Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:36

Aslan Quliyev "Oğraş qarğa" (Hekayə)


Şərqdə günəş çətinliklə dənizdən qopub aralanır, alov topu kimi yüksəlirdi, torpağın, otun, çiçəyin şehi çəkilir, çobanyastığı çiçəklərinin, nəm torpağın qoxusu pəncərənin dır-deşiklərindən içəri dolurdu.

Samovarı yandırmağı tənbəllik elədi, qəhvədanı elektrik plitkasında qaynadıb, çay dəmlədi, peçenye ilə bir stəkan çay içib həyətə düşdü.

Cücələri hindən buraxdı, on altı dənə idilər, əncir ağacının quru budağında oturub cücələri hərisliklə izləyən qarğaya xəbərdarlıq elədi.

Gözlərini bərəltmə, dədə malı kimi yarıya bölürük, səkkizi sənin, səkkizi mənim. Səkkiz cücəni nuşi canlıqla, afiyətlə aşır. Amma mənim yanımda yox, cücələrə toxunar, deyərlər cücəsini yoluq qarğa oğurlayır, bu isə səsini çıxarmır, rəzil olaram.

Qarğa anlaşılmaz tərzdə mızıldanır, yoluq-filan olmadığını deyirdi. Qarğanın özünü yerə vurmaması onu bir az da hirsləndirirdi, yoluq deyilsən, bəs nəsən? Gözünü dikibsən əlimə, mən səni yedizdirmək üçün öhdəlik götürmüşəm? Zəhmət çəkməli, özün-özünə yem tapmalısan.

İşə gedəndə yemək qalıqlarını, boyat çörəyi həyətdəki daşın üzərinə qoydu.

Balaların üçün apar, dedi, səni müftəxorluğa öyrədirəm, amma neyleyim, sənin ümidinə qalsalar, aclarından ölərlər.

Sənin tör-töküntünə qalan yoxdu, qarğa nifrətlə deyinirdi.

Nankor qarğa, bircə dəfə belə dilindən yaxşı söz çıxmır, nə qədər yaxşılıq eləsən də hey deyinir, donquldanır, sanki bunun dədə-babasına borcu olan var imiş.

Müdir onu qapının ağzında qarşıladı, əlində qapaqlı saniyə ölçən saatını tutmuşdu, fısıldayırdı və yekə qarnı fısıltısının taktlarına uyğun olaraq yatıb qalxırdı.

- Hardaydın?

- Evdə.

- Nə iş görürdün?

- Qarğanı başa salmağa çalışırdım.

- Başa saldın?

- Hə.

Həmişə olduğu kimi müdir qızarır, çənəsi, üzü qan rəngi alır, boğazının damarları şişirdi.
Deməli, qarğanı başa salırmışsan, çölün quşu ilə dərdləşirmişsən?! Düz on iki dəqiqə gecikibsən! Maaşından çıxacağam, qəpiyinə qədər! Dövlət qardaşımız pulunu küçəyə tökməyib, hər dılğıra havayı yerə pul versə, müflisləşər! «Va…ah! Qarğanı başa sala bilirəm, amma səni bircə yol başa sala bilmədim.

Sən haçandan dövlət qardaşımıza ürək yandıran olubsan? Dövlət qardaşın milyonlarının başına daş salırsan, vecinə deyil, amma mənim aldığım üç-beş quruşun dərdini çəkirsən! Baş-beynimi aparma, yoxsa ərizəmi yazıb elə indicə çıxıb gedərəm».

Müdir dərhal da əl-ayağa düşdü, sözdü deyirəm, onu dilə tuturdu, dəymə-düşər olma. Qoluna girib içəri apardı.

