Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:51

Azər Abdulla "Sarı tağ"


Teymur Əhmədov üçün

Ötən yüzilliyin əllinci illərinin sonlarında Bakının «Kubinka» deyilən ərazisindəki ceyillərin hal-xasiyyətindəki bir çox cəhətlər necəydisə, həmin dövrdə oradan neçə-neçə dağlar, düzənlər, ovalıqlar aralı, dilləri və dinləri bir-birindən ayrı olan İrəvan şəhərində ermənilərin də əksəriyyətinin «Təpəbaşı» dedikləri (sonralar dəyişdirilib «Qond» olan) yerin cavanları da eləydi.

Hər on ildən bir üstündən güclü dalğatəkin gəlib keçən yeni-yeni dəblərə uymayan, məhəl qoymayan bu şəhərlərin həmin ərazilərdə genbalaq şallvarlı sakinləri yayın cırhacırında belə, iriliyinə görə aerodrom meydançasını xatırladan qalın ratin parçadan tikilmiş papaqlarını başlarından çıxartmaz, payızın çiskinli-sazaqlı, qışın şaxtalı günlərində darısqal küçələrin tinində yalın pencəklərinin içində saatlarla büzüşərək, tez-tez, bir az da əsəbiliklə günəbaxan tumu çırtlaya-çırtlaya gəlib-gedən adamlardan baxışlarını yayındıraraq, boyunlarındakı qurşaqdan da bir az aşağı sallanmış dəvə yununudan toxunma göy qurşağını xatırladan əlvan boyalı, pırpızlı, bahalı maxer şarfları ilə bəlkə başlarındakı ondan da bahalı andatr, norka papaqları ilə gizli-gizli qürrələnirdilər.

Keyfiyyəti ilə seçilib dünyanı işğal etmiş «BT», «Marlboro», «Kent» siqaretləri də bu şəhərin həmin ərazilərində «Kazbek» papirosuna sədaqətli qalmış həmin ceyillərin ciblərinə hələlik yol tapa bilməmişdi.

Bakı Kubinkasının ceyilləri kimi İrəvan Təpəbaşının cavanları da türmədə yatıb-çıxanlara böyük hörmət bəsləyir, oraya düşüb-çıxmağı özlərinə borc və şərəf bilirdilər.

Ən qəribəsi, həyat tərzləri, peşələri, məşğuliyyətləri əsasən sürücü, alverçi, quşbaz olan bu adamlar həmin ərazidə barmaqla sayılan, ancaq tanınmış rəssam, bəstəkar, şair, bir sözlə oxumuşlara, ziyalılara da xüsusi hörmət bəsləyirdilər.

Təkcə bu iki şəhərdə deyil, ola bilsin dünyanın bütün paytaxtlarında öz qanunları, öz gələnəkləri ilə seçilən belə məhəllələr, belə ərazilər var.

Sovet dönəmində hələ qanunların, intizamın çat vermədiyi vaxtlarda «şey»dən (morf və başqa narkotik maddələr) tutmuş tapança, avtomat, müxtəlif növ silahlara, aztapılan-defisit xarici mallaracan hər şeyi, gündüzlər bir yana, gecənin istənilən vədəsində də gəlib bu ərazilərin adamlarından almaq olardı.

Camaat arasında «Kubinkada», yaxud «Təpəbaşında» atom bombası da tapmaq olar deyirdilər. Hər iki şəhərin bu ərazisində yaşayan dəli-dolu, bıçaq atan, vurub- yıxan adamlarından çox, o yerlərin adlarında bir qorxu, bir vahimə olduğundan ermənicə «Kommunist» qəzetinin gecə növbəsində korrektor işləyən gözəl Regina qonşularında ev olduğunu deyəndə Qafur bir an çaşdı, «Kirayə ev axtardığımı hardan xəbər tutub.

Nahaq yerə demirdilər Regina «Armenpress»dən çevik, məlumatlıdır» - düşündü, yumşaq, mehriban səsiylə,bir az da yumorla «Sizin qayğıkeş olduğunuzu eşitmişdim, diqqətinizə görə təşəkkür edirəm.

Məmnuniyyətlə sizinlə qonşu olmaq istərdim. Ancaq mən hara, «Qond» hara. Reginadan ehtiyyat etdiyinə, həm də onun ürəyincə olmasına görə Qafur qəsdən Təpəbaşının sonralar dəyişdirilmiş yeni adını dedi.

