Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:44

Polis rəisi Nazim Nağıyev üstümə qışqırdı "Bu alçaqlıq nədir yazmısınız?!"


Xalq yazıçısı Sabir Əhmədlinin son kitabı - ölümündən sonra çap olumasını vəsiyyət etdiyi "Yazılmayan yazı" kitabından parçalar.

...Senzura ilə bir neçə kərə savaşmışdım. Biri bunun üstündə olmuşdu: Mən Füzuli – Cəbrayıl bölgəsinə cəbhəyə yollanmışdım.

Orada hələ döyüşlər gedirdi. Füzuli rayonunun Arazbar səmtdən bir neçə kəndini, Horadizi ermənilərdən qaytarmışdı bizimkilər.

Rövşən Cavadov və Fətulla Hüseynov orada omon, polis – daxili qoşunlara başçılıq edirdi. Orada bir əhvalat olmuşdu. Bunu mənə Fətulla Hüseynov danışdı. Cəbhə xəbərləri içində həmin əhvalatı da yazmışdım və çap edirdik.

Qəzet çıxmağa macal məsul katib Atababa gəldi ki, Qlavlit o yazını buraxmaq istəmir.

Endim səkkizinci qata, Qlavlit orada əyləşirdi. İki cavan adamdı. Etiraz etdilər: ”Bu yazını buraxmaq olmaz”! Yazıda belə bir əhvalat danışılırdı:

Ermənilər yetmiş yaşında qoca azərbaycanlı qarıya ağappaq gəlin libası geyindirmiş, toy eləmiş, sonra onu zorlamış, kanala atmışdılar.

Bizimkilər arxla axıdılan insanı görmüş və çıxartmışdılar. Bu, ən alçaq təhqir, insanlıqda görünməmiş bir nacinslikdi.

Mən cəbhədən qayıtdıqdan sonra bu hadisəni necə olmuşdusə, eləcə yazmış və “ Cəbhə xəbərləri” içərisində çapa vermişdim.

Məsul katib iki-üç kərə getdi. Göndərdim, bəlkə, Qlavlitlə dil tapa. Olmadı. Axırda özüm endim onların yanına.

Dedikləri bu idi : “Belə hadisəni mətbuata çıxartmaq yaxşı deyil”. Mən onları başa salmağa çalışdım: “Ermənilər alçaqlıq törədiblər.

Qoy, bizimkilər, oxucu görsün. Düşmənə nifrəti birə -beş artsın”. Dirəndilər, buraxmaq istəmədilər. Axırda mən də hirsləndim.

Dedim, cavanlara, mənim saçlarım yaşdan, sindən yox, Qlavlitlə çarpışmaqdan belə ağarıb. Sizdən böyük kimdir, onunla danışaq.

Telefonla zəng elədilər. Özlərindən böyüklə danışıq başladı. Mənə elə gəldi ki, bunlar İldırımzadə ilə danışırdılar.

O, oradan istədi bunlar çıxaracaqları yeri oxusunlar. Bunlar da telefonda həmin yeri ona oxudular.

O, oradan dilləndi, buraxsınlar. Beləliklə, bunların öhdəsindən öz rəisləri gəldi. Belə hallar, Qlavlitlə öcəş tez-tez baş verirdi. Amma iş bu deyildi.

Qəzetdə çalışmaq, onu yeniləşdirmək, ləyaqətli çıxarmaq çətindi. Yazıçılar İttifaqının, müəlliflərin münasibətində keçmişdən qalma bir ənənə kök salmışdı. Hamı istəyirdi qəzetdə onu tərifləsinlər, adı çəkilsin. Nə gətirirlərsə, çap edilsin.

Şairlər büküm-büküm şeir gətirirdilər. Baxırdın səviyyəsiz, məzmunsuz yazılardı

Bir kərə biri Heydər Əliyev barədə, ona həsr etdiyi bir şeir gətirmişdi.

