Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:28

Kamran Nəzirli "Qan azlığı, yaxud ölən uşağın xatirələri" (Hekayə)


Öləndə mənim on yaşım vardı; mən onca il yaşadım, düz onca il.

Və bu on ilin sonuncu beş ilini düşünməyə başladım, yəni ağlım kəsdi; ağı qaradan, istini soyuqdan ayırd edə bildim.

Mənim üçün bütün rənglər eyni dərəcədə gözəgəlimli və yararlıydı. Mən bu rənglərə təzəcə alışmışdım.

Mənim üçün pis şey yox idi; amma ürəyimin lap dərin qatlarında nədənsə qorxurdum, nədənsə çəkinirdim.

Sonradan mənə məlum oldu ki, bu qorxulu şey xəstəlikdir. Adam xəstələnəndə ölür.

Körpələr evində dayəm mənim yanımda bir dəfə ağzından qaçırtdı ki, “bu qız xəstədi, öləcək.” O, elə bilirdi mən yatmışam. Amma gözlərimi yumsam da ayıq idim, onun müdirə xanımla söhbətini də öz qulaqlarımla eşitdim.

Həmin gündən başladım bu pis xəbəri ürəyimə salmağa, bütün düşüncələrim və fikirlərim qarışdı.

Şıltaqlıq edə bilmədim, nazlanmadım, əzizlənmədim, məni ovundura bilmədilər. Gecə-gündüz gözlərim yol çəkdi; atamı gözlədim; onun xiffəti içimi günbəgün əritdi, qanımı-canımı sorub apardı uzaqlara.

Elə bilirdim ki, o yanımda olsa, məni buradan gəlib aparsa, sağalaram, ölümüm barədə düşünmərəm.

Körpələr evinə atamın qucağında gəlmişdim. Atamın dumanlı siması düz beş il mənim gözlərim önündən getmədi.

Mən hər şeyi vaxtından tez, lap tez anlamağa başladım, düşündüm və bu düşüncələr mənə rahatsız bir həyat bəxş elədi.

Sən demə mənim ölümümə əsas səbəb də düşünməyim oldu. Beş yaşından düşünməyə başlayan uşaqdan nə gözləyəsən?

Beş yaşından körpələr evinə verilən uşağın ömrü-günü necə olar ki?

Müdirə xanımın otağında atamla olan söhbət dumanlı olsa da yadımdan çıxmır.

- Anası öldü, mən baxa bilmirəm... Xahiş edirəmm... yalvarıram... uşaq xəstədi...mənim də imkanım yoxdu...- atam deyirdi.

- Sənədləri var?-müdirə xanım gözləri ilə məni süzdü.

- Hazırdı... bütün sənədlər burdadı... yenə lazım olsa...

- Qızım, adın nədi?-müdirə xanım soruşdu.

- .......

Gözlərimi zilləmişdim atama. Qorxurdum. Amma bilmirdim nədən qorxurdum. Susurdum. Bilmirdim ki, nə üçün susurdum. Atam məni yanında otuzdurdu, saçlarımı tumarlaya-tumarlaya dilləndi:

-Səndən adını soruşur, qızım... (Bu, atamın yadımda qalan mənə ilk və son müraciəti oldu, daha atamla bağlı heç nə xatırlaya bilmirəm.)

- Azərin...

- Maşallah! Neçə yaşın var?-deyə müdirə xanım ciddi görkəm aldı.

-Beş... Gələn il altı olacaq...-dedim.

-İnşallah!

Həmin gün atam məni müdirə xanıma təhvil verib getdi. Qəribədi, mən ağlamadım. Mən ona “ata, getmə!” demədim. Mən ona heç “sağ ol!” da demədim. Bu, deyəsən müdirə xanımı xeyli təəccübləndirmişdi. O, məni çoxlu uşaqlar olan bir otağa apardı. Otağa girəndə özü kimi yumrusifət bir xalaya dedi:

- Bahar, buyur götür, bu da təzədi... Tifillərinin biri də artdı.

Bahar xala güldü, mənim əlimdən tutub uşaqlara dedi:

-Uşaqlar, görün bizə necə qəşəng qız gəlib? Adın nədi, balaca?

-Azərin...

-Azərin, gəl sən də qoşul bax bu uşaqlara, görürsən, Natiqə, Flora, Nihad, Camal, Lyuba, Firdovsi, Andrey, Qətibə... necə gözəl şəkillər çəkirlər? Sən şəkil çəkə bilirsənmi?

-Yox...

-Onda biz sənə şəkil çəkməyi öyrədərik... Eləmi, uşaqlar?

-.....

Uşaqlar susdular. Hamı matdım-matdım mənə baxırdı. Görəsən onlar mənə nə üçün belə maraqla tamaşa edirdilər? Yəni mən bu qədər maraqlıydım?
Bahar xala mənə bir çarpayı göstərdi.

- Bax, sən burda yatacaqsan... Pəncərənin yanında...