“Orda baş çıxarmaq hər oğulun işi deyil» - söylədi.

- Sizin kimi sakit, mədəni adama dəyib-dolaşan olmaz, buna əminəm. Türkiyə ermənisidi, o da sakit adamdı. Həyəti cənnətdi, bir dəfə görən çıxmaq istəmir ordan. Ayrıca otağın olacaq, geniş, işıqlı.

Bütün şəhər ayağının altında qalır. «Hiyanali Banarama! – Ecazkar mənzərə, «Sarı Tağ»ın da evləri, bağları elə bil ovuc içindədi» - deyəndə az qala Qafurun ayağının altından yer qaçdı, çaşqınlığını gizlətməyə çalışdı, «Vay səni Regina yiyəsi! deməli bir vaxtlar «Sarı Tağ»da ata-baba mülkümüz olduğndan da xəbərdardı. Bəlkə «Sarı Tağ»ı elə-belə təsadüfən dedi.

«Sarı Tağ»ın evləri desəydi şübhəli olmazdı, ora bir «da» ədatı da artırdı, «Sarı Tağ»ın da evləri» - dedi. Niyə Lenin meydanı, Toxmaq göl, Operanın yanı yox, məhz «Sarı tağ»?

Bəlkə məni qapazlamaq istəyir? Altı yaş özündən balaca olduğumu bilmir bəyəm? Hələ birinci sinifə gedən qızı. Qatı millətçi ola, türkə ərə getmək ürəyindən keçə? Ola bilməz.

Bəlkə bununla onu atıb rus qızıyla evlənib Moskvaya getmiş ərindən qisas almaq istəyir. Mənə belə canıyananlıq etməkdə, qayğı göstərməkdə xeyir ola? Bəlkə sadəcə bir «Ta-Qa» kimi məndən istifadə etmək istəyir...»

«Ta-Qa» Qafurun ləqəbi idi. Yəni Taksi Qafur. İşlədiyi qəzetin əməkdaşlarından başqa ermənicə «Kommunist», «Sovetaqan Hayastan», rusca nəşr olunan «Trud» qəzet redaksiyalrının bəzi əməkdaşları da onun jurnalistlər içində imkanlı olduğunu bilirdilər.

Qafur hər yerə, lap bir tin o yana gedəndə də taksiyə minməliydi. Şöbə müdiri vəzifəsinə keçəndən sonra maddi vəziyyəti daha da yaxşılaşdı. Yüksək maaşından başqa rayondan gələn dostları (qəzetdə haqqında yazı gedən məktəb direktoru, kolxoz sədri, rayon milis rəisi, müstəntiq...) Qafura başının dəstəsi ilə (bu dəstənin içərisində bəzən ermənilər də olurdu) qonaqlıq verdikdən sonra xəlvətə salıb cibinə ağzı bağlı konverti qəfildən dürtürdülər.

Ədəbi işçi olduğu vaxtlarda Bakıda «obexes» işləyən böyük qardaşının hər ayın on beşində poçtla göndərdiyi yüz rubl, dəqiqliyi ilə yenə də gəlməyində idi.

Respublikanın ən nüfuzlu qəzet və jurnal redaksiyları İrəvan şəhərində ən gözəl və möhtəşəm sayılan Lenin prospektinin ayağında «Örtülü bazar»dan azca aralı dörd mərtəbəli binada yerləşirdi. Azəbaycanca nəşr olunan Qafurun işlədiyi «Sovet Ermənistanı» qəzeti binanın dördüncü, «Kommunist» qəzeti üçüncü qatında idi.

Rus, erməni, azərbaycanca nəşr olunan qəzetlərin əməkdaşları ayrı-ayrı mərtəbələrdə olsalar da, bəziləri bir-birinin yanından ötərkən doğma adamlar kimi görüşüb hal-əhval tutur, bəziləri fasilə vaxtı redaksiya binasının zirzəmisindəkı bufetdə bir masa arxasında əyləşib nahar edir, bəzən boğazlarını yaşlayır, bəziləri də bir-birini üzdən tanıdığına görə gülümsünərək başları ilə salamlaşıb ötürdülər.

Ev məsələsini deyənə qədər Reginayla Qafurun münasibəti sonunculardan idi.

