Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:30

135 yaşlı mətbuatın vəziyyəti nə yerdədir?


«Azadlıq» qəzetinin redaksiyası, 24 dekabr 2009
«Azadlıq» qəzetinin redaksiyası, 24 dekabr 2009
İyulun 22-i Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu dəfə Azərbaycan öz mətbuatının 135 yaşını qeyd edir. Bəs bu 135 yaşlı mətbuatın vəziyyəti nə yerdədir?

«Azadlıq» qəzetinin əməkdaşı Aytən Məmmədova deyir ki, «Əkinçi» qəzetinin çıxdığı dövrlə müqayisədə Azərbaycan mətbuatının vəziyyəti indi təbii ki, xeyli dəyişib. Amma inkişaf etmiş ölkələrin mətbuatı ilə müqayisədə bu mətbuatın durumu ürəkaçan deyil. Dövlətlə mətbuatın arasında həddən artıq böyük bir uçurum var. Digər tərəfdən də dövlətin mətbuata ciddi yanaşmaması və insanların maddi imkansızlığı cəmiyyətlə mətbuat arasında xeyli məsafə yaradıb. Ona görə də hazırda Azərbaycan mətbuatı cəmiyyətin həyatında rol oynaya bilmir.

Jurnalistin fikrincə, ilk növbədə dövlət strukturları inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi, mətbuatda gedən yazılara həssaslıqla yanaşmalıdırlar:

MƏTBUAT CƏMİYYƏTDƏ HƏLLEDİCİ ROL OYNAYA BİLMİR

«Bu gün Azərbaycan mətbuatında bir neçə müstəqil qəzet var. Onlar cinayət işinin başlanmasına səbəb ola biləcək kifayət qədər faktlar aşkarlayıb ortaya çıxarırlar. Məmur özbaşınalığından yetərincə məqalələr dərc edirlər. Amma bunlara heç bir diqqət yetirilmir. Bu da o deməkdir ki, mətbuat bu gün Azərbaycan cəmiyyətinin həyatında rol oynamaq istəsə də, buna nail ola bilmir. Bəziləri bunu mətbuatın zəifliyi kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bu dövlət strukturlarının mətbuata hörmətsizliyinin göstəricisidir».

Aytən Məmmədova deyir ki, əgər mətbuat dövlət qurumlarından informasiya ala bilmirsə, yüksək tirajlı «Gündəlik Azərbaycan» və
Qənimət Zahid
«Realnıy Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, eləcə də gənc bloqçular Emin Milli və Adnan Hacızadə fikirlərinə görə həbs edilirlərsə, söz azadlığına basqı nümunəsi olan digər çoxsaylı faktlar varsa, mətbuatın durumunun nə yerdə olduğunu anlamaq çətin deyil.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid isə deyir ki, mətbuat günü təkcə bayram yox, həm də bir hesabat günüdür. Qənimət Zahid indi Azərbaycan mətbuatında nə qədər adamın mütərəqqi fikirləri daşıdığını, bölüşdüyünü və daha mütərəqqiyə doğru can atdığını bilmir. Və düşünür ki, əslində bu istiqamətdə obyektiv bir hesabat aparılsa, vəziyyət ürəkaçan olmaz.

CİDDİ BİR DƏYİŞİKLİK YOXDUR

Baş redaktorun sözlərinə görə, digər tərəfdən Azərbaycan mətbuatını yarandığı dövrlə müqayisə edəndə, indi də ciddi bir dəyişiklik yoxdur. Zərdabinin dövründə də mətbəə kiminsə monopoliyasında idi, indi də. Onda da qəzetlər kəndlərdə əllə paylanırdı, indi də. Və nəhayət, onda da qəzetdəki məqalə əyalətdə hansısa məmurun xoşuna gəlməyəndə onun tirajını müsadirə edirdi, indi də. Halbuki, bu məsələlərdə vəziyyət sovet dövründə indikindən daha yaxşı olub.