Gör sənə nə deyirəm, yana-yana deyirdi, günlərin birində biri bu qapıdan içəri girib desə ki, bəs mən bu zibil maşınını sürməyə razıyam, onda mənim həyatımda ən xoşbəxt gün olacaq. Əmrini yazıb, səni işdən it qovan kimi qovub, sənə şəstlə qapını göstərəndə özümü dünyanın ən xoşbəxt adamı hesab eləyəcəyəm! Üç şüşə araq içib, oxay deyib ayağa qalxacaq, yaxamı açıb düşəcəyəm küçələrin canına, qoy təmiz hava vursun sinəmə! Neyneyim, yoxdur, heç kim razılaşmır, özlərinə sığışdırmırlar!

Sonra da müstəntiqə zəng elədi, bir quş-quşunu öldürməkdən ötrü ona neçə il iş veriləcəyi ilə maraqlanırdı, müstəntiqin cavabı onu narazı salmışdı. Sən orda hay-küy salma, mən adam öldürmürəm, öldürmərəm də, söhbət quş-quşudan gedir, quş-quşuların adamlara bir aidiyyatı yoxdu. Elə iş olar, bundan ötrü heç iki-üç il də yatmağa dəyməz, qalıb on beş il yatasan!

Bu gün işləri çoxdu, şəhər balaca olsa da adamlar şəhəri zibilləməkdə xüsusi fəallıq göstərirdilər. Bir maşın, iki fəhlə gün ərzində zibili yığıb qurtarmağa çatdırmırdı. Saat yeddiyə on iki dəqiqə işləmiş maşını döndərdi. Müdir göm-göy göyərdi:

- Hara?

- Qaraja.

- İşi yarımçıq qoyursan?

- Hə.

- Qovaram!

- Qov.

- Maaşını kəsərəm!

- Kəs!

Müdir zibil qalağının üstündə atılıb düşür, zibil torbalarını təpikləyir, ətrafa üfunət qoxusu yayılır, havada sellafon torbalar uçuşurdu. Sənin başın xarabdı, prokurorun küçəsini təmizləməmişik, dərimə saman təpər!

Qoy təpsin, etinasız halda dedi, səhər on iki dəqiqə gecikmişdim, indi də iş vaxtından on iki dəqiqə çox işləyib, əvəzini çıxdım. Bizdə iş səkkiz saatlıqdır, bunu dana bilməzsən. Səhər saatı gözümə təpməsəydin, on iki dəqiqə gecikməklə dövlət qardaşımızı müflis elədiyimi bəyan eləməsəydin, bunlar yadıma düşməzdi.

Müdirin çığır-bağırına baxmadan maşını qaraja gətirib gözətçiyə təhvil verdi və yuyunub, balaca köşkdə paltarlarını dəyişərək evə qayıtdı.

İlk işi cücələrə dən səpmək oldu, amma birdən-birə cücələrdlən doqquzunun olmadığını görəndə heyrətdən gözləri kəlləsinə çıxdı. Əncir ağacının quru budağı üstə oturmuş qarğanı səslədi:

- Sənin işindi?

- Lap elə mənim işimdi.

- Mən cücələri bölmüşdüm axı, sənə səkkizi düşürdü. Sənsə birdən-birə doqquzunu aparıbsan!

- Cücə görəndə qanım cuşə gəlir, - qarğa etinasız halda qarıldadı.

Yanıb-yaxılırdı, sənin lap yeddi arxadan dönəni, bütün sülaləni, ananı-bacını, dədəni-babanı, ölülərini-dirilərini…. Sən oğraş qarğasan! Sən dünyanın ən həyasız quşusan!

Qarğa narazı qalmışdı, necə də abırsız adamsan, onu məzəmmətləyirdi, iki cücədən ötrü özünü boğursan.

«Özümü boğurmuşam, iki cücədən ötrü?! – həyətin ortasında atılıb düşürdü. – Tfu sənin sifətinə! Demək cücə görəndə qara qanın cuşə gəlirmiş, hə?! Mən səndən bunun hesabını soraram! Heç şübhən olmasın!».

