Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:43

«Azərbaycanı qova-qova namərd etmək olmaz»


Novruz Məmmədov
Novruz Məmmədov
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzadlıqRadiosuna müsahibə verib. Müsahibəni təqdim edirik.

ERMƏNİSTAN «HƏ» DEMƏDİ

- Novruz müəllim, ötən həftə Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüşdülər. Bu görüşün nəticəsi haqda qısa məlumat verildi. Halbuki hamı görüşün nəticəsini gözləyirdi. Madrid prinsiplərinə münasibət bildirmək üçün iki həftə vaxt istəyən Ermənistan nəhayət altı ay sonra hansı cavabı verdi?

- Həmsədrlərin ortaya qoyduğu Madrid təkliflərinə bu günə kimi mövqe bildirilməyib. Nə bu ilin əvvəlindəki Soçi görüşündə, nə də son görüşdə. Son danışıqlar göstərdi ki, Ermənistan rəhbərləri münaqişənin həlli istiqamətində ciddi addımlar atmağa hazır deyillər. Bu məsələdə iradə nümayiş etdirmək əvəzinə təbliğatla məşğuldurlar. Müxtəlif əsassız bəyanatlar verirlər. Məsələ burasındadır ki, Madrid prinsiplərini beynəlxalq birliyin çox mühüm təmsilçiləri – ABŞ-ın, Rusiyanın, Fransanın nümayəndələri, Minsk Qrupunun həmsədrləri hazırlayıblar. O sənədə bizim də iradlarımız var, biz orda hər bir şeylə razı deyilik. Amma sülh, təhlükəsizlik, sabitlik və beynəlxalq hüquqa hörmət naminə biz bu məsələlərə konstruktivlik, iradə nümayiş etdirərək razılığımızı bildirmişik. Məsələ bundadır ki, hələ iki il əvvəl ermənilər Madrid prinsiplərinə canfəşanlıqla razılıq vermişdilər. İndi bu mövqeni biz yox, həm də həmsədrlər gözləyirdilər. Amma altı aydan artıq vaxt ötsə də, bu görüşdə də konkret mövqe əldə etmək olmadı.

- Yəni birmənalı şəkildə Ermənistan Madrid prinsiplərinə «hə» demədi.

- Bəli. Ermənistan hələlik o prinsiplərə birmənalı şəkildə, tam və qətiyyətlə «hə» demir.

BAKI DANIŞIQLARDAN ÇIXIRMI?

- Prezident İlham Əliyev demişdi ki, Ermənistan nə «hə» deyir, nə «yox» deyir. Buna görə bütün variantları nəzərdən keçiririk və mövqeyimizə yenidən bir daha baxacağıq. Son danışıqlardan sonra Bakı qəti bir addım atacaqmı, yoxsa danışıqları davam etdirmək niyyətindədir?


- Biz danışıqları davam etdirmək niyyətindəyik. Biz fikirləşirik ki, prezidentlərin hər bir görüşünün əhəmiyyəti var. Amma burda başqa məsələ də var. Bu 2004-cü ildən başlanan danışıqların son mərhələsidir, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlarda mühüm mərhələdir. Yəni yeddi ilə yaxın vaxt keçir. Amma danışıqları daim davam etdirmək də mümkün deyil axı. Bir nəticə də olmalıdır. Belə vəziyyətdə biz də nəticə görməyəndə tarixi ərazilərimizin azad olunması yönündə hər hansı addım atmağı istisna edə bilmərik.

- Dəqiqləşdirmək istərdim, Bakı danışıqlardan çıxmaq yönündə qəti addım ata bilərmi?

- Biz danışıqları uzun müddət belə nəticəsiz davam etdirmək niyyətində deyilik. İstəyirik ilk addım atılsın, nəsə nəticə olsun. Amma yenə bir neçə dəfə belə olarsa, Azərbaycan onda danışıqlarla, onun dayandırılması ilə bağlı mövqe nümayiş etdirə bilər. Bunu istisna etmirəm.

- Yəni Bakı bir il, iki il gözləmək fikrindədir?

