Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:48

Zəka Vilayətoğlu "Qoca tutun qisası" (Hekayə)


Səfiyar qoca tutu çoxdan dibindən baltalamaq istəyirdi. Amma bu hələ adi bir istək idi, qalırdı bu istəyi həyata keçirmək.

Bax, elə işin, məsələnin ən çətin yeri də bu idi.

Bu çətini asan eləmək üçün əvvəlcə bu sözləri adamlara eşitdirmək lazım idi “Mən bu tutu dibindən kəsəcəm” vəssəlam. Beləcə bu sözləri hər gün eşitdirmək, bir cüt sırğa kimi qonşuların qulağından asmaqdan yaxşısı yox idi.

Qonşuları Səfiyarı elə də pis adam kimi tanımırdılar.

Onun qoca tut barəsində dediklərini də bir zarafat sanıb, sadəcə gülümsəyir, susurdular. Səfiyar da israrla eyni sözləri sadalayırdı.

Bir gün Səfiyar qonşularına tamam ayrı bir şey söylədi. Bu vaxtacan qonşulardan kimsə bilmirdi və eşitməmişdi də ki, hansısa bir ağacı dibindən qurutmaq üçün ağacın kökünə adi kimyəvi tərkibli su tökmək kifayətdir.

-Qurudacam bu ağacı. O mənim evimə düşən gün işığının qarşısını kəsir. Bir vedrə paraşoklu su töküb, dibindən qurudacam onu...

Qonşular Səfiyarın dediklərini yenə də zarafat sanırdılar və yenə də sadəcə gülümsəyib ötürdülər. Onların susmaları, gülümsəmələri Səfiyarı daha da coşdurur, az qala azğınlaşdırırdı. Son günlər o, qəti qərara gəlmişdi ki, öz niyyətini həyata keçirsin.

Bir neçə dəfə xəlvətə salıb bir vedrə zəhərli suyu qoca tutun dibinə tökmək istəmişsə də, nə sirr isə əli gəlməmiş, gözləməli olmuşdu. Səhərisi gün yenidən adamları qıcıqlandırmağa başlamışdı: “Mən bu tutu kəsəcəm.Mən bu tutu qurudacam...”

Qoca tut çoxdanın tutuydu. Hələ deyim ki, Səfiyarın özündən də qat-qat böyük idi. Buna baxmayaraq, hər il bol-bol, dadlı, şirin meyvələrilə neçə-neçə ağızları dada gətirirdi.

Ümumi yaşayış sahəsinin tən ortasında bitmiş bu ağac, yayda Bakının nəfəskəsən istisində də qonşuların dadına yetir, öz nəhəng kölgəsilə sərinlik yaradırdı.

Qoca tutun gövdəsindən çox illər öncə ayrılıb qalxan iki şiv bu gün iki nəhəng ağac-iki qardaş kimiydilər.

Onlar o qədər böyümüşdülər ki, ağırlıq onları bir-birindən xeyli aralamışdı.

Hətta onların bu ağırlığa tablamayıb qırıla biləcəyi ehtimalı olduğunu duyaraq, hələ bir neçə il əvvəl bu həyətin sakinləri olan, sonradan başlanmış erməni-türk münaqişəsi zamanı baş götürüb qaçan ermənilər bu iki qardaş ağacı iki möhkəm dəmirlə biri-birinə bağlamışdılar...

Səfiyar subay idi. Bu həyətə də yaxın günlərdə köçüb gəlmişdi. Ümumiyyətlə, həyət sakinlərinin hamısı təzəlikcə köçüb gəlmiş və burda məskunlaşmışdılar. Əksəriyyəti də ayrı-ayrı rayonlardan qaçqın, köçkün düşmüş adamlar idi.

Qeyri-qanuni olaraq, ermənilərin həmişəlik gedişindən sonra sahibsiz qalmış evlərə sığınmışdılar. Hələlik onlardan nə bir sənəd tələb edən vardı, nə də onları bu evlərdən çıxarıb qovmaq istəyən.

Səfiyarın yaşı qırxı haqlasa da onun evlənmək fikri yox idi. Divar qonşusu olan Sarıgüllə tanışlıq, yaxınlıq, birgə keçən geçələrin şirinliyi Səfiyarın, evlənməklə bağlı az-çox qaynar düşüncələrinin üstünə soyuq su kimi calanmışdı. Günlərinin, gecələrinin çoxunu, kimliyi adamların çoxuna doğru-dürüst bəlli olmayan Sarıgülün yanında keçirirdi.
Sarıgül qaçqın, köçkün deyildi.

Danışığından, ləhcəsindən şəhər adamı olduğu hiss olunurdu. Özü də bu həyətə hamıdan əvvəl gəlib çıxmış, iki otaqlı köhnə, sahibsiz evə sahib çıxmışdı. Bir neçə il sonra hər nə yollasa evi öz adına keçirdə bilmişdi.

Sarıgül falçılıqla, aradüzəltməklə, əxlaqsız qadınları, gah öz evində, gah da ayrı-ayrı yerlərdə yad kişilərlə görüşdürmək, bu yollarla pul qazanmaqla məşğul olurdu. Özü hər gün bir kişini başqasına dəyişməklə məşğul olmasa da, azı, ildə bir dəfə “kişisini” dəyişməli olurdu.

Əslində əxlaqsız qadınların vasitəsilə və bir də bu cür quşbeyin adamların,-istər qadın olsun, istərsə kişi,-falına baxmaqla qazandığı pullar onun yaxşı yaşaması üçün kifayət idi. Bir də ala-babat bir kişi onunçün yetərli idi. Onsuz da Sarıgül, sən deyən kişi həvəskarı da deyildi.

Əzəldən onda bir soyuqluq var idi ki, bu soyuqluğa görə, cəmisi bircə dəfə onunla yaxınlıq edən kişilərin çoxu gileylənirdilər ki, Sarıgüldə qadın qaynarlığı, qadın temperamenti, nə bilim daha hansı,.. cəhətlər yoxdur. Amma nə sirr isə Səfiyar Sarıgülə yamanca bağlanmışdı. Ondan haçansa ayrılıb, kiminləsə evlənəcəyi və ya kiminləsə yaxınlaşacağı ağlasığmaz idi.

-Sarıgül, bir mənim də falıma bax, görək, qarşıda məni nələr gözləyir!-Səfiyar Sarıgüllə üz-üzə əyləşib dilləndi.

-Baxım deyirsən?-Sarıgül əlindəki kart dəstini qarışdırıb, bicəngə bir gülüşlə güldü və Səfiyara baxdı.

-Bax. Qorxma, bax!

-Bir söz demirəm, baxım, amma,..

-Amması-zadı yoxdur, bax.

-Nə deyirəm, bax deyirsən, baxım,-Sarıgül kartları qarışdırıb stolun üstə yan-yanaşı düzdü. Qaşlarını düyünləyib, bir-bir kartları gözdən keçirdi. Onun bu ciddi görkəmindən sıxılan Səfiyar dilləndi:

-Hə. Dillən görək!.. Nooldu?.. Deyəsən, yaxşı bir şey görünmür!

-Səbrin olsun!.. Qarşıda bir yol görünür. Vaay, bu nədir?!.. Kimsə sənə cadu-piti eləyib. Əl-qolunu möhkəmcə səriyiblər. İndi də hər şey qaranlıq görünür. Yoox. Heç nə görünmür. Amma heç nəyi ürəyinə salma. Bu kart-filan hər adam üçün deyil. Bununla qadınların falına daha asan baxmaq olur. Açığı sən bir az qaş-qabaqlı, tündməcaz adam olduğundan bütün mənfi enerjini mənə ötürürsən və mən çox gücsüzləşdiyimdən sənin falına baxa bilmirəm. Ona görə də burda hər şey qaranlıq görünür. Yaxşı olar ki, sən bir az gülümsəyəsən,.. ay sağ ol, bax, beləə... Yoox. Yenə alınmadı. Mümkün deyil də. Səndə başqa sifət alınmır ki, alınmır. Əslində elə belə yaxşıdır. Kişinin bir sifəti olar; ya nur çöhrəli, ya da zəhirmar. Səndə zəhirmar sifətdir. Kişinin sifəti elə belə olar. Zəhləm gedir üzü nurlu, göyçək kişilərdən. Elə buna görə də səndən yapışmışam. Hələ indiyəcən bir nəfər kişiylə ürəyimcə yatmamışam-səndən başqa. Qudurmayasan aaaa. Deyəsən, tərifdən xoşun gəlir?.. Əşşi, karta-filana inanma. Bunlar boş şeylərdir. Sən bu gününə inan. Bu gün varsan, yaşayırsan,.. ən əsası da elə budur.