Qarğaya etibar eləyə bilməzdi, bunun cücə görəndə qanı cuşə gəlirmiş, nə qədər hamısının axırına çıxmamışdı, cücələri hinə saldı.

Akasiya ağacının dibindəki samovarı yandırıb, yaxınlıqdakı vələs kötüyünün üstündə oturdu, stul əvəzinə payızda meşədən gətirdiyi bu kötüklərdən istifadə eləyirdi.

Qarğa da gəlib yaxınlıqdakı kötüyün üzərinə qondu.

Bu onu lap cinləndirdi, vay səni, çaqqal! Cücəmi oğurlayırsan, azlıq eləyir, gəlib hələ bir mənimlə üzbəüz də oturursan! Qalx və mənim məclisimi tərk elə!

Qarğa hirslə qarıldadı, könülsüz halda qanadlarını çalıb havaya qalxdı, amma bir qədər havada dövrə vurandan sonra yenə gəlib kötüyün üstündə oturdu. Daha bir söz demədi, yenə arada bununla dərdləşirdi, qovsa, tək-tənha qalacaqdı, onsuz da darıxmaqdan bağrı çatlayırdı.

Çay dəmlədi, qarğaya nə qədər hirslənsə də, onun üçün evdən buğda gətirib səpdi. Sənə bir əhvalat danışmaq istəyirəm, çay içə-içə qarğaya dedi.

«Danış, - qarğa işküzarlıqla buğdaları bir-bir dənləyərək dedi, - amma uzun olmasın».

«Uzun olmayacaq, qısadı. Biz məktəbdə oxuyanda səkkiz oğlan, bir qız idik. Yeddimiz qıza dəlicəsinə vurulmuşduq, içərimizdə eynəkli, çəlimsiz birisi var idi, o isə qıza etinasız idi. Səkkizinci sinfi qurtaranda qızı bu şəhərə, yaşlı bir kişiyə zorla ərə verdilər. Dəli olmuşduq, az qala ağlımızı itirəcəkdik. Eynəkli isə elə həmən gün özünü həyətlərindəki tut ağacından asmışdı. Sən demə o qızı bizim hamımızdan çox sevirmiş, sadəcə biruzə vermirmiş».

Qarğa əsəbi reaksiya verdi, nə olsun, bunun mənə nə dəxli? Sənə dəxli yoxdu, dedi, insanların dərd-sərindən quşlara nə, sadəcə istədim biləsən.

- Lap elə bildim! Nə olasıdı?

- Yum!

- Sənə nə olub? – qarğa incik halda səsləndi.

- Heç…

- Olub, olub.

- Darıxıram, - etiraf elədi.

- Boş şeydi.

Səninçün əlbəttə boş şeydi, ilk dəfəydi qarğaya həsəd aparırdı, hara istəyirsən uçub gedirsən, dərdin yox, sərin yox. Bircə yem fikri çəkirsən, o da bol. Uça bilənlərin dərdi olmur.

Çaxır almışdı, evdə pendir, pamidor da var idi, süfrə açdı, günəş dağların arxasına əyilib qaranlıq düşəndən sonra qonşuluqdakı dul qadının evində kirayə qalan musiqi müəlliməsi də gəldi.

Çaxır içir, qızın yumru çənəsinə, qız danışdıqca xəfifcə titrəşən qızılı saçlarına baxır, nədənsə qüssələnirdi.

Qız burda əbədi qalan deyildi, uzağı bir-iki ilə çıxıb gedəcəkdi və o zibil maşını, müdir və qarğayla qalacaqdı. İndidən belə bunu təsəvvür eləyəndə ürəyi sıxılırdı.

- Niyə kədərləndin? – qız soruşdu.

- Heç.

- Mənim nə vaxtsa gedəcəyimi düşündün?

- Hə, - etiraf elədi.

- Bəlkə heç getmədim, evləndim qaldım burda.

- Evləndin?

