Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:30

Vahid Məmmədli "Qırmızı böyürtkən" (Hekayə)


Enli yol kəndin düz ortasından keçərək, onu iki yerə bölür.

Arxada meşəliklərlə örtülü uca dağlar, bir qədər aşağıda isə şam və küknar meşələridir. İrəlidə kənd dənizin qumlu sahillərinə dirənir.

Bu kənd bəlkə də dünyanın ən gözəl kəndidir. Özü də sərhəddə yerləşir.Bax meşənin arxasında görünən o dağların üstü ilə sərhəd xətti uzanır.

Həmin xəttin o biri tərəfində Şərqin ən qədim və ən böyük ölkələrindən biri yerləşir…

Uzun illər sərhədlər bağlı idi. Bu gözəl kənddən sərhəddin o biri tayında yerləşən ölkəyə gedib-gəlmək kənd sakinləri üçün mümkünsüz idi.İndiki kimi asan deyildi.

Əvvəlki quruluş ləğv olunana qədər insanlar əkin sahələrində becərdikləri məhsulu dövlətə təhvil verib, aldıqları əmək günü məvacibi hesabına dolanırdılar. Amma bu kənd camaatının əlavə gəlir yeri də vardı.

Hər il may ayının ortalarından payıza qədər, kəndin uşaqlarından tutmuş qocasınadək kəndin ətrafında, meşə qırağında və elə bəzilərinə həyət çəpəri olan böyürtkən kollarının meyvələrini vedrələrə yığıb, satmaq üçün, hərə öz həyətinin qapısı ağzında üzü şəhərə, ordan da şimala və daha neçə –neçə ölkələrə gedib çıxan yol boyu düzürdülər.
Beləliklə də kənd camaatı dolanır, oğul-uşaq sahibi olurdular.

O vaxtlar kənddə iki böyük ev var idi. Biri sədrin idi, o birisi isə kənd məktəbinin direktorunun.

Amma illər keçdi… Əvvəlki quruluş dağıldıqdan sonra sərhədlər açıldı. Bütün ölkədən, elə bu kənddən də sərhəddin o biri tərəfindəki ölkəyə gediş –gəliş asanlaşdı.Sərhəddə böyük gömrük məntəqəsi açıldı.

İndii kənddə çox şey dəyişmişdi.Kənd camaatının geyimindən tutmuş, bəzi adətlərinədək.Hər gün də kəndin ortasından keçən ana yol ilə bir-birindən qəşəng, rəngarəng traylerlər şütüyürdü. Çox uzaq ölkələrdən yola çıxıb ta şimala kimi gedib çıxan traylerlər…

Amma kənddə bir şey dəyişməmişdi. Bu da yenə enli yol boyu, hər kəsin həyət qapısı ağzında düzülmüş içəriləri böyürtkən dolu vedrələr…

Bu kənddə bir qeyri adilik də vardı.Bu da onda idi ki, kənddə əsasən qırmızı böyürtkən bitirdi. Qara böyürtkən tək-tək adamların həyətlərinin ətrafında kök salmışdılar. O vaxtlar qara böyürtkənlərə tələbat daha çox idi. Daha da baha satılırdı. Şəhərdən gələnlər əsasən qara böyürtkən almaq istəyirdilər.Və bu kənddə ən çox qara böyürtkən kolları olan həyət Ünalın ata-anasının yaşadığı həyət idi. Ünal sərhədlər açıldıqdan xeyli sonra doğulmuşdu…

İllər keçdi…Ünal böyüdü… İki gündən sonra onun oxuduğu məktəbdə son zəng olacaqdı.Ünal on birinci sinifi başa vuracaqdı.

O, həyətlərindəki qoca tut ağacının gövdəli budağı üstündə oturub dünyanın ən şirin tutlarından yeyə –yeyə kəndin o biri tərəfində yerləşən evlərə doğru baxırdı. Uzağa dikilmiş gözlərini oradan çəkməməyə onu məcbur edən hər an, hər saniyə sevgilisi Paknuru görmək ümidi idi. Paknur onunla bir sinifdə oxuyur. Hər gün də onu məktəbdə sinif otağında lap yaxından görür. Amma o, Paknuru görməkdən doymur.

Paknuru sevdiyini hələ səkkizinci sinifdə qıza demişdi. Paknur ona nə hə cavabı vermiş, nədə ki, yox söyləmişdi. Eləcə yam-yaşıl gözlərini sinif otağının pəncərəsindən məktəbin arxasındakı ərik bağına doğru dikib, -Mən ingilis dili müəlliməsi olacağam,-demişdi.

O da pəncərəyə doğru addımlayıb Paknur ilə yanaşı durdu.Aman Allah! Bu qız necə də gözəl idi. Sevgilisi bəlkə də kəndlərini dövrəyə alan dağlardakı çiçəklərdən daha təzətər, xoş qoxulu və cazibədar idi. İndii bu gözəlliyə heyran olduğu məkan, sinif otağı onun üçün ən müqəddəs, ən mərhəm və doğma yer idi. Məhz burda, sinif otağında o Paknura öz sevgisini bəyan etmişdi.Odur ki, Ünal da çox düşünmədən, -Mən də müəllim olacağam,-dedi.

-Doğrudan?,- deyə Paknur, uşaq sadəlöhvlüyü ilə soruşdu.

-Hə, qərarım qətidir. Bir yerdə, elə bu məktəbdə müəllim işləyərik,-dedi…

Uğultulu turbo mühərrikin səsi Ünalı xəyallardan ayırdı.Az qaldı ki, tut ağacının budağı üstündən yerə gəlsin. Yola tərəf boylandı.Enli yolun ortası ilə qızılı rəngdə olan «Lombarcini» ildırım sürəti ilə keçdi. Son zamanlar bu yoldan çox yaraşıqlı maşınların keçdiyini görmüşdü Ünal, amma beləsini görməmişdi. Yadına düşdü ki, bu Abisalamın «Lombarcinisidir». O, irəli Abisalamın kənd evləri arasında göylərə ucalan dörd mərtəbəli villasına doğru baxdı. Lombarcini bir daha uğuldayıb, onun səsi eşidilməz oldu. Abisalam maşını artıq öz həyətində saxlmışdı.

…Bir vaxtlar bu kəndin demək olar ki, bütün uşaqları yaxşı oxuyur, yalnız bir arzu ilə yaşayırdılar.Şəhərə gedib, ali məktəbə daxil olmaq, oranı bitirib, ürəkləri istəyən bir işin qulpundan yapışmaq…

Təkcə Abisalam məktəbdə yaxşı oxumurdu. Məktəbin direktoru həmişə ona deyirmiş ki, bala sən də oxu, get adam ol…

Yaxşı oxusan müəllim, mühəndis, həkim ola bilərsən…Yoxsa avara-avara gəzməklə heç nə əldə edə bilməzsən.Amma məktəb direktoru nə qədər səy göstərsə də Abisalam ipə-sapa yatmır.Bildiyini edir.Oxumadığı bir yana qalsın, davranışları ilə də dərslərin gedişini pozub, digərlərinin də oxumasına mane olur…

Başqa çıxış yolu görməyən məktəb direktoru nail olur ki, Abusalam məktəbdən qovulsun.Həmin gün, səkkizinci sinifdən qovulan Abisalam kəndin ayaq hissəsindən keçən dəmir yolunun kənarındakı kiçik stansiyada qatara minib, kəndi tərk edir.

Elə o vaxtdan da Abisalamı gördüm deyən olmur.Ancaq bir qədər sonra məlum olur ki, Abisalam şimaldakıuzaq ölkəyə üz tutb…

O, vaxtdan yeddi il keçir.Bir neçə gündür ki, Abisalam kəndə qayıdıb. Özü də qızılı rəngli Lombarcinisi ilə.Amma Abisalam öz ata evinə qayıtmamışdı.Bir il əvvəl də o kəndə gəlmişdi.

Onda gələndə çoxlu pul verib məktəb direktorunun hasar-hasara qonşuluğundakı həmkəndlisinin həyətini alıb, burdakı köhnə evi sökdürmüşdü.Hə onu məktəbdən qovduran direktorun qonşuluğundakı evi…

Məktəb direktorunun evinə bitişik hasarın düz yanından bünövrə qazdırıb həmin bu dörd mərtəbəli villanı tikdirmişdi. İndii onun villası məktəb direktorunun köhnə evini kölgədə qoyurdu. Deyirdilər ki, Abisalam bünövrəni o qədər dərin qazdırıb ki, direktoun evi hətta çat verib…

Cəmi altı-yeddi il bundan əvvəl məktəbdən qovulan Abisalamın indii hər şeyi vardı.Dörd mərtəbəli villası, qızılı rəngdə olan Lombarcinisi, şimaldakı o ölkədə də hələ nələri olduğunu Allah bilirdi.