-Sarıgül, tutu kəsmək istəyirəm, ağlın nə kəsir?-Səfiyar qəfildən tut söhbətinə qayıtdı.

-Niyə?

-Mənim evimə kölgə salır. Elə səninkinə də. Bir bax, gör bir, budaqlar, az qalır ki, gözlərimizə pərçim olsun.

-Onu düz deyirsən. Amma heyifdir axı. Qısır olsaydı, sən deyəndi. Özü də belə tut hələm-hələm ələ düşmür.

-Yox, ey, nə isə gic damarıma düşüb, ağacı ya dibindən baltalamalıyam, ya da paraşoklu su töküb qurutmalıyam. Bu ağac mənə rahatlıq vermir.

-Bəlkə adamları qısqanırsan?.. Yəqin istəmirsən ki, qonşular bu tutun meyvələrindən dadsınlar?

-Nə bilim ey. Axtarsan çox səbəb taparsan.

-Səfi, sən mənə bir dənə qəşəng şəklini gətir, sənə yaxşı-yaxşı baxım. Səndən gözüm su içmir, açığı.

-Bura bax, Sarıgül, sən belə bir iş elə. İlk baltanı ağaca sən vur. Sən qadınsan, sənə bir söz deyən olmaz. Sonrasıyla işin yoxdur.

-Sən nə danışırsan, Səfi, ilin-günün bu çağında da tuta balta vurmaq olar?!.. Məgər görmürsən ki, ağac necə bar gətirib?.. Bu, ikicanlı bir qadının qarnına bıçaq soxmaq kimi bir şeydir, Səfi. Allahın qarğışı qalsın bir yana, bu barlı ağacın qarğışı ikimizi də yandırıb külə döndərər!

-Bütün günahlar mənim boynuma, qorxma heç nədən. Sən eləməsən də mən özüm bu işi eləyəcəm. Mənim ki, beynimə bir şey düşdü, mən mütləq onu həyata keçirməliyəm. Neyləyim, mən də belə bədbəxtəm. Bu ağac ya yalnız mənə məxsus olmalıdır, ya da heç kəsə. Kölgə-zad da qalsın bir yana, mənə xoş gəlmir ki, kimsə bu ağaca dırmaşıb ləzzətlə tut yesin, mənə acıq versin.

-Səfi, boşla getsin... Əgər belə cani-dildən tutun kəsilməsini istəyirsənsə, onda gözlə, qoy meyvələri tam sovuşsun. Üzü payıza dönəndə kəsərik.

-Bilirsən, Sarıgül, bəlkə də bu fikirdən əl çəkərdim, amma qonşuların mənim dediklərimi saya salmamaları, istehzayla gülüb keçmələri, məni çox qıcıqlandırır. Ona görə də ağacı elə bu vaxt kəsmək istəyirəm ki, qonşular görsünlər ki, mən dediyimi eləyən adamam.

-Dediyini eləyən adamsansa, onda get bir erməninin başını kəs gətir, day meyvə ağacıynan nə işin?-Sarıgül istehzayla qımışdı.

-Lazım gəlsə onu da eləyərik. Amma hələ beynimə belə bir şey düşməyib... Qısası, tut kəsilməlidir, vəssəlam. Özü də ilk baltanı sən vurmalısan. Sonrasıyla işin yoxdur. Əvəzində hər nə istəsən alıb gətirəcəm səninçün.

-Bir söz demirəm, Səfi. Sənin sözün yerə düşüncə,.. Amma məni bu işdə suçlayan olsa, cavabını özün verərsən.

-Dedim ki, qorxma heç kimdən!

Bir günortaüstü qoca tutun iki balasından-qardaş ağaclardan birinin gövdəsinə balta endi. Hər balta dəydikcə, elə bil ağac inlədi, gövdəsindən qan axmağa başladı. Yetkin tut dənələri budaqlardan çırpılıb yerə töküldü.

Həmişə adama çox adi görünən bu tut dənələri, indi anaları öldürülmüş yetim balalara bənzəyir, sanki səs-səsə verib ağlaşırdılar.

Səfiyar öz otağının pəncərəsindən baş verənləri seyr edir, özündən, əməlindən razı halda gülümsəyirdi. Ara-sıra bir neçə gün əvvəl Sarıgülün, qoca tutla hamilə qadını bir-birinə bənzətməsini də xatırlayır, zərrəcə peşimanlıq duymurdu.

