Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:00

«Korrupsiya bataqlığında bayraq görünmür»


Cəmil Həsənli
Cəmil Həsənli
AzadlıqRadiosunun “İşdən sonra” proqramında professor, tarixçi-alim Cəmil Həsənli Azərbaycan dövlətçiliyi, Azərbaycan bayrağı, seçki və s. məsələlər haqqında danışıb. Müsahibəni təqdim edirik:

- İlk sualı bayraq haqqında vermək istəyirəm. Niyə Cümhuriyyət bu simvolları bayraq üçün əsas götürdü?

HAZIRKI BAYRAQ BİRİNCİ BAYRAQ DEYİLDİ

- Əvvəlcə Demokratik Cümhuriyyətə gedən yola diqqət yetirmək lazımdır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Azərbaycanda ideya axtarışları dövrü başlandı. Bu ideya axtarışları həmin dövrün mətbuatında çox geniş müzakirə olunurdu. Bu axtarışların ümumi yekunu olaraq həmin dövrdə fikirlərə hakim kəsilən böyük siyasi lider və qələm sahibi Əli bəy Hüseynzadə Azərbaycan xalqının yaxud türk xalqının keçdiyi yolu və qarşıdakı hədəflərini ümumiləşdirərək belə bir ümumi nəticəyə gəldi ki, türk qanlı, Avropa düşüncəli, İslam inanclı bir ideyanın formalaşmasına ehtiyac var.

Bayrağımızdakı rənglərin hər biri onu ehtiva edir. Amma Cümhuriyyətin ilk günlərindəki bayraq qəbul edilmişdi. Hazırkı bayraq birinci bayraq deyildi. Birinci bayraq iyunun 21-də qəbul edilmişdi. Həmin dövrdə kiçik istisnalarla Osmanlı bayrağından fərqlənən bir bayraq qəbul edilmişdi. Birinci Dünya müharibəsinin gedişatı 18-ci ilin noyabrın 9-da bayraq dəyişikliklərinə gətirib çıxardı.

Noyabrın 9-da üçrəngli, ay-ulduzlu bayraq dövlət bayrağı kimi qəbul edildi. Onun üzərindəki mavi rəng türk kimliyinin, qırmızı rəng Avropa və çağdaş düşüncənin, yaşıl rəng İslam inancının göstəricisi idisə, ay-ulduz türk təqviminin müəyyən əlamətlərini özündə əks etdirir. Çox vaxt bizim vətəndaşlar namünasib ifadələr işlədir. Bayrağı qaldırdılar nə bilim bayrağı elə elədilər. Bayrağa ancaq bir söz yaraşır – ucalmaq. Bayraq, həm dövlət idarələrinin yuxarısında, həm də simvol olaraq ölkənin üzərində ucala bilər. Bayrağın üzərindəki simvollar nəinki millətin keçmişini həm də gələcəyini müəyyən edən simvollardır.

- İndi isə Azərbaycan bayrağı dünyanın ən uca dirəyində dalğalanır?

BAYRAQ VƏTƏNDAŞIN ÜRƏYİNDƏ, QƏLBİNDƏ UCALMALIDIR

- Bayrağın metr etibarı ilə ucada olması hələ mühüm deyil. Bayraq vətəndaşın ürəyində, qəlbində ucalmalıdır. Mən Azərbaycan bayrağının o ucalığa qaldırılmasını müsbət dəyərləndirirəm. Amma bu bayraq vətəndaşın qəlbində ucalmasa, onu ondan iki dəfə də hündür etsən, elə də böyük əhəmiyyəti yoxdur.

- Bugünki azərbaycanlı bayrağın ehtiva etdiyi ideyaları nə qədər daşıyır?

KORRUPSİYA BATAQLIĞINDA AZƏRBAYCAN BAYRAĞI GÖRÜNMÜR

- Ölkəmizdə bayrağa iman gətirən çoxlu sayda vətəndaşlarımız var. Və bu bayrağın rənglərini, onda təcəlla tapan ideyaları özünün həyat istiqamətinə çevirən çoxlu sayda vətəndaşlarımız var. Bunu istisna etmək olmaz. Amma o bayraq ucalan otaqda rüşvət alırlarsa və korrupsiya bataqlığına çevrilmiş ölkəmizdə o hündürlüyə bayraq ucalırsa, bu, artıq Azərbaycan bayrağının kölgəsinin ölkəmizin üzərinə düşməsi deyil. Sadəcə olaraq həmin bayrağın üzərinə korrupsiya ləkəsinin düşməsinə dəlalət edir. Bu gün Azərbaycan vətəndaşları çox ciddi problemlər içərisində yaşayırlar. Bu gün mən sadəcə olaraq ürək ağrısı ilə demək istəyirəm ki, Azərbaycan elə bir korrupsiya bataqlığına çevrilib ki, kimsə topuğuna, kimsə dizinə, kimsə xirtdəyinə qədər bu korrupsiyanın içindədir. Və əminliklə sizə deyim ki, həmin korrupsiya bataqlığında Azərbaycan bayrağı görünmür. Təəssüf ki, bu reallıqdır.

