Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:40

İranın Bakıdakı maliyyə fəaliyyəti haqda


2009-cu il martın 6-da ABŞ-ın Bakıdakı səfirliyindən alınmış məlumat:

Geniş yayılmış şayiələrə görə, Bakıdakı iranlılardan çoxu İran rejiminə bağlı gəlirli biznes, çirkli pulların yuyulması və digər işlərlə məşğuldurlar. Bu işlərə özəl, həmçinin İranın hökumət müəssisələri üçün fəaliyyət daxildir. Bu iranlıların Bakıdakı biznesinə fabriklər, tikinti şirkətləri, ticarət firmaları, mağazalar aiddir. Bu şirkətlərdən bəziləri isə qanunsuz işlərlə məşğul olan saxta şirkətlərdir. Bəzi iranlıların İran İnqilab Qvardiyası üçün ehtiyat hissələri və avadanlıq almaqda mühüm rol oynadıqları bildirilir. Bununla da Qvardiya üçün pul qazanılır, İrandan gələn narkotik ticarəti idarə olunur. Bu məlumatda İranlı fiqurların İran təhlükəsizlik təşkilatları və rejimin fiqurları ilə münasibətlərindən bəhs olunur.

Aşağıdakı məlumatların bir çox İranlı və azərbaycanlı mənbələrdən aldığı bildirilir, bura Bakıda oxuyan bir iranlı tələbə, biznesmenlər, insan haqları fəalları, Tehranda işləyən iranlı ixracatçı, İranda işləyən bir tanınmış biznesmen, Azərbaycandakı Amerika palatasının icraçı direktoru, nüfuzlu beynəlxalq menecment konsaltinq şirkəti daxildir. Bütün hallarda aşağıdakı məlumatı azı üç mənbə təsdiqləyib.

Ancaq bu iddiaları ayrılıqda təsdiqlətmək də mümkün olmayıb. Baxmayaraq ki, bu fiqurlardan bəziləri Bakıda çox məşhurdur, Iran watcher- məlumatları yayan mənbə onları əvvəllər heç vaxt görməyib.

Camal Əllavi. Üç İran mənbəyi təsdiqləyib ki, Əllavi Ərdəbilin keçmiş merinin yaxın qohumudur, həm də Prezident Əhmədinejatın keçmiş həmkarı, dostudur. O, hazırda bir neçə İran şirkətini idarə edir, həmçinin "Tavanee Marzneshinan Fedayan Velayat" təşkilatının rəhbəridir. Bu, provinsial əməkdaşlıq təşkilatı bəzi məhdudiyyətlərlə mallar ixrac və idxal edir. Əllavinin Bakıda evi var, tez-tez Azərbaycan, Rusiya, Çin və Qazaxıstana biznes dalınca gedir. Onun da İran İnqilab Qvardiyası və İranın digər təhlükəsizlik qüvvələri üçün hərbi hissələr istehsalında öz biznesindən istifadə etdiyi bildirilir.

Məlumatda Lütfi adlı bir iranlının adı çəkilir. O, Ərdəbildə "Kharkhaneye Charmeh Masnui" süni dəri fabrikini idarə edir. O, Camal Əllavinin yaxın qohumudur, qaçaqmalçılıqla məşğuldur.

Sənəddə adı çəkilən növbəti iranlı Adil Şarabianidir. O, İranda valyuta mübadiləsi işçisidir, Tehranla sıx əlaqələri var. Əvvəllər Bank Melli İranın meneceri işləyib. Hazırda Bakıda orta ölçülü Xalq Bank-la sıx biznes əlaqələri var. İranda bankrot olandan sonra Azərbaycana gəlib. Varlıdır, məlumatlara görə, İranın “Əzilənlər Fondu”- "Foundation for the Oppressed" (Banyadeh Mostazafan) üçün işləyir, bu təşkilatın Azərbaycanda biznes və sərmayə işlərinə baxır. Həmçinin bu fondun Darya Sabun Şampun şirkətinin Azərbaycandakı menecmentinə müşavirlik edir. O, həm də Azərbaycanın Qarabağdan olan qaçqınlarına ayda 300 manat (təxminən 350 dollar) maliyyə yardımı ayıran başqa bir İran fonduna yardım edir.
Bir iranlı mənbənin deməsinə görə, bir dostu Şarabianinin nağd şəkildə beş milyon dolların İrandan Bank of Baku-ya çatdırdığını görüb, bu pullar heç yerdə qeyd olunmayıb. Rejim əleyhinə olan mənbənin iddiasına görə, Şarabiani periodik olaraq banka bu cür pulları çatdırır. Bir iranlı biznesmen isə onun İran hökuməti ilə çox yaxşı münasibətlərinin olduğunu deyib.