Kənd camaatı danışırdılar ki, Əfqanıstandan tutmuş, üzü bəri, neçə-neçə ölkələrdən, kəndin qurtaracağındakı gömrükdən keçib gələn və şimala doğru şütüyən yaraşıqlı, bər-bəzəkli traylerlərin də çoxu Abisalamındır…O Abisalamın ki, altı-yeddi il əvvəl Şimaldakı o ölkəyə gedərkən oradakı insanların dilini də bilmirdi…

Kənd camaatı ondan da xəbərsiz deyildilər ki, axşamın saatlarında erkən yatıb, sübh tezdən oyanmağa adət etmiş məktəb direktorunu hər gün gecə ikidə-üçdə dəniz qırağındakı bahalı restoranların birindən qayıdan Abisalamın Lambarcinisinin turbo mühərrikinin uğultulu səsi yuxudan oyadırdı.

Abisalam kəndə qayıtdığı gündən zavallı məktəb direktorunun yuxusuna haram qatılırdı. Məktəb direktoru o günü səbirsizliklə gözləyirdi ki, Abisalam nə vaxt şimaldakı ölkəyə qayıdacaq.

Ünal isə indi tut ağacından Abisalamın villasına doğru baxıb fikirləşirdi ki, gözəl villadır. Lambarcini də gözəldir. Abisalamın hər şeyi var. Köks ötürdü…Amma yox,- fikirləşdi Ünal, -Abisalamın Paknur kimi sevgilisi yox idi…

Bacı-qardaşlarının gülüş, qəhqəhə dolu səsləri onu xəyallardan ayırıb yenidən öz həyətlərinə qaytardı. Ata-anası, bacı-qardaşları həyətin arxasındakı kollardan böyürtkən yığırdılar.Hamının üzü gülürdü. Zarafat deyildi.Bu dəfə qap-qara böyürtkənləri xüsusi şövqlə yığmışdılar. Bu böyürtkənləri yığıb satdıqdan sonra, ata anası sabah ona son zəng günü geyinmək üçün gözəl ağ köynək, qara şalvar və par-par parıldayan ayaqqabılar alacaqdılar.

Görəsən sevgilisi Paknur onu bu paltarlarda görüb nə deyəcəkdi…

Atası iki vedrə qara böyürtkəni götürüb həyət qapısından çıxaraq, yolun kənarına qoydu. Anası arxada görünüb, - bəlkə kəndin ayağındakı bazara aparaq, orda daha tez satılar,-dedi.

Son zamanlar bəzi həmkəndliləri böyürtkənləri kəndin ayaq hissəsində yol kənarında yığışıb, kiçik bazara bənzəyən yerdə satırdılar. Daha əvvələr olduğu kimi həyətlərinin qarşısına, yol kənarına qoyub gözləmirdilər.

Amma hər dəfə həmin o, kiçik bazardan söhbət düşəndə atası narazılıq edib, hər vəchlə böyürtkənlərin oraya aparılıb satılmasına qarşı çıxırdı.Və hər dəfə də deyirdi ki, qismətdirsə elə burda da tez satacağıq.

Amma bu dəfə anası israr edirdi. Birdən burda satılmaz uşağın üzünə baxa bilmərik. Birisi gün son zəngdir. Uzağı sabah ona yeni paltarlar almalıyıq. Mən uşağımı köhnə, nimdaş paltarlarda göndərə bilmərəm.

Hələ qarşıdan da uşağın instituta imtahanları gəlir. Niyə axı sən istəmirsən ki, böyürtkənlər tez satılsın? Bəyəm kiçik bazara toplaşanların hamısının başı xarab olub?

Atası yenə də dirənib kiçik bazara getmək istəmədi,- Bəli, orda olanların hamısı kəfəni boğazlarına dolyıblar. Hamının başı pul qazanmağa necə qarşıbsa hər şeyi unudublar. Bir gün gələcək ya özlərinin qarşısına çıxacaq, yadakı balalarının. Orda qazanılan pullar da haramdır.

Atasının bu sözləri anasının daha da marağına səbəb oldu. İnadından əl çəkmədi.
-Yaxşı, gedək , hər şeyi öz gözlərinlə gör,- razılaşmaq məcburiyyətində qalan atası vedrələri də götürüb kəndin ayağına doğru yollandı. Anası da onun ardınca gedirdi.

