Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:32

Paşa Qəlbinur. Qara su (2)


Əvvəli

VI FƏSİL


Yastıqca

Aydının kiçik qardaşı altı iliydi ki, evliydi. Üç ay əvvəl xəbər çıxdı ki, gəlinin boyuna uşaq düşüb. Gəlin o evə qədəm qoyandan bəri hamı onnan razıydı, ayağı sayalıydı. Ancaq bir gecə Aydının arvadı qulağına pıçıldayır ki, bəs deməzsən, bu xəbər yalandır. Gəlinin bacısı ikinci uşağa hamilədi, nəyi olsa bacısına verəcək. Qaynım arvadı bu müddətdə qarnına yastıqca bağlayıb gəzəcək.
Və birdən Aydının yadına haçansa oxuduğu şeirdən bir misra düşdü:
“...Uyuyur böyrəklərim
körpələr kimi”.
Və ona elə gəldi ki, iki böyrəyi onun iki əkiz körpəsidi, yol boyu onlara lay-lay çalır, haçansa birini Bəy Qasıma verəcək. Əllərini üzünə apardı, üzü, qulaqları od tutub yanırdı. Ürəyində deyindi: "Allah! Bu nə zülümdü, deyəsən, ağlım çaşır..."
Qılıncoynadan rəqibinin başına ,,iynələr sancan kimi", yaddaşındakılar havada dövrə vurub başına süngülənirdilər. Bu dəfə "süngülənən" dostu Azadın anasının başına gələnlər oldu: şəkər xəstəliyinin fəsadından xəstəxanada, özünə demədən, ananın həyatını xilas etmək üçün ayağını kəsmişdilər. Səhəri gün xəstə vəziyyəti biləndə, palatada böyük həyəcan, hay-küy qopdu. Oğlu Azad yaxınlaşıb:
- Ana, əzrayıl gəlmişdi məni apara, ayağını verdim getdi, - dedi.
Ana dərhal sakitləşdi...

ANAnın taleyi hardan düşdü yadına?.. Bəlkə ona görə ki, sakitləşsin, ovunsun. Aydın ürəyində öz-özünə danışırdı: "Mən böyrəyimi, ciyərimi oğluma verirəm - ciyərparama. Bəy Qasıma yox, Qasıma yox..." Ürəyində öz-özünə dedikləri uzun, qaranlıq tuneldə əks-səda verib, itən səs kimi səngidi-səngidi, yox oldu... Ürəyi darıxan kimi oldu, durub gəzişmək istədi: "Qasım, dur keçim!".
Qasım diksinən kimi oldu. Elə bil böyrəklərinin "ağrı kəməri"ndən soyuq əlli birisi tutub silkələdi. Bu dəm o, xəyalında Caz Məmmədin omürlüyünün son kadrlarına baxırdı. Caz Məmməd Bəy Qasımın xalası oğlu idi. Bütün şəhərdə Məmmədin adı yalanın rəmzinə çevrilmişdi. Biri bir söhbət edərdi, dinləyənlərdən biri şübhələnsəydi ki, yalandı, söz atardı: "Caz Məmmədin canıyçün...". Hamı gülüşərdi ki, filankəs qatıqladı.
Caz Məmməd fitrəynən böyüsə də, Hitlerin müharibəsindən sonrakı illərdə çox az adamda olan şişmanlığı varıydı, yekəpərin biriydi, hətta buxağı sallanırdı. Ləqəbini şəhərə manıslar yaymışdılar. Sovet ideologiyasının caza düşmən kəsildiyi vaxtlarda onlara deyirmiş ki, toyuma caz gətirəcəm. Caz Məmmədi müharibəyə aparmamışdılar, böyrəkləri xəstəydi. Hətta o çətin müharibə illərində danışırdılar ki, Məmməd bir neçə nəfərə əsgərlikdən qalıb "neqodnı" almaq üçün öz sidiyini satıbmış...
Indicə Aydın: "Qasım, dur keçim", - deyəndə, Qasım elə dərin xəyaldaydı ki, elə bildi Caz Məmməddi yanında, onu dümsükləyir... Gözlərini bir az da geniş açdı, məlum cizgi filminin qəhrəmanının gününə düşdü. Caz Məmməd bir anın içində, göz qabağında fırlanıb oldu Aydın.
Aydın təyyarənin ortasındakı cığırla ayaqyoluna tərəf irəliləyəndə iki təyyarə bələdçisinin yemək-içməklə dolu arabayla ona doğru gəldiyini gördü. Heç iştahı yoxuydu, elə bil ki, bir qoyun yemişdi. Neçə saatdı ürəyində ölülərlə, dirilərlə söhbətləri onu doyurmuşdu. Yadına bir neçə ay əvvəl oxuduğu Daniil Qraninin Leninqrad blokadası haqqında xatirələri düşdü. Müəllif xatırlayırdı ki, çoxlu sayda insanlar aclıqdan ölürdülər, ancaq bu ağır imtahandan keçənlər də qədərincəydi. Mənəvi qida - oxunan kitab, musiqi, rəsm əsəri, tamaşa müəyyən mənada fiziki qidanı əvəz edirdi. O, yazır ki, mən indi anlayıram ki, mənəvi qida metafizik bir varlıqdır. Ikinci dünya müharibəsinin Leninqrad blokadası bunu bir daha sübut elədi. Bu sətirləri oxuyanda Aydının yadına Ibadulla müəlliminin işlətdiyi ifadə düşdü: filan kitabı, filankəsin filan şeirini oxudum, "damağım çağ oldu"...