Bu adam özü şair deyildi, elmi tədqiqat institutunda işləyirdi. O, şeirdənsə, kənd təsərrüfatından, müha¬ribə gedən yerlərdən maraqlı söhbətlər açdı. Söylədi, ondan öyrəndim:

İndi büsbütün ermənilərin ixtiyarında olan Qarabağ yaylaqları, Sisyan dağlarındakı yaylaqlar vaxtilə döv¬lət torpaq xəritəsində də Azərbaycanın -bizim olmuşdur.

Kişini başa saldım. Onun Heydər Əliyevə həsr etdiyi şeir zəifdir. Prezident oxusa, belə keyfiyyətsiz şeirə görə qınayar. Ağlına batdı.

Səhər açılar-açılmaz, iş başlayan təki şairlər kəsirdilər qapını. Doğrudur, məndən bir qədər çəkinirdilər. Ayaz səmtə verirdilər özlərini.

O da birtəhər yola verirdi. Əlbəttə, özünü pis eləmək istəməsə də, məcburdu.

Mənə bir-iki kərə tanışların şeirlərini gətirmişdi, özü də bilirdi, zəif yazılardı… Axı indi Azərbaycanda çıxan hər hansı qəzetin başlıca işi müharibə, xalqı səfərbər etmək, cəbhədən məzmunlu, təsirli yazılar yazmaqdı.

Bu duyğu ilə, vətənpərvərlik hisslərini coşduran dəyərli bədii yazılar yazılmalıydı. Mənim redaktor olduğum müddətdə, Bəxtiyar Vahabzadənin, Məmməd Ara-zın, Nəbi Xəzrinin, Famil Mehdinin, cavanlardan Həmid Herisçinin, Qusarçaylının yaxşı şeirlərini vermişik.

Başqa cür də olub, incisələr, pərtlik törənsə də, bir sıra tanınmışlaın zəif şeirlərini qaytarmışıq.

Özləri barədə məqalələr yazdırır, qəzetə reklam təki baxırdılar.

Xəlil Rza xəstəxanada yatırdı. Onun imzası ilə iki məqalə gəlmişdi. Biri Zəlimxan Yaqub, o biri isə Ramiz Heydərə həsr edilmişdi.

Hər ikisi başdan-başa tərifdi. Bunlar sağlıq nitqi, "tosta" oxşayırdı. Zəlimxan və Ramiz Heydər barədə Xəlil elə təriflər söyləyirdi, onu heç klassiklər barədə deməyiblər.

Xəlil özü xəstə halda gəldi məqalənin cavabını alsın. Mən onunla danışdım, Xəlil istədi mənim yanımda məqaləni guya yubatdığına görə Ayazı söysün.

Amma iş bunda idi ki, Ayazdan artıq mən saxlamışdım onun yazısını, Ayaza deyəcəyi latayır, ondan artıq mənə yönəlmiş olmalıydı.

Onu qabaqladım və anlatdım, məqalə həddən artıq mübaliğə ilə yazılıb: “ Xəlil! – dedim, - Nizami Gəncəvi də beş poema yazıb, Zəlimxan da. Bunları az qala yanaşı qoyursan”. Ağlına batdı. Ona belə yazıları yazdırırdılar…

Ramiz Heydərlə başqa cür oldu. Onun Xəlillə Moskvada Qorki İnstitutunun yanında ikiillik kursu birlikdə bitirdiklərini, ailəlikcə dost olduqlarını eşitmişdim.

Ramiz Heydər şair olduğu halda, bir neçə hekayə yazmış, çap etmişdik.

Bunlar pis yazılar deyildi. Qaçqın-köçkün uşaqların həyatından təsirli, kövrək əhvalatları qələmə almışdı.

Xəlilin onun barəsindəki məqaləsi başdan-başa mədhiyyə idi. Ramiz Heydərin bizdə başqa bir məqaləsi vardı. Baxdım ki, Xəlilin məqaləsi başqa bir yazı olan varaqların arxasında – ağ üzünə yazılıb.

Dedim axı Xəlilin məqaləsi sənin vaxtilə bizə gətirdiyin öz məqalənin o biri üzünə yazılıb. Xəlilin adından belə məqalə yazılmışdı.

