Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:30

ZAUR. Papağımı oğurlayıblar (Mənsur şeirlər)

















Papağımı oğurlayıblar


(Cizgilər...)

Qeyrət... Artıq cılızlaşıb bu ad! Kişiyə yox, bir dəvəyə yaraşır bu ad!

Qeyrət... Əvvəllər papaqla ölçülərdi, indi pulla – varla, qarınla ölçülür.

Qeyrət... Yaraşmır daş atan o, fəhləyə... Uyğunlaşdırılıb vəzifədə oturan, sənin, mənim sərvətimi talayan yekəqarın məmura.

Mən də qeyrətsizəm. Fəqət, var – dövlətim olmadığına görə yox, yurdsuz olduğuma, ana – bacımın ermənidən doğduğu, pusqudan mənə baxıb, bic – bic gülərək: - Dayımdır, - deyən, qarışıq qanlı oğlana görə qeyrətsizəm!

Qeyrətsizəm, Qarabağ, Təbriz, Zəngəzur adlı anamı, gəlinimi, qızımı əllərə verdiyim üçün qeyrətsizəm. Gec də olsa, qeyrətimi qaytarmaq istəyirəm.

Əl atıram, başıma, papğım yox başımda, oğurlayıb, aparıblar. Qarabağda, Təbrizdə, Zəngəzurda əsir saxlayıblar.

Buraxın məni “sülh – sülh” deyən kəslər gedim əsirimin dalınca, bəsdi dözdüm “sülhünüzə”. Buraxın gedim, papağımın dalınca...

07 Dekabr, 2010
Bakı şəhəri.



Ulayıram boz qurd kimi

(Cizgilər...)

Hər sərhəddi ötüb, o taya keçəndə, ürəyim dolub, gözlərim yaşarır... Didir, parçalayır, içimi bu yaş damcıları... Gözlərimdən süzülən bu yaş, mənim yox, Ərdəbildə uyuyan babalarımın naləsidir. Şah İsmayıl torpağını isladan yağışdı bu, yaş deyil.

Addım – addım gəzirəm mən güneyi. Duyuram soydaşlarımın gözlərindəki gileyi. Gülən nəm gözlərdən suallar yağır üstümə: - Axı, niyə ayrıyıq biz?!

Heydər baba zirvəsindən boylanan Şəhriyar ruhu salamlayır, qınayır məni:

- Sən necə övladsan, sən necə vətəndaşsan ki, vətən daşının parçalanmış, yaralanmış tərəfin unudub, yaddan çıxarıbsan?!.

Cavab verirəm:

- Baba Şəhriyar, ulu Şəhriyar! Bu mənim yox, tarixin günahıdı. Bir milləti, bir torpağı ikiyə bölüblər. Səttarxanla, Bağırxanla millətin mübarizə ruhunu öldürüblər.

Hayqırıram, ulayıram boz qurd kimi: - Ulu türk ayağa qalx! Bəsdi, diz çökdün, bəsdi yenildin. Ya qabarlanmış dizlərini kəs tulla, məhv ol, silin bu dünyanın xəritəsindən. Ya da ayağa dur, sanc üçrəngli bayrağı Təbrizdən, Qarabağdan!..

07 Dekabr, 2010
Bakı şəhəri.



QƏRİBLƏR AİLƏSİ

(Cizgilər...)

Qəriblik acısını çəkmiş və çəkənlərə ithaf edirəm!

Yenicə evləndim. Dərhal da məni səndən alıb, apardılar qəribliklərə...

O zaman ilk günləri sənin üçün yox, evimiz üçün darıxırdım.

Sonradan üç rəngli bayrağının səfirlik qarşısında dalğalandığını görüb, gözlərim dolanda, əslində sənin üçün darıxdığımı anladım. Anladım ki, səndə olan kiçik komamızda özümü saraylarda zənn edirdim.

Fəqət qəriblikdə, iki mərtəbəli, bağ – bağatlı evimizdə özümü uçulub dağılmış, komada hiss edirəm.

Havası da məni boğur, nəfəs ala bilmirəm. Gecələr saatlarla eyvanda dayanıb, üzümü sənə doğru tuturam. Bəlkə, bir udumluq havanı uda bilərəm deyə...

Qəriblik, dərdlər dərdi qəriblik... Mənə də qonaq... bəlkə də qonaq yox, əbədi arzuolunmaz sakin, dərd gəldi qəlbimə.

Onda qədrin bildim, anamın həsrətdən çatlayan məzar daşının, atamın saçlarıma sığal çəkən qırışlı əllərinin, qardaşımın acıqlı, bacımın gülən gözlərinin.

Onda duydum sənin mənə nə qədər əziz və doğma olduğunu vətən!.. Qəriblikdə anladım sənə olan sevgimi.

Bu sevgi doğmalarıma olan sevgidən də uca, tükənməz idi. Çünki əsl doğmam sən idin Vətən!..

Beləcə, qəriblikdə övladımız dünyaya gəldi. Oğlumuz olmuşdu.

Övladı olan sevinib, şadlansa da, mən balamın ağlayanda qızaran, pörtən üzünə üzümü dayayaraq, ağlayırdım onunla hər gecə. Süd gözlərinin dərinliklərindən qəribliyin acısını, sənin həsrətini duyurdum, Vətən...

Bu üzdən də səndən ayrı dünyaya gələn körpənin adını Qərib qoydum.

Qəriblə birgə hamımızın, mənim də, onun da – yoldaşımı deyirəm, hamımızın adı Qərib oldu. Vətən həsrətli qəriblər ailəsi...Vətən!

22 Dekabr, 2010
Bakı şəhəri
XS
SM
MD
LG