- Konkret cavab verə bilmərəm. Ola bilər, sabah, bir ay sonra, iki ay sonra başqa proses başlana bilər, başqa danışıq, görüş ola bilər. Hadisələr çox intensiv gedir. Ona görə dəqiq proqnozlaşdırmaq olmur.

«ERMƏNİSTANDAN TƏXRİBAT»

- Bu danışıqlardan dərhal sonra atəşkəs pozuldu. Tərəflər bir-birini ittiham etməyə başladılar. Ermənistan rəhbərləri bunu alçaq təxribat kimi qiymətləndirdilər. Azərbaycan bunu necə qiymətləndirir?


- Şübhəsiz, bu onlar tərəfdən təxribat idi. Onlar danışıqlar zamanı müsbət cavab verməyə özlərində iradə tapa bilmirlər. Yəni Ermənistan təkcə Azərbaycan qarşısında yox, beynəlxalq birliyə cavab verməli olduğunu bilir. Amma bəhanə tapmaq üçün belə provakasiyalar törədir. İstəyir ki, məsuliyyətini bir az yüngülləşdirsin. Bu da keçməz.

ABŞ SÖZÜNÜ DEYƏCƏK

- ABŞ dövlət katibi Hillari Klinton Bakıya səfər edəcək. Gözləntiləriniz nədir münaqişənin həlliylə bağlı?

- ABŞ dövlət katibinin səfəri baş tutarsa, danışıqlar zamanı şübhəsiz Cənubi Qafqazdakı vəziyyət, xüsusən də Ermənistan- Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli əsas mövzulardan biri olacaq. Belə də olmalıdır. Bu da təbiidir. Çünki uzun illərdir ABŞ-la digər sahələrdə əlaqələrimiz güclü inkişaf edir. İstər enerji, istər terrorla mübarizədə. Amma bircə bu sahədə əməkdaşlıqda uğur qazanılmayıb. Ona görə də düşünürəm ki, xanım Hillari Klinton özü də bu məsələyə xüsusi diqqət yetirəcək. Və ABŞ öz sözünü deyəcək. Münasibətini bildirəcək. Bunun vaxtı artıq çoxdan çatıb. Bu prosesdə elə bir vəziyyət çatıb ki, bir nöqtə olmalıdır, bir mövqe olmalıdır. Bu qədər danışıqlar, görüşlər olub. Rusiya prezidentinin təşəbbüsüylə beş-altı görüş keçirilib. Axı bunu nəticəsi olmalıdır. Görüş xatirinə görüş olmamalıdır. Ona görə də bu səfərin və danışıqların mühüm əhəmiyyəti ola bilər.

- Bu səfərin konkret töhfəsi nə ola bilər? Və iki dövlət arasında münasibətlər indi necədir?

- Bunun hamısı bilinən, başadüşülən məsələlərdir. Obamanın məktubunda da Azərbaycan ABŞ əməkdaşlığı dəfələrlə vurğulanır. Postsovet məkanında elə ölkə tapa bilməzsiz ki, beynəlxalq aləmlə bu qədər uğurlu əməkdaşlıq etsin. Bu qədər uğurlu iş görsün. Amma bunun əvəzində istəyirik ki, Azərbaycan qiymətləndirilsin. Ona yardım edilsin. Yoxsa Ermənistanı dəstəkləmək…Nə üçün? Ona görə də biz hərdən-bir müstəqil dövlət kimi, öz siyasətimiz olan dövlət kimi, səmimi tərəfdaş kimi sözümüzü deyirik.

- Klinton gələrkən başqa məsələlərə də, demokratiya, insan haqları, sərbəst toplaşmaq məsələlərinə də toxunulması gözlənir. Artıq həbsdəki bloqqerlərin valideynləri Klintona müraciət ediblər ki, bu məsələni qaldırsınlar…

- Bir milyon haqda söz deməyib iki bloqqer haqda danışanda mən bunu ədalətli saymıram…Mən bu haqda deyə bilərəm ki, Azərbaycan demokratik yolda gedir. Azərbaycanı, yəni mərdi qova-qova namərd etmək olmaz.
XS
SM
MD
LG