Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:40

Eyvaz Zeynalov "Adam olmağına olmusan..." (Hekayə)


Nayman-Ana: “Jolaman! Yadına sal kimlərdənsən, kimin oğlusan?..”
Ç. Aytmatov


Orta boylu, arıq, motalpapaq, saqqallı qoca əl ağacını arxasınca sürüyə-sürüyə çoxmərtəbəli, uzun, görkəmli binanın qabağındakı söyüd ağacına çatanda dayandı.

Ağacın altında kölgələnən ucaboylu, yaraşıqlı oğlan dəstə ilə o tərəf-bu tərəfə axışan qızlara tamaşa edirdi.

- Salamməleyküm, oğul. Xoş gördük. - Qoca altdan yuxarı oğlanı müştəri gözü ilə süzüb razı halda saqqalını tumarladı.

Oğlan əvvəlcə təəccüblə yan-yörəsinə döyükdü, sonra salamın ona aid olduğunu görüb ehtiramla başını tərpətdi:

- Salam, əmi...

Qoca məmnunluqla təzədən saqqalını tumarlayaraq qımışdı. “Ustadına bərəkallah!..”

- Çoxdan burda dayanmısan, oğlum?..

Oğlan nigarançılıqla cib telefonunu çıxardıb kiməsə zəng vurdu. Cavab almayıb telefonu cibinə qoydu.

- Hə, tutaq ki, çoxdan dayanmışam, əmi. - İstehza ilə ağzını burdu. - Sənə nə var?..

Qocanın qaşları çatıldı. “Yoxsa mənimki deyil, ə, bu? Bəlkə soruşum?..” Tez də fikrindən vaz keçdi. “Tələsmə, qoca, səbrini bas hələ...”

- Niyə top-tüfənglə cavab verirsən, qadan ürəyimə? Mən səndən adam balası kimi, yavaşcalığınan söz xəbər aldım...

- Əşi, sən hardan çıxdın e, iki daşın arasında?.. - Oğlan əsəbləşdi. - Babam yaşındasan, burnunu hər yerə soxursan...

Qoca bulud kimi tutuldu. “Pahoo!.. Balam, hər nəydi, mənimki çox sakit, üzüyolaydı. Buna söz demək olmur, lap cilov gəmirir!.. Amma qaşqasındakı həmincə xaldı, tanıyıram...”

Kişi bir az da həlim soruşdu:

- Qadam alım, deməyim odu ki, bəlkə burda dayanmaqda məni gözləyirsən?..

- Bəli də, mərdiməzarı axtarmaqla deyil ki!.. - Oğlan burnunun altında donquldandı. - Sonra da deyirlər, hirslənmə, hirs bədənə ziyandı...

- Ay bala, axı burda hirslənməli nə var?.. Məni gözləyirsənsə, denən, səni gözləyirəm. Yox əgər məni gözləmirsənsə, denən, səni gözləmirəm, qurtarsın getsin...

- Əşi, hər kimsənsə açıl başımdan! Gözüm uçurdu səndən yana!.. - Cavan oğlan qocanın qolundan tutub yavaşca kənara itələdi. - Belə qız gözləyirəm ey, qız, başa düşdün?

“Baho!..” Oğlan ağacın altında var-gəl etməyə başladı. “Bu, hardan çıxdı, ə, şappadan xeyir? Zalımın qızını kələk-küləklə, pişim-pişimlə ələ gətirmiş, zorla görüşə razı salmışam.

Qulağına çatıb ki, kəntçi-küntçü törəməsiyəm. Gəlib bunu yanımda görsə batdım, hürküb qaçacaq, bir də tuta bilməyəcəyəm...”

- Ay oğul, elimizdə-obamızda qız qəhətliyidi?

Özümüzün alma kimi qızlarımıza it dəyib?..

- Əşi, dedim, sürüş də burdan. - Oğlan qocanı özündən bir az da araladı. - Sən girən kol deyil ey bu. Qız özü bir şey olmasa da papulyası zırpı adamdı. Həə... Yuxarıda, nazirlikdə işləyir...

Qoca sadəlövhcəsinə güldü.

- Ə, yəni bizim kolxoz sədrindən də zırpıdı? Düş qabağıma, cijiyin başı haqqı, sədrin qızını alajam saa...

- Əşi, axırıncı dəfə deyirəm, xoşluqla açıl başımdan, yoxsa... - Oğlan qıcandı.

Kişi karıxıb qaldı. “Əə, bəlkə mus-musdansa birdəfəlik mətləbə keçim, mustafaca deyim. Vallah, mənimkinəcə oxşayır, billah mənimkinəcə oxşayır...”

- Ə, niyə mənnən belə kobud danışırsan?.. - Kişi hələ də oğlanı yavaşcalıqla yola gətirəcəyinə inanırdı. - Sözümün canı var ey, qadan alım.