Mən o pəncərənin yanında düz beş il yatdım; o pəncərədən düz beş il həyətə, həyət darvazasına, ordan küçəyə, ordan da qəzet köşkünə baxdım.

Atam bu evin giriş qapısının hardan olduğunu o köşkdə işləyən xoşsifət, qarabuğdayı əmidən soruşmuşdu; köşkün sahibi məni və atamı mehriban baxışlarla süzdü, əli ilə darvazanı göstərdi.

Sonra “Allah köməyiniz olsun!” deyib bizi mərhəmət dolu baxışlarıyla düz darvazaya qədər ötürdü.

Mən onu bir qədər atama bənzədirdim.

Elə bilirdim hər səhər o köşkü açan əmi, atama bənzəyən əmi məni düşünür, atamı tanıyır, atamın yerini də bilir; o, hər səhər köşkün pəncərəsəni qaldırandan, yerini və təzə qəzetlərini rahlayandan sonra elə bilirdim ki, bax indicə mənə əl edəcək, gülümsəyəcək, daha sonra məni işarə ilə yanına səsləyəcək, saçlarımı tumarlayıb mənə şad xəbər verəcək: “qızım, atan sənin dalınca gəlib...”

Bütün bunlar özüm-özümlə pıçıldaşa-pıçıldaşa xəyali söhbətlər idi.

Qəzet köşkündəki əmi məni görmürdü, mənə isti sözlər demirdi.

Amma mən demək olar ki, bütün açılan səhərlərimi pəncərə qabağında qəzet köşkünə, atama bənzəyən əminin gəlib köşkün qənşərinə təzə qəzet-jurnalları necə səliqə ilə düzməsinə baxmaqla başlayırdım.

Mənə elə gəlirdi ki, indicə o tərəfdən, ya da bax o tindən atam görünəcək, qəzet satan əmiyə yaxınlaşıb yenə nəsə soruşacaq, o da əlini mənim pəncərəmə sarı uzadacaq. Sonra hər şey düzələcək, hər şey... Atam isə görünmürdü.

Bu evdə məni təkcə Bahar xala bir qədər ovundura bilirdi.

Bir dəfə mənə dedi ki, “sən burdakı uşaqların hamısından sakit, hamısından ağıllısan. Sözə baxırsan, heç kimi incitmirsən.

Səni çox istəyirik. Yeməyini vaxtında yeyirsən, yatırsan, durursan, bütün günü də pəncərənin qabağında durub küçənin başındakı qəzet köşkünə tamaşa edirsən. Uşaq belə olar...”

Belə vaxtlarda düşünürdüm ki, mən nəsə ayrı bir şey gözləyirəm.

Bu, canlı da ola bilər, cansız da. Bəs o şey nə idi? İçimdə həmişə nəsə, hansısa bir duyğumu, hissmi çatışmırdı. Bahar xala deyirdi ki, sənin anan da, atan da mənəm.

Düzdür mən anamı xatırlaya bilmirdim, ona olan duyğularım elə bil ölmüşdü. Amma atamı ki xatırlayırdım?! Bəs nə üçün bu xatirələr sevgiylə, istəklə əvəz olunmurdu? Bilmirəm.

Yadıma atamın dumanlı siması düşəndə içimdəki o anlaşılmaz duyğular gah ölmək, gah oyanmaq, gah dirilmək istəyirdi; içimi bürüyən, heç kəsə bəlli olmayan qatışıq hisslərim isə alovlanır, atamı görmək həsrəti məni hər səhər bax beləcə qeyri-ixtiyari olaraq gətirirdi bu uşaq evinin pəncərəsi önünə.

Mənim gözləmə məntəqəm buraydı; mənim ümidim, pənahım bu pəncərəydi.

Mən bu pəncərəni çox sevirdim. Bu pəncərə mənim həm isti, həm soyuq, həm də təsəlliverici yerim idi.

Yenə deyirəm, bu pəncərədən həyətə baxırdım, həyətdəki yaşıl-yaşıl şam ağaclarına baxırdım, quşların necə civildəşmələrini eşidirdim, görürdüm, sonra küçəyə, küçədən şütüyən maşınlara, nəhayət, atama bənzər əminin qəzet köşkünə tamaşa edirdim; cürbəcür adamlar, cürbəcür maşınlar, cürbəcür analar, atalar...

Mən onları bu pəncərədən gördüyüm üçün sevinirdim.

Haçansa onların arasında, atamla birgə olmaq arzusu keçirdi ürəyimdən.

Bütün bunlar heyif ki arxada qaldı, mənim arzularım və istəklərim mənimlə birlikdə öldü.

Düzdü, mən ölən günümü bilmirdim, bilə də bilməzdim. Pəncərə qabağındakı çarpayımda halsız uzanmışdım.

Hərdən Bahar xala gəlib əlini alnıma qoyur, ölüvay gözlərimə baxıb nəsə pıçıldayıb gedirdi. O yadıma düşür ki, mənə ildə iki dəfə iynə vurur, damarıma qan köçürürdülər.