Hər halda səninlə yox, qız başını arxaya əyib gülür, yumru çənəsində elektrik lampasının solğun işığı şölələnirdi, sən reallığı dərk eləməlisən. Mən bu balaca şəhərin ən gözəl qızıyam, yeganə musiqi müəlliməsiyəm, bilirsən nə qədər başıma fırlanan var? Lap heç istəyənim olmasa belə zibil daşıyana ərə getmərəm. Sadəcə vaxt keçirdirik, istəmirsən, gəlmərəm. Amma sən çox da ürəyini sıxma, əlinə düşən fürsətdən geninə-boluna istifadə elə, gələcəyin hesabını aparma. Bəlkə mən gedəndən sonra məndən də gözəl qızla tanış olacaqsan.

Qız haqlıydı, əlbəttə zibil daşıyana ərə getməzdi, şəhərin az qala bütün cavanları başına fırlanırdılarsa, niyə də getsin?

Yaxşı, dedi, bir halda belədisə, fürsətdən geninə-boluna istifadə eləyək. Həmişə olduğu kimi qızın şalvarını çıxaranda hirslənirdi. Bu nədi, sən bir dəfə əməlli-başlı qadın paltarı geymədin də! Hər dəfə şalvarını çıxardanda elə bilirəm kişi soyundururam, olub-qalan həvəsim də keçir.

«Həvəsin keçir, eləmi? – qız gülürdü. – Belə tamam iştahdan düşürsən? İştahdan düşdüyünü görməmişəm. Az danış, yoxsa şalvar çıxartmağa da həsrət qalarsan!»

Qız səhərə yaxın getdi, o da bir az yatıb ayağa qalxdı, əvvəlcə cücələri hindən buraxdı, arxın kənarından gicirtikan dərib hərəsinin belinə bir topa bağladı, özünü ağacların arasına verib gözləməyə başladı. Çox gözləyəsi olmadı, qarğa qovaq ağacındakı yuvasından pırıltı ilə havaya qalxdı, cücələrin səsini eşitmişdi və məlum işdir, qanı cuşə gəlmişdi.

Havada bir-iki dövrə vurub cücələrin üzərinə şığıdı, birini götürüb havaya qalxdı. Azacıq qalxmışdı ki, birdən cücəni yerə buraxıb, yaxınlıqdakı təpədə oturdu, çaynaqlarını quma-torpağa sürtür, otların içərisində mayallaq aşır, heç cür sakitləşmirdi. O gizləndiyi yerdən çıxmışdı, qarnını tutub gülür, uğunub gedirdi. Apara bildinmi, sənə dedim axı bunun üçün cavab verəcəksən!

Qarğa bir xeyli də vurnuxub sakitləşəndən sonra uçub alça ağacına qondu, onu qanlı-qanlı süzürdü:

- Sən alçaq adamsan! – nifrətlə dedi.

- Mən?!

- Sən!

- Cücələrimi oğurlayan alçaq olmur, mən alçaq oluram?

- Deməyinin adı nədi, balalarım ac qalsın?

- Oğraş qarğa, mən sənin balalarını yedizdirmək üçün öhdəçilik götürmüşəm? Uç çölə, orda bəs qədər çəyirtikə var, tut, gətir.

Qarğaya nə qədər hirslənsə də, balaları üçün daşın üzərinə çörək qoydu, getmək istəyəndə qonşunun səkkizinci sinifdə oxuyan oğlu gəldi.

Arıq, çəlimsiz yeniyetməydi, iri eynəyi sifətini büsbütün tutmuşdu, anasının deməyinə görə dərslərini yaxşı oxuyurdu, əlaçıydı.

- Salam, dostum, - oğlanı salamladı.

- Müəllimə ilə işin olmasın, - oğlan onu eşitmirmiş kimi qaşqabağını tökərək dedi.

- Necə? – qulaqlarına inanmadı.

- Müəlləimə ilə işin olmasın!