Götürüb apardı. Sonra yenə onun hekayələrini çap etdik. Mən onu şairlikdən artıq hekayələr müəllifi təki qiymətləndirirdim.

Axırda onun bir məqaləsi üstündə başımız yaman ağrıdı. Məqalədə bir əhvalat danışılırdı. Dəniz qırağı bulvarda keşik çəkən iki polis Türkmənistandan gəlmiş bir qızı bulvarda götürüb aparmış, oradaca bir daxma tapıb, zorlamışdılar.

Bunu Ramiz yazmış, biz də çap etmişdik. Səbayel rayon milis şöbəsinin rəisi dəli olmuşdu. Axı bura onların sahəsi idi.

Binamusluğu törədən milislər həmin rayon şöbəsinin əməkdaş-larıydı. Səs düşdü, bir neçə kərə redaksiyaya zəng çaldılar. Bizi hədələdilər, baş redaktorun polis şöbəsinə gəlməyini istədilər. Məni neyləyirdi onlar?

Göndərdim Atababanı. Onu orada bərk sıxışdırdılar və tələb etdilər, mən özüm gedim oraya. Getmədim. Telefonla əzəlcə şöbə müdiri ilə danışdım, sonra rəis, polkovnik Nazim Nağıyevlə.

Düşdü mənim üstümə. Döşədi: “Siz bu alçaqlıq nədir yazmısınız?! Bundan təhqiramiz məqalə ola bilməz. Bunu oxuyandan sonra daha bizim şəhərimizə heç kim gəlməz”.

Otuz yeddinci ilin havası ilə danışırdı rəis. Özü də danışığında hiss olunurdu, o, mənim başımı kəsməyə hazırdı.

Onu dilə tutdum. Söylədim: “ Aydınlaşdırarıq.

Müəllifə o əhvalatı şahidlər danışıblar”. Ramiz Heydəri aparmışdılar polis şöbəsinə. Demə, polkovniklə Ramiz yerliymiş. Ramiz gerilədi yazdığından.

Qəzeti istəməyənlərin, mənə diş qıcayanların sayı artmaqda, narazılıq çoxalmaqda idi.

Rəfiq Zəka barədə yazmışdım. Türk şerinin bilicisi, istiqanlı idi. Görürdün iri bir diplomatı sallaya-sallaya gəldi. Saatlarla əzbər – sinədən türkcə şeir oxusun, qulaq as. Bu dəfə öz şeirlərini gətirmişdi.

Oxudum gördüm – heç. Diplomatını mənim masamın üstünə qoyub başladı dilləşməyə. Həmin şeirlərin hamısını, iyirmi ədəd, qoydum onun qabağına dedim : “ Bizlik deyil. Çapa yaramır”. Götürüb getdi…

Narazı olanlar mənimlə çox üzləşmək, öcəşmək istəmir, acılarını Yazıçılar İttifaqının üstünə tökürdü.

Orada fürsət tapıb Anara, Yazıçılar İttifaqının rəhbərliyinə qəzetin, mənim əleyhimə döşəyirdilər.

Dişimizlə-dürnağımızla qəzet çıxarırdıq, bir yandan da bunların ərköyünlüyü, qəzetdən sui-istifadə hallarının qabağını almalıydıq. Böyük-kiçik hamısı qəzetdən pay, ancaq tərif umurdular.

Biri barədə bir kəlmə tənqidi söz söyləmək olmazdı. Onsuz da qəzetdə ən zəif yer, tənqid şöbəsi idi. Ədəbi hərəkat, çağdaş bədii yaradıcılıq nə yerdə idi?

Nə yazılır, hansı kitablar çıxır? Ədə-biyyat zamanla necə ayaqlaşır, sovet dövrü ədəbiyyat, sovet ədəbiyyatı, onun mahiyyəti – iri, vacib məsələlər qalırdı. Nizaməddin, Yaşar Qarayev, Nazif Ələkbərlinin məqalə-lərini verirdik.