VII FƏSİL

Heyva ətri

Aydın təyyarə salonunun axırındakı boş oturacaqlardan birinə əyləşdi. Öndəki sırada iki gənc qız, oğlan qucaqlaşıb mürgüləyirdilər. Oturduğu yerdən burnuna qəribə iylər gəlirdi Aydının. Diqqətini cəmlədi, güclə sezilən sual dolu nəzərlərlə ətrafa boylandı. Əslində bu ətir ona tanış, çox tanış gəlirdi. Ancaq nə illah elədisə yadına sala bilmədi adını, ilk dəfə gördüyü, duyduğu yeri, məkanı. Alnı ovuclarında başını öndəki sıranın oturacağına söykəmişdi. Nə qədər vaxt keçmişdi, heç özü də bilmədi. Beş dəqiqəmi, on dəqiqəmi, çoxmu, azmı... Yarıyuxulu, yarıayıq burnuna dəyib, ruhuna yayılan bu ətir onu öz qoynuna alıb, tələbəlik illərində, tələbə inşaat dəstəsinin tərkibində bir yay çalışdığı Tambov şəhərinə apardı. Günlərin bir günündə, uzun sözün kəsəsi, mavigözlü rus gözəli Marinagildə, ömründə ilk dəfə, gecə burnuna dəyib, ruhuna yayılan o ətri hannan-hana indi xatırladı.
"Sənin gözlərinin dərinliyində
Ölürəm, arılar balında boğulan kimi."
O ətir heyva ətri deyildi, heyvanın ortasındakı toxumları (çəyirdəyini) bürüyən, bəlkə də qurumaqdan qoruyan boz rəngli yapışqana bənzər, özlü maddənin ətriydi. Uşaq vaxtı boğazı gələndə, inağ olanda heyvanın çəyirdəyini boğazını basandan sonra dəfələrlə qaynadıb içirtmişdilər ona. Ancaq onun əsil ətrini Aydın on səkkiz yaşında, uzaq, soyuq, heyva bitməyən bir məmləkətdə duyurdu. O gecə o ətirə uyub, dünyanın cazibəsindən on səkkiz yaşında çıxıb, harasa uzaqlara, lap uzaqlara getmişdi... Bu dünyadan çıxıb, başqa bir dünyaya səyahət etmişdi Aydın. O ətir ilk dəfə onun ağlını başından alıb aparmışdı, ağlı səhər acılanda qayıtmışdı özünə.
Səhər o, tələbə inşaat dəstəsinin komandiri kimi işə çıxacaqdı. Işdə də küləksiz, aydın səmalı dumduru dənizdən daha işıqlı, nəm, mavi gözlü o qızın gecə nağılı, əyinsiz əndamı illah da o nağılın məkanındakı heyva toxumlarının ətrinnən bihuş olacaqdı... O ətir iyirmi səkkiz il də keçməyinə baxmayaraq səngiməmiş, bu çətin anlarında uzaq, uzaq, uzaqlardan uçub onun köməyinə gəlmişdi. Beynindən, ürəyindən, vücudunnan bir xoş, ilıq işıq keçdi. Öz-özünə: "Bu çətin günlərimdə yəqin məni sevənlər də köməyimə gəlirlər," - deyə düşündü. Yadına kimdənsə oxuduğu misralar düşdü:

"Sənin duaların ruhlar kimidi,
Tanrı dərgahına tez çata bilər."
Bu ağrı-acının içində, yağ damlası suda batmayan kimi, ən yaxşı günlərində - ayrı bir aləmdə idi: "Insan həqiqətən sevirsə, deməli, heç bir günahın sahibi deyil. Əksinə, insan sevərkən güclü olur. Əsl sevgi daimi ətir kimi bir şeydir. Elə adamlar var ki, dünyadan heç sevmədən köçürlər. Elə adam tanıyıram ki, musiqidən zəhləsi gedir. Sevgisiz yaşamaq çox asan olur, vicdansız yaşamaq kimi. Sevib yaşamaq gözəl və çətindir, qardaşım!.."

VIII FƏSİL

Təyyarə uğultulu ağlamaq səsi

Qəribəydi ki, Aydın öz yerindən durub gedəli, Bəy Qasım da eyni vəziyyətdə - alnı ovuclarında, başını öndəki sıranın oturacağına söykəyib qalmışdı. (Özünün özünə verdiyi suallarıyla, dönəndə paylayacağı nəzir-niyazıyla, Allaha yalvarışlarıyla...) Bir fikri heç cürə başından uzaqlaşdıra bilmirdi. Onu bir həyasız eşşək arısı kimi hey əl-qoluyla qovalasa da, dönüb yenə başına qonmaq istəyirdi. Bir xeyli vaxt idi yadına düşmüşdü ki, atası da onun yaşında dünyasını dəyişib...
Gözlərinin önündən bir film kimi keçirdi çətin uşaqlıq illəri, analıq yanında nisgilli günləri və sonra... Sonra da bu var-dövləti Allah özü vermişdi ona, var-dövləti verib də zəlil eləmişdi... Ürəyindən keçənlərdən diksinən kimi oldu, bir neçə dəfə: "Əstafürullah, əstafürullah", - deyib özünü sakitləşdirmək istədi. Bədənindən bir üşütmə keçdi. O iri açılmış göz qapaqlarından bərəlmiş gözləriylə, genəlmiş bəbəkləriylə boğulan adamın axtardığı saman çöpünü gəzirdi elə bil...
Bəy Qasımın beynindən qara-qura fikirlər keçdikcə, köhnə evin tavanınnan, suvağının çatınnan yağış damlaları otağı islatdığı kimi, suallar içinə damırdı: "Ilahi, görəsən bu əməliyyatdan sağ-salamat qurtara biləcəmmi? Ilahi, sən özün kömək ol! Görəsən, məni yaxınlaşan bayram günündə əməliyyat edərlərmi? Desəm, məni anlayarlarmı? Tanrının dərgahında günahlarım çoxdumu?.. Mən yetimə, tifilə, axı sən özün vermisən bu var-dövləti, bu yolda günahlarım da olub, bağışla, Allahım, məni bağışla!.."
- Qasım, dur keçim yerimə.
Aydının səsiydi.
Qırx altının içindəydi Aydın. Bu yaşanmış ömürdə, yaxşılı-yamanlı, başının çəkdikləri çoxuydu, qəribə-qəribə eşitdikləri, gördükləri də.
Təyyarənin yemək dəstgahından sonra burnuna salondan tanış, xoşagəlməz iylər gəldi - çiy, köhnə balıq iyi... Bu iy onu yenə uzaqlara, çox uzaqlara apardı... Aspiranturanın birinci iliydi. Təzə ildə Moskvadan bir neçə günlüyə evlərinə dönmüşdü. Qayıdanda ağ saçları uca dağları xatırladan, bu ixtiyar çağında da olduqca yaraşıqlı, böyük alim və gözəl insan olan elmi rəhbərinə Xəzərin bir iri qızıl balığını aparmaq istəmişdi. Kommunist dönəminin saysız eyblərinə, faciələrinə