- Niyə?

- Mən onu sevirəm.

- Dostum, sən hələ uşaqsan. Dərslərini oxu. Sevməyə vaxtın çox olacaq.

- İşin olmasın!

- Birdən oldu?

- Onda öldürürəm!

- Sən, məni? Dostum, gəl səni yola salım! – oğlanın qolundan yapışıb doqqaza qədər gətirdi və öz həyətlərinə itələdi.

Çaşıb qalmışdı, işə bax, gör onun dilsiz-ağızsız hesab elədiyi oğlan nələr danışırdı. Vurulub, özü də kimə, müəlliməsinə! Hələ bir hədələyir də, işin olsa, öldürərəm! Qarışqa belə öldürə bilməz, külək bərk dəysə, götürüb aparar, di gəl öldürməkdən dəm vurur.

Müdir onu qapının ağzında gözləyirdi, saatı da əlindəydi. On altı dəqiqə gecikibsən, amma bu dəfəlik bağışlayıram, bir söz demirəm. Amma hər işçi gündə beş-on dəqiqə işə geciksə, dövlət qardaş büsbütün müflis olar!

«Bağışlayan, bir söz deməyən əbləh saatıyla qapının ağzını kəsdirməz! On altı dəqiqə gecikmişəmsə, iyirmi dəqiqə artıq işlərəm, dövlət qardaşımızı müflis eləmərəm!».

Müdir içəri cumdu, kiminləsə danışır, nərildəyirdi, sən bir də oxu! Əməlli oxu, mən biləni quş-quşunu öldürməkdən ötrü adama uzağı iki-üç il iş verərlər. Yoxsa on beş il nədir?! A kişi, mən on beş il yaşamaram, iyrənc bir varlıqdan ötrü ömrümü türmədəmi başa vurum?

Müdir telefonu yerə qoyub alnının tərini sildi, yana-yana onu bir xeyli süzdü, yumruğunu stola vurdu, stulları təpiklədi və fəhlələri səslədi ki, işə başlasınlar.

Bu gün yeddiyə iyirmi dəqiqə işləmiş işi saxladı, onu fikrindən döndərə bilməyəcəyini başa düşən müdir daha bir söz demədi, amma əlini açıb Allaha yalvarır, ona tezliklə bu lənətə gəlmiş maşında işləməyə razı olan birisini yetirməyi xahiş edirdi. Nəzir boyun alırdı. Kiminsə qəbri üstünə dizi-dizi gedəcəyinə and içirdi.

Bir şüşə çaxır, çörək, pomidor alıb evə qayıtdı. Hələ həyətə çatmamış qarğanın həyəcanlı qarıltısını eşitdi, şübhəsiz nəsə olmuşdu.

Həyətə keçən kimi gördüyü mənzərədən sarsıldı, cavan bir oğlan qovaq ağacıyla qarğanın yuvasına doğru dırmaşırdı, qarğa da vay-həşir qopartmışdı, qoymayın, adam balalarımı aparacaq!

Ey, neyləyirsən, oğlanı səslədi, düş aşağı görüm.

Oğlan ağacın gövdəsini buraxmadan geri döndü.

«Mən biologiya müəllimiyəm, - dedi, - məktəbdə canlı guşə düzəldirik. Bir qədər quş, heyvan yığmışıq. Bu yuvadakı qarğa balalarını da aparacağam».

«Başını daşa döyəcəksən! Sən nə deyib məndən icazəsiz qarğalarımı aparmaq istəyirsən?»

«Sən nə haqla məni təhqir edirsən? Mən dövlət qardaşımızın göstərişini yerinə yetirirəm!»

«Dövlət qardaşımız sənə deyir gəl, mənim qarğa balalarımı oğurla?!»

«Qarğa balaları sənin niyə olurlar? Çölün, düzün qarğasıdı!»

