Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 14:26

Söylə, Xəzər, sən kiminsən?


Dənizdə çimməyə həsəd aparanlar
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00
Direct-ə keçid

Pullu və pulsuz çimərliklər

Bakıdan Şıxova doğru ilk pulsuz çimərliyə çatmaq üçün 3 kilometrdən çox yol getməlisən. Ora çatana kimi ətrafı hasara alınmış «Ramada», «Min bir gecə», «Aqua-Park Şıx», «Aysberq», «Eldorado» kimi dəbdəbəli çimərliklər geridə qalır. Lakin bu çimərliklərə giriş pullu olduğundan imkansız sakinlər pulsuz çimərliyə gəlməli olurlar.

XƏZƏRDƏ İSTİRAHƏT KASIBLAR ÜÇÜN DEYİL

Dənizə istirahətə gələn Əfqan Seyfullayev deyir ki, Xəzərdə istirahət onun kimi kasıb insanlar üçün deyil.

«Biz, kasıblar, Xəzərin sahilində istirahət edə bilmirik. Dincəlmək üçün burda heç bir şərait yoxdur, natəmizlik baş alıb gedir. İmkanımız yoxdur ki, pullu çimərliklərə gedək və ən azından təmiz yerdə istirahət edək».
Taleh Usubov Xəzərin sahilində istirahət edə bilənlərə həsrətlə bağdığını deyir


Günü 10 manata fəhlə işləyən Taleh Usubov isə Xəzərin sahilində istirahət edə bilənlərə həsrətlə baxır:

«Dincəlməyə burda heç bir şərait yaradılmayıb. Özümün də imkanım yoxdur ki, normal yerlərə gedim. Bu ölkədə kasıblara, imkanı olmayanlara dincəlmək yoxdur. Natəmizliyin içində oturmağa bir stol üçün 5 manat istəyirlər».

Bir yaşlı nəvəsini Xəzərin sahilində gəzdirən Zərnigar Qəhrəmanova deyir ki, 6 nəfər ailə üzvü ilə birgə pullu çimərliyə 20 manata yaxın pul verməli olduqlarından məcbur olub bura gəliblər.

«İmkanımıza uyğun bura gəldik. Belə də natəmizlikdir. Dincəlmək olmur».

Böyükağa Miriyev təhlükəsiz və rahat dincəlmək üçün 10 manatından keçsə də, pullu çimərliklərə getdiyini deyir.

Böyükağa Miriyev təhlükəsiz və rahat dincəlmək üçün 10 manatından keçsə də, pullu çimərliklərə getdiyini deyir
«Adambaşına 10 manat ödədik. Bu məbləğə hovuz, duş kabinəsi, «lejanka», stol, stul daxildir. Əlavə hansı xidmətlərdən istifadə etsən onun da pulunu ödəyirsən».

Mətin Firuzi pullu çimərliklərdə təqdim olunan servisdən məmnun qaldığını deyir.

«10 manat ödəsək də, burda hər cür şərait var. Qumu, dənizin suyu təmiz, əşyalarını bilirsən ki, oğurlayan olmayacaq, hər cür xidmət yaradılıb. Pulsuz çimərliklərə gedirsən, adamın burnundan gəlir».

3 MANATA HƏR CÜR ŞƏRAİT

«Aqua Park Şıx» çimərliyinin əməkdaşları ərazidə çəkiliş apardığımızı görüb, kassanı bağladılar. Rəhbərlik isə müsahibədən imtina etdi.

«Min Bir Gecə» çimərliyində qonaqları birinci qarşılayan Fuad Rzayev deyir ki, çimərliyə gün ərzində 450-500 nəfər gəlir.

«Bizim çimərliyə giriş haqqı 3 manatdır. Bu, 3 manata duş kabinələri, paltar dəyişmə otağı, ayaq yolu, xilasedici, həkim xidməti daxildir. Gün ərzində bizim çimərliyə 450-500 nəfər gəlir. Gələn qonaqlar da suyun təmizliyindən, yaradılmış şəraitdən razı qalır».

Çimərliyinin özünü təqdim etməyən idarəedicisi isə vəsaitin işçilərin saxlanılmasına, çimərlikdə normal şəraitin yaradılmasına sərf edildiyini bildirsə də, bizim
vergi orqanı işçisi olmadığımızı əsas gətirərək çimərliyin icarə haqqı, digər xərclər və gəlir barədə məlumat vermədi. Buranın sahibinin adını öyrənmək mümkün olmasa da, bildirdilər ki, çimərlik «Qızıl Qum» MMC-nin bir müəssisəsidir.

PULLU ÇİMƏRLİK QANUNSUZDUR


Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətindən Əliabbas Bağırov deyir ki, çimərliklərə giriş üçün hər hansı məbləğin tələb olunması qanunsuzdur:

«Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Bakı ərazisində fəaliyyət göstərən bütün çimərliklərə giriş bir mənalı olaraq pulsuzdur. Əgər hər hansı çimərlikdən giriş haqqı tələb olunursa, bu qeyri-qanunidir və biz bu məsələni araşdıracağıq».