Hesabatdan söz düşmüşkən, Media Hüquqları İnstitutu iyulun 20-də Azərbaycanda medianın hüquqi durumu ilə bağlı yarımillik hesabatını açıqlayıb. Hesabatda deyilir ki, 2010-cu ilin birinci yarısında məmurlar, ictimai fiqurlar tənqidi mövqeyi ilə seçilən qəzetlərə qarşı xüsusi ittiham qaydasında 26 məhkəmə davası açıblar. Tənqidçi media nümayəndələri olan 29 jurnalistə ağır cəza verilməsi tələb edilib. Jurnalistlərə 14 dəfə cinayət cəzası verilib. Ötən 6 ayda əsasən tənqidçi media nümayəndələri ümumilikdə
Bəhruz Quliyev
57 dəfə fiziki basqıya məruz qalıblar.

Hesabatda hazırda üç jurnalistin həbsxanada cəza çəkməsi də xatırladılır.

DÖVLƏTİN QAYĞISI

İqtidaryönlü «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev isə deyilənlərlə razılaşmır. O hesab edir ki, Azərbaycan mətbuatı 135 il ərzində çox çətin yol keçsə də, məhz 1993-cü ildən – yəni Heydər Əliyev hakimiyyəti dövründən çox böyük inkişaf mərhələsinə qədəm qoyub. Bunun üçün həm Heydər Əliyev, həm də indiki prezident İlham Əliyev əllərindən gələni ediblər. Mətbuatın nəşriyyata olan borcları silinib, daha yaxşı fəaliyyət üçün jurnalistlər mükafatlandırılıb və sairə.

Bəhruz Quliyev deyir ki, dövlətin müntəzəm diqqət və qayğısının nəticəsidir ki, hazırda Azərbaycan mətbuatı cəmiyyətin həyatında, onun formalaşmasında çox böyük rol oynayır:

«KİV-ə Dövlət Dəstəyi Fondunun məhz Azərbaycan prezidenti yanında yaradılması mətbuatın inkişafına təkan verdi, sürətləndirdi. Bu addım mətbuatın asılılıq problemlərini azaltmağa yönəldilmişdi. Ümumilikdə götürəndə mən deyərdim ki, hazırda vətəndaş cəmiyyətinin formalaşmasında mətbuatın rolunu nəzərə almamaq mümkün deyil. Mətbuat bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması məsələsində digər institutlardan daha çox iş görür. Əminəm ki, bundan sonra da milli mətbuatımız daha da inkişaf edəcək və böyük işlər görəcək».

Bəhruz Quliyev hesab edir ki, indi Azərbaycan mətbuatının əsas problemi onun daxilindədir. Bu da jurnalist peşəkarlığı məsələsidir. Bu sahədə çatışmazlıqlar təəssüf ki, hələ də var.

Rəşid Hacılı
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı isə deyir ki, Azərbaycan mətbuatını demokratik dövlətlərlə, eləcə də yaxın ölkələrlə müqayisə etsək onun durumunda neqativ və pozitiv məqamlar olduğunu görərik. Ancaq Azərbaycanın bir demokratik ölkə olması ilə bağlı iddialarından çıxış edilsə, təbii ki, bu sahədə daha çox problemlərdən danışılacaq:

AZƏRBAYCANDA MEDİA SİYASİ TƏSİRLƏR ALTINDADIR

«Azərbaycanda media siyasi təsirlər altındadır. Burada ancaq monopolist və siyasi təsir altında olan iqtisadiyyatla medianın münasibətlərindən danışmaq olar. Media həm iqtisadi cəhətdən böyük sıxıntı keçirir, həm də maliyyə mənbələri daha çox siyasətlə bağlıdır. Medianın hüquqi vəziyyətində də xeyli problemlər var. Bu diffamasiyaya görə cinayət məsuliyyətinin saxlanmasıdır, bu xüsusilə də ictimai əhəmiyyətə malik olan məsələlərin müzakirəsinə qatılan jurnalistləri müxtəlif yollarla cəzalandırmaq imkanlarının qalmasıdır, bu məhkəmə sisteminin müstəqil olmaması problemidir və sairə».

Rəşid Hacılı hesab edir ki, Azərbaycan mətbuatı indiki sıxışdırılmış vəziyyətdə olmasına baxmayaraq, onun ölkənin ictimai həyatında rolu heç də az deyil. Amma bu göstərici mətbuatın cəmiyyətdə oynaya biləcəyi roldan təbii ki, qat-qat aşağıdır.
XS
SM
MD
LG