rəğmən, o zamanlar Bakıdan belə balıq, ya qara kürü su qiymətinə idi. Aydın bilirdi ki, olduqca təmənnasız bir insan olan elmi rəhbəri Xəzərin qızıl balığını çox sevir. Əlqərəz, tanış balıqçılardan böyük, gözəl bir Qızıl balıq alındı, içi təmizlənib azca duzlandı, kərövüz, nanə, gicitikan doldurulub, ağ, təzə, böyük mələfəyə büküldü, üstündən də bintlə sarınıb, iki tərəfindən tutacaq bağlandı. Aydın, ağır da olsa, bir əlində çox rahat götürmüşdü balığı - kənardan ağ yaya oxşayırdı. Hava limanına gedəndə birdən-birə hava kəskin soyuyub qar yağmağa başladı. Aydın yaşda olanların yadında olar, o qış Azərbaycanın tarixində dözülməz, şaxtalı, qarlı keçdi. Nəqliyyat, demək olar ki, dayanmışdı. Dükanlarda görünməmiş uzun çörək növbələri varıydı. Bakı hava limanından o gün bir dənə də olsun təyyarə nə havaya qalxdı, nə də qəbul olundu. Hava limanı sərnişinlərlə, onları yola salacaq və qarşılayacaq adamlarla dolu idi. Və bu insanların sayı vaxt keçdikcə artırdı. 4-5 saatdan bir hər reysin yenə həmin müddətə təxirə salındığı elan olunurdu. Adamlar sorğu pəncərəsinin qızlarını, hava limanının işçilərini dəng eləmişdilər, hamı girinc olmuşdu, artıq ikinci, üçüncü, dördüncü gün idi ki, insanlar hələk-vələk idilər. (Yorğunluq, yuxusuzluq, gediləcək məqsədlə bağlı narahatçılıq onları əldən salmışdı.) Bir tərəfdən də sovet bürokratik sisteminin yazılmamış qanunlarındanıydı, ya nə idi, birdəfəlik elan olunmurdu ki, filan reys, məsələn, üç gündən sonra uçacaq. Heç olmazsa, o reysin adamları uzaq aeroport yolunu qayıdıb evlərində rahatlanaydılar. Hamı qorxurdu ki, evlərinə dönsələr növbəti 4-5 saatlıq elanda təyyarələri uça bilər.
Aydın hava limanındakı ikinci gündən başlayaraq, apardığı balığı ara-sıra ətrafındakıların diqqətini cəlb etmədən iyləyirdi. (Fikrindən keçirdi ki, balıq ağırlaşa bilər.)
Bu böyük, nigaran insan toplumunun içərisində bir dəstə xüsusiylə diqqəti çəkirdi. Hava limanındakı birinci gün gecə aydın oldu ki, şəhərdə bir tanınmış kişinin (o da həmin dəstənin içərisindəydi) gənc, gözəl arvadı Moskvada xəstəxanada dünyasını dəyişib. Mərhumun cənazəsini gətirən adamlar "Domodedovo" hava limanındaydılar, qarşılayanlar Bakıda. "Binə" hava limanında narahat olan adamların ən gözə çarpanı bu dəstə idi. Günlər keçdikcə bu insanların isti göz yaşları get-gedə azalır, yerini nigarançılıq tuturdu. Qəribəydi, kədərin, əzabın, isti göz yaşlarının yerinə dolan nigarançılığın belə amansız axınını Aydın ilk dəfəydi görürdü. Və hər dəfə onlara baxdıqca gizlicə əyilib balığı iyləyirdi. Ona elə gəlirdi ki, Moskvadakı meyit və Bakıdakı Qızıl balıq eyni cürə ağırlaşmağa başlayırlar. Aydın gizlicə iyləyirdi əlindəki