Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:54

Hikmət Carçılı "Mən satqınam" (Hekayə)


İndi sizə bu yaxınlarda, oxuduğum Xb sinfində başıma gələn hadisəni danışacam.

Artıq iki ayın söhbəti olar, ikinci dərsdən yenicə çıxmışdıq ki, gördüm uşaqlar futbol meydançasına qaçırlar.

Yanımdan keçən Orxandan soruşdum ki, noolub, niyə qaçırsınız, nəsə bir hadisə var?

O heç arxaya da baxmadan cavab verdi ki, Mahmutla Fikrət bir-birinə girib, dalaşırlar. Mahmut vurub Fikrətin gözünü patladıb.

Tez mən də qaçdım. Ayağımda problem olduğundan elə sürətli qaça bilmədiyimdən beş dəqiqəlik yolu on dəqiqəyə getdim.

Mən çatanda artıq dava sovuşmuşdu. Hər kəs çəkilib bir kənarda dururdu.

Gözü partlayan, daha doğrusu qaşının üstü partlayan Fikrət yaxınlıqdakı bulaqda yarasından axan qanı təmizləməyə çalışır,

Mahmutsa hirsli öküz kimi Fikrətə baxır, üzdə bəlli etməsə də gözlərindən görünür ki, Fikrəti vurduğundan yana çox şaddır. Hamı sakit dayanmışdı, uçuq sökük məktəb binasına söykənib nəsə fikirləşirdilər.

Mahmuta elə baxırdılar ki, guya qabaqlarındakı aslandır, bunlar da aslanın səhər yeməyi. Fikrətsə artıq hamının gözündən düşmüşdü.

Elə mənim də. Çünki döyülmüşdü. Əslində heç də mən dediyim kimi olmamışdı. Bu yaxınlarda uşaqlardan öyrəndiyimə görə sən demə, Fikrətin qaşını Mahmut deyil, təsdüfi Mahmutun gözünün qabağına çıxan tut ağacının əl-ətəyində olan ağaclardan biri dəyib partladıb.

Bundan istifadə edən, fürsət qapazlayan Mahmut uşaqların yanında hörmətini qaldırdı. Nəysə...

Oraya gələk ki, o gün sinfimizdəki uşaqlar kimi mənim də gözümdən saldı Fikrəti döyülməsi. Fikrəti o gündən düz bir ay sonra gördük biz sinif əhli.

O günə kimi məktəbdə uşaqların, müəllimlərin yanında hörməti, izzəti olan Fikrət döyüləndən bir ay sonra məktəbə gələndə sinif əhlindən heç kim ona salam vermədi, mən salam verdim.

Amma peşman oldum salam verməyimə. Uşaqlar az qala məni də sıralarından çıxarırdılar ki, bu an ağlıma gözəl bir fikir gəldi.

Fikrət yanımızda olmayanda uşaqlar məni küncə sıxıb danlayanda, təhdid edəndə və hətta “bu gündən sıramızda yoxsan” deyəndə, mən dedim “ bir dəqiqə siz heç bilirsiniz mən ona nə üçün salam verdim?”

Sinifin oğlanları təəccüblə “Niyə?” deyib gözlərini bərəltdilər.

“Onun üçün ki, mən onunla sizin aranızda casus rolunu oynayacam, siz özünüzü elə göstərin ki, guya mənimlə aranız yoxdur, salam zad verin, amma soyuq, hər gün axşam olanda isə sizdən bir nəfər gəlib məndən məlumatları götürərsiniz.

Beləcə o quşbalanı (öz aramızda ona “quşbala” deyirdik) tora salaq.”

Mən heç davanın nə üstündə düşdüyünü, günahın kimdə olduğunu bilməyə-bilməyə mənasız dəstənin sıralarını tərk etməmək üçün qurban verdim bir sinif yoldaşımı.

O zaman özümə belə haqq qazandırdım ki, yüz nəfəri bir nəfərə qurban vermək daha pisdi, nəinki bir nəfəri yüz nəfərə, hər halda belə yaxşı olduğunu düşündüm.