HƏR ŞEY MƏMURLARIN XEYRİNƏ


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev deyir ki, çimərliklərdə müəyyənləşdirilmiş qiymətlər Azərbaycan vətəndaşının cibinə uyğun deyil:

«Çimərliklərin hamısı dənizə bitişik ərazilərdədir, yəni dövlətin mülkiyyətindədir. Xalqa məxsus olan bir mülkiyyətin ayrı-ayrı şəxslərin idarəsinə verilməsi onların da müəyyənləşdirdikləri qiymətlər nəinki istənilən vətəndaşın imkanı daxilində deyil. Giriş pullu olmaqla yanaşı xidmətlər də həddindən artıq bahadır».

Rövşən Ağayev deyir ki, bu sahəni tənzimləyən ayrıca qanunvericilik olmadığından bəzi məmurlar vəziyyətdən öz «xeyirlərinə» istifadə edirlər.

Rövşən Ağayev
«Əgər dövlət, hökumət bu çimərlikləri özəl şəxslərin istifadəsinə verirsə, bununla bağlı ayrıca qanunvericilik olmalıdır və bu qanunvericiliklər tənzimlənməlidir. Çimərliklər böyük biznesdir və ayrı-ayrı məmurlar vəziyyətin bu cür qeyri-qanuni qalmasında maraqlıdırlar. Və onlar hüquqi boşluqdan istifadə edərək çimərlikləri ayrı-ayrı şəxslərin istifadəsinə verməklə böyük məbləğdə pul qazanırlar».

ÇİMƏRLİKLƏRİ KİM İDARƏ EDİR?

Çimərliklərin kim tərəfindən hansı qanuna uyğun olaraq icarəyə verilməsi və tənzimlənməsi haqda nə Bakı şəhər İcra Hakimiyyətində, nə də bələdiyyədə heç bir məlumat yoxdur.

Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsindən AzadlıqRadiosuna bildiriblər ki, bu məsələ ilə bağlı qanunvericilikdə hansısa müddəaya rast gəlməyiblər.

Yerli media isə dənizqırağı biznesin dövlət məmurlarına bağlı olduğunu yazırlar. Xəzər dənizi boyunca hasarlar Şüvəlan, Nardaran və başqa yaşayış məntəqələrindən keçir. Hökumətin üzvlərinin, nazirlərin adları bu torpaqların sahibi kimi hallanır. Rəsmilər bu barədə şərh verməkdən imtina edirlər.

Xəzər dənizinin sahilində fəaliyyət göstərən özəl şirkətlərdən biri «Krokus İnternational»-dır. Bu şirkətin sahibi rusiyalı milyarder, prezident İlham Əliyevin qudası Araz Ağalarovdur. Ağalarovun Kürdəxanı və Pirşağı ərazilərində torpaq sahələri var. Onun investisiyaları yaxtalar və kiçik qayıqlar üçün terminal tikintisini də əhatə edir. 2008-ci ildə bələdiyyə rəsmisi AzadlıqRadiosuna təsdiqləmişdi ki, şəhər rəhbərliyi onlara göstəriş veribmiş ki, Krokus şirkəti ilə mülkiyyət məsələsini həll etsin.

«Krokus» sahildə turizm kompleksi tikir. Bu məsələ dövlət səviyyəsində idarə olunur və torpaqlar şirkətə verilir».
Amerikada heç kəsin ağlına gəlmir ki, sahili hasarlasın və adamlardan pul yığsın


Bunu AzadlıqRadiosuna bələdiyyə sədrinin müavini Balahüseyn Balayev deyib.

AMERİKADA HEÇ KƏSİN AĞLINA GƏLMİR Kİ...

Amerikada isə okeanların bütün sahilləri dövlətə məxsusdur və heç bir şirkət və ya dövlət idarəsi çimərliyə gələnlərdən pul yığa bilməz.

Məsələn, Masaçusets ştatının Nausset adlı çimərliyində giriş hamı üçün pulsuzdur, amma çimərliyə maşınla gəlirsinizsə və həmin bələdiyyənin üzvü deyilsiniz, vergi ödəmirsinizsə, onda maşını saxlamaq üçün 10 dollar ödəməlisiniz.

Çimərliyin təmizliyi və mühafizəsi isə yerli hökumətin əlindədir.

Amma okeanın sahili milli sərvətdir və heç kəsin ağlına gəlmir ki, sahili hasarlasın və adamlardan pul yığsın.

HƏR KƏS MƏHKƏMƏDƏ İDDİA QALDIRA BİLƏR

Hüquqşünas Elton Quliyev deyir ki, Azərbaycanda çimərliklərə girişin pullu olması məsələsinə hüquqi müstəvidən yanaşılsa, bu torpaqlar ümumi sərvət kimi toxunulmaz qalmalıdır:

«Amma indi kimin imkanı, səlahiyyəti varsa, nəinki dəniz kənarını hasara alıblar, hətta dənizin suyunu da özününküləşdiriblər. İnsanların Abşeronun bütün çimərliklərində sərbəst istirahət etmək hüquqları əllərindən alınıb. İctimaiyyətə heç bir açıqlama verilmir ki, bu çimərliklər icarəyə ya istifadəyə verilib, yoxsa ümumiyyətlə satılıb. Dəniz kənarının nəyə əsasən, hansı sənədlə, kimin sərəncamı ilə hasara alınıb. Bu torpaqlar ümumi istifadədə olduğu üçün hər kəs bununla bağlı məhkəmədə iddia qaldıra bilər».

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG