Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:32

Səlim Babullaoğlu. 167.55-ə


Nədən
o gün
telefonun
dəstəyindəki
şaqraq,
şirin,
dolu,
səsin
bu qədər
köməksizdi?


vərdiş
etdiyi
mətləbləri
yox,
sənin-
ağıllı

gözəl
qız,
həmişə
yanında
olacaq,
küçəni
keçəndə
qolundan
tutacaq,
xəstələnəndə
heç nə
bacarmasa
belə
şəfqətlə
üzünə
baxacaq,
bir
məsum
körpəyə
səninlə
paylaşdığı
ən gözəl
şeyləri
verəcək,
səninlə-
gözəl

ağıllı qız
qürurla,
qorxmadan
addımlayacaq
adama
səslənmədiyini
sezdi?

Bəlkə
müvəqqəti,
xəlvəti
görüş
yerini
eşidəcəkdin
yenə,
köməksiz-
köməksiz
təsdiq
edəcəkdin...


***

Əgər cürət edib yazsaydım öz həqiqi tarixçəmi

mənim tarixçəmi yazan mələkmi olacaqdım?



İstəklərimin gürdabında mən təkəm,

tənhayam, onlarsa üstəgəl ikidi,

üstəgəl, tükənir bizim qələmlərin mürəkkəbi.



Kaş ki, səbrim tükənməyəydi...

O kitabın sağ səhifəsində bir boş yer qalaydı...

Qərarsızlığım, tərəddüdüm, ümüdüm

uşaq ləpirləri tək orda iz buraxaydı...



Və bir gün o Nur həmin yazıya işıq salaydı,

"o bağışlandı" anlaşılaydı, oxunaydı...



Kaş ki, bir gün yaza biləydim öz həqiqi tarixçəmi,

məndə məni yox, Səni nişan verə biləydim, Səni...


***

siz ömrümün faninin fəlc etdiyi susuz səhrasına
narın, qəfil yağış kimi yağdız,
gözəlliyiniz qədər məni
ağlınızla sarsıtdız;

əvvəlcədən bilsəydim deyə yazanları heç sevmirəm,
əvvəllər bilinməz - bunu çoxdandı bilirəm;
arzu da – həyatdır və əlçatmazlığıyla
daha təmizdi- belə hiss edirəm;

bəlkə dalğalı saçlarınız sinəmə dağılacaqdı astadan-yazmıram;
bəlkə də içimi dəli edəcək ətrinizlə dolduracaqdız bir axşam-yazmıram;
vaxt gəlir, masaya çırpılan kişi yumruğu diksindirir,
məişətin və faninin səsi ürəyin səsini itirir.

axı, hamı bezir onda və bilin: yeni arzuların yolçuluğunda,
ümidlər insan üzü tək təravətini itirir, qırış-qırış olur-
son rəsmlərimi görsəz onlara diqqətlə baxın ! - yaşanmışlar
orda kölgə tək başqa yarımkürədə dolaşırlar;

hə, bilirəm, diqqətlə baxacaqsız, indinin keçmişı ört-basdır etmədiyini,
edə bilmədiyini ağıllı, əsrarlı gözlərinizlə sezəcəksiz.
kim bilir, bəlkə də gözəl bildiyiniz yad dildə, yad səslə
“lənət şeytana” deyəcəksiz;

əgər yazsaydım ki, əvvəlcədən bilsəydim yalnız sizi gözləyərdizm-inanmazdız
və bu çox doğru olardı: çünki həyatın təkrarında vəfa,
yeniliyində ağıl yoxdursa - qara quruşa dəyməz,
üstəgəl, “əgər”lər heç vaxt çiçək bitirməz;

təqsirim insan olmaqdı,məzur tutun, bilirəm, insanlar bütöv və dolu istəyirlər,
amma bu yarımçıq istəkdi, çünki istəyənlər( ilk növbədə özüm)
dürüst və bütöv olmalıdırlar; sizə bir gün və həmişəlik dopdolu və bütöv.
başqa arzunuzla dolu və bütöv, üzbəüz dayanmağı arzulayıram;

əgərlərə yer olmayacaq onda,
əziz ( deyək ki) dostum,
qocaya inanın.

***

Yenə müşəmbə örtük
Çirki örtüb masada.
Yenə dolu sür-sümük
Qaralır ağ kasada.

Qarson, bağla qapini
Nə qədər yel tutmayıb.
11-in ayaqları
Hələ ki yer tutmayıb.

Stəkanı cüt verin,
Şirin bir xəyalım var.
Günah tək gizlətdiyim
Bir duyğum, bir halım var.

Qarson, içimdəki qar
Bilsən, nə vaxtdı yağıb.
İndi ürkək qardələn
Onu asanca yarıb.

Yenə müşəmbə örtük
Ağdı masada nə xoş.
Bu günü də ötürdük,
Cüt stəkan: biri boş.

***

Hansı yeməklə yatırdım aclığımı?
Hansı aclıqla doyurdum ruhumu?
Hansı gözyaşları olsun kədərimin əvəzi?
Hansı kədərim olsun layiqi gözyaşlarımın?
Hansı yolla gedib çatım o mənzilə?
Hansı mənzil olsun bəraəti yolçuluğumun?

Mənim cavablarım var, suallarım ondan da çoxdur.

Necə yaşayım ki, günlər seçilməsin bir-birindən, xatirəyə dönməsin?
Necə xatırlayım ki, günlər fərqlənsin, həyat və indi əzaba çevrilməsin?
Necə xəzan ki, sarısından duyulsun yaşılı?
Necə məsumluq ki, ahıl çağındaykən sanki bir uşaq yaşıdı?
Necə söz ki, ilk dəfə duyulmuş kimi hər deyişində?
Necə təkrar ki, ilk dəfə olsun hər vədəsində?

Suallarım, cavablarım mənim deyil,
suallarım, cavablarım yoxdur mənim,
mənim olan heç nə yoxdur, yoxdur çünki

(Səkonun gündəliyindən)
XS
SM
MD
LG