Sonralar onların məni qurban verəcəklərini, əslində o yüz nəfərin bir nəfərə dəymədiyini bilmirdim təbii ki onda.

İşlər plan üzrə davam edirdi. Hər gün nə olurdu, Fikrətlə nə danışırdıq, onların əleyhinə Fikrətin dilindən nə söz alırdım o dəqiqə axşam Mahmutun dəstəsindən bir nəfərin ovcuna qoyurdum türkün məsəli və hər gün onlardan nəsə yalan, dolan bir şey danışıb ya hirsləndirirdim Fikrəti, ya da ən azı həftədə bir dəfə qarşı dəstənin, əslində mənim də üzvü olduğum dəstənin üstünə davaya göndərirdim.

Növbəti davaların birində yenə vurdular Fikrəti, əlbəttə ki, çoxluq azlığa qalib gələr. Mənim səhhətim icazə vermədiyindən kömək edə bilmədim.

Hadisə məktəbdə olmuşdu. Amma axşam vaxtı olduğundan müəllimlərin heç birinin xəbəri olmadı.

Ötən dəfə müəllimlərdən heç kimə xəbər salmayan Fikrət bu dəfə səhər məktəbdə şivən saldı ki, məni döyüblər.

Müəllimlər gəlib qızları bayıra çıxarıb sinifdə hamıdan bir-bir soruşdular “günah kimdədir? davanı kim başlayıb? dava nəyin üstündə olub?”deyə. Heç kim cavab vermədi.

Müəllimlər belədən bir şey çıxmayacağını görəndə yazılı cavab istədilər. Hamımız yazdıq. Mən iki kağıza yazdım birinə Fikrətin adını, birinə Mahmutun adını, o biri sinifdən Alı adlı bir oğlanı şahid götürdük, özünə demişdik ki, sən Fikrətin tərəfində ol, Mahmutun adını yaz, sadəcə hesab olsun, mənim hansı dəstədən olduğum bilinməsin, imtahan qabağı olduğuna görə də testə kömək etməyi söz vermişdik...

Kağızların hamısından Fikrətin adı çıxdığına görə (tək mənim kağızımdan başqa) müəllimlər onun üstünə düşdülər. Nə qədər and aman elədi, müəllimlərdən heç biri inanmadı.

Onu bir xeyli danladılar. Atası məktəbə çağırıldı.

Atası məktəbə gəldi və həmin gün Fikrət evə getməyə qorxurdu ki, atam məni döyəcək. Həmin günün səhərisi mənə zəng vurub dedi ki, məktəbə gəlməyəcəm bir müddət.

Dediyi kimi də düz bir həftə məktəbə gəlmədi.

Mən o bir həftə ərzində Mahmuttan xeyli dərs götürdüm. “Nə etmək lazımdı, onu necə bu məktəbdən uzaqlaşdırmaq lazımdır, axırıncı kozumuzu necə oynamaq lazımdır ki, onu bir daha görməyək?” Bu suallar ətrafında bir xeyli müddət düşündük.

Sonuncu gün plan cızıldı və mən dəstədən yenə uzaq düşdüm məktəbdə.

Bir həftədən sonra gələndə gözünün altının şişi hələ çəkilməmişdi. Məlum oldu ki, bu adam bir həftə məktəbə niyə gəlməyib. Və məlum oldu ki, onun atası necə qorxulu adamdır...

Fikrət məktəbə gələndən bir gün sonra mən plan əsasında işləməyə başladım. Plan beləydi.

Mən Fikrəti bir yolla məktəbə gətirməliydim və orada onu bərk döyüb şəxsiyyətini təhqir etmək vacib məsələydi. Ancaq elə döyməldilər ki, iz qalmamalıydı.

Mən dostlarıma söz verdiyim kimi də etdim. Onu məktəbə gətirdim, ancaq nə qədər elədim yanımdan aralanmadı ki, mən gedən kimi onlar tez gizləndikləri yerdən çıxıb vursunlar onu və şəxsiyyətini təhqir etsinlər...