«Çölün, düzün qarğasıdısa, mənim bağımda niyə yuva qurub? Cəhənnəm ol, düş aşağı! Yoxsa təpənə bir daş vurub, zorla aşağı salaram! Dövlət qardaşımızın göstərişi yarımçıq qalar».

Oğlan bir qədər tərəddüd elədi, amma onun doğrudan da daşa əl ata biləcəyini düşünüb, ağacdan düşdü, pərt olmuşdu.

Onu hədələyir, bu işi belə qoymayacağını deyirdi. Sənin kimi zibil daşıyanlar, maarifimizin, təhsilimizin inkişafına mane ola bilməzlər! Adamlar var idi, balalarımız oxusun deyə bütün var-dövlətlərindən keçir, qapısının mal-heyvanını verirdilər. Sənsə qarğa balalarına qıymadın! Çölün qarğasına!

«Əcəb işə düşdük! Qardaşım, sənə qarğa balası lazımdısa, get, çöldən, meşədən tut! Yaxşı, mısmırığını sallama, bir halda lazımdı, tut qarğanın özünü apar, oğraş qarğadı, müftəxorun yekəsidi, qoy bir işdə kara gəlsin. Otursun orda, sizin canlı guşənizdə, uşaqlar da baxıb görsünlər necə əclaf qarğalarımız var».

«Mən bu oğraş, müftəxor qarğanı necə tutum?»

«Orası sənlikdir. Olmaya qarğanı dövlət qardaşımız üçün mən tutmalıyam?»

«Gic-gic danışma! – müəllimin sifəti ağardı. – Qarğa dövlət qardaşımızın nəyinə lazımdı?»

«Belə de..e! Bəs onda qarğa balalarını kimin üçün tuturdun? Demək, özünə lazımmış, amma dövlət qardaşımızın adından istifadə eləyirmişsən! Cəhənnəm ol!»

Oğlan deyinə-deyinə çıxıb getdi, balaları xilas olsa da, qarğa narazı qalmışdı, donquldanır, onu nankor adlandırırdı.

Bu ona möhkəm toxundu, Kimin nankor olduğu bəlli oldu. Mən sağ ol eşidəcəyimi zənn eləmişdim, amma oğraş qarğa mənə nankor deyir! Qırmızı-qırmızı deyir, heç utanıb xəcalət də çəkmir!

«Va…ah! – qarğa qanadlarını çırpdı. - Məni biologiya müəlliminə vermək istəyən birisinə sağ ol deməliymişəm? Demərəm!»

«Cəhənnəmə demə! Səni tuta bilməyəcəyini bilirdim, ona görə dedim».

Samovarı yandırdı, çay dəmlədi, çaya qoyunqıran çiçəklərindən də atmışdı, içdikcə çiçəklərin xoş qoxusunu ciyərlərinə çəkirdi. Qarğa üçün evdən boyat kartof soyutması, dən gətirib səpdi.

- Sənə bir şey danışımmı? – qarğadan soruşdu.

- Danışma.

- Niyə?

- Nə danışacağını bilirəm, - qarğa dənləməsinə ara vermədən qarıldadı.

- Bilirsən?

- Hə! Səkkiz oğlan bir qız imişsiniz…

- Yum! – nifrətlə dedi.

Oğraş qarğadan bundan artıq nə gözləyəsən? Nə danışacağımı bilir, daha qulaq asa bilməz! Nə olar bir də qulaq asanda, qanadların qırılar, ya qarnına sancı dolar? Nankor!

Qarğayla söhbətləşməkdən özünü saxlaya bilmirdi. Sizin tayfa uzun ömürlü olur, deyirdi, məndən çox yaşayacaqsan. Mən öləndən sonra ara-sıra gəlib qəbrimə baş çəkərsən. Heç olmaya dostlarım məni unutmayıblar deyə təskinlik tapım.

«Yaxşı», - qarğa söz verdi.