Regina Qafuru Türkiyədən 1948-ci ildə gəlib «Təpəbaşı»nda yaşayan Akop Topçuyanın evinə gətirdi.

Qafur dörd yanı səliqə ilə daş hasara alınmış, ancaq alaqapısı salınmamış ağaclı-budaqlı, güllü-çiçəkli geniş həyətə girəndə qapqara eynəyini alnına qaldırmış, əlində qaynaq çubuğu tutmuş Akop alaqapı qoyulcaq yerdən azca aralıda krantdan axan su ilə oynayan on-on iki yaşlı uzun hörüklü qız uşağına ucadan, ancaq mehribanlıqla – «yavrum, paqi, paqi curun apsusa – yavrum, bağla, bağla su axıb gedir, hayıfdı - deyəndə Qafurun bütün bədənini, ruhunu doğma bir hiss çulğaladı.

«Yavrum» sözü bu həyətdə divar boyu sıralanıb səxavət və təvazökarcasına açaraq adamın üzünə dostcasına gülən ağappaq, qıpqırmızı qızılgüllər kimi Qafura doğma gəldi.

Akopun mehribanlıqla dediyi o sözlərdən sonra uzun hörüklü o qız suyu bağlamaq əvəzinə hirsli-hirsli krantı bir az da açaraq suyu gurlaşdırıb acıqlı-acıqlı evlərinə girərkən qapını bərkdən çırpması Qafurun diqqətindən yayınmadı.

«Örtülü bazar»dan Lenin prospekti ilə başı yuxarı azca qalxarkən küçənin solunda və Abovyan küçəsində mərkəzi univermağa çatmağa az qalmış, bəzən yağışlı, bəzən qarlı havalarda Türkiyədən gəlmiş ermənilərin qızmar qumda dəmləyib hazırladıqları dadlı kofeni içməyə dayanmış uzun-uzun növbələri xatırladı.

Uzaq, yaxınlığından asılı olmayaraq şəhərin müxtəlif yerlərində olan qonaqlıqlardan sonra Qafurun təklifi, bəzənsə inadı sayəsində dostlarıyla gedib Türkiyədən gəlmiş axbarların -qardaşların qızmar qumda yüksək səriştəylə dəmləyib hazırladıqları isti, dadlı və keyfiyyətli kofedən ayaqüstəcə qurtum-qurtum içərkən aldığı ləzzətdən çox, yan-yörəsini gözdən keçirib qorxulu adam olmadığına əmin olandan sonra kofe dəmləyən ustaları doğma dilində danışdıraraq onlardan türk ləhcəsində, türk intonasiyasında bir neçə söz eşitmək Qafurun ruhunu təzələyir, həmin gün axşamacan kefini duruldur, gücünü, enerjisini artırırdı.

Akopun həyətinə girəndə Qafurun üzünün işıqlanması Reginanın gözündən yayınmadı – Qartsumem srankel şad laven kofe badrastum.

Sranits hedo kofe xmelu hamar herru çek etalu (güman edirəm ki, bunlar da çox yaxşı kofe hazırlayırlar. İnnən belə kofe içməkdən yana uzağa getməzsiniz) – deyəndə Qafur tutuldu, özünü anadangəlmə çılpaq hiss elədi.

«Bu köpəyin qızı haralarda kofe içdiyim bir yana, hansı istəklə oralara getməyimdən də xəbərdardır».

Regina sanki Qafurun könlünü almaq istəyilə – Aradabir məni də kofe içməyə dəvət edərsiniz - deyəndə Qafur – Açkis vra! - Gözüm üstə dedi, əyilib qızılgül kolunun bir qanadını özünə sarı əyib qoxulayaraq sözünə davam elədi – Mənim özüm də, tərifləmək olmasın, pis dəmləmirəm...

Bir həftədən sonra Qafur yorğan-döşəyini, dəftər-kitabını taksiylə götürüb gələndə Akopun özündən, arvadından, uşaqlarından başqa, yaxın qonşular bir yana, «Təpəbaşı»nda ermənilərin də «Araluq»- Aralıq dedikləri yerə yığışıb gecə yarısınacan vaxtlarını öldürən cayıllar da Qafurun orta məktəbi qızıl medalla, universiteti qırmızı diplomla bitirdiyindən, qiyabi aspiranturada oxuduğundan, qəzetdə şöbə müdiri işlədiyindən xəbərdar idilər.

