Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:54

Seymur Baycan. Qulliverin səyahəti


Asif Ata davamçılarına "oxumalı əlli kitab var, gəlin, siyahısını verim, oxuyun" deyərmiş.

Bu cümləni əldə bayraq tutub, mütaliəsinə inandığım adamlara (Zərdüşt Əlizadə, Yaşar, İsa Qəmbər, Fazil Qəzənfəroğlu, Qan Turalı və Həmid Herisçi) belə bir sualla müraciət etdim: "Hansı kitabları oxumağı vacib hesab edirsiz?".

Diqqətli oxucular yəqin ki, xatırlayırlar. Təqdim olunan siyahıları sistemləşdirib yazı hazırlamışdım. Adını çəkdiyim adamlardan yalnız İsa bəy siyahı təqdim etməkdən imtina etdi. "525-ci qəzet"in redaktoru Yaşar bəyin siyahısında Conatan Sviftin "Qulliverin səyahəti" əsəri də yer almışdı.

Təqdimatdan çox şey asılıdır. Yaşar bəy kimi mütaliəli, zövqlü bir qələm adamının "Qulliverin səyahəti" əsərinə ciddi önəm verməsi uşaqlıqda, yeniyetməlik dövrümdə oxuduğum əsəri bu dəfə daha ciddi, başqa təfəkkürlə, əlimdə qələm oxumağa məni sövq etdi.

Aldığım zövqü, təəssüratlarımı oxucularla bölüşməyi, altını qaraladığım cümlələri qəzet səhifəsində tirajlamağı özümə borc bilirəm.

"Qulliverin səyahəti" insan şəxsiyyətinin ikiləşməsi haqda yazılmış ən gözəl əsərlərdən biridir.

Conatan Svift başqa-başqa dünyaları təsvir etməklə həqiqətin çoxluğuna işarə vurur. "Qulliverin səyahəti" monorxiya quruluşunun, saray eybəcərliyinin sifətinə çırpılmış bir əsərdir.

Ciddi quruluşlarda işarələrlə deyilmiş sözlər də ciddi mesajlar kimi qəbul edilir.

Gəlin görək, Qulliver liliputlar və nəhənglər arasında özünü necə aparır.

Qulliver liliputlar diyarında

Ən azı filmə baxan adamlar söhbətin nədən getdiyini bilirlər. Ona görə süjeti yazmıram. Nə özümü, nə də sizləri yormağa ehtiyac yoxdur.

Beləliklə, Qulliver liliputlar diyarında: "Mənə yaxşı tamaşa etmək üçün yüz mindən artıq şəhər camaatı məbədin dövrəsinə yığışmışdı. Zənnimcə, onlardan azı on min nəfəri mənim üzərimə çıxmışdı.

Amma tezliklə bir əmr verildi. Bu əmrə görə mənim üzərimə çıxmaq ölüm cəzası hədəsilə qadağan edildi...

Evimin qabağında, torpağın üstündə oturduğum zaman, bəziləri o dərəcədə həyasızlıq etdilər ki, mənə bir neçə ox atdılar. Oxlardan biri az qala sol gözümə dəyəcəkdi.

Bu ədəbsizlikdən hirslənmiş qoşun böyüyü ərm etdi ki, mənə ox atanlardan altı nəfərini tutsunlar.

Əsgərlər şuluq salanları nizələrinin küt ucu ilə qovub mənə sarı gətirdilər. Onların hamısını sağ əlimlə qamarladım.

Beş nəfərini kamzolumun cibinə qoydum, altıncısını isə götürüb ağzıma yaxınlaşdırdım və özümü elə göstərdim ki, guya onu diri-diri yemək istəyirəm. Yazıq dəhşətlə zingildədi...

Belorusda Qulliverə heykəl
Bəzən yerə uzanıb, ovcumda beş, ya da altı liliputun rəqs etməsinə yol verirdim.

Axır vaxtlar uşaqlar da saçımın içində gizlənpaç oynamağa cürət edirdilər... Mənim haqqımda xəbər krallığa yayılar-yayılmaz, varlılar, bekar və hər şeylə maraqlanan adamlar hər yerdən axışıb mənə tamaşa etməyə gəlirdilər.

Kəndlər bomboş qalmışdı. İmperator əmr vermişdi ki, məni görənlər tezliklə evə qayıtsınlar.

