Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 14:26

Azərbaycanın adı bütün geriləmələrdə var


12 keçmiş sovet respublikalarından 8-də mərkəzləşmiş avtoritar rejim hökm sürür
Yevgeni Zvotis, Adnan Hacızadə, Emin Milli, Eynulla Fətullayev və Sergey Maqntski. Bunlar hamıya tanış olan adlar deyil. Ancaq onların taleləri, məruz qaldıqları repressiyalar hamını onlar haqqında məlumatlı olmağa vadar edir.

Bu gün Qazaxıstandan, Azərbaycandan və Rusiyadan olan dissidentlərin mühakiməsi bu regionda qanunun aliliyi və demokratiya ilə bağlı olan vəziyyətin acı həqiqətlərini göstərir. Onlar hüquq, jurnalistika və insan haqları sahəsində peşəkar fəaliyyət göstəriblər. Bir çox müstəqil düşüncəli şəxslər kimi onlar da repressiv dövlət aparatının cəmiyyətin hüquq və maraqlarını qorumaq əvəzinə nəyin bahasına olursa-olsun hakimiyyətdə olanların siyasi-iqtisadi qüdrətini qoruyub saxlamağa yönələn fəaliyyətini ifşa ediblər.

Kommunizmin süqutundan 20 il keçməsinə baxmayaraq, hələ də bu ölkələrin rəhbərləri təhlükəsizlik qüvvələrindən, üzüyola məhkəmələrdən və ciddi nəzarət altında olan mətbuatdan istifadə edirlər.

BU ÖLKƏLƏRDƏ QANUNUN ALİLİYİ YOXDUR


Bu qeydlər «Freedom House» təşkilatının «2010-cu ildə keçid dövründə olan dövlətlər» adlı hesabatındandır. Burada Mərkəzi və Şərqi Avropa, o cümlədən keçmiş sovet ölkələrində 2009-cu ildə demokratik idarəçiliyin vəziyyəti qiymətləndirilib.

Hesabatda göstərilir ki, Baltik respublikalarını çıxandan sonra 12 keçmiş sovet respublikalarından 8-də mərkəzləşmiş avtoritar rejim hökm sürür. Bu ölkələrdə insan hüquqları, demokratik normalar, qanunun aliliyi yoxdur.

İkisində - Ermənistan və Moldovada yarımmərkəzləşmiş avtoritar rejimdir. Qalan ikisində - Gürcüstan və Ukraynada isə keçid sistemləridir.

2009-CU İL – GERİLƏMƏ İLİ OLUB


Azərbaycanda iqtisadi nailiyyətlər ölkə daxilindəki demokratik inkişafla müşayiət olunmur
2009-cu ildə insan hüquqları və demokratiyanın durumu sahəsində keçmiş sovet respublikalarının əksəriyyətində vəziyyət daha da pisləşib.

Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, Rusiya kimi Qazaxıstan və Azərbaycanda da iqtisadi nailiyyətlər ölkə daxilindəki demokratik inkişafla müşayiət olunmur. Əksinə, vəziyyət daha da pisləşib.

QHT-LƏRİN DÖVLƏTDƏN ASILILIĞI ARTIB


2009-cu ildə Azərbaycanda insan hüquqları və demokratiya sahəsində vəziyyətin pisləşməsi davam edib. QHT-lərə dövlət dəstəyi şurası mülki vətəndaş cəmiyyəti qruplarına maliyyələşməni artırıb. Bu yolla da onların dövlətdən asılılığını artırıb. Məhkəmə sistemi yeni icra strukturlarına xidmət edir.

HESABATDA FİKİR AZADLIĞININ VƏZİYYƏTİ

Hökuməti tənqid edən «Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin redaktoru Eynulla Fətullayev terrorçuluq, milli ədavəti qızışdırma, vergidən yayınmaqda ittiham olunur. İki gənc bloqqer – Emin Milli və Adnan Hacızadə uzunqulağın mətbuat konfransı ilə bağlı satirik videogörüntü hazırlayandan sonra xuliqanlıqda ittiham olunaraq həbs ediliblər.

Hesabatda hökuməti tənqid edən «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ildə Bakıda yaşadığı mənzilin girişində qətlə yetirildiyi, qətlinin üstünün açılmadığı yer alıb.

«FREEDOM HOUSE» BİRMƏNALI QƏRƏZLİDİR»


Bəxtiyar Sadıqov
Yeni Azərbaycan Partiyasından olan millət vəkili Bəxtiyar Sadıqov hesabatın qərəzli və obyektivlikdən uzaq olduğunu bildirir:

«Freedom House» təşkilatı həmişə birmənalı olaraq Azərbaycandakı mövcud durumu qərəzli və qeyri-obyektiv təqdim edir. Mətbuatın vəziyyətini pisləşdiyi, dövlətin nəzarəti altında olduğu, demokratiyanın pozulduğu və s. kimi eyni dırnaqarası diaqnozlar qoyulur. Halbuki, son dövrlərdə Azərbaycanda qeyd olunan bu sahələrdə açıq və nəzərə çarpan inkişaf var. «Freedom House» bunları görmürsə, onun qiyməti obyektiv sayıla bilməz».

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə hesabatın ölkədəki vəziyyəti düzgün əks etdirdiyini bildirir:

«Bloqqerlərin, Eynulla Fətullayevin həbsdə olması Azərbaycanın imici üçün böyük zərbədir. Məhkəmələr müstəqil deyil, ölkədə insan haqlarının vəziyyəti pisdir».

AZƏRBAYCANIN ADI HƏR SAHƏDƏ GERİLƏMƏLƏRDƏ ÇƏKİLİR


Hesabatda əvvəlki illərə nisbətən hər sahə üzrə yaxşılaşma və pisləşmə üzrə reytinq cədvəlinin hamısında Azərbaycanın adı geriləmələrdə çəkilir.

Mülki cəmiyyət sahəsində 5 ölkə geriləyib. Onlardan biri Azərbaycandır.

Milli demokratik idarəçilik sahəsində 8 ölkə geriləyib – onlardan biri Azərbaycandır.

Yerli səviyyədə demokratik idarəçilik sahəsində bir ölkədə geriləmə olub. O da Azərbaycandır.

Məhkəmə sistemi və məhkəmələrin müstəqilliyi ilə bağlı 6 ölkədə geriləmə olub. Onlardan biri Azərbaycandır.
XS
SM
MD
LG