balığı, bu böyük dəstə ürəklərinin dodaqlarıyla, ağıllarının işığıyla iyləyirdilər üç min kilometr uzaqlıqda olan əzizlərini... Və bu əzablı, üzüntülü anlar uzandıqca uzanırdı, ağırlaşdıqca ağırlaşırdı, çoxaldıqca çoxalırdı... bitmək bilmirdi. (Uzun illər keçəcək, "Kursk" sualtısının batması xəbəri saatbasaat, günbəgün televiziyada elan olunub, şərh olunduqca o hissləri bir daha yaşayacaqdı Aydın: "Bax, indi submarinanın kayutalarına yavaş-yavaş su dolur, partlayışdan ya nədən ölənlər ölüb, qalanlar o ölülərlə birgə otaqdadırlar, suda meyitlər üzür... Suyun səviyyəsi yavaş-yavaş artır, nə illah eləsələr də tavandakı lyuk açılmır, sağ qalanlar gəminin dəmir divarlarını çəkiclə döyəcləyirlər: "Burdayıq, sağıq, bizi xilas edin!". Dördüncü, beşinci, altıncı gün keçir, sudakı cəsədlərdən tanış olan və olmayan iylər gəlir; qorxu, soyuq, ümid, ümidsizlik və daha nələr, nələr, nələr...")
Beşinci, altıncı günüydü ki, bu hal gərginlik arta-arta davam edirdi. Çoxlarının - o cənazə gözləyən dəstənin kişilərinin hamısının üzləri bu bir neçə gündə tüklənmişdi. Aydın sarınmış balığı iyləməyəndə də, barmağıyla ehtiyatla basırdı ki, görsün ət boşalıb, ya yox. Altı günün yorğunluğu, yuxusuzluğu Aydını elə keyləşdirmiş, kütləşdirmiş, hallandırmışdı ki, gəzəndə də mürgülü görünürdü. Qəribəydi, şüuraltı ona elə gəlirdi ki, bu dəstənin adamları - dünyasını dəyişmiş xanımın əri, anası, bütün burada olan yaxınları, doğmaları üç min kilometrlik məsafəyə - Moskvanın "Domodedovo" aeroportuna burunlarını uzadıb o tabutu iyləyirlər. Və Aydın əlindəki balığı nəzərə çarpmadan, gizlicə iyləyəndə, onu görsələr nəsə mərəkə qopa bilər, nəsə çox-çox pis şeylər olar...
Aydını Moskvaya yola salanlar - atası, anası, dayısı və qardaşıydı. Onlar da əldən düşmüşdülər. Aydının anası elə ilk gündən o cənazə gözləyən dəstədən bir yaşlı qadınla tanış çıxdı. Onlar bu uzun sürən gecəli-gündüzlü ağırlıqda hərdən söhbətləşir, dərdləşirdilər. Bu qadın mərhumun anasının qaynı arvadı idi - Seyfəlidən. Bu dəhşətli gecə-gündüzün altıncı günü, səhərə yaxın, əsəbləri bu gərginliyə dözməyən o qadın, Aydının anasına, özünün fikrinə görə, birbaşa bu faciyəyə dəxli olan bir hadisə danışır. Lakin hadisəni danışmazdan əvvəl deyir ki, görərsən, bir azdan gözlədiyimiz təyyarənin günorta saat üçdə gələcəyini elan edəcəklər. Aydının anası heyrətlə:
- Nə bildin?
O da şahidi olduğu qəribə, tükürpədən əhvalatı danışmağa başlayır:
