Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 09:33

Politurizm


Qobustan qayalarında müxalifətçilərə ekskursiya təşkil edilib
40 DƏRƏCƏ İSTİ, SUSUZLUQ VƏ QOBUSTAN QAYALARI

«Deyirdilər ki, gedib orda-burda qışqırmaqdansa, gəlin burda tarixi yerlərə baxın. Bizə öyüd-nəsihət verirdilər…»

Bu, polisin sıravi Azərbaycan müxalifətçisinə ötən şənbə verdiyi tövsiyədir. Amma polis təkcə tövsiyə verməklə kifayətlənməyib. İyunun 12-də Bakının mərkəzində aksiya keçirmək istəyən Müsavat və Demokratiya Uğrunda İttifaqın üzvlərindən 23-nün qolundan tutub düz Qobustan qoruğuna aparıb. Hər birinə də bir polis təhkim olunub. Təxminən 40 dərəcə istidə, ac-susuz, şəhərdən 56 kilometr uzaqda yerləşən Qobustan qayalarında müxalifətçilərə ekskursiya təşkil edilib.

Həmin ekskursiyanın iştirakçılarından biri, Müsavat Partiyası Sabunçu rayon təşkilatının sədri Rafiq İsmayıl danışır ki, bu baş verənlərin bircə məqsədi olub – onları sındırmaq. Dediyinə görə, Qobustan qoruğuna «səyahətsə» ekskursiyadan çox işgəncəydi:

«Hərəmizə bir polis otuzdurdular bizi avtobusa. Hara, niyə getməyimizi izah etmədilər. Zənglər də gəlir, biz də bilmirik hara gedirik. Biz elə bildik ki, şəhərdən qıraqda buraxarlar. Şıxovdan çıxdıq, Qaradağdan çıxdıq, hələ yol gedirik. Özü də bu baş verir 40 dərəcə istidə, özümüz də ac-susuz. Bir də başa düşdük ki, Qobustandayıq. Bizə özlərinin diliylə desək oraların gəzməli yerlərini göstərdilər, adam baş verənləri bir az da alçaqlıq sayır... Axşam saat 9-a işləmiş bizi avtobusa mindirib şəhərə gətirdilər. Çox böyük əzab, işgəncə verdilər bizə…»

İSA QƏMBƏR: «ADAMLARI GİROV GÖTÜRÜBLƏR»

Müsavat Partiyasının başqanı İsa Qəmbərsə deyir ki, bu faktla bağlı onlar məhkəməyə müraciət etməyi planlaşdırırlar. Olanlara isə qəti etiraz edir:

«Bu, kobud qanun pozuntusudur. Həbs olunanların şəhərdən on kilometrlərlə uzağa aparılması onların girov götürülməsi sayıla bilər.
«Bizə özlərinin diliylə desək oraların gəzməli yerlərini göstərdilər, adam baş verənləri bir az da alçaqlıq sayır...»
Onsuz da hakimiyyət Konstitusiyanın tələblərini, sərbəst toplaşmaq haqqını pozur. Adamları girov götürməyəsə hakimiyyətin ixtiyarı yoxdur…»

Ehsan Zahidov: «Onlar zarafat edirlər»


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə müxalifətçilərin dediklərinə, müxalifətçilərin Qobustana ekskursiyaya aparılmasına inanmadı. Ona elə gəldi ki, müsavatçılar sadəcə, zarafat edirlər:

«Qobustana onları kimdir aparan? Əşi, polisin işi-gücü yoxdur, bunları Qobustana aparacaq? Siz də inanırsız onlara, hə?...Dünyanın hansı ölkəsində görünüb ki, polis mitinq eləyəni götürüb ekskursiyaya aparır?».

Müsavat başqanı İsa Qəmbərsə DİN sözçüsünə tövsiyə edir ki, ciddi və məsuliyyətli olsunlar:

«Bu faktdır və bununla bağlı ən azı fotolar var, həmin fotolar isə artıq İnternet məkanda yerləşdirilib. Belə bir faktı inkar etmək mümkün deyil».

Deputat Yevda Abramov: «Onlar bilmirdilər ki, icazəsiz mitinq olanda…»


Parlamentin İnsan Haqları Komitəsinin sədr müavini Yevda Abramov da hadisədən xəbərsiz olduğunu deyir. Amma Rafiq İsmayılın dediyinə də özünəxas izahat verdi:

«Siz bilmirsiz ki, icazə verilməyən yerdə mitinq keçirəndə insanları tuturlar, aparırlar… Bir orqan deyirsə eləmə, sizi tutarlar, orada itələmə də ola bilər. İşgəncədir deyir, işgəncələr haqda komitəyə müraciət etsinlər, Elçin Behbudov işlərinə baxsın.
Zamin Hacı
Qətiyyən mən inanmıram. Gözümlə görməsəm inanmıram. İşimi atıb hər adamın dalınca təhqiqat aparası orqanda işləmirəm…»

QOBUSTAN SAXLAMA TƏCRİDXANASI?!

Köşə yazarı Zamin Hacı isə Qobustana ekskursiyanı zarafatla «politurizm» adlandırır. Yəni polisin müşayiətilə keçirilən turizm. Və ona görə, ola bilsin gələcəkdə etiraz aksiyası keçirənlər üçün yeni marşrutlar təşkil edilsin:

«Bu məsələnin zarafat tərəfi. Eyni zamanda, bu tarixi abidəyə münasibətin göstəricisidir. Artıq Azərbaycan polisi muzey və qoruqlardan müvəqqəti saxlama təcridxanası kimi istifadə edir. Belə çıxır da. Çünki onları həmin ərazidən başqa yerə getməyə qoymayıblar. Bu qoruq saxlama təcridxanasıdır…»
XS
SM
MD
LG