Türk jurnalistinin qalmağa ev axtardığını Regina bir həftə bundan öncə Akopgilə bildirmişdi. Həmin gündən bəri Akopun evində dava qırğınıydı. Akopla arvadı nə qədər dil töksələr də qızlarını yola gətirə bilmirdilər.

Nazan «Rəfiqələrimlə, tay-tuşlarımla yenicə dil tapmışam, qaynayıb-qarışmağa başlamışam, razı olarsız qonşular, sinif yoldaşlarımız bizi yenidən ələ salsınlar, ağlatsınlar, ayamamı yenicə unudublar» - deyirdi.

Zərinə isə «Əgər bizim evə Türk ayağı dəysə, mən burdan çıxıb gedəcəyəm, biryolluq itəcəm» -söyləməklə ata-anasını qorxudurdu.

Ancaq Regina gəlib «Çox tərbiyəli, qız kimi həyalı, səviyyəli oğlandı, bilməsən deməzsən türkdü» - deyib sonra isə ayrı-ayrılıqda qızların qulağına nə pıçıldamış, nə demişdisə, ikisi də yumşalıb quzuya dönmüşdü.

Akopun evində qaldığı bir ay tamam olanda Qafurun «Sovet Ermənistanı» qəzetinin dördüncü səhifəsində «Usta Akop» adlı sənədli, bədii, geniş oçerki çap olundu.

Axşamüstü Qafur evə qayıdanda «Araluq»dakı uşaqlar uzaqdan onu görəndə ayağa qalxıb hörmətlə qarşılayıb, yazısını təbrik etdilər.

«Akopun belə hörmətli olduğunu bilməmişik» - bunu saçları vaxtından tez seyrəlmiş otuz beş- qırx yaşlarında Dero söylədi, yerində əyləşib əlindəki damino daşını şappıltı ilə masanın üstünə vurdu, gözünü qatar vaqonlarıtək düzülmüş daşlardan ayırmadan «Şəkili də çox maraqlı düşüb, ancaq «axbar» haqqında bu qədər sözləri hardan tapıb ora düzmüsən?...» – soruşdu. Qafur Deronun sonuncu sözlərindəki eyhamı dəqiq başa düşməsə də üstünü vurmadı. İki dəfə türməyə düşüb-çıxmış, gözlərində cinlər oynaşan Deronun eyhamını bilməzliyə vuraraq «Derocan, bütün insanlar maraqlıdı.

Məncə səndən daha geniş və maraqlı yazmaq olar. Sağlıq olsun...» - deyəndə Dero dərhal onun sözünü kəsərək «Lazım deyil, mən hara, qəzet hara? Xatanı məndən çək!» - dedi.

Qafur həyətə girəndə su krantının ətrafına toplaşmış qız-gəlinin arasında pıçıltı başlandı. Qafur salam verib onların yanından ötəndə Hasmik –İnger Qafur, - yoldaş Qafur, sizi təbrik edirik.

Deməzsiniz varpet-usta Akopdan nə yazmısınız? Deyilənə görə çox məhəbbətlə yazmısınız. Akopdan başqa orada Ağanikin, Nazanın, Zarinanın da adları var. Qonşulardan da bir-ikisinin adını yazsaydınız dünya dağılmazdı ha?...

Həmişə qan təzyiqindən şikayətlənib yayın ortasında belə başına sarıdıgı yun dəsmalı, belinə doladığı saçaqlı, qalın şalı açmayan Akopun divar qonşusu qırx-qırx iki yaşlarında tək-tənha yaşayan Hasmikdən, yeddi il qabaq harasa çıxıb getmiş ərini soruşanda, on il bir yerdə mehriban yaşamış həyat yoldaşından heç vaxt gileylənməz, dalısınca qeybət etməz, əksinə gözləri dolar, kövrəlmiş səsiylə «yazıq, burda özünə münasib iş tapmadığından çıxıb getdi «xam torpaqlara», oradan da Kaliforniyaya, işləri qaydasına düşən kimi gəlib məni də aparacaq. Heç olmasa bir uşağımız olsaydı...» - deyirdi.

Günlər ayları, aylar illəri qovurdu, Hasmikin nə əri gəlirdi, nə də ərinin məktubu.