- Nə etmək lazımdır? Hardan başlamaq lazımdır?

AZƏRBAYCAN FAKTİKİ OLARAQ BİRPARTİYALI SİSTEMƏ KEÇDİ

- Bir neçə gün əvvəl nəyi isə dəyişə bilərdik (gülür). Amma təəssüflər olsun ki, belə olmadı. Seçki məntəqələrinin və seçki dairələrinin böyük əksəriyyətində Azərbaycan bayrağı qoyulmuşdu və bu hardasa adama mənəvi bir ümid verirdi ki, bəzi şeylər dəyişilə bilər, amma bu ümidlər tamamilə puç oldu və Azərbaycan seçki saxtakarlığını yaşadı həmin gün. Bu, ölkəmizi demokratiyadan çox uzaq saldı. Hətta mən deyərdim ki, demokratiya imitasiyasına da son qoydu. Azərbaycan faktiki olaraq birpartiyalı sistemə keçdi.

- Dinləyici yazır: Bu seçki total saxtakarlıq şousu idi. Seçicilərin heç 30 faizi belə seçkiyə getmədi. Mən hesab edirəm ki, bütün beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməlidir ki, xalq repressiya xofundan çıxsın.

- Mən ona tərəfdar deyiləm ki, Azərbaycana qarşı sanksiyalar tətbiq olunsun. Sanksiya tətbiq olunanda onun əziyyətinin bir hissəsi də bu xalqın üzərinə düşəcək. Amma mən bunu yazan dinləyicinin fikirlərinin müəyyən hissəsinə qatılıram. Bu seçki dövründən və mərhələsindən seçki gününə qədər mənim gəldiyim qənaət ondan ibarət idi ki, insanlar seçkiyə olan ümidini itirib. Seçki ilə bizim cəmiyyətdə nəyinsə dəyişəcəyinə olan ümidlərini itirib. Biganəlik də bununla bağlı idi.

BU ÖLKƏNİN GÖZDƏN ƏLİLLƏRİ DƏ SAXTAKARLIQLA MƏŞĞULDUR

Amma düzünü deyim ki, məni daha heyrətamiz şeylər sarsıtdı. Mənim seçkidə iştirak etdiyim dairənin ərazisində Respublika Gözdən Əlillər Cəmiyyəti yerləşir. Və gözdən əlillər kompakt şəkildə məhz orda yaşayırlar. Mən “karusel” söhbətini eşitmişdim. Elə həmin gün bizim iştirak etdiyimiz dairədə də iki “karusel” var idi. Birinin qarşısı alındı. O birisi məlum olunana qədər xeyli iş görmüşdülər. Bunun biri Lokomotiv deposunun işçiləri idi. Biri isə Zəngilan qaçqınları idi. Mən hər şeyi təsəvvür edirdim, amma gözdən əlil vətəndaşların “karusel” əməliyyatında iştirak etməsi və onlardan ibarət 5, 10, 12 nəfərdən ibarət xüsusi dəstələr yaradıb saxtakarlığa cəlb edilməsi...Adam heyrətə gəlir ki, bu ölkənin gözdən əlilləri də saxtakarlıqla məşğuldur. Belə olanda bu gözlü vətəndaşa nə deyəsən?

- Onlar ən zəif zümrələrdən biridir.

- Bunlar maddi ehtiyac içində olan zümrədir. Mən onların vəziyyətini çox yaxşı bilirəm. Deputat olduğum müddətdə dövlət təşkilatları ilə görüşmüşəm, onların vəziyyətini müzakirə etmişəm, onların təşkilatının dövlət büdcəsinə salınması istiqamətində əlimdən gələni etmişəm və bu iş də baş verib. Mən bütün bunları onlar üçün etdim və hesab edirəm ki, çox doğru da etdim. Amma maddi ehtiyac içində yaxud həyatın dibində yaşayan, görmə qabiliyyətini itirmiş bu adamlardan “karusel” qrupları kimi istifadə etmək, sadəcə mənəviyyatsızlıqdır.