Qaranlıq düşəndən sonra musiqi müəlliməsi gəldi, qız kotlet bişirib gətirmişdi, onu məzəmmətləyirdi, səndən olsa dilinə pendirdən, pamidordan başqa heç nə vurmazsan. Evə keçib süfrə açdılar, qız şərab içdikcə yanaqları allanırdı.

- Mən ərə gedəndən sonra neyləyəcəksən?

- Çıxıb gedəcəyəm.

- Hara? – qız maraqla soruşdu.

- Rusiyətə.

- Orda darıxmayacaqsan?

- Bilmirəm, - çiyinlərini çəkdi.

Yataq otağına keçəndə yenə də qızın şıltaqlığı tutmuşdu.

Hə, necədi, şalvar çıxartmaq sənə çətinmi gəlir, iştahan qaçıb eləmir?

Yox, o da mızıldanırdı, nə olur-olsun, təki səni soyundura bilim.

Səhər qız oyanıb gedəndən sonra daha yata bilmədi, yuxusu qaçmışdı. Geyinib həyətə düşdü, artıq səhər açılır, şərqdə dənizin üzərindən asıla qalan günəş nəhəng qırmızı şarı xatırladırdı.

Həyətdəki çobanyastıqlarının üzərinə şeh qonmuşdu, şehdən təravətlənmiş otlar, çiçəklər daha da utancaq görünürdülər.

Cücələri açıb dən səpdi, qarğanın gözü qorxmuşdu, cücələrə gicitkan bağlamasa da, cücələrə toxunmurdu.

Samovarı yandırıb vələs kötüyünün üstündə oturdu. Çay içir, baxışlarını səhər mehi əsdikcə xəfifcə dalğalanan çobanyastığı çiçəklərindən çəkə bilmirdi.

Günəş yüksəldiyindən evi, həyəti, çölü çobanyastığı, yarpız qoxusu başına götürmüşdü.

Birdən qarğanını həyəcan dolu səsini eşitdi, ayağa qalxıb bağa qaçdı, arıq, zənci kimi qapqara bir oğlan qovaq ağacına dırmaşırdı. «Ey! – oğlanı səslədi. – Neyləyirsən?»

Oğlan narazı halda ona tərəf döndü.

«Mən baytar həkimiyəm, monitorinq keçirdirik. Quş qripinə görə».

«Sən indi bu monitorinqini nə cür keçirəcəksən?»

«Qarğa balalarını laborotoriyaya aparıb orda yaracaq, müayinə eləyəcəyəm!»

« Sən nə deyib qarğalarımı məndən icazəsiz tutursan, hələ bir yarırsan da! Adamın özünü yararlar, özü də ortadan! Labarotoriyaya aparmadan, elə yerindəcə, balta ilə! Düş aşağı!»

«Sən mənimlə belə danışa bilməzsən! Mən vəzifə başındayam, dövlət qardaşımızın göstərişini yerinə yetirirəm!»

«Qardaşım, dövlət qardaşımızın bir işi-gücü yoxmu? Düş aşağı, yoxsa yarma əməliyyatına başlayıram!»

Baytar həkimi döyükdü, onun niyətində ciddi olduğunu hiss edib, aşağı sürüşdü, yerə düşüb üst-başını çırpdı və onu hədələyərək çıxıb getdi.

Qayıdıb vələs kötüyünün üzərində təzəcə oturmuşdu ki, oğlan gəldi, salam vermədən qarşısında durmuşdu, sifətinin çoxunu eynək tutmuş varlığa heyrətlə baxırdı.

- Demişdimmi müəllimə ilə işin olmasın?

- Demişdin, - təsdiq elədi.

- Demişdimmi işin olsa öldürərəm?

- Demişdin.

- Amma sən qulaq asmadın.

- Onda nə olacaq? – gülüşünü güclə boğurdu.

- Öləcəksən.

