Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 14:31

Haaqa Məhkəməsinin qərarı Dağlıq Qarabağ münaqişəsinə nə vəd edir?


Serbiya Kosovonun müstəqilliyini tanımaq niyyətində deyil
Serbiya Kosovonun müstəqilliyini tanımaq niyyətində deyil
Rəsmi Bakı BMT-nin Haaqa Məhkəməsinin Kosovonun müstəqilliyinin qanunsuz olmaması barədə qərarının Dağlıq Qarabağ danışıqlarına hər hansı təsirini gözləmir. Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyir ki, münaqişələr fərqlidirsə, yanaşmalar da fərqli olmalıdır.

Elxan Poluxov
Elxan Poluxov: «Hesab edirik ki, beynəlxalq məhkəmə tərəfindən verilən rəy yalnız Kosova məsələsinə aiddir. Dünyada olan konfliktlər öz özəlliyi ilə fərqlənir və onların həllinə dair hansısa bir yeganə müvafiq həll yoxdur. Verilən qərarın Dağlıq Qarabağ münaqişəsinə hər hansı bir təsirini biz görmürük və münaqişə öz formatında həll olunmaqdadır».

Poluxovun sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə beynəlxalq mandatı olan Minsk Qrupu məşğuldur, yəni danışıqlar bu çərçivədə gedir.

BU, AĞLASIĞMAZ, YARAMAZ BİR CƏHD OLAR

Minsk Qrupuna həmsədrlik edən ölkələrdən biri - Amerika Birləşmiş Ştatları Kosovonun müstəqilliyini ilk tanıyanlardandır. Politoloq Vəfa Quluzadə deyir ki, Birləşmiş Ştatlar istəsə, Dağlıq Qarabağın da müstəqilliyini tanıyar və dünyaya tanıtdırar. Amma...

«Qərbin, Amerikanın iradəsi olsa, Dağlıq Qarabağda müstəqil dövlət yaratsınlar, həmin dövləti yarada bilərlər. Çünki Amerika dünyanın ən güclü ölkəsidir. Amma bu, ağlasığmaz, yaramaz bir cəhd olar. Azərbaycan isə ona layiqdir ki, NATO güc tətbiq edərək erməniləri işğal etdikləri ərazilərdən çıxarsın. Ümumlikdə isə Kosova ilə bağlı verilən qərarın Dağlıq Qarbağ münaqişəsinə hər hansı bir təsirini mən görmürəm».

Vəfa Quluzadə
Quluzadə fikrini onunla əsaslandırır ki, kosovolularla Dağlıq Qarabağ ermənilərinin münaqişədəki statusları fərqlidir – biri qurbandır, o biri təcavüzkar:

Vəfa Quluzadə: «Kosovo əhalisi serblər tərəfindən soyqırımına məruz qalıblar və bunu bütün dünya tanıyıbdır. Buna görə də Kosovanın tam hüququ var ki, serblərdən ayrı, müstəqil yaşasın. Amma Qarabağ erməniləri əksinə azərbaycanlıları Rusiyanın köməkliyi ilə soyqırımına məruz qoybublar».

HAAQA MƏHKƏMƏSİNİN QƏRARI PRESEDENTƏ ÇEVRİLƏ BİLƏR

«FAR» Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə məsələyə belə saymazyana yanaşmanın tərəfdarı deyil. Onun fikrincə, Haaqa Məhkəməsinin qərarı presedentə çevrilə bilər. Ən azından ermənilər buna çalışacaqlar:

«Bu, həm beynəlxalq hüquq, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından çox təhlükəlidir. Çünki məsələlər oxşardır. Gələcəkdə ermənilər bildirəcəklər Kosova ayrıldı və beynəlxalq məhkəmə onların müstəqilliyini qəbul etdi, biz də beynəlxalq məhkəməyə müraciət edirik».

DAŞNAKSUTYUN: "YENİ İMKANLAR ƏLDƏ ETMİŞİK"


Vahan Hovannisyan
Ermənistan siyasətçiləri isə artıq Kosovo barədə qərarı president olaraq gördüklərini deyir. Daşnaksutyun parlament fraksiyasının rəhbəri Vahan Hovannisyanın sözlərinə görə, indi Dağlıq Qarabağ separatçı rejiminin statusunu leqallaşdırmaq üçün yeni imkanlar açılıb:

«Qərar açıq-aşkar onu göstərir ki, müstəqilliyin birtərəfli qaydada bəyan edilməsi qanunsuz sayıla bilməz. Bunun üçün müəyyən şərtlərin olması lazımdır, əlbəttə. Qarabağda isə Kosovodakı şərtlər və daha artığı var. Bu o deməkdir ki, indi biz Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin beynəlxalq səviyyədə tanınması istiqamətində mübarizə üçün yeni instrument, yeni imkanlar əldə etmişik».

BEYNƏLXALQ HÜQUQ AZƏRBAYCANIN XEYRİNƏDIR

Hüquqşünas Erkin Qədirlinin fikrincə, Ermənistan müxalifəti beynəlxalq məhkəmənin qərarına lazım olduğundan çox optimist yanaşır, elə Kosovo və Dağlıq Qarabağın düşdüyü şərtlərin müqayisəsində də yanlışlığa yol verirlər:

Erkin Qədirli
«Beynəlxalq hüquqda dövlətlərin müstəqillik əldə etməsinin yolları göstərilməyib. Dövlətlərin yaranmasının legitim və ya qeyri-legitim prosedurları da müəyyən edilməyib. Ona görə də dövlətlərin yaranması fakt məsələsidir, yəni yarana biləcəksə, başqa dövlətlər onun müstəqilliyini tanıyacaqlarsa, özünü təsdiqləyə biləcəksə, beynəlxalq münasibətlərdə tərəf ola biləcəksə, özünün sabit ərazisi ola biləcəksə, qərar qəbul edən mərkəzi hökuməti və bu hökuməti qəbul edən xalqı olacaqsa, bu zaman müstəqil dövlət sayıla bilər. Amma Ermənistanın beynəlxalq hüquqi arqumentləri hər zaman zəif olub və beynəlxalq hüquq Azərbaycanın xeyrinədir».

Ekspert deyir ki, Dağlıq Qarabağ Kosovodan fərqli olaraq dövlət ola biləcəyini sübut etməyib. Ona görə də, Haaqa Məhkəməsindən arqument kimi istifadə etmək cəhdlərinin heç bir ciddi nəticəsi olmayacaq.
XS
SM
MD
LG