Güclü tənqidi düşüncə, ədəbi fikir baxımından, dövrün, zamanın ictimai-ədəbi hadisələrini anla-maq, keçib gəldiyimiz zamanın, yaxın illərin ədəbi-ictimai çalpaşıqlarını araşdırmaq, açmaq baxımından qəzetdə boşluq görünməkdə idi.

Tənqid şöbəsinin müdiri Kamilə Nemətdi. O, hərdən publisistik məqalələr yazırdı, daha artıq məişət, dolanışıq barədə. Amma qəzetin ədəbi tənqid şöbəsi işin öhdəsindən əsla gələ bilmirdi.

Kamilənin başı daha artıq İranla əlaqə yaratmağa qarışmışdı. Uşaqları, qızı İranda oxuyurdu. Bu işdə ona İran missionerləri, səfirlik kömək etmişdi.

Özü də arabir İrana gedirdi. İran səfirliyi Kamilənin sayəsində bizimlə ünsiyyət yaradırdı. Səfirlik bizimlə işi başlıcası onun vasitəsilə görürdü.

Bu sahədə əlaqələri artırmağa çalışırdıq. İran bizə yeni təkliflər vermişdi. Onlar redaksiyada bir şöbə açmaq istəyirdilər. Burada onlar nə istəsələr yazacaq, biz də çap edəcəkdik.

Səfirliyin “ Şərq şöbəsi” adlanan bölməsi qarşısında biz xeyli öhdəliklər götürürdük. Bu işlərə İran səfirliyi istəyirdi Kamilə başçılıq etsin. Vəsait, pul da buraxacaqdılar.

Yoxsulluqdu, pulumuz yoxdu, donluq verə bilmirdik. Əməkdaşlar gözləyirdilər, İranla əlaqələrimiz artacaq, otaqlarımızdan beşini verəcəyik onlara.

Onlar burada “öz işlərini” görəcəklər, əvəzində bizə həm ev kirayəsi, həm də pul – vəsait verəcəklər.

Nə isə dolaşıq bir işdi. Müqavilə şərtlərindən görünürdü, İran diplomatik dəstəsi, səfirlik burda “ Ədəbiyyat qəzeti” içində, onun qanadı, örtüyü altında başqa, özlərinə sərfəli işlər görmək istəyirlər.

Səfirliyə getdim. Onların qoyduqları şərtləri bir xeyli yumşaltdım. Əlimiz yanır ağzımıza təpirdik. Əməkdaşlar qalmışdılar ça¬rəsiz, məndən umurdular. Duyurdum narazıdırlar:

Niyə İranla ülfət-ünsiyyəti yubadıram? Kamilə də səfirliyin təəssübkeşi kimi hazırdı, başlayaq. Səfirlikdə Sabir adlı mədəni işlər attaşesinin başçısı ilə görüşdük.

Onların ara adamı vardı, redaksiyaya gəlir, bizimlə danışırdı. Onu Kamilə tanıyırdı. O düşmüşdü qabağa. Dağlar vəd edirdi bizə, beş otaq, lap on otaq istəyirdi bizdən. Deyirdi haqqını verəcək.

Amma indiyə qədərki azacıq pulu onlardan dilənçi kimi qoparırdıq. Yazıq təsərrüfat müdiri Qürbət kişini göndərirdim, gedib üzünə üz bağlayıb 100 dollar çəkirdi on¬lardan.

Bu iş, yeni müqavilə, onun bağlanacağı əsla mənim ürəyimcə deyildi. Bununla belə, içşilərin qınağını, hər qarşılaşanda baxışlarındakı tənəni yeməyib, getdim bu işə. Bizə az-çox sərfəli olan bir müqavilə hazırladım.

Möhür vurdum, qol çəkdim və qalxıb getdim səfirliyə. Orada onlar da qol çəksinlər, guya işimiz yoluna düşsün. Baksovetin qabağında bir tanışla qarşılaşdım.