Sarayın xüsusi icazəsi olmadan, evimə yaxın gəlmək, məni təkrar görmək qadağan edilmişdi. Bu sərəncam bəzi nazirlər üçün böyük gəlir mənbəyi olmuşdur..."

Uşaq yazıçılarının çoxu içkiyə, huşaparan vasitələrə böyük maraq göstəriblər. Bu əsərlər dumanlı başla dumanlı başlar üçün yazılıb.

Dərinə varanda görürsən ki, uşaq ədəbiyyatı heç də uşaq ədəbiyyatı deyil. Məsələn, aşağıdakı cümlələri adi başla yazmaq çox çətindir:

"Qazları bizim sərçə boydadır. Xırda heyvanları, quşları və həşəratları demək olar ki, gözlə seçə bilmirdim.

Onların gözlərinin itiliyinə bir misal göstərim. Bizim milçəklərdən böyük olmayan bir torağayın tüklərini ütən bir aşbaza baxmaqdan böyük ləzzət alırdım".

Qulliver nəhənglər diyarında

Nəhənglər diyarında Qulliverin davranışları, fikirləri tam dəyişir: "Ürəyimi qəm-qüssə bürümüşdü. Mən qeyri-ixtiyari liliputstanı yada saldım.

O ölkənin əhilisi mənə qəribə bir möcüzə kimi baxırdı. Orda mən tək əlimlə bir donanmanı çəkib apara bilmişdim.

Başqa şücaətlər də göstərə bilərdim. Mənim fəaliyyətim həmin ölkələrin səlnamələrinə düşə bilərdi. Burada isə mən, bizə bir liliputun göründüyü qədər miskin və cılız görünəcəyəm...

Biz naməlum bir kiçik heyvanı əlimizə almaq istərkən, onu bizi dişləyəcəyindən çəkindiyimiz zaman etdiyimiz kimi nəhəng adam üzündə mütərəddid bir ifadə ilə məni gözdən keçirdi. Baş və şəhadət barmaqları arasında belimdən yapışıb götürdü.

Hər an gözləyirdim ki, biz ayaqlayıb əzmək istədiyimiz xırdaca, iyrənc bir heyvanı tullayan kimi, o nəhəng də məni yerə tullayacaq.

O, bir saman çöpü götürdü və paltarımın ətəklərini qaldırmağa başladı. Görünür, elə güman edirdi ki, paltarım təbiətin mənə bəxş etdiyi dəri kimi bir şeydir. Sonra üzümü yaxşı görmək üçün saçlarımı üfürüb qaldırdı...

Stolun üstü ilə gedərkən, ayağım çörək qabına ilişdi və yerə sərildim.

Xoşbəxtlikdən bir yerim əzilmədi. Ancaq ev sahibinə yaxınlaşdıqda onun yanında oturmuş on yaşlı dəcəl oğlu ayaqlarımdan yapışıb məni elə hündürə qaldırdı ki, ürəyim qopdu.

Xoşbəxtlikdən atası məni oğlunun əlindən aldı və ona elə bir sillə vurdu ki, bu sillə Avropa atlı qoşunlarının tam bir eskadorununu atdan salardı. Ata oğluna süfrədən durub getməsini əmr etdi. Ancaq mən istəmirdim ki, uşaq məndən incisin.

Həm də bizim uşaqların sərçələrlə, dovşanlarla, pişik balaları və küçüklərlə necə sərt rəftar etdiklərini yada saldım..."

Svift "Qulliverin səyahəti" əsərində alimləri, əyanları, nazirləri Az.TV təbirincə desəm, incə yumorla dolayır.

Conatan Svift
Məsələn, onun mənşəyini araşdıran nəhənglər ölkəsinin alimlərini Avropa alimlərinə bənzədir: "Avropa alimləri, filosofları təbiəti tədqiq edərkən, rast gəldikləri bütün çətinliklərə, cavab tapa bilmədikləri hər şeyə "təbiətin əyləncəsi" adı verirlər".

Svift az qala hər səhifədə əyanları sancır: "Qısa bir müddətdə ən yüksək əyanlarla tanış oldum.

Onların hamısı mənə çox böyük hörmət edirdilər. Əlbəttə, bu mənim şəxsi ləyaqətimdən çox, kral və kraliçanın lütfinə nail olduğum üçün idi".

