Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:43

Bir tutqac qədər...


FEYZİYYƏ


“Xırç, xırç, xırç...” Hamısını kəsim, sonra oturub rahat tikərəm.

Görəsən bundan neçəsi çıxar? Biri, ikisi, üçü... Çatmasa, yenə varımdı, çoxdu...

Donlarımın ən qəşənglərindən tikəcəm onları. Bu nə səsdi? Hə, telefondu.

Alo? Hə, necəsən? Əlini yandırmısan? Evdə bircə tutqacın yoxdu sənin?

Bilirəm, o ağrı mənə tanışdı. Uşaq vaxtı əlimi yandırdığım heç yadımdan çıxmır.

O gün mətbəxdə tək idim, qaz sobasının üzərindəki balaca dəmir parçasını götürüb qırağa qoymaq istəyirdim.

Elə bu vaxt əlim maqnit kimi dəmirə yapışdı, geri çəkəndə isə qaynar dəmirdə izi qalmışdı əlimin.

Dəmirdə tüstüləyən dərimin iyi bütün evi bürümüşdü. Ağrısını ağzımda azaltmaq istədim, amma tərsinə oldu.

Yanan əlimin harayı qışqırığa çevrilib bütün evi bürüməsin deyə, o biri əlimlə ağzımı bərk-bərk sıxıb otağa qaçmışdım, əvvəl qapını, sonra gözlərimi bağlayıb, var gücümlə içimə bağırmışdım, ordakılar – damarlarım, toxumalarım, hüceyrələrim qorxmuşdular, sarsılıb yerlərini dəyişmişdilər, görəcəkləri işi unutmuşdular.

O gündən sonra az qala hər gün “bu sənə bir dərs olsun” dedilər. “Yalın əllə toxunmazlar” sözləri hələ də qulaqlarımda cingildəyir.

Yox səni danlamaq fikrim yoxdu, amma bilirsənmi, o vaxtdan xeyli ötməyinə baxma, hələ çox da böyüməmişəm, hələ də həyata, adamlara ehtiyatla toxunmağı öyrənə bilməmişəm.

Amma bir gün gəlib əllərinin deyil, bütün həyatın, insanlığın yandığı bir mühitə düşəndə, diri-diri qovrulan insanlarla birgə çalışanda, onlarla üzbəüz oturub yemək yeyəndə çox şey öyrənməyə imkanın olur.

Hər gün insan yanığının, adam cız-bızının iyi qaçıb ciyərlərində gizlənəndə, içərindəki bağırtı səsləri əllərinlə bağladığın qulaqlarına barmaqlarının arasından təngənəfəs soxulub, beyninin qırışlarında ora-bura qaçışanda dərsini alır adam. Yaxşı, indi çalış bir az dincəl və ehtiyatlı ol...

İlahi, bunlar nə gözəl alınıb, yəni bunları mən tikmişəm? Bu sarı tutqacı o sarışın qadına verərəm. “Tık, tık, tık...” Qapını döyürlər? Kimdi?

– ...

Bu nədi, heç kim yoxdu ki. Qəribədi. O sarışın qadın da tez-tez döyəcləyərdi qapını, masanı. Harda sarışın bir qadın görsəm, həmin hadisə yadıma düşür...

...Oğlan yır-yığış eləyir, harasa hazırlaşır. Yükündən bilinir ki, uzaq və uzun bir səfərə çıxacaq. Ana-bala öpüşüb vidalaşırlar.

Oğul qapıdan çıxır, amma çox keçmir ki, evə qayıdır, yəqin nəyisə unudub. Və... otaqların hansındansa insan hənirtisi gəlir.

O səsə tərəf addımlayır... Anası yataqdadı.. Bir kişi də var orda...

Hə, o qadın filmin elə bu yerində qulaqlarını çəkib barmaqlarının arxası ilə kompüter masasını döyəcləmişdi.

Filmlərə baxmağı sevmirəm, səbrim çatmır. Elə kitabların da bir əvvəlinə, bir də sonuna göz gəzdirib, maraqlı gəlsə, oxumağa başlayıram, gəlməsə, heç.

Bax, filmin bu yerində, qadın qəfil qulaqlarını çəkib masanı döyəcləyəndə key-key ona baxıb dediyim “hə, nə olsun, kinodu daa...” sözlərimə əsəbiləşdiyini üzünün rəngindən anlamışdım. Amma yenə də heç nə başa düşməyib, otaqdan çıxmışdım.

Yavaş-yavaş çox şey öyrənmişəm. Məsələn, bilirəm ki, elə mühitlər var, orda “elit təbəqə” deyiləndə pulluların, vəzifəlilərin məşuqələri nəzərdə tutulur və onlar, məşuqələri deyirəm, bununla fəxr edirlər.

Mən isə bunu eşidəndə, bilmədim birinci gülməyim tutdu, yoxsa ağlamağım.

O gündən – bir qadının xəyanət edən başqa bir qadın haqqında filmə baxaraq qulaqlarını çəkib kompüter masasını döyəclədiyi o gündən sonra tez-tez tıqqıltı səsləri gəlir qulağıma.

Onsuz da daha heç nəyə inanmıram, illah da ki, inanclara.