Çünki ondan ötrü belə şey çox adi bir şey idi. Hələ öz dədə-baba yurdlarından qovulmadıqları zamanlarda o, yaxın-uzaq kəndlərdən dəfələrlə mal-qara oğurluğu etmişdi və çox zaman oğurlayıb gətirdiyi və gecəykən kəsib satdığı inəklərin, qoyuların qarnından bala çıxmışdı.

Amma Səfiyar, bircə dəfə də olsun peşimanlıq hissi keçirməmiş, ermənilərin təzyiqiylə öz yurdlarından qaçqın düşdükləri zamanacan bu çirkin əməllərindən əl çəkməmişdi.

Qəfil həyətə haray-qışqırıq düşdü. İşdən qayıdan qonşular tutun kəsildiyini, özü də onu Sarıgülün kəsdiyini görüncə, ahu-fəğan etdilər.

Hamı bir ağızdan Sarıgülə “əllərin qurusun, Sarıgül, əllərin qurusun!” dedi. Sarıgülü “qəhbəbaşı”, “mamaroza”, nə bilim daha nə kimi sözlərlə atəşə tutdular.

Sarıgülün nitqi batmışdı. Elə bil, əlləri də, doğrudan-doğruya qurumuşdu. Dayanıb peşimanlıq hissiylə yarıyacan kəsilmiş ağaca baxır, susurdu.

Sonra birdən-birə hərəkətə gəldi, gözlərini dolandırıb Səfiyarın pəncərəsindən ona zillənən baxışlara zillədi. İstədi Səfiyarı qonşulara satsın, amma Səfiyarın sifətindəki zəhərmardan üşənib fikrindən daşındı. Düşdüyü vəziyyətlə barışmalı oldu.

Elə bil havalanmışdı. Dəli kimiydi. Görünür, “qan” tutmuşdu onu-ağacın “qanı”. Başından yağan qarğış, söyüş keyləşdirmişdi onu. Handan-hana silkinib ayıldı və qonşulara çəmkirdi:

-Əcəb eləyirəm, kəsirəm. Sizin nə borcunuza. Mən öz evimə kölgə salan ağacı kəsirəm, sizinkiylə işim yoxdur. Mənə belə xoşdur. Bir də ki, mənim mamarozalığımın heç kəsə dəxli yoxdur.

Meyli çəkəniniz varsa, lap,.. hıqq,-Sarıgül sözünü yarımçıq qoyub hıqqınaraq baltanı təzədən yuxarı qaldırdı və tutu, yorulanacan baltaladı. Bir qədər sonra, budaqları bar verib sallanmış ağac xarıltıyla yerə sərildi...

Qoca tutun bir oğlu qətlə yetirilmişdi. Qətlə yetirilən oğul ağacın təkcə kötüyü qalmışdı. Qoca tut da, onun tək oğlu da bu kötüyə baxır, adama elə gəlirdi ki, hər il meyvə vaxtı onlar zar-zar ağlayır. Budaqlardakı yetkin tut dənələri, adama elə gəlirdi ki, adi meyvə yox, iri-iri gözyaşı damlalarıdır.

Sanki qardaşının dərdini çəkməkdən tək qalmış qardaşın beli bir az da əyilmişdi və onun budaqları, artıq yerə dəyirdi.

Bir il sonra kəsilmiş ağacın kötüyü üstündən xırda pöhrələr baş qaldırmağa başladı. Növbəti ildə bu pöhrə bir az da böyüdü, gözəlləşdi. Növbəti ildə bir az daha böyüdü, qol-qanad açdı. Kənardan çox gözəl, cavan görünən bu pöhrə günbə-gün cavan bir ağac olmağa başladı. Hətta o qədər gözəl idi ki, o, adi bir kötük üstündə bitmiş pöhrədən, cavan ağacdan daha çox güldandakı yaraşıqlı bir gülü xatırladırdı. Və bu pöhrə, bu yenilik qonşulara təskinlik verdi. Yalnız bundan sonra Sarıgülü lənətləməkdən, suçlamaqdan vaz keçdilər.

Tutun kəsilməsindən sonra Səfiyar bir müddət ilim-ilim itdi. Düz dörd iləcən gözə dəymədi. Dedilər ki, guya çıxıb gedib Rusiyaya işləməyə.

