıdı. Onlarda qeyrət varsa, mən it kimi uluyaram.

– Neynirsən ki, onların qeyrətini? İt qeyrətnə qalmışıq?

– Yox dana, başqa millətlərin iti də qeyrətli olur, deyirəm heç olmasa... Qabağına sümük at, getsin başqa qapıda hürsün, səni tanımasın – bu, allahsızlıqdı axı.

– İtin də Allahı var ki?

– Millətin də Allahı var, itin də, göyərçinin də... Sizdə bir söz var ee, müəllif, bütün canlıların, yerin-göyün, hamımızın müəllif bir olan Allahdı də.
– Bizim itlər niyə belədi ki?

– Mal yiyəsinə oxşayar də... eşitməmisən?

– Eşitmişəm...

– Bəs onda niyə məni danışdırırsan?

– Nə bilim?

– Qəşəng bilirsən – sən bilməyən şeyə qurd düşər. Nə isə...

– Rəmiş, bir dəfə Qədir Rüstəmovdan soruşdum ki, gitarada muğam çalırlar, bu barədə nə deyə bilərsən? Bilirsən nə dedi?

– Nə dedi?
– Dedi ki, gitara muğam aləmində ikitəkərli velosiped kimi bir şeydi, əlindən buraxdın yıxılıb böyrü üstə düşəcək yerə...

– Desin dayna... Qədiri o dediyi “ikitəkərli velosiped”in tərkinə alıb o qədər aparmışam ki...

– Hara?

– Uzaqlara...

– Uzaqlarda qoyub gəlmisən onu?

– Yox... nə təhər bir yerdə getmişdiksə, heylə də bir yerdə qayıdıb gəlmişik...

Rəmiş, iraq olsun, uşağı olmayan sonsuz adamlar kimi gitaranı övladlığa götürüb, necə deyərlər, onu milliləşdirdi, ona Azərbaycan pasportu verdi, Gitara oldu bizim birimiz.

İndi Rəmişin Gitarası Avropalıdan, xüsusilə də İspaniyalıdan daha çox Azərbaycanlıya oxşayır.

Rəmişin Gitarası Rəmişin istedadının qarşısında əslini dandı; indi Rəmişin Gitarası da azərbaycanlı olduğunu deyə bilər.

Rəmişin Gitarası əslini dandı, ancaq “əslini danan haramzadədir” fəlsəfəsinin bu məsələyə heç bir dəxli yoxdur. Bir Avropalını Azərbaycanlı eliyən oğul var ee!

Sonra isə Rəmişin övladlığa götürdüyü Gitara doğdu törədi, içində yaxşısı da, orta səviyyəlisi də, ondan aşağısı da var; ancan bunların hamısı bir yerdə Rəmiş olmadılar, çünki Rəmiş bu mənada Allahın bayıssı oğludu, bayıssı oğlu!

Seyid Şuşinski Zeynəb Xanlarovaya İslam Rzayevə, Əlibaba Məmmədova, Rübabə Muradovaya, Sabir Mirzəyevə və s. muğamdan dərs dediyi kimi, Rəmiş də “dil bilməyən, söz anlamayan”, övladlığa götürdüyü, qanı qanımızdan, canı canımızdan olmayan yadelli Gitaraya muğamdan – Azərbaycan musiqi dilindən dərs dedi. Rəmiş elə dərs dedi ki, bu Avropalı Gitaraya bir dərs oldu...

Bir rus və yaxud ingilis azərbaycanca tər-təmiz danışanda Adama necə ləzzət eliyərsə, Rəmişin yadelli Gitarası da onun sinəsində muğamca dillənəndə Adama elə ləzzət eliyir.

Rəmiş Gitaranın Azərbaycanda müəllimidir...

İndi dünyanın alimləri üzünü görmədikləri bir adamın barmaq izlərini götürüb o adamın üzünün dəqiq şəklini çəkə bilirlər.

Rəmişin Gitaranın pərdələri üstündə vurnuxan, özünə yer tapa bilməyən barmaqları isə onun özünün və Muğamımızın şəklini səslə çəkirlər – səsli şəkil.