Həmkəndliləri qarşılarında böyürtkən dolu vedrələr sıra ilə yol boyu dayanmışdılar.Anası diqqət yetirdi ki, onlardan başqa daha heç kimin qarşısındakı vedrələrdə qara böyürtkən yox idi. Demək olar ki, hamı qırmızı böyürtkən satırdı. Qadın bir qədər toxtadı. Yəqin ki, tez bir zamanda iki vedrə qara böyürtkənləri satacaqdılar.

Şəhər tərəfdən gələn «Mersedes» onların qarşısında dayandı. Avtomaşından düşən qara eynəkli adam Ünalın ata-anasının qarşısındakı vedrələrə baxıb, qonşuluqdakı qırmızı böyürtkənlər olan vedrələrə yaxınlaşdı,- Bunun qıramı neçəyədir? Bu vedrəni gətir maşina,-dedi və yenidən qayıdıb maşina əyləşdi.

Ünalın anası heç nə anlamadan mersedesə doğru baxdı. «Bəyəm böyürtkəni qramla satırlar?»

Qonşu vedrəni əlinə götürüb avtomaşının pəncərəsinə doğru yaxınlaşıb cibindən kağız bükülü çıxarıb içəri uzatdı. Eynəkli tez bükülünü qapıb, oturacağın altında gizlətdi. Əlini cibinə salıb çıxartdığı yüz dollarlıq əskinazı qonşuya uzatdı.Tez də maşını işə salıb bir qədər irəlidə Ünalgilin vedrələrinin qarşısında yenidən surəti azaltdı. Anası ağzını açıb cani-dildən,-qara böyürtkənləri götür, bu böyürtkənlər kimisini burda tapmayacaqsan,-demək istədikdə, atası başını bulayıb,-işin yoxdur, qoy getsin. Ona qara böyürtkən lazım deyil,-dedi. Qara eynəkli maşınını sürüb oradan uzaqlaşdı.

Vedrəsi əlində qalan qonşu geri qayıdıb ətrafa döyükdü. Vedrəni yerinə qoyub dinməz durdu. Amma gözləri gülürdü.

Həmin gün yol boyu düzülmüş insanların qarşısında xeyli maşın dayanır, tez də oradan uzaqlaşırdılar.

Axşama yaxın idi. Qara böyürtkənlərlə dolu vedrələr hələ də ata anasının qarşısında idilər.Anası təəccüblə əvvəlcə atasına baxıb, sonra isə yaxınlıqdakı kefi kök həmkəndlilərinə dedi,-Deyəsən hamının başı xarab olub. Heç kim qara böyürtkən almaq istəmir. Görəsən maşınlar hamısı niyə qırmızı böyürtkən satanların qarşısında dayanır. Bu nədir belə?

Birdən Ünalın anasını elə bil elektrik cərəyanı vurubmuş kimi qışqırmağa başladı, - Vicdansızlar, əskiklər, zatıqırıqlar, mən indi anladım, siz hamınız burda heroin, həşiş satırsınız. Qarşınızdakı o bərəkət, böyürtkənlər sizə haram olsun.

Həmkəndliləri atasının üzünə baxıb,-deyəsən burda çox qalmaq fikriniz var? Apar da bunu burdan,-dedi.

Atası anasına doğru çevrilib sakit səslə,-dedim axı, bura bizlik deyil,-deyərək həmkəndlilərinə doğru,- Birisi gün uşağın son zəngidir. Ona əyin-baş almalıyıq. Yoxsa yüz il də qala mən bura gəlməzdim,-səsləndi.

-Mən neynim ki, Siz qırmızı böyürtkən satmaq istəmirsiniz,-deyib qırmızı böyürtkən satan qonşu bic-bic gülümsədi.

Ünalın anasının isə hirsindən bağrı yarılırdı. Hələ də sakitləşmək bilməyən qadının ağzından od püskürürdü: « Mənim bu gözəl kəndimi bir gör nə hala salmısınız? Əclaflar…»

Uzaqdan polis avtomobili göründü…

Qırmızı böyürtkən satan qonşu polis avtomaşınına doğru döyüküb geri çevrildi, -Ünal yaxşı oğlandır. O, son zəngdə yaxşı geyinməlidir,-deyib,-əlini cibinə salıb pul çıxardı.

Pulları Ünalın atasına doğru uzadıb, yanında dayanmış oğlana, -bu vedrələri bizə evə apar, mürəbbə bişirərlər,-dedi.

