Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:46

Şərif Ağayar. Küçə iti kimi hürcəsinə


küçə iti kimi hürcəsinə

necə sevmək
necə sevmək
yuvasından düşən quşcuğaz
pişik balasından qorxduğu tək
qorxub həyatdan
kişilərə ağac koğuşu kimi
sığınan qadınları

necə sevmək necə
dünya xəritəsinə
mal təzəyi kimi yaxılan
yalnız tırtılların və həşaratların
xürrəm yaşadığı...
dozanqurduların
arxasıyla əyləndiyi bir məmləkəti...

hansısa ucqar bir zibilliyində dayanıb
"ayağımın altınca yer verin mənə"
deməyə cəsarətin çatmadığı
ana vətəni

üstəlik ölmək bu vətən üçün
şəhid olmaq
şəhid olub
başına buraxmaq çocuqları
böcəklərin vızıldaşdığı
qaranlıq dalanlarda
əlil olmaq
əlil olub
barmaqlıqlar arxasında çürümək
ya da döyüşdə ağırlığına
milyonlarla pul qoyulan başı
dəyənəyinə sipər etmək
dılqır bir küçə polisinin

necə yazmaq
necə yazmaq
özü də lirik-sentimental
içindən ox keçən ürək həzinliyində
qulun atmış şerlərdən
yazıb çap olunmaq
üstəlik mükafat ummaq
şöhrət ummaq

necə dinləmək
necə dinləmək
efirdə əndam bulayan şortuları
ya da buxara papaqlı
əyri qəlyanlı
ağır oturub batman gələn
çingənələr kimi
dişlərini qızıla basan
yastı-yapalaq şərq kişilərinin
mavi rəngli mütrif nəğmələrini

necə əylənmək
necə əylənmək
ucuz kafelərin
sərin və zəhərli xırdalan pivəsi ilə
ya da bar qızlarının
bumbuz əlləri
bumbuz dodaqları
bumbuz nəfəsi ilə

necə ağlamaq
necə ağlamaq
zorlanan qadın sayaq
bir gizlinə çəkilib sıqqıldayaraq

eləcə ulamaq ulamaq
küçə iti kimi hürcəsinə...
insan yarandığını anlayınca ulamaq
sonra bağırmaq
bağıra-bağıra atılmaq
haqsızlığın
qalın
əzəmətli
heç zaman sarsılmayan
divarları üstünə...
alnını
yumruqlarını
təpiklərini
çırpdıqca-çırpmaq...
dişlərin tökülüncə gəmirmək
min illər boyu yalnız
ac sərçələrin dimdiklədiyi
boz sifətli daşlarını...

sonra arxası üstə düşüb
seyr eləmək ulduzları
sakitcə...
nəfəs belə dərmədən...
və bir də
kiminsə gəlib
parçalanmış alnına
bir ovuc torpaq basacağına
ümid bəsləmədən...

Alatoran, 2004
XS
SM
MD
LG