Əsərdən seçmələr

"Qulliverin səyahəti" birinci şəxsin dilindən yazılmış əsərdir. Bu əsəri oxuduqda bir daha anlayırsan ki, heç bir əsər boş yerə dünya ədəbiyyatında Fironluq etmir. İnsanları beş, on, iyirmi il aldatmaq olar.

Bir gün zaman qarşısında imtahan verəcəksən.

Bu yerdə yapon yazıçısı Murakamini xatırlamaq pis olmaz: "Mən bir əsəri oxumamışdan əvvəl əsərin yazılma tarixinə baxıram".

Ən güclü əsərlər ən zəif əsərlərin üzərində yaranır. "Don Kixot" əsəri də cəngavərlik romanlarının üzərində yaranmışdı. Don Kixotun vəsiyyətnaməsini xatırlayın.

Həmin vəsiyyətnamədə Don Kixot bacısı qızının ərə gedəcəyi zaman oğlanın cəngavərlik romanlarından uzaq adam olmasını yazır. Əgər oğlan cəngavərlik romanı oxuyacaqsa, bu halda qız mirasdan məhrum ediləcək.

Sviftin zamanında səyahətnamələr romanları geniş yayılmışdı. "Qulliverin səyahəti" əsərində dövrünün səyahətnamələri sərt tənqidə məruz qalır: "Gəncliyimdə böyük bir ləzzətlə bir çox səyahətnamələr oxumuşdum.

Ancaq Yer kürəsini gəzib öz müşahidələrim əsasında inanmışam ki, bu kitablarda nə qədər cəfəngiyyat varmış.

Onlar öz əsərlərini daha artıq əyləndirici etmək üçün oxuculara ən qaba uydurmalar təqdim ediblər. Mən də başqa səyyahlar kimi inanılmaz hekayələrlə səni heyrətə sala bilərdim.

Mən ən sadə bir dildə yalnız olan hadisələri ifadə etməyə çalışdım. Məqsədim heç də səni əyləndirmək deyil, sənə bir çox yeni məlumatlar verməkdir".

Bəli, şərtiliksiz ədəbiyyat yarana bilməz. Əsas odur ki, şərtiliklə saxtakarlığın sərhədləri əsərdə itməsin. Gəlin, əsərdən seçmələri oxuyaq:

- Padşahlara göstərilən ən böyük xidmətlər də, onların nəzərində tamahkarlıqlarına alət olmaqdan imtina etdikdə, puç olurmuş.

- Kral, mənim ardı-arası kəsilməyən müharibələr haqqında sözlərimi dinlərkən heyrətə düşmüşdü. O, yəqin etmişdi ki, ya biz özümüz dalaşqan bir xalqıq, ya da qonşularımız pisdir.

- Bizim ölkədə yüksək vəzifə sahibi olmaq üçün insanın heç bir ləyaqət sahibi olması vacib deyil. İnsanlara yüksək adlar onların öz qabiliyyət və şücaətləri sayəsində verilmir.

Bizim həmvətənlərin çoxu bu vaxta qədər dünya üzündə sürünən bütün murdar heyvanların ən murdarı və zəhərlisi olan xırda-xuruş heyvanlardan ibarətdir (təsəvvür edin, bunu bir ingilis yazır).

- Ölkəmizin son yüz il tarixi haqqında verdiyim qısa məlumat kralı son dərəcə heyrətləndirdi. Söylədi ki, bu tarix acgözlük, riyakarlıq, xəyanət, amansızlıq, quduzluq, azğınlıq, həsəd, kin və şöhrətpərəstlik yığnağından başqa bir şey deyildir.

Bizdən xeyli uca olan adamların hörmətinə nail olmağa çalışmaq əbəsdir. İngiltərəyə qayıtdığım zaman, rəftarları zahirən mənim nəhənglər ölkəsindəki rəftarıma çox bənzəyən adamlara dəfələrlə rast gəldim.

- Onların bəşəriyyəti səadətə qovuşdurmaq üçün yaratdıqları bütün layihələri saymaqla qurtarmaq olmaz, ancaq təəssüf ki, bu layihələrdən hələ heç biri başa çatdırılmamışdır. Ölkə gələcək səadət intizarı ilə xarabazara çevrilmişdir. Evlər uçulub dağılır.

Əhali acından ölür, cır-cındır içində gəzir. Lakin bu vəziyyət layihəçilərin coşqunluqlarını əsla soyutmur, əksinə, bu adamlar öz layihələrini həyata keçirmək üçün daha da təkidlə çalışırlar (nə qədər dəqiq).