Hava bərk qaranlıq idi yan tərəfdə kolluq var idi, Fikrət nəsə hiss edib kolluqla üzbəüz tərəfə baxanda mən özümü kolluğa verdim, o boynunu geri döndərəndə yanında mən olmadığımı gördü.

Adımı tutub “Samir” çağırmışdı ki, Mahmutgil tez onun ağzını qapadılar ki, səsi çıxmasın qarnına döşəkçə tutub hərəsi bir dəfə təpiklə vurdular.

Sonra isə başını divara dirəyib Fikrətin arxasını açdılar, Mahmut onun şəxsiyyətini beş dəqiqəlik təhqir etdi göz görəsicə.

Və tapşırıq verdilər ki, “bunu müəllimlərdən və yaxud bizə söz keçirəcək şəxslərdən bir adam bilsə, bilsə ki, biz səni döymüşük və o iş olub, onda özünü ölmüş bil!” deyib getdilər.

“Fikrət artıq mavidi”deyə fikirləşdim.

Fikrət yan tərəfə baxanda mən tez kolluqdan çıxdım səs etmədən. Gördüm zarıyır. Soruşdum “Fikrət halın hal deyil, nəsə olub?” O sualıma cavab vermədən, “haradaydın” dedi. “Işəyirdim bu dibdə”.

Yenə soruşdum “Nəsə olub? Zarıyırsan”. “Bir az qarnım ağrıyır” deyib vəziyyətdən çıxdı, ayağa qalxıb köhnə məktəb binasının uçuq-sökük qalıqları arasına verdi özünü. Bir anlıq içimdə ona güldüm, bildim ki, artıq o məktəbdə qala bilməz. Ancaq “sən saydığını say, gör Fikrət nə sayır” deyiblər.

Səhər heç kəsin gözləmədiyi halda Fikrət məktəbə gəldi.

Hamıya fikir verdim dəstəmizdən, sanki hamı düşünürdü ki, ay aman qanımız batdı.

Ancaq tam əksinə heç kimə demədən o gəlib sinifə girdi, mənə salam verib qızlarla hallaşıb (bu həmişəki adəti idi) keçdi partasının arxasına – səssiz-səmirsiz...

Hamı təəccüblə ona baxırdı. Həmin gün bundan başqa danışılmağa layiq heç nə olmadı...

Məktəbdən çıxanda uşaqlardan birini təkliyə çəkib bildirdim ki, axşam bir nəfər hər axşam görüşdüyümüz yerə gəlsin. Bu dəfə Mahmutun özü gəlmişdi.

Planı bu dəfə mən qurası oldum. Plan beləydi. Bizlərdən bir-iki nəfər məktəbdə uşaqların arasında yaymalıydı ki, Fikrət mavidi. Bu mənim fikrimcə Fikrətin ölümünə bir yol olmalıydı.

Bu sözü Mahmuta demişdim ki, üstündən heç iki gün keçmədi, bütün məktəbdə yayıldı Fikrətin maviliyi. Söz-söhbət hələ Fikrətin qulağına çatmamışdı.

Amma bunu çatdırmaq lazımıydı. Bu şərəfsiz vəzifəni də mən öz boynuma götürdüm.

Məktəbdə bir küncə çəkib şirin dillə soruşdum ki,“qardaşım belə bir məsələ var, hamı danışır allah doğru eləməsin, doğrudur?”.

Elə bunu demişdim ki, Fikrət götürüldü, hayladım küylədim, dayanmadı. Məndə də o ayaq yoxdur ki, arxasınca qaçam saxlayam heç olmasa könlünü alam. Nəysə deyib evə getdim.

Səhər məktəbə gələndə gördüm ki, məktəbdə bir çaxnaşma düşüb gəl görəsən; ağlayana bax, özünü qaldırıb yerə çırpana bax...

Ürəyimə damdı ki, uşaqlardan kiməsə nəsə olub. Yaxınlaşdım Mahmuta. “Noolub?” Sərt cavab verdi, qəlbimə dəydi “Canına azar olub, noolacaq, Fikrət özünü asıb, qanımız batdı”.

