Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:37

Alınan rüşvətlər qaytarılır


Göyçay rayonunda iki sahibkardan alınan rüşvət bu günlərdə geri qaytarılıb. Həmin iki nəfərdən birinin-Anar Məmmədovun iddiasına görə, 2008-ci ildə 4200 manat rüşvət müqabilində rayon İcra Hakimiyyəti ona 105 kvadrat metrlik torpaq sahəsi veribmiş. Amma sonradan ona bu yerin daha baha olduğu bildirilib və həmin ərazidə tikinti işləri başlamağa icazə verilməyib.

Bundan sonra Anar Məmmədov Prezident Administrasiyasından tutmuş müxtəlif ünvanlara üzləşdiyi problem və ondan alınan rüşvətlə bağlı məlumat verib. Dediyinə görə, problem yalnız 2011-ci ildə prezidentin korrupsiyaya qarşı mübarizənin daha da ciddi aparılacağı ilə bağlı xəbərdarlığından sonra həll edilib. Torpaq sahəsi ona verilməklə, alınan 4200 manat pul da geri qaytarılıb.

«Prezident fərman verəndən sonra bu məsələnin üstünə düşdülər, gətirdilər pulumu verdilər.
Tanımadığım adamlar zəng edirdi ki, gəl pulunu verək. Axırı ki qayıtdı. Prokurorun da, müstəntiqin də yanında olmuşam, mən verdiyim pulu tələb etmişəm, onların mənə başqa pulu lazım olmayıb».

Anar Məmmədov deyir pul qaytarıldığına görə, artıq o, həmin şəxslərdən şikayətçi deyil.

«MƏNİM DƏ 4 MİN MANATIMI QAYTARDILAR»

Göyçaydan olan növbəti həmsöhbətim səsinin yazılmasına razı olsa da adının çəkilməsini istəmədi. Dediyinə görə, 6-7 ay əvvəl heç bir qanunsuz hərəkətə yol vermədiyi halda hüquq-mühafizə orqanlarında ondan 4 min manat rüşvət alıblarmış, baş verənlərlə bağlı ötən müddət ərzində prezidentə, daxili işlər nazirinə çoxsaylı müraciətlər edib:

«Mən prezidentə, daxili işlər nazirinə yazırdım. Bir həftə əvvəl çağırdılar pulumu qaytardılar, dedilər al pulunu, bu oyunu qurtar».

900 MANATA OLAN SÜRÜCÜLÜK VƏSİQƏSİ İNDİ 15 MANATA


Həmsöhbətim sevincinə səbəb olan digər bir hadisə ilə isə martın 4-də Yevlaxda üzləşib.

«Bu gün Yevlaxda olmuşam, yalnız 15 manat dövlət rüsumunu ödəyib sürücülük vəsiqəsi almışam. 900 manatdan düşüb 15 manata».

RÜŞVƏTİN QAYTARILMASININ SƏBƏBİ


Hüquq müdafiəçisi Vidadi İsgəndərov hesab edir ki, alınan rüşvətlərin geri qaytarılması məmurların narahatlığından xəbər verir.

«Məmurlar narahatdırlar ki, korrupsiyaya qarşı aparılan mübarizə kampaniyasının qurbanı ola bilərlər. Ona görə də vaxtilə rüşvət alan məmurlar sakitcə pulları geri qaytarırılar».

«MƏMURDA QORXU YARANMASI, BU YAXŞIDIR»

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə hesab edir ki, əgər korrupsiyaya qarşı mübarizə məmurlarda qorxu hissi yaradıbsa, bu yaxşı haldır.

«Artıq məmurda qorxu yaranması, bu yaxşıdır, bu əsasdır. İndiki mərhələdə o qorxunu yaratmaq lazımdır, məmur cəzadan qorxsun».

Vasif Mövsümov
hesab edir ki, əgər məmur nə vaxtsa aldığı rüşvəti qaytarırsa və pulu geri alan vətəndaş şikayətçi deyilsə onda həmin məmuru cəzalandırmağa ehtiyac yoxdur.

RÜŞVƏTİN FORMASI DƏYİŞİB?

Adının çəkilməsini istəməyən Bakı sakini isə iddia edir ki, bir həftə əvvəl Bakıdakı icra hakimiyyətlərindən birində ondan ev tikintisi ilə bağlı sərəncama görə 2500 manat rüşvət alıblar.

Dediyinə görə, əvvəlcə 17 sənəd tələb edilib. Bu sənədləri yığmağın çətin olduğunu bildirəndə onu icra hakimiyyətindəki qarovulçunun yanına göndəriblər. Pulu qarovulçuya verəndən bir saat sonra sərəncam hazır olub.

BƏS 10-a YAXIN SƏNƏD?

Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində atılan addımlardan bir də ünvanlı sosial yardım təyin olunanlara kartların verilməsi ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov martın 3-də nazirlikdə keçirilən müşavirədə deyib ki, bundan sonra kartları Sosial Müdafiə Mərkəzləri deyil, banklar verəcək.

Amma nazir yardım təyin olunmasına görə, vətəndaşların 10- a yaxın ayrı-ayrı qurumlardan sənədlər toplaması ilə bağlı hansısa yenilik olacağı barədə bir söz deməyib.
Ünvanlı sosial yardım üçün müraciət edənlərin elə ən ciddi narazılıqlarından biri də sənədlərin toplanması zamanı üzləşdikləri süründürməçilik və rüşvət halları ilə bağlıdır.

DAHA BÖYÜK NƏTİCƏ ÜMİDİ

Yanvarın 27-dən başlayaraq Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizəyə başlayıb. Həmin tarixdən bu yana prezident bir neçə fərman imzalayıb. Korrupsiyaya yol verdiyinə görə həbs olunan, vəzifəsini itirən, işdən çıxarılanlar var. Ancaq cəzalandırılanlar əsasən aşağı rütbəli məmurlardır.

Martın 1-də regionların sosial-iqtisadi inkişafına həsr olunan konfransda prezident İlham Əliyev yaxın zamanlarda daha da böyük nəticələrinin olacağına ümid etdiyini bildirib.
XS
SM
MD
LG