Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:04

«Binanın seçki nəticələrinə təsir göstərəcəyinə inanmaq absurddur»


Mərkəzi Seçki Komissiyasının yeni binası
Mərkəzi Seçki Komissiyasının yeni binası
«Əminəm ki, qarşıdan gələn parlament seçkiləri də ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycanda demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaqdır».

Bu fikirləri prezident İlham Əliyev iyulun 12-də Mərkəzi Seçki Komissiyasının yeni binasının açılışında deyib. Onun fikrincə, Azərbaycanda seçki sahəsində bütün işlər beynəlxalq standartlara uyğun qurulub:

«Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər».

AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı isə prezidentin dediklərinin əksini düşünür.

SEÇKİQABAĞI VƏZİYYƏT PREZİDENTİN DEDİYİNİ TƏKZİB EDİR?


O hesab edir ki, seçkilərin necə keçiriləcəyini ölkədəki seçkiqabağı vəziyyətə baxıb müəyyən etmək olar. Hazırda Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunmursa, ən adi demokratik hüquqlar zorakı yolla məhdudlaşdırılırsa, Seçki Məcəlləsinə seçkiqabağı təbliğat dövrünü məhdudlaşdıran mürtəce dəyişikliklər edilirsə, alternativ fikirlərin televiziyalar vasitəsilə ictimaiyyətə çatdırılmasına imkan verilmirsə, onda seçkilər necə demokratik keçirilə bilər? Xüsusilə də seçki komissiyaları hakim partiyanın nəzarəti altında olduğu bir vaxtda. Fuad Qəhrəmanlı belə deyir.

«PREZİDENTİN FİKİRLƏRİNƏ İNANMAQ MÜMKÜN DEYİL»

«Dövlət başçısının səsləndirdiyi fikirlərə inanmaq, təbii ki, mümkün deyil. Bütün bu bəyanatlar deklarativ xarakter daşıyır.
Fuad Qəhrəmanlı
İndiyə qədər ölkədə keçirilmiş seçkilərin saxtalaşdırılmasının səbəbi heç də hansısa yeni texnologiyaların tətbiq olunmaması deyildi. Əsas səbəb o idi ki, hakimiyyət seçkiləri saxtalaşdırmaq yolu ilə birmənalı şəkildə cəmiyyət üzərində nəzarəti saxlamaq, iqtidarını xalqın iradəsinin ziddinə olaraq davam etdirməyə çalışır».

Fuad Qəhrəmanlı əmindir ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi beynəlxalq birliyin hakimiyyətə qarşı qəti tələblər irəli sürməsi və xalqın ictimai-siyasi proseslərə fəal müdaxiləsi sayəsində mümkün ola bilər. Belə bir müqavimət mexanizminin işləyib- işləməyəcəyini isə qarşıdakı mərhələlər göstərəcək. İndiyə qədər müşahidə olunanlar isə növbəti parlament seçkilərinin də əvvəlkilərdən fərqlənməyəcəyini deməyə əsas verir.

Prezident İlham Əliyev çıxışında onu da deyib ki, son illər ərzində Mərkəzi Seçki Komissiyası öz işində böyük nailiyyətlər qazanıb. Azərbaycanda seçkilərin keçirilməsində ən qabaqcıl təcrübə öyrənilir və tətbiq edilir. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur.

Dövlət başçısı hesab edir ki, MSK-nın fəaliyyətindən çox şey asılıdır. Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulub, seçki prosesinin daha da təkmilləşdirilməsi işində beynəlxalq təşkilatlarla uğurlu fəaliyyət göstərir. Hazırda Azərbaycanda seçkilərin keçirilməsi prosesi artıq Avropa standartlarına uyğundur.

Bakı küçələrində apardığımız sorğuda isə sakinlərin noyabrda keçiriləcək seçkilərdən gözəntiləri birmənalı olmadı. Kimisi seçkilərin əvvəlkilərdən fərqlənməyəcəyini, kimisi ədalətli keçəcəyinə əmin olduğunu bildirdi.

Azər Rəşidoğlu
«Əhali psixoloji cəhətdən bu işə hazırlanmalıdır. Əgər hamı seçkilərə getsə ən azından boş qalan bülletenlərdən saxtakarlıq üçün istifadə edilməz».

«AZAD SEÇKİ YOXDURSA, MÜASİR BİNADA NƏ ETMƏK OLAR?»


Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, MSK-ya yeni bina tikilməsi müsbət haldır. Amma azad və demokratik seçki keçirməyə iradə olmadıqdan sonra ən müasir bina və ən yeni texnologiyalar belə normal seçki keçirməyə imkan verməyəcək.

«Azərbaycanda son zamanlar Ali Məhkəmə, polis, MSK-ya və sair qurumlara yeni binaların tikilməsi geniş vüsət alıb. Ancaq bu texniki məsələlərdir. Əsas məsələ isə yaddan çıxır. Yəni yeni binaya köçməklə məhkəmələrdə ədalət bərqərar olmayacaq. MSK azad və ədalətli seçkilər keçirə bilməyəcək. Bunun üçün qanunlar dəyişdirilməlidir. Ən ümdəsi isə hakimiyyətin siyasi iradəsi və marağı olmalıdır».

Azər Rəşidoğlu deyir ki, hakimiyyətin belə bir marağı olmadığına görə hansısa bir binanın seçkinin nəticələrinə təsir göstərəcəyinə inanmaq absurddur.
XS
SM
MD
LG