- Və bu da Azərbaycan bayrağı altında baş verir.

- Təəssüf ki, belədir.

- Dinləyici yazır: Bu qədər ağ yalanın içində yanan, boğulan xalqa sizin kimi ziyalılar azca da olsa su səpirlər. Bəlkə doğru deyil belə etmək, su səpmək lazım deyil?

SAXTAKARLIĞIN RƏQƏMİ

- Bu millət ədalət təşnəsindədir. O qədər böyük ədalətsizliklə, haqsızlıqla qarşılaşır addımbaşı. Bu sözlərin, narazılıqların ifadə olunması milyonların ürəyindən xəbər verir, ona görə bizim o dostumuz “su səpirsən” ifadəsini işlədir. Biz Mərkəzi Asiya deyilik. Biz dünyaya demokratiya nümunəsini vermiş bir millətik. Və bu gün Azərbaycanın faktiki olaraq Orta Asiyanın dünyada nümunə kimi göstərilən totalitar modellərinə bənzədilməsi ölkə vətəndaşının ən ağır mənəvi yükünə çevrilir. Biz ölkəmizi azad, demokratik, ədalətli görmək istəyirik. Reformaların dərinləşməsi xəttində görmək istəyirik.

Ölkənin yazan, dili olan jurnalistlərin həbs olunduğu bir ölkədə demokratik seçki boş-boş vədlərdən başqa bir şey deyil. Əgər bizim məmurlar jurnalistin yazdığına dözə bilmirlərsə və onu həzm edə bilmirlərsə, çıxış yolunu jurnalistin həbsində görürlərsə, o cəmiyyətdə hansı demokratik dəyərlərdən və yaxud demokratik seçkidən danışmaq olar. Bizim müşahidə şəbəkəsinin verdiyi informasiyalar, tərtib etdiyi aktlar, rüsvayçılıqlar Azərbaycanın tək bu gününə yox, sabahına vurulan zərbədir. Məsələn, mən bir nümunə deyim. 18 saylı Nərimanov-Nizami seçki dairəsinin bir məntəqəsində axşam Avropa müşahidəçilərinin iştirakı ilə qutular açılır. 560 bülleten çıxır. Bülletenləri sayandan sonra müşahidəçilər deyir ki, indi zəhmət olmasa imza vərəqələrini gətirək ki, orada görək neçə vətəndaş imza atıb, bülleten götürüb. Oradan çıxır 193 imza. Bu 193-lə 560 arasındakı rəqəm saxtakarlığın rəqəmidir.

Yaxud başqa bir məntəqədə səslər sayılıb qurtarır, ən çox hökumətin müdafiə etdiyi namizəd səs alır, bu an beynəlxalq müşahidəçilər deyirlər ki, olarmı o bülletenlərə baxmaq? Baxıb görürlər ki, mənə verilmiş 90 bülleten qoyulub onun üzərinə. Çünki yerli müşahidəçiyə deyir ki, sən 10 metr kənarda otur oradan izlə. Bu götürüb oxuyur filankəs qoyur ora. Real nəticələr bir məntəqədə var - 6-cı məntəqədə. Burda real nəticədir. Çünki saat 6-dan etibarən burda beynəlxalq müşahidəçilər gəldilər oturdular. Planlaşdırmışdılar ki, axşam saxtalaşdırsınlar, topa bülletenləri töksünlər, tökə bilmədilər. Sayanda məlum oldu ki, 7 namizəd arasında ən çox mən səs toplamışam - 57 səs idi səhv etmirəmsə, hökumətin namizədi 12 səs toplamışdı. Qalan namizədlər də təxminən buna bənzər. Bu qeydi beynəlxalq müşahidəçilər aktlaşdırdığından orada nəticəni saxtalaşdıra bilmədilər. Seçkidə iştirakın real faizi bu idi.

- Belə çıxır ki, seçki məntəqələrində əcnəbi müşahidəçi olmasa, oradan doğru nəticə çıxmır.

DUZ İYLƏNƏNDƏ NƏ VURSUNLAR?

