Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:56

Rasim Qaraca "Əyri evin qadını" (Hekayə)


Kişi evin üstündə - əyri çatı səthinin üzərində yaşayır. Yatağı, yazı masası, bilgisayarı, başqa ev əşyaları nizamla düzülüb.

Nə kişinin özü, nə də əşyaları sürüşüb yerə düşmür.

Düşüncəli bir adamdır, dünyaya baxışının özünəməxsus əyri bucağı var, bu bucaq altından baxanda başqalarının görə bilmədiyi ağılagəlməz qəribə mənzərələr görür.

Məntiq qanunlarıyla yaşamır, özü-öz qanunlarını yaratmış, bu qanunlar içərisində heç kimsənin yaşamadığı və yaşaya bilmədiyi bir həyatı artıq neçə illərdir sürdürür.

Çatı üzərində sağa-sola, yuxarıya-aşağıya doğru var-gəl edir, siqaret çıxarıb yandırır, qəzet götürüb kresloya çökür və oxumağa başlayır, bu zaman qara bir milçək uçub gəlir, vızzz, onu narahat edir, kişi tələsmədən ayağa qalxıb milçəyi öz evindən qovur – çatının bütün ərazisi onundur.

Yaşadığı bu evin neçə mərtəbə olduğunu özü də bilmir, lakin çox yüksək bina olduğundan əmindir, çünki küçədə gəzişən adamlar buradan qara nöqtə kimi görünür.

Bir qarğa evin bacasına qonur, yumurtlayır, bir neçə dəqiqə qarıldadıqdan sonra uçub gedir.

Yumurta diyirlənib yerə düşə-düşdə kişi əyilib onu götürür, qayğanaq bişirir.

Nahar sona çatıb. Televizyonda futbol var. Qol vurulur və kişi sevincindən çatı boyunca dövrə vurur.

Əllərini sağa-sola açır, kənardan bir kəndirbaza bənzəyir. Oyun bizim qəhrəmanımızın xeyrinə tamamlanıb.

İndi yaylı kresloda oturub yırğalanmaq və qəhvə içərək bu qələbənin ləzzətini çıxarmaq olar. Sevinc hissi onu xumarlandırır, bir az keçəndən sonra yuxuya gedir.

Üzünə çilənən yağış damlalarına diksinib ayılır. Boş şeydir.

Bir gözü qapalı halda əl havasına çətirini tapır, başının üzərinə gətirib yenidən yuxuya dalır.

Ancaq bu yağış o yağışlardan olmur, yağdıqca yağır, hər tərəf su olur. Bütün evlər yavaş-yavaş suyun altında qalmağa başlayır.

Fəqət kişinin boğulmaq qorxusu yoxdur, çünki onun evi şəhərdə ən yüksək evdir. Nəhayət su onun evinin saçaqlarına çatanda yağış kəsilir.

Bu zaman bir qadının, bir ağac parçasına tutunaraq, üzüb gəldiyini görür. Ona kömək edib çatının üzərinə qaldırır.

Qadın yarımcan vəziyyətdədir. Qarnına çoxlu su gedib. Kişi onu çatı tirinin üzərinə uzadıb kürəyini sıxcalayır, qarnına dolmuş suyu boşaldır, daha sonra öz yatağında uzandırıb isidir.

Qaşıqla boğazına dərman tökür, iynə vurur. Paltarlarını sıxıb sərgidən asır.

Qadın özünə gəlib gülümsəyir. Həyatını borclu olduğu bu kişinin əllərindən tutur.

İlk dəfə qadın əllərinin təmasını hiss edən kişi dərin fikirlərə dalır, çatı boyunca düşüncəli-düşüncəli var-gəl edir, az qalır suya düşsün. Deyəsən o, həyatda nə üçün yaşadığını dərk etməyə başlayır.

Nəhayət biz məhəbbət səhnəsinin şahidi oluruq: kişi qadını önündə diz çökür, onun əllərindən öpür.

Sonrakı kadrlarda biz suyun yavaş-yavaş çəkilib getdiyini görürük.

Səhər açılır, Qadın yuxudan ayılır. Kişi sevgilisi üçün səhər yeməyi hazırlayıb yatağına gətirir.

Bu mənzərənin xoşbəxtlikdən başqa adı ola bilməz. Kişi piano arxasına keçib həyəcanlı bir melodiya çalıb, coşqunluqla kəkilini geriyə fırladır.

Qadın da həvəslənib yerindən qalxır, rəqs etmək həvəsinə düşüb.

Lakin, elə ilk addımını atmaq istəyəndə sürüşüb az qalır ki yerə yuvarlansın. Piano qəflətən susur, kişi yerindən fırlayıb qadını son andaca tutyub saxlayır, onu əvvəlki yerinə qaytarır.

Lakin əlini buraxmağa bənd imiş kimi, qadın yenə də büdrəyib aşağıya doğru yuvarlanır, kişi yenə də son anda özünü yetirib onun saxlamağı bacarır.

Onların xoşbəxtliyi faciə ilə əvəzlənir. Qadın tez-tez sürüşməyə başlayır.

Bu zaman əl atıb əşyalardan birinə yapışır, lakin əşyalar da yerindən qopub aşağıya doğru sürüşməkdədir. Bir müddət evin çatısı əsl savaş meydanını andırır. Evin bütün əşyaları yerə yuvarlanır.

Kişi zorla qadını çatı üzərində saxlaya bilir.
Kişi fədakar bir aşiqə çevrilib, məhəbbət onun üçün bütün əşyalaradn, dünyadakı hər şeydən üstündür.

Lakin dünyadan, hər kəsdən və hər şeydən artıq sevdiyi bu qadınla bir damın üstündə yaşamaq mümkün deyil.

...Günlərin bir günü yağış yenidən yağmağa başlayır. Yenə hər tərəf suyla dolmağa başlayır. Suyun səviyyəsi çatıya yetişəndə qadın sevincək suya atılır, üzərək çıxıb gedir.

Bunun ardınca yenə də qara buludlar azalır, yağış kəsilir, günəş görünür. Su yavaş-yavaş azalıb yox olur.

Kişini yenə də çatı üzərində Rodenin qəhrəmanısayağı oturmuş görürük.

Artıq onun heç bir əşyası da qalmayıb.
XS
SM
MD
LG