O, İran səfirliyində diplomatik işlərə bələd adamdı. Ona İran Səfirliyi ilə aramızda olan bağlaşmanı, onun şərtlərini danışdım. Soruşdum nə məsləhət görürsən? O, bir ara susdu, sonra mənə üz tutub küçədəcə söylədi :

"Sabir müəllim! Siz ağsaqqal adamsınız. Belə işlərə getməyin!" Onun atasına rəhmət oxudum.

Möhür basılmış, mənim qolum çəkilmiş, qarşı tərəfin də eyni qayda ilə təsdiq edəcəyi müqaviləni eləcə qovluğumda saxlayıb, səfirliyin əlli addımlığından üzgeri döndüm.

Bunlar bizi istəklərinə qoşmaq, bizim əlimizlə qəzetin adı altında öz işlərini görmək istəyirdilər.

Doğrudur, İran ölkəsi ilə bizim keçmişimiz, ədəbiyyatımız yaxın, doğma idi, tariximiz az qala birdi. Onlarla bu istiqamətdə birgə çalışmaq, anlaşmaq olardı və lazımdı.

Amma İran dövləti, səfirliklə diplomatik əlaqədə belə qaranlıq, şübhəli işlərə getmək sonra cəncələ çevrilər, xoşagəlməz hallar törənərdi. Burasını anladım.

Bu ünsiyyəti büsbütün pozduq. Heç əvvəlki, Cabir Novruzun qol çəkdiyi o sadə, yüngül bağlaşma da gücünü saxlamadı. Sonra bütün bunları üzə çıxarmaq, mənə bunun üstündə bir zınqırov qoşub ittiham eləmək istədilər. Amma əllərində əsas yoxdu.

İran səfirliyinin başçısı çağrıldı ölkəsinə. Orada onu bir sıra fırıldaqlar üstündə həbs etdilər, cəza verdilər.

Mən bu işin üstünə bir də qayıtmaq istəməzdim. Amma Yazıçılar Birliyində qəzetin işi ortaya gətiriləndə, Ayaz belə bir söz söylədi, guya İranla belə bir müqavilənin bağlanmağını onlar qoymayıblar.

Halbuki, əvvəlcə mən özüm bu işdən həmin ağıllı diplomatın məsləhətilə çəkilmiş, qayıtmışdım redaksi-yaya. Ayazı çağırmışdım.

Onu da başa salmışdım: “Bu işdən mənim ağlım yönlü bir şey kəsmir. Çəkilək bu sevdadan”.

Onun da ağlına batmışdı. Guya onun, redaksiyanın məsləhətilə pozmuşduq bu işi. Belə deyildi. Düzü əzəlcə danışdığımdı. Əzəldən mənim dalağım sancmışdı.

“ Ədəbiyyat qəzeti” mollalarla işləyir” təki bir söz də buraxmışdılar. Bu sözü mən Yazıçılar Birliyində də eşitmişdim.

Qəzet çıxırdı, bir yol, bir ay çıxır sonra başlayırdı süründürmə. Kağız yoxdu, kağızın tonu min beş yüz manat, pul yoxdur, maaş verə bilmirik, redaksiya nəşriyyatın xərclərini – kirayə, telefon pulu,… ödəyə bilmir.

Yazıçılar Birliyi görürdün çox üz vurandan sonra “ it aparan olsun” verirdi, köçürürdü. Bu pulun banka çatmağı ilə “ Azərbaycan” nəşriyyatı dərhal xəbər tutub, onu keçirirdi öz hesabına, qəzetin onlara olan borclarına görə.

Şapalaqla üz qızardırdıq. Bunca ədib, yazıçı, imkanı olan bir nəfər belə qəzetin yaşaması, əməkdaşların dolanması üçün heç bir yardım göstərmirdi.

Həmçinin oxu
"Anarla söhbətlərimizdə dönə-dönə 37-ci ilin sözünü təzələmişdim"
Heydər Əliyevin məruzəsində Sabir Əhmədli necə tənqid edilirdi
XS
SM
MD
LG