Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:49

Xuraman Hüseynzadə. Sonbahar şeirləri


Doğum günümün şeiri

Məni sevmə!
Gözlərim ürəyimin tələsidi.
Ürəyim gözlərimin köləsi

hər əsir aşiq
qürbət ürəyimdə öləsi...

Mən şeytanam!
Baxışlarım səni yoldan çıxarar.
Azarsan
ürəyimə gedən yolun
dolanbaclarında.
Sevməmək üçün,
bir də
vurulmamaq üçün
kiməsə
tövbə edərsən.

Yapışıb allahın ətəyindən
sürün

el ilə birgə
kəfənə oxşayan
palaza bürün!

beləcə
uca yaradanının gözünə
xoş görün...

Yerin cənnət olacaq məni sevməsən.
Məni ayrılıqlar
Allahımın-sevginin
yolundan çıxarıb...
Yolum yoxdu getməyə,
azmışam...

Məzarımı
gözəl oğlanların qəlbində
özüm qazmışam.
Həyat rəngarəng
və maraqsız...

Qorxuram
boğazımda ilişib qalan
kəndirə
azad ruhumu etibar etməyə.
Sevmə məni!
Məni sevmək-cinayət,
səni sevmək-xəyanət...
Sevmə məni,
Sevmə, a bədbəxt!...


Dostumun şeiri

Pəncərəni aç, küçəyə bax yenə,
Yağış yağsın... gözlərindən
ürəyinə...
Sinənin bir küncündə
daş kimi
düşüb qalmış,
daşlaşmış ürəyində
göyərsin sevgi...

Pəncərəni aç, küçəyə bax yenə,
Yağış yağsın gözlərindən küçəyə,
gecəyə...
Budaqdakı qönçəyə
bu yağışın damlası
yaraşacaq şeh kimi...
Bir ah çək
dərindən
qoy oxşasın
küçəni,
gecəni,
qönçəni
meh kimi...

Qoy darıxsın
səndən ötrü
küçələr,
gecələr,
qönçələr...
Qoy darıxsın
yuyulmamış qədəhin,
dərd əlindən
dolub daşan,
indi sənə yadlaşan
külqabın.
Qoy darıxsın tənhalıq...
Mən də darıxım səninşün
bir anlıq...


Oktyabr ayına

Mən sənin xəzəlinlə,
çiskininlə,
dumanınla,
yağışınla dünyaya gəlmişəm.
Tanrı alnıma yazı yazmadı,
payızı yazdı.
Yazı yazsaydı
xoşbəxt olardım bəlkə də...
Mənim qədərim!
Sənin qədər
adamların belə
yolunu gözləmədim.
Yenə payızın astanasında,
ilk yarpaqlar
saralıb düşən yerdə
yolunu gözləyirəm...


***

Anası atmış bir cocuq
kirin-pasın içində
küçələrdə dilənir.
Hər ona-buna
əl açdıqca
cəhənnəm əzabı çəkir
cənnət anasının ayağı altda olan
bu cocuq.


***

Qolumdakı saatı
boynumda kəndir kimi
hiss etdim bu gün...
Tez-tez saata baxarkən
vaxtın kəndirlə birgə daralması
məni ölümə
bir az da yaxınlaşdırırdı
sanki...


Səninləyəm

Hər an səninləyəm...
Hər an...
Hər xəyanətə getdiyin yollarda
Arxanca göz yaşlarımı atıram...
Sən qoynuna başqa birini alarkən
Mənin qoynumda qollarım çarpazlanır...
Ürəyim yanında qalır,
fikrim qapıda,
baxışlarım pəncərədə,
mən də özümdə olmuram heç...


Təzad

Dünyanın boz üzünün
dumanı çöküb
ağ gəlinlik paltarından başlayıb
qara taleyə doğru
uzanan yollara...


Ayrılıq zamanı

hardasa uzaqda bir ulduz axdı
bir damla ayrıldı göylərdən bu gün
qızılı bir yarpaq bu gecə vaxtı
düşdü budağından saraldığıyçün

bir quş uçub getdi öz yuvasından
bir qatar yol aldı ayrılıqlara
bir könül əl çəkdi öz sevdasından
bir dünya qərq oldu qaranlıqlara

mələyin qəlbini şeytan oxuyar
həqiqət kiminsə gümanı deyil
ayrılıq zamana meydan oxuyar
demə: ayrılığın zamanı deyil
XS
SM
MD
LG