Təssəvür eliyə bilirsinizmi? Təsəvvür eləsəniz yaxşıdı... Ürəyinizi və beyninizi işlədin də. İşlətsəniz görəcəksiniz ki, Rəmiş Dahidi.

Rəhmətlik Poqonini də Rəmiş kimi bir möcüzə idi.

Fərq yalnız burda idi ki, Poqonini öz həmyerlisini – skripkanı övladlığa götürmüşdü, şərqli Rəmiş isə Avropalının birisini... Gitaranı.

...Rəmiş Gitarası ilə qucaqlaşıb getdi. “Segah”ı qarşılamağa – bizi də özüynən apardı.

Rəmiş “Segah” çalırdı. Məni bağışlayın, onun necə çaldığını yazmağa mənim kişiliyim çatmaz.

Kimin kişiliyi varsa, onun lent yazısına qulaq asın və yazsın, sevinməyən heç Adam deyil. Ancaq gözümnən gördüyüm bir şey oldu, onu yazmağa təpərim var.

Rəmiş “Segah”ı başlayandan bir-iki dəqiqə keçməmiş, həmin o tənha it əvvəlcə qulaqlarını şəklədi, sonra yuxulu bir görkəmlə gəlib Rəmişin qənşərində şonqudu, sonra isə əyləşib çənəsini irəli uzatdığı qabaq əllərinin üstünə dirəyib kiprik çalmadan qulaq asmağa başladı. İtin belə nümayişkaranə (bizə elə gəldi) gəlişini hamı gördü.

Rəmiş gözlərini yumub “Segah”ın əl-ayağına düşmüşdü, ilan dili çıxarıb yalvarırdı.

Bu darvazasız–qapısız, uçuq-sökük, sınıq-salxaq məkanın altmış-yetmiş addımlığındakı Doqquzmərtəbə binanın eyvanları Adamla dolu idi.

Onlar da öz “lodca”larında uyumuşdular və bizə yuxarıdan baxırdılar, yuxarıdan aşağı yox.

İt də uyumuşdu. İtin qulaq asmağı hamımızını içini alt-üst eləmişdi. Təəccübdən əlimiz ağzımızda qalmışdı.

Rəmişin isə itdən xəbəri yox idi. Rəmişin milyonlarla pərəstişkarı var, ancaq belə dinləyicisi, belə fanatı – heç vaxt olmamışdı, bəlkə də heç vaxt olmayacaqdı. Möcüzə min ildə bir dəfə olur və bu möcüzə bizim bəxtimizə düşmüşdü.

Mən tez Gülünü çağırdım, o, itin Rəmişə necə qulaq asmağını axıra qədər lentə aldı...

“Segah” qurtardı. İt qaldığı yerdə xeyli tərpənmədi, sonra suya düşən itlər kimi silkələndi, biz-biz dayanmış tükləri hamarlandı, ayağa qalxdı, gedib başını Rəmişin dizinin üstünə qoydu; çiyninə yox, it olsa da yerini bilirdi.

Rəmiş bunu İtin adicə mehribanlığı, vəfası kimi qəbul elədi; İtin ondan xəbəri olsa da, Rəmişin itdən xəbəri yox idi.

Rəmiş Doqquzmərtəbəli eyvanlarda sıxlaşmış adamları görəndə bir “Tərəkəmə” çaldı.

Bütün buna rəqs eləyirdi. Adama elə gəlirdi ki, bütün Dünya bu Doqquzmərtəbədən ibarətdi və Dünyanın yeddi qatı yox, doqquz qatı var.

Adama həm də, elə gəlirdi ki, bütün Bəşəriyyət bu Doqquzmərtəbəyə yerləşib və Doqquzmərtəbə Bəşəriyyət “Tərəkəmə” oynayırdı.
Rəmiş çalırdı, bütün Bəşəriyyət rəqs eləyirdi...

Adama elə gəlirdi ki, Dünya Dağılmır...

15 may 2009-cu il
XS
SM
MD
LG