"Mərhumun burada gördüyün, təxminən altmış yaşlarında olan anası, uzun illər əvvəl varrı-karrı atasının evində ərköyün, fironluq eləyən qızıymış. Tərbiyəsizlik, qudurğanlıq o yerə çatıbmış ki, hətta keyfi istəyəndə gedib-gəlib evlərindəki qulluqçu qadının üzünə tüpürürmüş. O qulluqçu sahibsiz, dilsiz-ağızsız dul qadının yanında on üç yaşında qızı da varıymış. Bir dəfə təndirdə çörək yapılanda, mərhumun anası (o vaxt ərrik qız olan) süfrədəki kündəni ayaqlayıb keçir. Qulluqçunun qızı öz-özünə yavaşca:
"Allah, keç bu günahdan", - deyir. Bunu eşidən qudurğan, ərköyün qız oxlovu götürüb, qızın başına çırpır. Oxlov qızın gicgahına dəydiyindən o, yerindəcə keçinir. Həmin gün qızın anası evdə yoxuymuş. Onu səhər tezdən qonşu kəndə - ev yiyəsinin bacısıgilə, oğlunun toyuna hazırlıqla bağlı köməyə göndəriblərmiş. Xülasə, on üç yaşında, qızlar bulağından yenicə su içən, gözəl, ölüsü də diriyə oxşayan qızı kilimə büküb, məftillə bərk-bərk sarıyırlar, gecəylə aparıb kəndin başındakı kəhrizin quyusuna atırlar. Səhəri gün anası evə qayıdanda deyirlər ki, yuxudan durduq, gördük qız yoxdu, gecəyarı durub harasa çıxıb gedib. Bu da yeri, görürsən açılıdı, nə ayaqqabıları var, nə də toxunma yun köynəyi. Bu hadisədən sonra bütün kənd bir-birinə dəyib, guya qulluqçunun qaldığı evin adamları da.
Deyirlər ki, ölən qızın anası gecə-gündüz qəribə səslə ağlayırmış. Ağlamaq yox, mələyirmiş və bu səs get-gedə uzaqdan gələn böyük təyyarənin uğultusuna oxşayırmış. Altı gün o evdən təyyarə uğultusu kəsilmir. Altıncı gün günorta saat üçdə kənkanlar məlum yerdən meyiti tapırlar... Bu dəhşətli hadisə bir ailə sirri olaraq uzun illər qalır.
Mərhumun anası - Gülsümün qaynı arvadı Aydının anasına deyir ki, indicə mürgüləmişdim. Ağ paltarlı, nurani bir kişi mənə dedi ki, Yetim Ziba yanımdadı, xəstəydi, altı gündü təyyarə səsiylə zarıyırdı, bu gün sağaldı, Əzizəni qoşdum ona, saat üçdə qarşılayın.
Ayılan kimi bunu sənə danışmasaydım, ürəyim partlayacaqdı. Hə, bir də yadıma düşdü ki, o qızı oxlovla vurub öldürən şıltaq qız - indi öz qızının cənazəsini gözləyən Gülsüm xanım uzun illər başındakı təyyarə uğultusu və müxtəlif küylərin onu narahat etməsi səbəbindən həkimlərdə müalicə olunub. Hər il təqvimin bu günlərində Mirmövsüm ağanın qəbrinin başına ağlaya-ağlaya dolanıb yalvarırmış: "Ağam bağışlayandı, Allah bağışlayandı...".
Qadın sözünü bitirməmiş elan eşidildi:
"Diqqət! Moskvadan Bakıya 7 yanvarda təxirə salınmış 851 nömrəli reysi qarşılayanların nəzərinə: Sizin təyyarənin gəlməsi yerli vaxtla saat 15-00-da gözlənilir."
Hamı qəribə sükut içindəydi. Aydının anası: "Allah, böyüklüyünə şükür!" - dedi. Seyfəli qadın qəşş eləyib özündən getdi.
Ansızın Aydına çatdı ki, təyyarə salonunda burnuna gələn iy, o uzun illər əvvəl, hava limanının əzablı altıncı günündə əlində tutduğu ağ sarıqlı qızıl balığın güclə sezilən, ancaq heç zaman yaddan çıxmayacaq, unudulmayan iyidi...

