Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:33

Vətəndaş özü də hüquqlarının pozulmasında günahkardır


Əvəz Həsənov
Əvəz Həsənov
Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı durum nə vəziyyətdədir? Vətəndaşların ən çox hansı hüquqları pozulur və hansılarını bərpa etmək mümkün olur? Bu və digər suallara AzadlıqRadiosunun “İnternyus” təşkilatı ilə birlikdə və Avropa Komissiyasının dəstəyi ilə hazırladığı “Hər kəsin haqqı var” proqramında cavab axtarılıb.

Məlum olduğu kimi, bu il BMT 10 dekabr - Beynəlxalq İnsan Haqları Gününün hüquq müdafiəçilərinə həsr olunduğunu bəyan etmişdi. Təşkilatın baş katibi Ban Ki-moon müraciətində bildirib ki, hüquq müdafiəçilərini qorumağın məsuliyyəti dövlətlərin üzərinə düşür:

“Mən bütün dövlətləri onların fəaliyyətinə şərait yaradan ifadə azadlığı və sərbəst toplaşma azadlığını təmin etməyə çağırıram. Hüquq müdafiəçilərinin həyatı təhlükədə olanda hər birimiz təhlükədə oluruq. Onlar susdurulduqda ədalətin özü boğulmuş olur. Odur ki, gəlin bu gücdən istifadə edək, hər birimiz hüquq müdafiəçisi olaq”.

HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN SÖZLƏRİ – MİLÇƏK VIZILTISI?

Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov deyir ki, Azərbaycanda hüquq müdafiəçiləri çox iş görür. Sadəcə, ölkədə o qədər total hüquq pozuntuları baş verir ki, hüquq müdafiəçilərinin fəaliyyəti onların yanında milçək vızıltısı kimi səslənir:

“Mən elə bir hadisə xatırlamıram ki, hansısa kütləvi iğtişaşlar, həbslər olsun və hüquq müdafiəçiləri bu hadisələrə biganə qalsın. Bizə bu işlərdə jurnalistlər də çox kömək edir. Amma təəssüf ki, indiyə qədər hüquq müdafiəçiləri nə prezident, nə Milli Məclis rəhbərliyi, nə baş nazir, nə də digər nazirlərlə görüşüblər”.

HAQLARIN MÜDAFIƏSI ÜÇÜN SƏMƏRƏLİ MEXANİZM VAR

Fuad Ələsgərov
Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirir ki, Azərbaycan vətəndaşları daxili və beynəlxalq hüquq vasitələrindən səmərəli istifadə edə bilirlər. Hətta Konstitusiyaya edilən son dəyişiklikdən sonra vətəndaşların özəl həyat toxunulmazlığı, fikir, vicdan və ifadə azadlıqları, mülkiyyət hüquqlarının müdafiəsi xeyli artıb:

“Məhkəmədən kənar müdafiə vasitələri də var. Ombudsman da bu sahədə inkişafa təkan verib. “İnsan haqları üzrə müvəkkil haqqında” qanuna dəyişikliklər edilib. Bu sənədə əsasən, müvəkkilin funksiyalarının genişləndirilməsi nəzərdə tutulub”.

BU SAHƏDƏ XEYLİ İRƏLİLƏYİŞ VAR

Elə ombudsmanın özü də son illər Azərbaycanda insan haqlarının müdafiəsi ilə bağlı vəziyyətdə dönüş olduğunu hesab edir. İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova deyir ki, 10 il əvvələ nisbətən bu sahədə xeyli irəliləyiş var. Hətta vətəndaşların hüquqlarının pozuntusuna yol verən məmurlar da cəzalandırılıb. Təkcə Daxili İşlər Nazirliyi orqanlarınln 241 nəfər, prokurorluq orqanlarının isə 60-dan çox işçisi cəzalandırılıb:

Elmira Süleymanova
“Amma demək olmaz ki, ölkədə hüquq pozuntusu yoxdur. Əslində, belə ölkə yoxdur. Bizdə də məmur özbaşınalığı baş verir. Amma kimlərinsə marağı var ki, hansısa məmurun səhvini dövlətin siyasəti kimi qiymətləndirsin” .

İŞGƏNCƏ VERƏNI, RÜŞVƏT ALANI HƏBS ETMƏK LAZIMDIR

Əvəz Həsənov isə bu tədbirləri kifayət hesab etmir. Onun fikrincə, işgəncə verən məmuru, rüşvət alan şəxsləri həbs etmək lazımdır. Belə olsa, ölkədə insan haqlarının müdafiəsi üçün konkret təsirli tədbirlərin görüldüyün demək olar:

“İndi biz insan haqlarının durumuna görə Latın Amerikası və keçmiş SSRİ ölkələrinə daha çox oxşayırıq. Çünki biz hüquqlarımızı tələb etməyi bacarmırıq. Əgər vətəndaş məmurun yanına gəlib deyirsə ki “bu işimi gör, sənə hörmət edəcəyəm” onda cinayətkar elə vətəndaşın özüdür. Məmur ağzını açmamış, ona rüşvət təklif edilirsə, onda Azərbaycanda insan hüquqlarının pozulmasında məmur və vətəndaşların günahı yarıbayarıdır”.

Əvəz Həsənov hesab edir ki, əgər vətəndaş dirəniş göstərsə, heç kim onun hüququnu poza bilməz. Onun fikrincə, insanlar hansısa qanunsuz situasiya ilə rastlaşanda heç olmasa bir dəfə “mənim hüququm var” kəlməsini işlətməlidirlər. Onda hüququ pozmaq istəyən adam məsələyə fərqli yanaşmağa məcbur olacaq.
XS
SM
MD
LG