Səfiyarın gedişindən sonra Sarıgül də boş qalmamış, özünə təzə bir sevgili tapmışdı. Bu adam imkanlı bir iş adamı olsa da xeyli yaşlı idi. Ona gərə də Sarıgülün yedəyinə yaxşı gedir, onun nazıyla oynayırdı. Hərdən, gəzinti, yeyib-içmək zamanında Səfiyarla çəkdirdiyi şəkilləri də təzə sevgilisinə göstərməkdən həzz alırdı Sarıgül. Bu zaman təzə sevgilisinin üzündəki qısqanclıq ifadəsini tutub deyirdi: “Özgə adam deyil, doğma qardaşımdır... Artıq Bakıda deyil... Dörd ildir ki, çıxıb gedib Rusyətə. Amma oxşarlığımız yoxdur, həə?.. O, rəhmətlik atama, mənsə anama oxşamışıq. Atam da qardaşım Səfiyar kimi çox zəhmli idi”.

Təzə sevgili Səfiyarın şəklinə elə alışmış, elə öyrəşmişdi ki, elə bil Səfiyarı o, çoxdan tanıyırdı. Hətta ürəyində qürur duyurdu ki, belə bir adamın bacısıyla kef çəkir...
Dörd il sonra Səfiyar qəfil gəlib çıxdı. Pullanıb qayıtmışdı. Bu qayıdışda məqsədi oydu ki, öz evini əməlli-başlı təmir elətdirsin, sonra da dul qalmış bacısına da iki uşağıyla birgə, münasib bir yerdə ev alsın.

Səfiyarın bacısının əri ermənilərlə ağır döyüşlər zamanında həlak olmuşdu. Açığı, o, Səfiyar kimi, erməni qabağından baş götürüb qaçmağı kişiliyinə sığışdırmamışdı. O vaxtdan da arvadı vaxtsız dul, uşaqları da yetim qalmışdı.

Baxmayaraq ki, Səfiyar onlara vaxtaşırı yardım etməyə çalışırdı, amma bununla onların yarası sağalmırdı.

Səfiyarın dörd il sonrakı qayıdışı heç də uğurlu olmadı. Qulağına dəyən xoşagəlməz sözlər, təzədən onu yerindən oynatmmağa başladı.

Orda-burda söz gəzirdi ki, Səfiyarın bacısı əyri yola düşüb. Guya, deyirdilər ki, varlı və qoca bir kişiylə gəzir. Bu deyilənlər Səfiyarı oddan çıxarıb oda salmışdı. Deyilənlərə inanmaya bilmirdi. Bunuçün də, götür-qoy etmədən bacısıyla haqq-hesabı çürütmək qərarına gəlmişdi. Hər necə olsa da onu öldürüb, bu dedi-qodunu səngitməliydi. Yoxsa, o, özü-özünü öldürüb rüsvayçılıqdan yaxa qurtaracaqdı.

Səfiyar nə qədər xoşagəlməz, kinli, mərdüməzar adam olsa da namus-qeyrət məsələsində bir o qədər ciddi adam idi. Ona görə də bacısı haqqında deyilənlər onu rahat buraxmırdı...

Qərarı qətiydi; bir nəfər muzdlu qatil tapmaq gərək idi. Bununla da hər şey həll olunacaqdı, vəssəlam. Amma necə, hardan, kimi vasitəsilə bu qatili tapsın? Əvvəl-axır bu, səs-küyə səbəb olmazdımı?..

Səfiyar son anda qərara gəldi ki, ən etibarlı qatil onun özciyəzidir. Belə də elədi. Xeyli ərzaq və geyim şeyləri alıb bacısıgilə yollandı. Hal-əhvaldan sonra stol arxasında əyləşib birgə çay içdilər, çörək yedilər.

Arada qalxıb mətbəxə keçən və tez də qayıdan bacısının, Səfiyarın onun xörəyinə qatdığı şirin zəhərdən xəbəri olmadı. Və bacısının bu zəhərli xörəyi iştahayla yediyini görüncə, Səfiyar ayağa durdu:

-Yaxşı, mən gedim. Ustalar başsız qalıblar, gedim, görüm evi necə təmir edirlər. Siz də, bir şey lazım olsa, zəng edin mənə...

Səfiyar bacısıgildən çıxıb özünü bir kafeyə saldı. Sifariş edib, ayaqüstü bir neçə badə araq içdi. Əhvalının xeyli yaxşılaşdığını, canındakı gərginliyin azaldığını hiss edincə, kafedən çıxdı. Bir müddət bacısını da unutdu. Sarıgülə olan ehtirası, birdən-birə təzyiq kimi vurdu başına. Dörd il sonrakı bu təzə qayıdışı zamanında bircə dəfə də xoş üzünü görmədiyi Sarıgülü zorla ram etmək qərarına gəldi. Bu istəklə də Sarıgülün qapısını döydü.