Yenə yaz, yay axşamları yaxşıydı, əyinlərində əlvan-əlvan xalat geyinmiş qonşu arvadları bayıra tökülüşürdü. Ya Akopun həyətində su krantının başında, ya da qapıların yanında,üçbir,beşbir dayanıb saatlarla mırt vururdular.

Bir qayda olaraq Hasmik axşamdan xeyli keçmiş sonuncu adamı yola salandan sonra yenə də gözü kimisə axtarar, gecikib evinə gecə yarı qayıdan istər qadın olsun, istər kişi, onun haradan gəldiyini gülümsünə-gülümsünə soruşar, kefini xəbər alar «istilər qırdı bizi»-deyər, yaxud ayın neçə olduğunu soruşar, tanıdığı adamın işiylə bağlı bir söz, bir fikir söyləməklə onun diqqətini özünə cəlb edərək söhbətə tutmaqla evindəki dözülməz tənhalıqdan canını qurtarmaq istərdi.

Hasmikə səy, gopçu, şayə yayan, bir hadisəyə, bir bir əhvalata özünün bildiyi kimi bəzək vuran deyirdilər, ancaq insafən, nə qadınlar, nə də kişilər onun əxlaqı ilə bağlı pis bir şey demirdilər.

Bəlkə bu, Hasmikin bir normal qadın kimi özünə baxmaması ilə bağlı idi, bəlkə bər-bəzəkdən, kosmetik vasitələrdən istifadə etməməsi ilə, yaz, yay, payız, qış uzunu belinə bağladığı saçaqlı şalı, başına sarıdığı güllü dəsmalı açmadığına görəydi.

Əri yoxa çıxandan sonra Hasmik bircə dəfə qonşu qızının toyuna gedərkən yolunu bərbərxanadan salmışdı, toyda qonşu kişilərin, qadınların bəziləri onu tanımamışdı, Hasmik olduğunu biləndə çaşıb yerlərində qalmışdı, bəzi qadınlar narahat olmuş, onu ərlərinə qısqanmışdılar. Həmin gecə Hasmik xoş atmacalar eşitməkdən evlərinə «sərxoş və xoşbəxt” gəlmişdi.

O təriflərdən sonra əslində Hasmik bəzənməyindən qalmamalıydı. Ancaq səhərisi o yenə də başının dəsmalıyla, belinin yun saçaqlı şalıyla küçəyə çıxmışdı. Ondan «Niyə özünə fikir vermirsən?» - soruşanda, mənim bər-bəzəyim də, gözəlliyim də içimdədi, - cavab vermişdi.

Əri yoxa çıxandan sonra Hasmik üç il «Sevan» mehmanxanasında xadimə kimi çalışdı.

Ancaq özündən nə iş gördüyünü soruşanda bufetdə ofisant işlədiyini deyirdi. «Sevan» mehmanxanasında üçillik iş təcrübəsi onun dünya görüşündə böyük inqilab etmişdi. Yaşadığı məhəllədən lap iki, üç küçə o yandakı adamların kimliyini, Təpəbaşına haradan, nə vaxt gəldiyini, tanınmış adamlardan kimin qohumu olduğunu, nə üstə tutulduğunu, hazırda nə işlə məşğul olduğunu, sahə milisi kimi arxayın və inamla danışırdı.

Düzmü deyirdi, yalanmı deyirdi, bəlkə bunu heç özü də bilmirdi.

Onun bildikləri təkcə Təpəbaşı ərazisi ilə bitmirdi. Bəzən şəhərin Vağzal, Şiləçi, Ərəbkir, lap İkinci Massiv ərazisində baş vermiş gecə hadisələri barəsində adamların söhbətinə qoşularaq, kiminsə səhvini düzəldər, uzun-uzadı höcət edərdi. Bir tanınmış polisdən söz düşəndə filankəsin qohumudur deyərdi.

Şahmat ustası Tiqran Petrosyandan söz düşəndə «Mənim bibimgillə qapıbir qonşudurlar»- deyəndə kimsə onun sözünü kəsib «Başdan ayağa ğopsan, ay qız Tiqranın evi Tiflisdədir» - söyləyəndə Hasmik onun sözünü ağzında qoyaraq «Sən yuxudasan bəyəm, Tiqran sənin, mənim tayımdır?!