Dediyim budu ki, yəni indi özcə evimizə-eşiyimizə, kəndimizə-kəsəyimizə qayıtmaq fikrin yoxdu? İlin-günün bu vədəsində işimi-gücümü atıb o boyda yolu sənin dalınca gəlmişəm axı.

Bir tərəfdə əkin-biçin, o biri tərəfdə qurd... Heç bilmirəm arvad təmtək onun yarpağını necə çatdıracaq...

Oğlan cin atına mindi.

- A kişi, kimsən, nə vermisən mənə ala bilmirsən? Bəlkə səni kimsə öyrədib qəsdən mənim üstümə göndərib?

Ya bəlkə məni kimnənsə dəyişik salmısan?..

- Baa, ay oğul, sən danışırsan?.. - Kişi incidi. - Yəni mən o qədər avam oldum ki, halalca... - Oğlanı vaxtsız-vədəsiz hürküdəcəyindən qorxub sözünün dalını uddu. - Bir də tutaq ki, mən səhv salıram, bəs sənin insafına nə gəlib?

Qocalmışam, çulum cırıqdı deyə daha məni tanımayacaq, bəyənməyəcəksən?..

- Əşi, vallah, billah, mən səni tanımıram. - Oğlan az qala yalvardı. - Əl çək yaxamdan! Məni sənə səhv tuşudublar...

Qoca bu cür yaraşıqlı, boy-buxunlu oğlanı əlindən heç cür buraxmaq istəmirdi.

Boğazını arıtlaya-arıtlaya saqqalını qaşıdı. Bilmədi sözünü mətləb üstünə hardan, necə hərləyib gətirsin.

- Neynək, bala, indi ki, belə oldu, hamısını yerli-yataqlı, bircə-bircə yadına salaram.

Bax, o ili şəhərə satmağa qoz gətirmişdim, kaş heç gətirməyəydim! Burdan ötəndə qurtdamış dilimi dinc saxlamadım.

Sənin indi durduğun həmin bu söyüd ağacının altında bir oğlan dayanmışdı. Binanı göstərib soruşdum ki, bu nəmənədi belə yaraşıqlı, qadası? Dedi, unversterdi-nədi, ondandı.

Dedim, qadan ürəyimə, kəndçi babayam, qəliz danışma, anlamıram, loru dildə qandır görüm nə deyirsən.

Vələdüzna lotu oğlandı, dedi, əmi, kəsəsi, bura elə bir yerdi ki, eşşəyinin noxtasından tut gətir burax bura, beş ildən sonra oxuyub adam olacaq, gəl götür apar, halal xoşundu...

Mən də inandım. Sevincək uzunqulağımı çoşhaçoşla gətirib bu söyüd ağacının altında buraxdım ki, get, get oxu, adam ol, ay allahın heyvanı! Beş ildi günləri, ayları sayırdım.

İndi vaxt tamama yetib. Hələ üstündən bir az da ötüb...

- Əmi, məni dolamısan? Yoxsa ağlın çaşıb, vintlərini salıb itirmisən?..

“Şükür kərəminə, ilahi, min şükür! - Qoca fikirləşdi. - Eşşəkdən dönmədən bundan artıq nə umasan?.. Hələ yaxşı ki, o baş-göz, o ağılla bu yaraşığa, boy-buxuna minib...”

- Qadası, əslini-kökünü danan haramzadadı. Bilirsən səni böyüdüb boya-başa çatdırınca nə zülümlər çəkmişik?

Anan səni doğanda az qalmışdı canını tapşırsın. Həkimə, dava-dərmanına bir ətək pul tökdüm...

Neynək, pul əl çirkidi, sözüm onda yox. Yəqin səni oxumağa gətirəndə qarımla necə dalaşdığım yadındadı?

Ağlın olsun, kişi, dedi, elm, savad öyrənəndən sonra bizi bəyənməyəcək, ipini ələ verməyəcək, qırmızıdodaq, tumanıgödək şəhərli qızlarından birini tapıb yıxılacaq yanına... Əlqərəz, çox dedi, az eşitdim.

Bu beş ili eşşək yerinə də əlləşdim, adam yerinə də. Nədi-nədi, oxuyub adam olasan, mənə arxa, kömək durasan. Yıxılanda qolumdan yapışasan. Axırı da belə...

- Kişi, yaman hətərən-pətərən danışırsan ha...

- Yoox, başına taqqanaq eləmirəm, olan olub, keçən keçib... Amma sən də gərək...

- Əşi, yum də ağzını!..

Oğlan çönüb kişiyə karlı bir təpik ilişdirərək oradan uzaqlaşdı.

Qəddini birtəhər düzəldən qoca yana-yana dedi:

- Köpəyoğlunun eşşəyi, adam olmağına olmusan, amma şıllaq atmağı hələ tərgitməmisən...
XS
SM
MD
LG