Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:46

Elnarə Şəms. Gəncliyim, Tutalım ki...


Gəncliyim



O, sanki xəyalmış, şirin bir yuxu,

Quş kimi tez gəlib, tez də keçərmiş,

Bir göz qırpımında, bir an içində

Gənclik zəmisini zaman biçərmiş.

Sən demə gənclik də gəldi-gedərmiş?!



O, gah sakit keçdi, gah da əsəbi.

Keçdi fəsillərim, günlərim kimi-

Sanki bir dəryadır görünmür dibi.

Ömürdən quş kimi gəlib keçərmiş!

Sən demə gənclik də gəldi-gedərmiş?!



İllərin üstünə illər gəlincə,

Qovdu bir-birini gündüzlə gecə,

Necə də tez gəlib keçdi,ah necə!

Zaman bir su kimi onu içərmiş!.

Sən demə gənclik də gəldi-gedərmiş?!



Qara saçlarıma dən düşdü artıq,

Cavanlığım məndən gen düşdü artıq,

Çökür gözlərimə indi qaranlıq,

Bir bahar ömrü tək o da keçərmiş!

Sən demə gənclik də gəldi-gedərmiş?!



Gənclik gülüstandır bir süslü çəmən,

Çal-çarpaz yolları daim kəsişən,

Həyata uşaq tək sadə baxma sən,

Onu əmanət tək haqq bizə vermiş!

Sən demə gənclik də gəldi-gedərmiş?!.


2004/Bakı



Tutalım ki… (Miniatür)


Tutalım ki, tab gətirə bilmədin haqsızlığa
və yaxud,
“Malışla” böyüdün deyə
Başın zərbələrdən başladı ağrımağa.
Böyrəyinin biri ayağına dolaşdı,
Ən yaxın sirdaşın “valerianka”oldu…
“Manikyur”eləyən xanım
Sənin sözə baxmayan,
Qabarlamış əllərini təmizləməsin deyə,
Nömrəsini dəyişdi.
Saç ustası bir saatlıq “ukladkanı”
On dəqiqəyə elədi.
Mətbəxdə qab-qacaq öz-özünə çirkləndi.
Zibilə qalmış qaz “peçi”,
Ac-yalavac qurdlar kimi
Canına çəkdiyini buraxmaq istəmədi.
Kamodun üstündəki toz dənəcikləri sənə rişxənd etdilər.
Tutalım ki, elə…
Çarəni qaçmaqda gördün!
Səni buralara “qollarında” gətirən,
Yollardakı izlərini
Ayağının altına alıb, əzə-əzə qaçmağa başladın.
Əvvəl taksiylə, sonra avtobusla, sonra isə piyada.
Əvvəl oteldə, sonra istirahəti bəhanə eləyib qohumlarda,
Sonra isə…
Dört tərəfindən ”günah”qoxusu gələn
Kirayə tutduğun qaranlıq otaqda
saatlarca
Dizlərini qucaqlayıb, gözünü bir nöqtəyə zilləyib
Oturdun, oturdun, oturdun…
Qonşular hərdən solğun üzünü görəndə, arxanca:
- Birtəhər adamdır bu, Allah bilir hansı yuvanın quşudur- deyib,
qeybət etdilər.
Yanlarından səssizcə ötüb getdin…
Tutalım ki,elə…
Və tutalım ki, günlərin bir günü ağıllanıb,
Saçlarını darayıb,
dişlərini təmizləyib,
yanaqlarına boya çəkib geriyə dönmək istədin.
Dönərkən, bir zamanlar düşünmədən əzib getdiyin izlərindən
əsər-əlamət qalmadığını,
Yollara asfalt çəkildiyini,
Dikdaban ayaqqabı izindən başqa iz olmadığını gördün.
Bir də…Bir də
Onun sahibinin tumarlanmış saçlarının,
küləyin canına
çökmüş ətrini duydun..
Keçdiyin astanadan bir daha tərsinə keçmək istədin,
Sənin masanın arxasında,
Sənin oturacağında
Bir başqasının oturduğunu gördün….
Özün öz qədrini bilmədin, qədir bilən axtradın,
Elə astanadaca lal-kar dayanıb
Gözlədin, gözlədin, gözlədin…
Tutalım ki, o da gəldi
Gec gəldiyinə görə
Əlac edə bilmədi sənə!
Dikdaban ayaqqıbının izləri həyatının son nöqtələri oldu.
Neyniyərsən, hə?
Ürəyini sıxma elə-belə dedim.
Zaman insana tək bir dəfə fürsət verir.
Ağlını başına yığ, qızım!
XS
SM
MD
LG