Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 14:20

Klintonun Bakı gündəliyi ciddi məsələlərlə doludur


Hillari Klinton
Hillari Klinton
İyulun 2-dən başlayaraq 5 gün ərzində ABŞ Dövlət katibi Hillari Klinton Şərqi Avropa və Cənubi Qafqazın 5 dövlətinə səfər edir. Bu dövlətləri birləşdirən bir şey var: onların hamısının Rusiyayla birbaşa sərhədi olmasa da, Rusiyanın qonşuluğunda yerləşirlər. Klintonun səfəri də Rusiya prezidentinin ABŞ-a səfərindən sonraya təsadüf edir.

Amma ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon bildirib ki, Klintonun regiona səfərini ABŞ-ın Rusiyayla yaxınlaşması fonunda regiondakı müttəfiqlərini arxayınlaşdırmaq niyyəti kimi qəbul etmək lazım deyil.

BUNU ÖZLƏRİ DƏ BİZƏ DEYİBLƏR

«Rusiyanın bəzi qonşuları Amerikayla Rusiyayla arasında daha etibarlı, daha açıq münasibətlər qurulmasında maraqlıdırlar, bunu özləri də bizə deyiblər. Amma kim ki, bizim Rusiyayla yaxınlaşmamızdan narahatdır, biz bunu müzakirə etməyə hazırıq. Əminəm ki, Polşa, Ukrayna, Gürcüstan, Ermənistan, Azərbaycanda Rusiya məsələsi qaldırılacaq və dövlət katibi üçün bizim əslində münasibətlərin yenilənməsi deyəndə nəyi nəzərdə tutduğumuzu, Avropanın təhlükəsizliyi, regional təhlükəsizlik haqda nə düşündüyümüzü izah etmək üçün imkan yaranacaq».

Qordon vurğulayıb ki, səfərə doğrudan da ehtiyac var, çünki, tərəflərin doğrudan da müzakirə edəsi çox şeyi var. Filip Qordonun sözlərinə görə, dövlət katibinin bu ölkələrin hamısında müzakirə edəcəyi əsas məsələ demokratiya olacaq.

«Kim ki, bizim Rusiyayla yaxınlaşmamızdan narahatdır, biz bunu müzakirə etməyə hazırıq»
Hillari Klintonun ilk olaraq baş çəkəcəyi ölkə Ukrayna olacaq. Ukraynada ölkənin NATO və Avropa Birliyi münasibəti, iqtisadi və siyasi islahatlar müzakirə ediləcək. Polşada xanım Klinton siyasi danışıqlardan başqa, «Oskar» mükafatı almış «Şindlerin siyahısı» filmi çəkilən, Şindlerin muzeyinə də baş çəkəcək. İyulun 4-də isə növbə Azərbaycana çatacaq.

KLİNTON SƏHƏR TEZDƏN FƏXRİ XİYABANA ƏKLİL QOYACAQ


Hillari Klinton 1992-ci ildən sonra Azərbaycana səfər edən ABŞ-ın ilk dövlət katibi olacaq. Sonuncu dəfə 1992-ci ildə Ceyms Beyker Bakıya səfər eləmişdi.

Azərbaycanda görüşlərə iyulun 4-də başlayacaq Klinton səhər tezdən Fəxri Xiyabana əklil qoyacaq, prezident İlham Əliyevlə görüşəcək. İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla nahar edəcək, vətəndaş cəmiyyəti, gənclər təşkilatları nümayəndələri ilə görüşəcək, Bakıdakı ABŞ səfirliyinə baş çəkəcək.

Dövlət Departamenti Klintonun Bakıda həm enerji, həm anti-terror və regional təhlükəsizlik, həm Qarabağ məsələsi, həm də demokraitya problemlərini müzakirə edəcəyini bildirir.

ABŞ-ın Əfqanıstandakı qoşunlarının təchizatının 25 faizinin Azərbaycan və Gürcüstan üzərindən həyata keçirilməsi, Azərbaycanın regional enerji layihələrində rolu, Azərbaycanı Birləşmiş Ştatlar üçün strateji tərəfdaş edir. ABŞ Qarabağ münaqişəsində vasitəçilik edən Minsk qrupunun da həmsədridir.
Filip Qordon
Üstəlik, ABŞ-ın Azərbaycandakı demokratiya quruculuğu, insan haqları məsələsinə tənqidi münasibəti də bəllidir.

AZƏRBAYCANLA MÜZAKİRƏ EDƏCƏYİMİZ ƏSAS MƏSƏLƏLƏR AYDINDIR

Odur ki, elə Klintonun yardımçısı Filip Qordonun deidiyi kimi, Azərbaycanda ancaq ciddi məsələlər müzakirə ediləcək:

«Məncə, Azərbaycanla müzakirə edəcəyimiz əsas məsələlər aydındır. Bunların hamısı ciddi məsələrdir. Enerji əməkdaşlığı ciddi məsələdir, Dağlıq Qarabağla bağlı Ermənistanla olan münaqişə ciddi məsələdir, regional təhlükəslzik də, həmçinin».

Klinton bütün bu məsələlərin müzakirəsini axşama kimi başa çatdıracaq və Yerevana yollanacaq. ahar yeməyini Azərbaycan prezidentiylə edən Hillari Klinton şam yeməyini Serj Sarkisyanla edəcək.

Ermənistanla müzakirə ediləcək məsələlərin arasında Türkiyəylə yaxınlaşma prosesi də var. Yerevandan sonra Tbilisiyə gedəcək olan xanım Klinton əsasən burda Rusiyayla yaxnlaşma məsələrinə aydınlıq gətirməli olacaq.

2008-ci ilin müharibəsindən sonra Rusiyayla Gürcüstanın münasibətləri hələ də düzəlməyib. Və Tbilisidə doğrudan da Moskvayla Vaşinqtonun yaxınlaşması üzündən strateji müttəfiqliyə zərbə dəyəcəyindən narahatdırlar.
XS
SM
MD
LG