-Siz isə daha burda dayanmayın, di tez olun gedin,-deyib, Ünalın ata-anasını yola saldı.
Atası boş vedrələri əlinə alıb evlərinə tərəf yollandı. Anası isə yol boyu deyinə-deyinə onun ardınca gedirdi…

***

Bu gün son zəng günüdür. Ünal bir gün əvvəl ata-anasının onun üçün aldıqları ağappaq köynəyi, qara şalvarı, sübh tezdən fırçalayıb par-par parıldatdığı ayaqqabıları geyninib, kəndin ortasından keçən enli yolun qırağı ilə məktəbə sarı yola düzəldi.

Digər kənd uşaqları da yol boyu sıra ilə düzülmüş evlərdən çıxıb, məktəb istiqamətində addımlayırdılar.

Ünal məktəbin həyətinə daxil olanda ilk növbədə gözləri sevgilisi Paknuru axtardı. Həyətə toplaşmış hər kəsin üzü gülürdü. Bir azdan son zənglə bağlı tədbirlər başlayacaqdı. Paknur ön cərgədə məktəbə qalxan pillələrin üstündə durmuşdu. O, cənub bazarında satılan ən gözəl çil-çıraq kimi işıq saçırdı.

Ünal bir qədəir arxada dayanıb sevgilisinə baxırdı. Son zəng çalınıb qurtardıqdan sonra yaxınlaşıb Paknurla söhbət edəcəkdi.

Onu necə dəli bir məhəbbətlə sevdiyni bir daha deyəcəkdi. Deyəcəkdi ki, mən də test imtahanlarında xarici dillər olan qrupu seçəcəm. Dahə müəllim olmaq istəmirəm. İstəyirəm xaricdə yaşayaq. Böyük evimiz və Lombarcinimiz olsun.Səni o, maşında gəzdirim…

Son zəng tədbirlərinin rəsmi hissəsi başlandı. Müəllimlər, əlaçı şagirdlər danışdılar. Direktor tədbiri yekunlaşdırıb indii son zəng çalınacağını bəyan etdi. Ancaq bu vaxt zəng səsini məktəb qapısının ağzından gələn turbo məhərrikin uğultulu səsi eşidilməz etdi. Hamı çevrilib məktəbin dərvazalarına doğru baxdı.

Ünal da dərvazalara doğru boylandı. Ancaq orada Abisalamın Lombarcinisinin üst hissəsi görünürdü. Yan qapı açılıb bağlandı. Bu qapını kimin açdığını, niyə bağlandığını heç kim görə bilmirdi. Ünal bir xeyli dərvazalara doğru baxdı. Sonra direktorun zəhmli səsi hamını geri məktəb istiqamətində çevrilməyə məcbur etdi.

Ünal geri çevrildikdə sevgilisi Paknuru öz əvvəlki yerində görmədi. Gözləri ilə bir xeyli məktəbin bütün həyətini dolaşıb Paknuru axtardı.Amma onu tapa bilmədi.Həyəcanla uşaqların arasından keçib, irəli məktəbə qalxan pillələrə doğru addımladı. Paknur orada yox idi. Paknurun bayaq durduğu yerdə onunla yanaşı dayanmış rəfiqəsi Şəhrizada yaxınlaşdı:

-Sən Paknuru görməmisən?

-Aaaa, Sənin xəbərin yoxdur? Mən elə bilirdim ki, sən bilirsən.

-Nəyi Şəhrizad?

-Dünən Abisalamgil Paknura nişan gətirmişdilər. Son zəngi gözləyirdilər. Paknuru da götürüb, getdi Şimala Abisalam. Deyirlər onların toyları da elə bir neçə gündən sonra orda Şimalda olacaq…

Ünal Şəhrizadın daha nələr dediyini eşitməyib məktəbin çıxış qapısına doğru qaçdı. Məktəbin qapısı ağzından keçən enli yol bom-boş idi.

Cənub tərəfdən sərhəddəki gömrük məntəqəsindən keçib gələn iri traylerdən başqa yolda heç nə görünmürdü. Gözlərini Şimala doğru zilləyib Paknurun nə üçün belə etdiyini hələ də anlamayan Ünalın qarşısından trayler vıyıltı ilə keçdi.

Yalnız indi, o fikirdən ayılıb yaraşıqlı traylerə baxdı.Traylerin üzərində qıp-qırmızı iri böyürtkən şəkli vardı…
XS
SM
MD
LG