Qeyd: Xalq Bank Bank of Baku-nun keçmiş işçiləri ilə yaradılıb. Azərbaycanda iranlıların ən çox müraciət etdiyi bankdır. İranlılar üçün digər tanınmış banklar iranlı amerikalının idarə etdiyi "Royal Bank of Baku," və "Bank of Baku"-dur.

Kamal Dərvişi və Ziya Məmmədov

Kamal Dərvişi. Dərvişi üç qardaşı ilə İran-İraq müharibəsində məşhur döyüşçülərdən olub. On il əvvəl Azərbaycana gəliblər. Çox kasıb ailədən çıxsalar da, hazırda həddən artıq dövlətlidirlər. Kamal İranda yol və digər infrastruktur şirkətləri işlədir. Bir Tehranlı biznesmenin dediyinə görə, “İranda heç bir yol onun və dostlarının partnyorluğu olmadan çəkilmir.”

Dərvişi əvvəllər NASR adlı şirkəti idarə edib. Onun biznesi bəzən şübhə doğurduğu üçün rəsmən İnqilab Qvardiyasından istefa verib. Son illər Dərvişi Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədovla sıx biznes əlaqələri yaradıb. Məmmədovun yardımı ilə azı səkkiz nəhəng yol tikintisi və bərpası layihəsi qazanıb. Bura Bakı-İran Astara yolu, Bakı-Quba yolunun qurulmasına dair kontraktlar daxildir.

Şərh: Biz təxmin edirik ki, Məmmədov bu kontraktlarda sakit partnyordur. Məmmədovun ailəsi Azərbaycanın ən böyük kommersiya şirkətini idarə edir. Özünün də adı korrupsiyada hallanır. Iran watcher Azərbaycanda yol tikintisi kontraktlarında korrupsiyaya dair xeyli iddialar eşidib.

İran biznesmenləri və tələbələri iddia edirlər ki, Dərvişinin də İnqilab Qvardiyası və İran kəşfiyyatı ilə sıx əlaqələri var. Bir İranlı tələbənin dediyinə görə, Dərvişi Azərbaycandakı iranlı tələbələri yeni şirkətində işləmək üçün cəlb edir.

Türk pasportlu iranlılar

Cəmşid “Cuşkar” Mahmudoğlu qardaşları ilə birlikdə Türkiyə vətəndaşlığı almış İran azərbaycanlılarıdır. Onların bəzən türk bankı kimi təqdim olunan Bank of
Baku-da iri səhmləri var. Əslən Təbrizdəndirlər, vaxtilə qızıl və valyuta alverilə məşğul olublar. İran İnqilabından sonra bizneslərini itiriblər. Ailə Türkiyəyə qaçıb, türk pasportu alıblar. Onlar Azərbaycanda Oromi qardaşları (türk pasportlu təbrizli ailələri) ilə birgə biznes qurublar, Dubayda Silsilə General Trading şirkətini yaradıblar. Azərbaycanda Baku Electronics şirkətini və Bank of Baku-nu təsis ediblər. Sonuncu keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə birgə yaradılıb. Oromilərdən fərqli olaraq, Cəmşid bu bankın iri səhmdarı olaraq qalır.
Cəmşidin Azərbaycan və İrandan olan biznes və hökumət fiqurları ilə əlaqələri var. Onun İran hökuməti üçün də işlədiyi bildirilir. Bakıdakı Amerika palatasının prezidenti təsdiqləyib ki, Cəmşid böyük banklardan birinin səhmdarıdır.

Şahram Oromi İran inqilabından sonra türk vətəndaşlığı almış İran azərbaycanlısıdır. 1988-ci ildə "Turkish" NAB Foreign Trade company (Deesh Ticaret Limited Sherkati) yaradıblar. Şirkət Azərbaycanda, Rusiyada, digər MDB ölkələrində fəaliyyət göstərir. 1995-ci ildən Azərbaycanda Hyunday avtomobillərinin distribyutorudur. Oromi qardaşlarının biznesdə işlədikləri ölkələrdə hökumət üzvləri, onların qohumlarına rüşvət, hədiyyələr verməklə daxili monopoliyalar yaratdığı bildirilir. Bank of Baku-nun yaradılmasına Oromilərin dəstək verdiyi bildirilir. Şahram həm də İranın Azərbaycandakı keçmiş səfiri Əhməd Qəzainin yaxın dostu olub.

