Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:51

Xuraman Hüseynzadə YENİ ŞEİRLƏR















İki övlad


İkimiz də bu torpağın övladıyıq,
İkimizin də anamız bu torpaqdı...
Anamız bizə fərq qoymaz...
Amma biz...

Mən anama
“ana torpaq” deyirəm,
sənsə
“daşınmaz əmlak”.

Mən onun əsrlərin sınağından çıxmış
qədim tarixi ilə öyünürəm,
Səninçünsə bu tarix
“Yeni”dir.

Mən
gözəlliyinə baxıb
Allaha şükr edirəm,
sənsə
ağac saçlarını yolursan,
təbiət donunu sökürsən,
neft qanını içirsən,
bağrına
göydələnlərlə dağ basırsan...

İşgəncə verdiyin hər əzasından
qan yerinə pul axır ciblərinə...
Birimiz pis övlad olduq ona,
birimiz yaxşı...

Son yerimiz yenə də
anamızın qoynudu.
Birimiz cənnətə düşməliyik,
birimiz cəhənnəmə-
yəqin bu da allahın bir oyunudu...

Niyə bir-birimizə oxşamadıq, niyə?
Anam atama xəyanətmi etdi yoxsa?
Səni düşməndənmi tutdu yoxsa?

Sənə qarşı

Hər şey, hər kəs sənə qarşıdı.
Fərqindəsənmi?

Başının üstündə asılan şəkil-qara bulud.
Bir gün boşalacaq...
Onu-bunu hədələyən
barmağın bir gün qatlanacaq
azadlığa çıxacağın günləri
saymaq əzabına.

Bəsləyib böyütdüyün yekə qarnın
qardaşdan irəli çıxdı-sənə qarşı gəldi,
sən əqidəndən döndün-
piy basmış boynun dönmədi-
o da sənə qarşı...
İndi dağ kimi arxanda duranlar
uçurum kimi
çıxacaqlar qarşına.

Baxan olmayacaq
“timsahın göz yaşına”...
Yay-qış sənin üçün
çiçəklənən Azərbaycanın
solmuş ləçəkləri qalacaq
səndən sonra...

Biz barına həsrət qaldıq
o çiçəklərin,
sən ətrindən bihuş oldun.
Nə qədər adamın
taleyinin arxasınca atılmış
qara daş oldun...


“Ölməyə... qürbət”

Burda azadlıq gözəl.
Buranın havası təmiz,
insanların üzü gülür.

Dünyanın bir küncündə
toz basmış vətənimin
dərdini bəs kim bilir?

Əlim çatmır
tozunu siləm,
səsim çatmır
dərdini biləm,
yarısı ermənidə girov,
yarısı özümüzünkülərdə-
torpağı yox
qoynunda öləm...

Həmçinin oxu
X.Hüseynzadə: "Bir ürəkdə Canəli Əkbərova və Elton Cona eyni dərəcədə sevgi ola bilməz".
XS
SM
MD
LG