Onun Yerevanda da, Moskvada da, hələ eşitdiyimə görə Parisdə də evi var» - söyləyər, qarşısındakı adamı məğlub etdiyindən daha da inamla «Bibimgillə bir evli kimidirlər» - deyirdi. 1959-cu ildə Tiqran Petrosyan şahmat üzrə SSRİ idman ustası adını qazananda dünyanın bütün erməniləri gecə-gündüz ondan ləzzətlə danışanda, bir dəfə Hasmik kişilərin mübahisəsinə qoşularaq yan-yörəsinə baxıb səsini alçaldaraq «Burda özgə adam yoxdu, öz ermənimiz olanda nə olar, eşitdiyimə görə «çesni» oynamayıb, qəsdən ayaqlarını yumurmuş, oynayanda stolun altında ayaqqabıllarını çıxarırmış, rəqibini ayağının iysiylə gic edirmiş, hərdən çörək yemədən, dişlərini yumadan oynamağa gedirmiş, tez-tez ah çəkib nəfəsini partnyorunun sifətinə üfürürmüş, bir ciddi adamdan eşitmişəm, ayıb olmasın lap başqa iyilər də...» – deyəndə Tiqranın fanatlarından birisi ona «azqidavacan - millət düşməni» deyib vurmaq istəyəndə araya girib mane olubmuşlar.

Erməni məşhurlarından söz düşəndə heç kimin bilmədiyi yeni bir xəbər, yeni informasiya demək Hasmikin şakəriydi.

SSRİ Xalq Artisti Gövhər Qasbaryandan, onun ecazkar səsindən, sənətindən söz düşəndə, Hasmik söhbətin hansı səviyyədə getməsinin fərqinə varmadan «Əşşi, onun əvvəlki bişir-düşürünü edən mənim padruqam idi, deyir evindəki balaca pudel cins iti çox tərbiyyəsizmiş. Evinə qonaq gələn adamın kişi, yaxud qadın, fərqi yox, ayağına kərkinir, Gövhər də özünü görməzliyə vurur».

Rəssam Martiros Saryanın adı çəkilcək, Hasmikin üzünü qəm-kədər bürüyür, yazıqlaşır, acizləşir, dünyanın qərib adamına çevrilir. «Onun sarı rəngləri erməni xalqının həsrətidir, dünyaya səpələnmiş ayrılıqlarıdır» - deyəndə bayaqdan gic, qeybətcil, şayə gəzdirən Hasmik barəsində yenidən düşünməli olurdular.

Qafur bir an ayaq saxladı, ona dikilmiş qız-gəlin baxışlarından qızarıb pörtdü gedə-gedə tələsik «Tərcümə edərəm oxuyarsınız. O ki qaldı qonşulara, onlardan da, səndən də yazarıq».

Əsl möcüzə bir həftədən sonra, həmin yazının olduğu kimi ermənicə «Kommunist» qəzetində «Varbet Akop» adı ilə çap edilməsi oldu. Həmin gün Qafur qaranlıq düşəndə evə qayıtdı.

Taksidən düşüb «Aralığ»a yaxınlaşanda Dero əlindəki dominonu taxtanın üstünə şaqqıltı ilə çırpıb – ara, sən Akopdan başqa şey yazmırsan?! – deyəndə Qafur gülə-gülə mülayim səsiylə – həminki yazıdı-dedi. Dero onun sözünü kəsib «Akopu bütün Hayastan tanıdı. Maşınla keçəndə daskada qayaranda – vağzalda,

«Şilləçi”nin döngəsində, operanın yanında gördüm» – dedi. Qafur əlindəki qəzetdən birini onlara verib – maraqlansanız baxarsınız – söylədi.

Qafur ikinci mərtəbəyə qalxıb balkondakı masanın üstündə ermənicə «Kommunist» qəzetini görəndə təəccüblə – Usta Akop, keçən dəfə də, bu dəfə də sürpriz eləməyim baş tutmadı.

Yazının çıxmasını hardan bildiniz? – soruşanda Akop gülə-gülə «Vallahi-billahi, hocam haberim yok» - söyləyəndə qapısı açıq mətbəxdə çay dəmləyən Nazan gülə-gülə başıyla Qafuru salamladı, – Moskvadan Regina qonşu Hayqanuş xalaya zəng edib deyib.

Keçən dəfə də o demişdi – söyləyəndə Teyfur - təsadüfən demirlər Regina «Armenpresdən» çevik və məlumatlıdır – söylədi.