Cavab verdim “İndi mən günahkaram eləmi?” “Əlbəttə günahkar sənsən. Mənə kələk quran olub...”. “Siz istədiniz mən də etdim”.

“Mən səndən onu öldürməyi xahiş etməmişdim, sadəcə məktəbdən çıxmasını istəyirdim, daha yollarımız ayrılır, hər şey sənlikdir”.

Düşündüm ki, “bunlar mənə kələk gəliblər. Ay səni ağılsız, niyə Fikrəti öz mənafeyimə qurban verdim axı.

Axı, mən heç işin içini də bilmirdim, heç bilmirdim ki, bunlar nəyi bölüşə bilməyib də qırğına çıxmışdılar. Yox belə getməyəcək. Belə olsa bunlar sudan quru çıxacaqlar, mən qalacam arada.”

Dedim “Mahmut məni bu məsələyə sən qatmısan, necə yəni hər şey mənlikdir, bütün məktəb bilir ki, sənin o rəhmətliklə aran yaxşı deyildi.

Və ayrıca davanın lap başdan kimin tərəfindən düşdüyünü, günahın kimdə olduğunu belə bilmədən qoşuldum sizə casus kimi.

Elə indi də mənim heç nədən xəbərim yoxdu, mən indi də bilmirəm ki, bütün bu olanlar nəyin üstündədir. Məni tez məsələdən xəbərdar et!” yaxasından tutdum, az qaldı ki, boğula.

Bu zaman bizi qıraqdan aralamağa çalışan yalançı şahid sandığım Alı cavab verdi ki, “Samir, Mahmut Fikrətin anasına söydü, Fikrət də Mahmuta söyəndə dava başladı”.

“Necə yəni Fikrətin heç bir günahı yoxuydu?” Alı dedi “Eynən”. Mahmutun bu sözləri mənim təpəmdən tüstü çıxartdı, o mənə mənim kim olduğumu dedi “Sən satqın idin, aranı sən vurdun...”

Mahmutun cümləsinin arxasını duymadım. Elə bu altı sözdən ibarət, iki müxtəsər cümlə mənim qulaqlarımı batırdı.

Və gözümü açdı. “Mən SATQINAM!”

Məktəbdən necə aralandım bilmirəm, artıq bir saatdır ki, evdəyəm. Və yazıram. Günahgar hər kimdisə, davanı kim başlamışdısa, onu zirvəyə çatdıran mən oldum.

Bütün uşaqların Fikrətdən ayrılmasının səbəbkarının, bütün uşaqları Fikrətə sarı tuşlayan adamın adını yuxarıda dəfələrlə yazmışam, bir daha yazıb heç olmasa son cümlələrimə xələl gətirmək istəmirəm.

Son cümlələrimi baş daşıma yazarsınız:

“Mənim üçün ağlamayın, nə bacarırsınız söyün. Ölüyə söymək günahsa, mənə söymək savabdır, çünki mən satqınam. Fikrətin arxası maviydi, mənim ürəyim fahişədi.

Mən satqınam. Satqınlara yaşamaq haramdır, satqınlar ən yaltaq, ən əclaf, ən vicdansız şairdən də pisdirlər. Atam, sən məni əkəndə niyə belin sınmadı, anam, sən məni doğanda niyə ölmədin ki, mən də sənin qarnında yox olub gedəydim?!

Deyirlər düşməni öz silahıyla vurarlar, Fikrət indi həyatda yoxdu ki, məni onu vurduğum silahla vura, ancaq adını hadisəni ətraflı yazdığım vərəqdə çəkdiyim əclaf vurdu Fikrətin yerinə və mən də özümü asmağı qərarlaşdırdım.

Bu gün dünya bir satqından qurtulacaq. Əlvida!”

P.S. Samir bu son misraları yazıb elə son misralarda verdiyi vədinə əməl etdi.

Vicdanı qarşısında cavab verdi. Göy Tanrı Yer Kürəsini vicdanı susanlardan qorusun!

13.12.2010
XS
SM
MD
LG