Oğlan iri mətbəx bıçağını arxasında gizləyibmiş, ani bir hərəkətlə çıxarıb ürəyinin başından necə vurdusa, sanki ürəyinə qızmar dəmir parçası saldılar.

Nə baş verdiyini anlaya bilmir, qorxu dolu baxışlarını oğlana zilləyib heyrətlə baxırdı. Dözülməz ağrı artıq təpədən dırnağa kimi özünü hiss elətdirməyə başlasa da, hələ də baş verənlərə, oğlanın belə ani, qorxub çəkinmədən onu vurmasına inana bilmirdi.

Oğlan bıçağı dartıb çıxartdı, qaldırıb bir də vurmaq istədi, amma onun gözlərinə baxıb birdən qışqırdı, bıçağı yerə ataraq qaçıb getdi.

Sinəsi ilə qan şorranıb axırdı, bir təhər ayağa qalxıb yaxınlıqdakı çobanyastığı çəmənliyinə kimi gedə bildi və səntirləyib arxası üstə çiçəklərin arasına yıxıldı.

- Səni vurublar? – qarğa soruşdu.

- Hə, - dedi, - səndən bir xahişim var.

- Nəymiş? – qarğa qarıldadı.

- Öləndən sonra gözlərimi sən oymazsan, didməzsən.

- Sənin üçün nə fərqi? Mən oymasam da başqa qarğalar oyacaq.

- Oğraş qarğa, sən oyma, başqaları ilə nə işin? Sən gözlərimi oyanda ölmüş olsam belə, fani dünyadakı dostlarımın namərd olduqları məni yandıracaq.

- Yaxşı, oymaram.

- Söz?

- Söz! – qarğa onu əmin elədi.

Sənə bir dəfə danışmaq istəyirdim, amma qulaq asmadın, qarğaya deyirdi. O qızın vaxtından tez oğlu oldu. Hərə bir söz deyirdi. Nə demiş olsalar belə mən onu unuda bilmirdim. Hara getdimsə, harda oldumsa, səsi, gülüşü qulaqlarımdan çəkilmədi, gözlərimin qabağında donub qalmışdı. Əsgəriliyimi çəkəndən sonra bir az pul yığdım və gəlib bu evi aldım. Qonşum yeddi oğlanın dəlicəsinə vurulduğu, əsla unuda bilmədiyim həmən o qız idi, əri ölmüşdü. Gözəlliyindən əsər qalmamışdı, qocayla yaşamaq onu vaxtsız qocaltmışdı. Oğlu isə artıq böyümüşdü, adam öldürməyə gücü çatacaq qədər….

- Ölürsən? – qarğa həyəcanla soruşdu.

- Ölürəm.

- İnsanlar gəlib mənim balalarımı aparacaqlar.

- Uçun gedin insanların quşlara toxunmadığı ölkələrə.

- Balalarım uça bilmirlər.

- Uça bilməyənlər…- sözünü sona qədər deyə bilmədi.

Adam sonuncu dəfə çobanyastığı çiçəklərini qoxulayıb öldü.

Çöldən qarğalar uçub gəldilər, yırtıcı quşlar qan qoxusunu hiss eləmişdilər. Amma qarğa sülaləsinə xəbərdarlıq elədi:

- Onun gözlərini oya bilməzsiz!

- Niyə? – qarğalar soruşdular.

- Mən ona söz vermişəm.

- Bəs onda bu necə olacaq?- qarğalar narazı halda qarıldadılar.

- Adamlar gəlib onu qəbirstanlığa aparacaqlar. Mən də qəbrinə baş çəkəcəyəm. Dostlarının onu unutmadıqlarına əmin olsun deyə.

Adam düşüb qalmışdı çobanyastığı çiçəklərinin, yaz otlarının arasında, şüşə kimi tutqunlaşan göz bəbəklərində bir parça buludlu səma, əncir ağacının quru budağı əks olunmuşdu.
XS
SM
MD
LG