Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:42

Sima Ənnağı "Qar qızın nağılı" (Hekayə)


Sima Ənnağı
Şəxsi münasibətlərdə bəxti gətirmirdi.

O, sevgi adlanan qızıl xəyala can atdıqca, xəyalın baş fiquru – potensial adaxlı - səhər dumanı kimi əriyib yox olurdu.

Təkliyinə o qədər alışmışdı ki, hormonlarının qiyamına təb gətirməyən bir kişi onu görüşə cağıranda, qadını gülmək tuturdu.

Oyun başlamadan nəticəsi məlumdu. Və məhz bu nəticəyə görə oyuna başlamaq maraqlı deyildi. Hər halda uzun illərdən sonra bu fikrə gəlmişdi.

Həyatındakı axırıncı macəraçı-kişi yalanla qardaşlaşmış birisi idi: guya milyonçu nəslindən idi, amma qəpiyə güllə atırdı.

Hər dəfə deyirdi, bir az gözlə, yaxşı vəzifə alacam, dəniz sahilində modern ev tikəcəm, maşın alacam, onda...

“Onda mən sənə lazım olmayacam”, - qadın düşünürdü.

Bilirdi ki, indi kişi ehtiyacdan onun yanındadır. Bu qadın kimi sakit, sadəlövh, tələbkar olmayan birisini hardan tapacaqdı?

Kim bu kişinin ailə üzüntülərini saatlarla dinləyəcək, bir boşqab isti şorba verəcək, isti yataga salacaqdı?

Kişi xumarlanıb yatanda, qadın onun üzünə baxardı, sanki onun ürəyində olanları oxumaq istəyirdi. Kişi uşaq kimi əllərini yanağının altına qoyub yatardı.

Amma yuxuda da deyəsən arvadi ilə dalaşırdı – daim qaşları hərəkətli olur, dodaqları səssiz tərpənirdi.

Qadın hərdən özü-özündən soruşurdu - bir gün bu kişi ilə münasibəti kəssən, həyatında nəsə dəyişəcəkdimi? Yox. Onda niyə onunlasan, niyə başqasını tapmırsan? - daxili səs daim sual edirdi. Qadın çiyinlərini çəkib otururdu.

Bu kişi sanki evin bir əşyası idi – o qədər zəruri olmasa da, onsuz nəsə çatmırdı, bir boşluq duyulurdu – illərlə bir küncdə dayanmış şkafi bir gün küncdən çıxarıb zibilliyə tullayanda, divarda qalan enli kvadrat iz kimi...

*

Yeni il gecəsi bütün ailələrdə olduğu kimi keçəcəkdi – bayram süfrəsi, televizor qarşısında oturma, yataq.

Qadın durğun, darıxdırıcı bayram axşamından qurtulmaq üçün kişiyə təklif etdi ki, yeni il şənliyini şəhərdə, açıq havada keçirsinlər.

Şəhərdə hündür bir küknar ağacı gümüşü, qızılı lampalarla bəzədilmişdi. Yalan olmasın, deyirdilər ki, bu ağacı xaricdən məxsusi olaraq,

Yeni il ərəfəsində şəhərin meri 50 min manata gətizdirib və ən böyük meydanda yerləşdiribdir. Həm xarici yolkaya baxmaq, həm də açıq havada əylənmək istəyənlər az deyildi.

Kişi də bu ideyanı bəyənmişdi. Hətta demişdi ki, onun Şaxta Baba geyimi var. Qadın da gərək Qar Qız ola. Razılaşdılar.

Yeni il gecəsi Şaxta Baba ilə Qar Qız şəhərin ən böyük yolkasının yanına gəldilər. Burda o qədər heyvan-adam vardı ki... İtlər, donuzlar, dovşanlar, aslanlar... Xeyli də Şaxta Baba və Qar Qız vardı. Deyəsən, hər cütlük klassik yeni il qəhrəmanlarından ilhamlanaraq, özünə bir gecəlik xoşbəxtlik qazanmaq üçün rol oynayırdı.

Ətrafında fırlanan Qar Qız və Şaxta Babalardan qadının başı gicəlləndi. Tezliklə öz Şaxta Babasını yüzlərlə babaların içində itirdi.

Qadın bir az gözlədi. Kişidən xəbər yoxdu – o, digər Qar Qızları ilə vaxtını daha maraqlı keçirirdi deyəsən.

“Buna da bir quş”, - qadın özü-özünə dedi, - “əcəb olur sənə. Nəyinə lazım idi bu axmaq yolka, axmaq Şaxta Baba!”.

*

Növbəti Yeni ili qarşılayanda, qadının həyatında yenə birisi vardı.

Bu kişi adaxlı meyarlarına tam uyğun olmasa da, münasibətlər pis-yaxşı imkişaf edirdi. Nədənsə, qadın yenə istədi ki, Yeni ili sevgilisi Şaxta Baba rolunda qarşılasın.

Qadın yenə də Qar Qız olacaqdı. Keçən ilki uğursuzluğun dadı damağından getmişdi.

Ürəyi yenə iynələnmək istəyirdi sanki. Həm də sınamaq lazımdı. Kimi – özünümü, kişinimi? Dəqiq bilmirdi.