Sarıgül içəridə tək deyildi. Təzə sevgilisiylə yataqda işlərini təzəcə yekunlaşdırmışdılar. O, qapının döyülməsini eşidincə, çılpaq vəziyyətdə qapıya yaxınlaşdı və gözlükdən baxdı. Səfiyarı görüncə qapını aşmaq istəmədi. Amma onun xoşluqla əl çəkməyəcəyini duyub dedi:

-Bu saat açıram, gözlə,-Sarıgül içəri keçib sevgilisinə bildirdi:-Qardaşımdır-Səfiyardır... Qorxma, o belə şeylərə əhəmiyyət verən deyil,-sevgilisinin həyəcanlanıb, əl-ayağa düşdüyünü duyunca, onu arxayınlatdı.

-Oyy, Səfi, nə yaxşı gəldin? Gözlərimiz yollarına dikili qalmışdı... Şakir, qardaşımdır-Səfiyardır... Yadındadır, şəkillərini sənə göstərmişdim, eee!.. Dörd il idi ki, Rusyətdəydi, təzə gəlib,-Sarıgül, Şakir dediyi sevgilisinin arxa tərəfinə keçib Səfiyara him-cimlə anlatmağa çalışdı ki, ağzından söz qaçırmasın. Bir də anlatdı ki, indilərdə Şakiri yola salacaq və ondan sonra o, hər nə istəsə yerinə yetirəcək. Amma Səfiyar onu anlamaq istəmədi. Onun “qardaş” sözü də Səfiyarı lap duyuq saldı. Bir anlıq dünya-aləm başına fırlandı. Özünə gələn kimi Sarıgülə sarı şığıdı:

-Nə qardaş, qardaş salmısan, ağız? Mən hardan oldum sənin qardaşın?.. Nooldu birdən-birə,.. yüz il idi oynaş idim, indi oldum qardaş?.. Deyirəm, axı... Neçə gündür, it kimi buralarda sülənirəm, amma sən mənə heç oğraş kimi də məhəl qoymursan. Demə, ortada iş varmış. Bəlkə mən bilməmişəm, biz, doğrudan da bacı-qardaş imişik!.. Yoxsa, mənim, o haqqında danışılan bacım sən imişsəəəən?!.. Vaayyy! Dədəmin evi yıxıldı ki!..-Səfiyar ikiəlli başını tutub bayıra qaçdı. İstədi, bacısıgilə getsin, görsün bacısının vəziyyəti nə yerdədir, amma cürət eləmədi. Ağlını tamam itirmiş kimiydi. Səsini içinə salıb öz evinə keçdi. Ustalar təmirlə məşğul idi. O, ustalara məhəl qoymadan yan otağa keçib iki metr uzunluğunda möhkəm bir ip tapdı və cibində gizlədərək, təzədən bayıra çıxdı. Diqqətlə yan-yörəyə baxdı. Sonra qoca tutun tək “oğluna” və bir də balaca “nəvəsinə” diqqət yetirdi. Ardınca da sıçrayıb ağaca dırmaşdı. Lap yuxarıya qalxdı. Əlini atıb bir-iki tut giləsi qopardı və ağzına atdı. Bu gilələr ağzında zəhər tamı verdi. Ağzında əzilmiş gilələri hikkəylə tüpürdü və kəndirin bir ucunu möhkəm-möhkəm ağacın yoğun gövdəsinə bağladı. Digər ucunu da eyni möhkəmliklə öz boğazına bənd eləyib, gözləmədən bədənini boşluğa buraxdı...

Son söz əvəzi

Növbəti ildə tutun yenə də bol-bol bar-bəhər gətirməsinə baxmayaraq, daha heç kəs onun meyvələrindən yemək istəmirdi və yemirdilər də. İndi bu meyvələr nə adi meyvəyə, nə də gözyaşı damlalarına bənzəmirdi.

Bir sözlə, elə bil hamı bu ağacdan qorxurdu. Və beləcə qoca tut xiffətdən qupquru qurudu və günlərin bir günü dibindən qırılıb xarıltıyla yerə sərildi. Amma cavan ağaca çevrilmiş pöhrələr isə eləcə, güldandakı gözəl bir gülü xatırlatmaqdaydı...
XS
SM
MD
LG