«Sarı Tağ» söhbətindən, qəzetlərdə çıxan məqalələrdən sonra Akop ikinci mərtəbədəki dörd otaqlı evinin «Sarı Tağ» səmtə baxan otağını Qafura vermişdi. Reginanın dediyi kimi ikinci mərtəbədən İrəvanın «Sarı Tağ» deyilən məhəlləsi ovuc içi kimi görünürdü.

Qafurun yorğan-döşəyini, bağlamalarını ikinci qata qaldırandan sonra Akop dərindən nəfəsini dərərək – Hocam, şimdi istədiyiniz kadar «Sarı Tağ»ı seyr ede bilərsiniz. Akşamı da güzəl, səhəri də. Peki ben İstanbulun «Nakkaş tepesini» görmek için nereye kalkayım! Ah güzel İstanbul...

Təpəbaşına köçənədən sonra Qafur işdən çıxcaq tələsir, evə çatanda gah saatlarla dayanıb Akopun qonşular üçün düzəltməkdə olduğu dəmir darvazalara, məhəccərlərə, yaxud taxta pəncərələrə baxır, gah ona qoşularaq növbənöv qızılgül, lalə,qərənfil kollarını suvarır, gah da dörd ayaq üstündə olub açılarkən bir tayında rəngli ağac qırıqlarından cifləmə usulunda zərif işlənmiş «Aya Sofya» məscidi, o biri tayında isə əlvan taxta parçalarından işlənib miniatürləri xatırladan ayaq üstə dayanıb bir-birinə məhrəmcəsinə baxan oğlan-qız portreti olan nərd-taxtada həvəslə oynayar, yığılıb qatlanaraq əks tərəfə çevriləndə isə qağayılı, ağ yelkənli qayıq olan suların aşağısında latın hərifləri ilə «Marmara» sözü yazılmış balaca masanın üstündə bəzən kofe, bəzənsə çay içirdilər.

Cənnəti yada salan o bağçada sənət əsərini xatırladan həmin nərd taxtanın arxasında oturub bəzən nərd oynayanda, bəzən çay, yaxud kofe içəndə Qafur Akopdan eşitdiklərini, ləzzətli söhbətlərindən aldığı təssüratı ustalıqla, həm də sevgi ilə öz oçerkində təsvir etmişdi.

Dəmirin, məftilin usta Akopun əlində muma dönməsini, məhəccər, dəmir qapılar üzərində həkk elədiyi butaları, cürbəcür gözoxşayan naxışları rəssam, xərrat səriştəsiylə yapmasını onun İstanbulun tarixən sənətkarlar məskəni olan yamyaşıl «Nəqqaştəpə»sində doğulub boya-başa çatmasıyla bağlamışdı.

İrəvanın qızmar, boğanaqlı bir günü «Toxmaqgöldə» çimmək istəyən Qafur suya baş vurmamış: «Usta Akop, göl dərindir, adama boy vermir, üzə bilirsənmi» soruşanda Akop «Benimlə şakamı yopıyorsun, yeddi yıl, «Boğaz içinde» tersanede çalışdım. Bosforun, Marmaranın tüm balıqları, ilbizleri beni tanıyorlardı» - deyib gölə baş vurub, bir də gün batanda sudan çıxdığını yazmışdı.

Günlərin bir günü Qafur Akopu götürüb Zəngibasarda sünnət toyuna aparmışdı, kefləri durulmuş, cavanlar qara zurnanın göylərə bülənd olan sədaları altında qol-qola verib yallı getdiyi vaxt Qafur Akopu oynamağa çağıranda o, «Müsaidenizle ben bir şarkı söylerdim» demişdi.

Yallı qurtaranda Akop o qədər də səriştəsi olmayan çalğıçıların yanına getmiş, mahnının sözlərini desə də çalğıçılar bir-birinə baxıb duruxmuşlar. Tarçı «Siz çalmağa başlayın, biz arxanızca gələk» decək Akop «Tamam» - söyləyib oxumağa başladı:

Adalardan bir kız gelmiş bizlere,
Aman Allah, gözlere bak, gözlere,
İpək kumaş pek yakışır dizlere,
Arkadaşlar beni burdan kovmayın.
ARDINI BURDA OXU
XS
SM
MD
LG