Axır vaxtlar mənə daha çox iynə vurur, dava-dərman içirdirdilər. Hər dəfə ağ xalatlı həkimləri görəndə ürəyim gubbultu ilə döyünürdü.

Görəsən bu həkimlər mənə nə vaxta kimi iynə vuracaqlar? Axı mənim bütün damarlarım ağrıdan və dava-dərmandan tamam süst olub gedib...

Hələ ölməyimə səkkiz saat vardı. Bu qiyamət səhər sübh, saat beşdə baş verəcəkdi. Axşamçağı Bahar xala bir dəstə ağ xalatlı əmi və xala ilə birgə mənə baş çəkməyə gəldi. O, həmişəki kimi əli ilə saçlarımı sığalladı, soruşdu:

- Necəsən, Azərin?

- .......

Cavab verməyə heyim qalmamışdı. Bahar xala əmilərə, xalalara üzünü tutub deyirdi:

-Uşaqlara qan lazımdı, qan! Yeməkdən çox qan lazımdı, eşidirsiz?

- Qan yoxdu!

- Axı mən neyləyim, hə? Hara gedim, kimə deyim?

- Donorlar azalıb... Qan vermirlər...

- Bə bu tifillər ölsün?

- Bir şey fikirləşərik... Biz nə edə bilərik? Dünyada o qədər belə xəstələr var ki, çatdıra bilmirik... Gözləyin... Bəlkə sabah oldu?

Mən anladım ki, nəsə qorxulu və dəhşətli bir hadisə baş verəcək. Yerimdə qurcalanmağa başladım.

Sən demə bu evdə yaşayan bütün uşaqların da mənim kimi qanı azdı. Qan yaxşı şeymiş və bunu adamın bədəninə vuranda, damarına yeridəndə insanlar ölmürlər.

Gör nə qədər uşaq qan gözləyirmiş, aman allah! Flora, Lyuba, Aytac, Qətibə, Samirə, Firdovsi, Nihad, Andrey...

Bu uşaqlara da mənim kimi düz beş il qan vurublar. İndi əmilər deyir ki, dünyada qan yoxdu, dünyanın qanı azalıb. Yaxşı, tutaq ki dünyanın qanı yoxdu...

Bəs adamlara nə olub? Onların da qanı yoxdu? Bu beş ildə bizə tez-tez müğənnilər gəlib baş çəkərdilər.

Bizə çoxlu isti paltar, cürbəcür oyuncaqlar, dadlı-ləzzətli şirniyyatlar gətirərdilər.

Bizi oynadar, oxudar və rəqs edib gedərdilər.

Belə konsertlər çox olurdu. Amma indi mənə konsert lazım deyil. Mənə qan lazımdı, qırmızı qan. Bəs indi hardadı onlar?

Bahar xala narahat-narahat qonaqları o biri otağa apardı.

Qapının ağzında dönüb son dəfə mənə baxdı, sonra üzünü əmilərdən birinə tutub nəsə vacib bir şey söyləyirmiş kimi dedi:

- Ağırdı, dalaq və qaraciyəri böyüyür... Tələf olacaq... Anası da özü kimi olub deyirlər... Atasına xəbər vermişik...

Həmin gün səhərədək atamın yolunu gözlədim. Onun gələcəyinə elə inanırdım ki... Düşünürdüm ki, o, mütləq gələcək, mənə qan gətirəcək. Məni özüylə aparacaq. Mən sağalacağam...

Səhərə yaxın özümdə bir güc hiss etdim, durub pəncərəni açdım.

Gördüm ki, yekə bir qaldırıcı kran hər səhər ümidlə baxdığım o qəzet köşkünü yerli-dibli götürüb iri maşının kuzovuna qoydu. Bir azdan o köşkün ətrafındakı xırda mağazalar da yox oldu. Hamısını dağıdıb sökdülər.

Qəhər məni boğdu. Bəs atam bu evi necə tapacaq? Yolu kimdən soruşacaq? Bir anlıq qulaqlarım uğuldadı; elə bildim sel gəlir və bu sel indicə gəlib mənim nəfəs aldığım o xırda ağacları da kökündən qoparıb atacaq.

...Hər tərəf alatoranlıq idi. Bakının xəfif sübh yeli həyətdəki bir-birinə sığınan şam ağaclarını aram-aram tərpədirdi.

Darvaza bağlıydı; darvazadan o tərəfdə tozanaq qopmuşdu və qəzet satan kişiylə bərabər adamlar iri maşınların sahibləri ilə nə barədəsə bərkdən danışır, qışqırırdılar. Sübh çağının səssizliyni adamların ucadan bağırtıları və iri maşınların mator uğultuları pozmuşdu.

Bir azdan yel gücləndi, adamların boğuq, qatmaqarışıq səslərini ətrafa yaydı. Həyətdə bülbüllər və sarıdimdiklər artıq başlamışdılar oxumağa.

Görünür, onların qanı var, ona görə belə gur oxuyurlar. Quşlar necə də bəxtəvərdilər? Bu, yadımda qalan sonuncu havaydı...

2007
XS
SM
MD
LG