Əsgər LNU, Bakıda daha çox Ağayi Əsgər kimi tanınıb. Onun özəl şirkəti Bakıda Nizami metrostansiyasının yaxınlığında, Qorbanov küçəsi 16-da yerləşir. Onun formal biznesi Azərbaycan ərazisindən İran-Rusiyaya taxta-şalban idxal-ixracıdır. İran azərbaycanlısı olan Əsgərin arvadı azərbaycanlıdır və bir neçə il Bakıda yaşayıb. Onun arvadı Təhsil naziri Misir Mərdanovun xalası qızıdır. Mərdanovun qardaşı isə onun biznes tərəfdaşıdır. 2007-ci ildə Bakıda Media Mərkəzində İsrail əleyhinə “İslam dünyası” konfransını təşkil edən İradə Afətqızı onun ofisində işləyir. Əsgərin Bakıda iki evi var, İrandan ruhani, rejim rəsmiləri, İnqilab Qvardiyasının rəsmiləri gələndə bu evlərdə qalırlar. Onun İran hökuməti ilə sıx əlaqələri var, tez-tez Moskvaya səfər edir.

Cəbrayıl Navid iranlıların Azərbaycanda məşhur koordinatorudur. Ayrı-ayrı iddialara görə, Navid Dövlət Neft Şirkətinin İranla bağlı enerji müəssisələrinin yaradılmasında yardımçı olub. Məlumatlara görə, onun Azərbaycanda "Pingvin" ütü sexi var. Navidin Rusiyadan və başqa yerlərdən İrana sanksiya olunmuş məhsullar gətirdiyi iddia olunur. Bu məhsulların Naxçıvan ərazisindən keçirildiyi deyilir.

Bir iranlı biznesmen deyir ki, ona bu əməkdaşlıqda iştiraka cəlb ediblər. Navid Bakıdakı Hüseyniyyə (İran) məscidinin başçısı Molla Oqanejadın yaxın dostudur.

Cəbrayıl Navidin oğlu Səfa Navid Bakıdakı Qafqaz Universitetinin tələbəsidir, İranın Bakıdakı səfirliyində işləyir, İnqilab Qvardiyasının zabitidir. O, Azərbaycandakı iranlı tələbələrin koordinatorudur. Bir iranlı tələbə Səfanın vəzifəsini Bakıdakı iranlı tələbələr üzərində xəfiyyəlik etmək kimi xarakterizə edib. Bir biznesmen deyir ki, Səfa Navid tez-tez onun yanında lovğalanıb ki, İranın və onun Azərbaycanda baş verənlərdən xəbəri var. Bir nəfər Səfanı “fanat dərəcəsində anti-Qərb” kimi təsvir edib.

Əsgər Cabbari mərhum Molla Natiqin oğludur. Molla Natiq İran inqilabı və İran-İraq müharibəsi vaxtı məşhur sərt-xətt tərəfdarı natiqlərdən olub. Cabbarinin arvadı Azərbaycandandır, burda evi var, İranla Azərbaycan arasında mütəmadi səfərlər edir. Rəsmi biznesi İsfahandan mərmər ixracıdır. Orda işlədiyi böyük fabrik İnqilab Qvardiyasının şirkətidir. “İran mərməri Bakıda tikinti sahəsində çox işlənir”

Cabbarinin İranın yüksək rütbəli rəsmiləri ilə sıx biznes əlaqələri var. Onların adından daşınmaz əmlak alır.

Sabir Şahin məlumatlara görə, mülayim davranışlı olmağına və yaxşı geyinməyinə baxmayaraq tanınmış mafiyaya oxşar fiqurdur. İran Azərbaycanındandır, İranlı, rusiyalı və azərbaycanlı narkotik alverçilərinin əlaqələndiricisidir. Bakının Karl Marks küçəsində mərmər mağazası işlətsə də, bu mağaza adətən bağlı olur. Şahin özü 28 may küçəsindəki restoran və kafelərdə görünür. (Məlumatara görə, İran dünyada adambaşına heroin qəbuluna görə ən yüksək göstəriciyə malikdir. Son iki ildə Azərbaycan ərazisindən Rusiya və Avropaya narkotik qaçaqlığı yüksək sürətlə artıb.)

Siyahının sonu
Derse
XS
SM
MD
LG