Atılmış bir qadın iki oğlunu saxlamaq üçün iş axtaranda, bir məmurun qapısını əliyalın döyüb içəri girəndə, məmur da “səxavətindən” pay ayırıb həm iş, həm də hər şey vəd edəndən sonra “amma bir şərtlə” deyəndə...

Bax, onda, o qadın mütləq hər dəfə həmin filmə baxıb qulaqlarını çəkəcəkdi, amma heyf ki, nə qulaq, nə masa, nə də tıqqıltı ona kömək edəcəkdi.

Sonra da ona bənzəyən qadınlar məndən “Sən mənim haqqımda pismi fikirləşirsən?” soruşanda onlara “Neyləyəsən, ay yazıq, axı sən bilməmisən ki, hər qapını tutqacsız açmaq, hər əli tutqacsız sıxmaq olmaz” demək əvəzinə, “hə”, “yox”, “nə bilim” kimi kəlmələri dalbadal düzəcəkdim.

...Eee, qoymazlar də, işimizi görək?! Yenə kimdi zəng edən... Alo! Noolub, ay qız, niyə ağlayırsan?!

Yaxşı olan şeydi, fikir vermə! Qulaq as, indi tutqac tikirəm, birini də sənə verərəm. Yox, armatur qırığını neynirsən?

Heç daş da lazım deyil, ay qız! Elə bilirsən, avtobus dayanacağında gəlib qarşında dayanan o maşınların sahiblərinin çox veclərinədir ki, kimdir orada dayanan, kimsən sən?!

Guya armaturla maşının şüşəsini sındırsan, səhərisi ayrı bir maşın alıb yenə qarşında saxlamayacaq?

Yoxsa elə bilirsən, sənin daş atıb yardığın başı sağaltmağa o baş yiyəsinin pulu yoxdu? Necə?

Bir baxsınlar ki, kimin qarşısında saxlayırlar maşını? Sən nə danışırsan, ay qız, onların üzü var, insanların üz-gözünə baxmağa?! Onlar xəstədilər, çarpayı, yataq xəstəsi...

Hara baxsalar, çarpayı görürlər... Uzun, kimsənin gözünə görünməyən bir mələfə sarılıb boyunlarına, onları elə sürüyür, belə sürüyür...

Bax, sənə verəcəyim tutqacı çanta əvəzinə çiynindən asarsan, yolda qarşında saxlanan maşınlara yaxınlaşıb şüşəsini döyəclərsən, şüşəni aşağı salan kimi tutqacı onun sifətinə çırparsan, “bir tutqac qədər olmadın” deyib, gedərsən...

O maşın bir daha qarşında dayanmaz, gözünə görünməz onun yiyəsi.

Sonra sənə yenə tutqac verəcəm, nə qədər lazım olsa, o qədər.

Küçədə, metroda söz atıb irişənlərin qarşısında dayanıb sakitcə gözlərinin içinə baxarsan, sonra çiynindəki tutqaclardan birini götürüb ona uzadarsan, alan kimi də uzaqlaşarsan...

O söz atıb irişənləri, nə vaxt, harda rastlaşsan, əllərində tutqac, fikirli görəcəksən.

Sən elə bilmə, başıma hava gəlib, durduğum yerdə, işsiz-gücsüzəm deyə, oturub tutqac tikirəm.

Əgər bir gün mənə “şərab içmirsənsə, səndən yazar olmaz” deməsəydilər, dünyanın adıbəlli, əyyaş qadın yazarlarını gözümə dürtüb “çərçivəlisən, komplekslisən, sındırmalısan, çıxmalısan” deyib məni özümdən çıxartmasaydılar, evə gəlib kağızlardakı yazılarımı cırıb zibil qabına, kompüterimdəki faylları dartıb “korzina”ya atmaz, “istəmirəm, belədirsə, yazı yazmaq, yazar olmaq istəmirəm, mən yaşamaq istəyirəm – əlim, ayağım, arzularım, sevgim yanmadan, yaşamaq istəyirəm” deməzdim.

Sonra da evi ələk-vələk edib, bircə metr parça tapmayanda ən gözəl paltarlarımı doğrayıb tutqac tikməyə başlamazdım.

Qoy insanlar maşınlardan oyuncaqları, qapılarının ağzından gözmuncuqlarını, üzərrikləri çıxardıb, onların yerinə tutqac assınlar.

Qoy, bu məmləkətdə bütün şəhər, kənd, qəsəbə, küçə adlarının, reklam lövhələrinin, maşınların nömrələrinin, evlərin ünvanlarının, bazarlarda, super-marketlərdə malların qiymətlərinin, paltarların etiketlərinin hamısının qarşısına “bir tutqac qədər...” yazılsın!

Qoy insanlar özlərini yandırmaq bahasına qorumağı öyrənsinlər, qoy qapıları döyəndə barmaqlar, əlləri sıxanda ovuclar, ehtiyac olanda şərtlər arzuları, ümidləri, sevgiləri yandırmasın!

Bu məmləkətin hər gün əlini, dodağını, ürəyini, arzularını, ümidlərini yandırıb ağzına təpən, sonra çaşbaş qalıb kim olduqlarını, nə etmək istədiklərini unudan tutqacsız qadınlarının yandırıb ağzınıza təpdiklərinin əziz xatirəsinə tikirəm mən bu tutqacları!...

"525"

Həmçinin oxu
Üşüyənlərə, ağlayanlara, qorxanlara...
XS
SM
MD
LG