Qadın özü öz əlləriylə kişinin ağ saqqalını taxdı, burnunu qızartdı. Bu dəfə Yeni ili öz evində dostları və Şaxta Baba ilə qarşılayacaqdı.

Plan qurmuşdu: on ikiyə beş dəqiqə qalmış Şaxta Babanın saqqalını qoparıb, kürkünü əynindən çıxaracaq və yeni adaxlısı ilə dostlarını tanış edəcəkdi!

Elə indidən əlləri gicişirdi bu səhnə üçün.

Bayram gecəsi qonaqlar qadının evinə yığışdı. Şaxta Baba qalın səslə hamını gah rəqsə, gah süfrəyə dəvət edirdi. Qadın bir də gördü ki, qonaqların sayı seyrəlib. Kim yoxdu? Ən yaxın rəfiqəsi və Şaxta Baba.

“Mən deyəsən elə quş kolleksiyası yığacam”, - qadın kədərlə düşündü.

*

Bu dəfə Yeni ili qarşılayanda özünə söz vermişdi ki, daha ağıllı, ayıq və orijinal olacaq. Tək idi. İl boyu heç kimlə yaxından tanış ola bilməmişdi.

Qarşılaşdığı kişilərlə münasibət qurmağa heysiyyəti imkan vermirdi. Beləcə tək-tənha dekabrın son gününə yaxınlaşdı.

Şəhərdə yenə hündür küknar ağacı bəzədilmişdi. Qaranlıqda gümüşü və qızılı ulduzlar par-par yanıb sönürdü.

Qadın yolka qurulmuş meydana tək gəldi. Əynində Qar Qız geyimi, boynunda, qollarında zər vardı. Gözünə zərli eynək taxmışdı ki, heç kim onu tanıya bilməsin.

Yolka ətrafında xeyli Qar Qızlar və Şaxta Babalar vardı, hamısı da yaman şənlənirdi. Tək gəlmiş Qar Qız diqqəti cəlb etdi.

Şaxta Babalar Qar Qızı dövrəyə alıb söz atdılar, onun ətrafında yallı gedib oynadılar. Amma o biri Qar Qızları ayıq-sayıq idilər.

Tənha Qar qızının onlar üçün təhlükə yaratdığını duyub, hərə öz Şaxta Babasının yanına gəldi.

Bu azmış kimi, hərə öz Babasının qoluna girib onu kənara çəkdi.

Beləcə, hündür yolkanın sayrışan ulduzları altında Qar Qızlar və Şaxta Babalar qol-qola gəzişirdilər. Babalar cürət edib tək qalmış Qar Qıza baxa bilmirdilər, amma hər birinin ürəyindən nə keçirdisə, hamıya məlum idi.

Kollektiv maraq dalğası tənha Qar Qızın ətrafında sıxlaşırdı. Qar Qızları zahirən məsum görünsələr də, ifritə baxışları ilə tənha Qar Qızı məhv edirdilər.

Onların gözlərindəki mənfi enerjinin təsirinə məruz qalmamaq üçün tənha Qar Qız yaxalığını kip bağladı, əllərini ciblərinə basdı, sanki öz ətrafında görünməz bir müdafiə sferası yaratmağa çalışırdı.

Daha burda, ifritələrin arasında qalmaq olmazdı.

Qar Qız şaxtada donub muncuq kimi kipriklərindən sallanan göz yaşları içində evinə yollandı. Sifəti küləkdənmi, məyusluqdanmı yanırdı.

Özünü elə bədbəxt hiss edirdi ki...

- Ana, bax, Qar Qız ağlayır! – anasının əlindən tutmuş bir uşaq qışqırdı.

- Sənə elə gəlir. Heç Qar Qız da ağlayarmı?

Qar qız evə necə gəlib çatdığını bilmədi. Bir də gördü ki, evinin qapısı önündədir, qapının dibində də kimsə var.

- Ey, siz kimsiz... – Qar Qız alçaq səslə, ehtiyatla soruşdu. Qapının dibində halsız qalmış kişi hay verməsə də, nəfəs alırdı.

Qar Qız qapını açıb kişini içəri dartdı, yatağa qaldırmağa gücü çatmadı, kişi divanın qarşısındakı naxışlı xalçanın üstündə qaldı.

Soyuqdan donmuş Qar Qız da divana yıxılıb yatdı.

Qəhvə ətrindən oyandı. Mətbəxdən otağa dalğa-dalğa dolan bu ətir elə doğma, elə şirin idi ki... Qar Qız gözlərini yumub açdı. Yuxuda deyildi.

Qəhvə ətri real idi. Mətbəxdən gələn hənirdi kimi real.

Qar qız ehtiyatla, barmaqlarının ucunda mətbəxə yaxınlaşdı. Mətbəxdəki kiçik masa arxasında cavan bir kişi əyləşib iki güllü fincana qəhvə süzürdü. Yüz ilin tanışı kimi:

- Sabahın xeyir, Qar Qızım, - deyib əli ilə masaya dəvət etdi.

Qar qız əyləşdi. Fincandan qalxan qəhvə ətri burnunu qıcıqlandırdı, gözləri yaşardı. Yenə ağlamaq istəyirdi.

Kişi təbəssümlə ona baxırdı.

“Deyəsən, quşlara son qoyuldu”, - qadın fikirləşdi və qəhvədən bir qurtum içdi.
XS
SM
MD
LG