- Ölkədə elə bir şərait yaradılıb ki, kimə şikayət edilsin? Ət iylənəndə duz vururlar, duz iylənəndə nə vursunlar? Yəni o saxtakarlıq göstərişi verənə şikayət edilməlidir. Bütün hakimiyyət qurumları seçkilərin saxtalaşdırılması göstərişini almışdı. Göstərişi də arxayıncasına Azərbaycan vətəndaşına, Azərbaycan vətəndaşından olan müşahidəçiyə heç bir etina göstərmədən həyata keçirirdi. Biz ölkəmizdə qaydanı özümüz yaratmalıyıq. Bu ölkənin nicatı ATƏT-in, Avropa Şurasının və ya amerikalı 5-3 müşahidəçinin gəlib burda nəyəsə nəzarət etməsi ilə düzəlməməlidir. Bu ölkənin vətəndaşı özündə güc, iradə tapmalıdır və siyasi islahatların keçirilməsinə ölkə hakimiyyətini vadar etməlidir.

- Dinləyici yazır: Biz niyə halalı-harama, doğrunu-yalana, kişiliyi-nakişiliyə qurban edirik?

- Hərə özünə cavabdeh olmalıdır. Hərə öz daxilindən gələn suala cavab verə bilməlidir. Bizdə ən pis nümunə ondan ibarətdir ki, pis əməl tutmaq istəyəndə deyir ki, birdən bunu bilsələr, mənə nə deyərlər. Heç zaman bu məsələ belə qoyulmur ki, mənim daxili prinsiplərim mənə icazə vermir bu pis əməli görüm. İnsanın yetkinləşməsi, maariflənməsi, kamilləşməsi prosesi getməlidir. El gözündə pis əməldən çəkinmək, Stalin dövründə rüşvət almamaq kimi bir şeydir. Yəni nəzarət mexanizmi götürüləndən sonra Sovet İttifaqı kütləvi rüşvətxorluq ölkəsinə çevrildi.

- Dinləyici yazır: Seçkiləri saxtalaşdıranlar gələcəkdə etdikləri əməllərinə görə çox peşmanlıq keçirəcəklər.

OĞURLUQ-OĞURLUQDUR, NƏ FƏRQİ VAR?

- Seçkinin saxtalaşdırılması millətin gələcəyinin oğurlanması deməkdir. Bir mənəvi prinsipə mən toxunmaq istəyirəm. Ölkəmizdən çoxlu ziyarət yerlərinə gedənlər var. Bizim cəmiyyət hələ o dərəcədə inkişaf etməyib ki, Hacı, Kərbəlayi və ya Məşədi səs oğurluğuna oğurluq kimi baxsın. Yəni o başqasının cibinə girməyə oğurluq kimi baxır, amma başqasının səsinin oğurlanmasına tamamilə adi hal kimi baxır. Oğurluq-oğurluqdur, nə fərqi var? Birinin ya pulunu oğurlayasan, ya səsini oğurlayasan, ya da evindən əşyasını oğurlayasan.

- Heç dövlət malının ya xalq malının oğurluğuna da pis baxanların sayı çox deyil.

- Mülkiyyət hissi olmalıdır. O şey ki, hamıya məxsusdur o oğurluq subyektidir.

- Dinləyici yazır: Bu seçkilər təkhakimiyyətliliyin sonunu göstərmədi ki?

BƏYƏM ONLAR PUL QAZANMAQ İSTƏMİRDİLƏR?

- Bu seçki təkhakimiyyətliliyi və təkpartiyalılığı təsbit etdi. Bu seçki artıq Azərbaycan cəmiyyətində 5 il bundan qabaq başlanmış çoxpartiyalılıqdan təkpartiyalılığa keçidin məntiqi yekunudur. Yəni cəmiyyətdə gedən o proseslər ki, vardı, məsələn, mətbuatın üstünə niyə yeridilər? Ona görə yeridilər ki, həmin prosesi həyata keçirsinlər. Bütün elektron informasiya vasitələri üzərində inhisar quruldu. Bu ölkədən pul qazanan televiziyalar ölkənin ən mühüm siyasi kampaniyasından niyə kənarda qaldılar? Bəyəm onlar pul qazanmaq istəmirdilər? Çox yaxşı istəyirdilər. Amma sadəcə olaraq ölkədəki siyasi şərtlər buna imkan vermədi.

Bir əlavə də edim ki, Azərbaycanda 90-cı ildən bəri seçkilərdə heç vaxt elə hal olmamışdı ki, imza toplanmasında kiməsə imza vermiş vətəndaşları məcbur etdilər ki, onlar teleqram vurub öz imzalarından imtina etsinlər. Bilavasitə seçkilərdə bu göründü. Kim buna cavabdehlik daşıyır ki, Ali Məhkəmə 7-də keçirilən seçkiyə 5-də namizədin haqlılığın təsdiq elədi və 5-də buna vəsiqə verdi ki, sən get seçkidə iştirak et. Bu necə ola bilər? İki günə o neynəyə bilər? Əgər sən bunun haqlılığını təsdiq edirsənsə, orda seçkini dayandırmalısan bu vətəndaşın kampaniya haqqını verməlisən. Tamamilə absurd formada təşkil olunmuş və bu xalqa üzqaralığı gətirən o 4 dəqiqə kiminsə intellektual potensialının açılması üçün nəyi isə dəyişir?