Almaniyada oyuncaq dükanının üstündəki şəkil
- Bütün Şərq xalqları kimi laqqneqqlilər də bir qədər lovğadırlar, ancaq hər halda xaricilərlə, xüsusən, sarayın xoşuna gələn şəxslərlə, çox mehribancasına rəftar edirlər.

- Pozulmuş şüur, yırtıcı heyvan kütlüyündən daha pisdir. Bu artıq şüur olmayıb, bizim təbii nöqsanlarımızın inkişafına kömək edən xüsusi bir qüvvədir.

- İngiltərədə hər bir vəkil, demək olar ki, hələ beşikdə ikən haqsızlığı müdafiə etməyə öyrəşmişdir. Buna görə də o, haqlı işi müdafiə etdikdə, özünü çox pis bir vəziyyətdə hiss edərək, lazımı qədər qüvvə və məharət göstərə bilmir.

Bundan başqa, o, son dərəcə ehtiyyatlı olmalıdır ki, haqq işi müdafiə etdikdə, həddindən artıq coşqunluğ göstərməsin. Belə olarsa, o, məhkəmə hakimləri tərəfindən töhmət alar və öz təbəqəsinin ləyaqətini alçatmış olar.

- Bizim ölkədə bədənin zəif və xəstə olması, arıqlıq və üzün torpaq rəngində olması nəcabətli nəslə mənsub olmağın ən doğru əlamətləridir.

- Bizim məhkəmələrdə hər iki çəkişən tərəf müflis olmayınca, məhkəmədə iş qurtarmır.

- Məhkəmə məmuru, təlxək, əyan, aradüzəldən, həkim, yalançı şahid və sair buna bənzər adamları görmək məni əsla əsəbləşdirmir. Bunların varlığı tamamilə təbii bir şeydir.

Ancaq başdan-başa nöqsan və xəstəliklər içində olan bir heyvanın bütün bunlara bir də qürur və lovğalıq əlavə etdiyini gördükdə, daha səbrim tükənir.

Mən belə bir heyvanın qürur və lovğalıq iddiasına necə düşdüyünü heç bir zaman anlaya bilməyəcəm.

Cırtdanların savaşı

Nəhənglər ölkəsində, Qulliver və kraliçanın münasibətlərində Svift qələminin bütün zəhəri üzə çıxır.

Qulliver nəhənglər arasına düşənə qədər çırtdan ölkənin ən balaca adamı idi. Cırtdan özündən balaca adam gördükdə lovğalanır, fürsət düşdükcə Qulliverə sataşır, onu lağa qoyur.

Lakin Qulliver kraliçanın sevimlisinə çevrildikdə cırtdan özündən balaca adamın peyda olmasını həzm edə bilmir.

O, Qulliverə nifrət edir. Beləcə, daha balaca olmaq istəyənlərin amansız mübarizəsi başlayır.

Çox müasir əsərdir, elə deyilmi? Adamın yadına əməkdar artist, təqaüd, mükafat almaq üçün təlxəklik, balaca olmaq savaşına girişmiş müğənnilər, yazıçılar, elm adamları düşür.

O qədər iyrəncdirlər ki, adlarını sadalamağa adamın nə əli çönür, nə də dili.

Yazını Sviftin şedevr cümlələri ilə bitirirəm: "Mən həmişə bu fikirdə idim ki, gec və ya tez azad olacam.

Kral mənim üçün münasib bir arvad tapmağı arzu edirdi.

O, istəyirdi ki, mənim uşaqlarım olsun. Ancaq biz bülbülləri qəfəsdə saxladığımız kimi mənim balalarımın da qəfəsdə saxlanılacağını və nəvə-nəticəmin qəribə heyvanlar kimi əyanları əyləndirmək üçün satılacaqlarını düşündükdə dəhşətə gəlirdim.

Doğrudur, mənimlə çox mehriban dolanırdılar. Çünki mən qüdrətli kral və kraliçanın sevimlisi idim.

Amma bu rəftarda da insanlıq ləyaqətimi təhqir edən əlamətlər var idi. Mən özümə bərabər olan insanlar arasında olmağı çox arzu edirdim.

Bir qurbağa və ya küçük kimi ayaq altında qalıb əzilmək qorxusu duymayan, küçələrdə və çöllərdə gəzmək ehtiyacı duyurdum".

Sadəcə şərhsiz.
XS
SM
MD
LG