- 4 dəqiqə bir çoxları üçün kifayət etdi ki, onlar təhsil səviyyəsinin nə qədər aşağı düşdüyünü göstərsinlər. Ekspertlər də deyir ki, onlar indiyə qədər üzündən oxuya bilməyən namizədi görməmişdilər.


RÜSVAYÇILIQ GÖRÜNTÜSÜ

- Bu, Azərbaycan üçün çox böyük bir rüsvayçılıq görüntüsü idi. Bu, Azərbaycan xalqının səviyyəsi deyildi. Və heç vaxt o 4 dəqiqələrə çıxanın səviyyəsini xalqın səviyyəsi ilə eyniləşdirmək olmaz. Mən əminliklə sizə deyirəm ki, Azərbaycan xalqının içərisində 125 yeri tutmağa çox layiqli adamlar var. Sadəcə olaraq o layiqli adamlar siyasi müstəvidə ya olmadılar, ya çıxmaq istəmədilər və yaxud da imkan vermədilər. Mən hətta sizə bunu da deyim ki, hakim partiyanın içində belə 125 yeri tutmağa daha layiqli adamlar var. Sadəcə olaraq bu baş vermədi.

- Dinləyici yazır: Yaşınızın ötən günlərdən ötrü darıxan çağındasınız. AXCP-də deputat olmadığınız günləri aradabir xatırlayırsınızmı?

AXC-NİN SIRALARINDA OLDUĞUM İLLƏRLƏ FƏXR EDİRƏM.

- Mən dəfələrlə demişəm ki, mənim həyatımın ən yaxşı günləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarında keçib. Orda mənim xeyli dostlarım var. Mən o adamlara böyük hörmətlə yanaşıram. Azərbaycanda müxalifətçi və müxalifət partiyasında olmaq insandan böyük iradə tələb edir. Bir çoxları düşünürdü ki, mən partiyadan çıxandan sonra əqidəmi yaxud fikrimi, düşüncəmi dəyişəcəyəm. Mənə elə gəlir ki, ötən beş ildə onlar gördülər ki, mən elə necə düşünürdümsə o formada da həyatımı davam etdirdim. Mən AXC-nın sıralarında olduğum illərlə fəxr edirəm.

- Seçki saxtakarlığının da baş verdiyi bir çox məntəqələr məktəblərdə yerləşir. Sizcə bu vətəndaşların uşağını harda oxutmaq barədə düşüncəsinə hansı təsir göstərməlidir?

BƏLKƏ BAYRAĞA BAXIB UTANDILAR

- Əlbəttə, gördüyüm bir çox şeylər var ki, məni mütəəssir etdi. Məsələn, Böyük Şor qəsəbəsindəki bir məktəbdə bir direktordan hər 30 dəqiqədən bir informasiya gəlirdi. Onun əlində 3 bülleten tuturlar, sübut etməyə çalışır ki, bülletenlər nazikdir, əlinə yapışıb. Və yaxud da ki, bir göz qırpımında bülletenləri qutuya doldurmaqla məşğuldur. Axırda gördü ki, bu iş alınmır polis çağırıb müşahidəçiləri oradan çıxarıb qutuları doldurmaq istəyirdi, namizədlərin bəziləri gəlib çıxıb. Bu, böyük bir fəlakətdir. Bayraqla bağlı mən bir şeyi də demək istəyirəm ki, bayraq həm də torpağa münasibətdir. Şair deyir:

Bayraqları bayraq yapan üstündəki qandır,
Topraq əgər uğrunda ölən varsa vətəndir.

Torpaqların alınması və azad edilməsində ən öndə gedən bayraqdır. Biz həm də bayrağımıza torpaqlarımızın azad olunmasının simvolu kimi yanaşmalıyıq. Və bayrağın ucaldığı yer bizim vətənimizdir, torpağımızdır. Yurdumuzun hər yerində Azərbaycan bayrağı ucalmalıdır. Və bizim bu gün dediyimiz o neqativ halları edən adamlar o bayrağa baxıb, utanıb, xəcalət çəkib, öz əməllərindən bəlkə nəticə çıxardılar.

XS
SM
MD
LG