IX FƏSİL

Nemes Nəbi

Bəy Qasım bu uçuş müddətində Allah bilir neçənci dəfəydi ki, şah piyada gedən yerə gəlirdi. Qasım təyyarənin darısqal tualetində güzgüdə diqqətlə özünə baxırdı. Gözlərinin altı torbalanmış, üz-gözü gecə-gündüz yuxusuz qalan, yeyib-içən, paxmeldən hələ tam ayılmayan adamlar kimi şişkin, əzgin, ifadəsiz, azca ağrılı idi. Qasım özünü ilk dəfədi görürmüş kimi, diqqətini cəmləyib, bir az da güzgüyə yaxınlaşdı. Gur şəvə saçlarının alnındakı sərhəddində uşaqlıqdan qalmış iki inağ capığını elə bil təzə görürdü. Əhvalının məlum dəmində, təyyarənin bu darısqal tualetində, nədənsə, qırx ildən artıq qaşqasında gəzdirdiyi bu çapıqlar gözlərinə müharibə filmlərindəki faşist svastikası şəklində göründü. Yadına kənddəki qonşuları - Nemes Nəbi düşdü. Nəbi kəndin orta nəslinə mənsub, sayılıb-seçilən, qeyrətli kişilərindən biriydi. Qarabağ müharibəsində üç oğlu şəhid olmuşdu. Davaya yola salanda təkcə böyük oğlu Toğrula beş ay idi ki, toy caldırmışdı. Toğrul Xəlil bəyin oğlu Təbriz Xəlilbəyli ilə bir dəstədə vuruşurdu. Gözlər görüb, qulaqlar eşitməsin, üç oğlunun bəd xəbərini bir gündə eşitdi Nəbi... Ancaq kənddə heç kim onun gözlərində yaş görmədi. Matəm mağarına gələnləri ayaq üstə salamlayırdı, qəribə kədər-qürur qarışıq görkəmi varıydı...
Bu olaylardan dörd ay sonra Nəbinin oğul nəvəsi dünyaya gəldi. Nəbi sol qoltuq cibində dörd aydı gəzdirdiyi bir xışma iri pulu muştuluq xəbərini gətirən qonşu mamaça Sənəm bacının ovcuna basdı. Qəşş eləyib özündən getdi, üzüqoylu yerə dəydi. Yaxındakılar yüyürüb Nəbini yerdən qaldırdılar, həkimlər tökülüşdülər. Xəstəxanada lazım olan yardımı elədilər; huşa gətirdilər, alnı bir neçə yerdən çapılmışdı, tikiş qoydular. Həkimlərin təkidinə baxmayaraq, üç-dörd saatdan sonra Nəbi evlərinə qayıtdı. Xəbəri eşidən qonum-qonşu, qohum-əqrəba, dost-tanış tökülüşüb gəlmişdilər gözaydınlığına. Ancaq bu qəribə, nisgilli, bənzərsiz göz aydınlığı verənlərin hamısının gözlərində sevinc qarışıq kədər aydınca görünürdü, titrəyən səslərindən boylanırdı. Gözlərindəki yaş parıltılı, ağrılıydı.
O yay gecəsi səhərə kimi Nəbigilin həyətində Seyid Novruz qarmonda çalırdı, çalırdı deyəndə, qarmonu ağladırdı, zurna-balaban səsi xeyli uzaqlardan eşidilirdi. Nəbi havalı başıyla, tikişli alnıyla oynayırdı. Bu kənd nə belə çal-çağır görmüşdü, nə bu qədər göz yaşı.
Bir neçə gündən sonra Nəbinin alnındakı tikişləri sökdülər. Kəndin "Bəqo" ləqəbli bir lağ-lağısı varıydı. Bir gün doqqazda cavanlara pıçıladı ki, ayə, Nemes Nəbi gəlir, özünüzü yığışdırın. Üstündən də qayıtdı ki, baxın, Nəbinin alnındakı çapıq nemes xaçıdı . Yaxınlaşanda gördülər Bəqo düz deyir, hamı qurumuşdu. Odu-budu kənddə Nəbinin adı qaldı Nemes Nəbi. Kənddə beş-altı Nəbi varıydı: Cırtdan Nəbi, Yetim Nəbi, Qancıq Nəbi, Fağır Nəbi, bir də Nemes Nəbi.
Bir neçə gündən sonra, adı doğulmamışdan əvvəl qoyulan Toğrulu bir üzü qız, bir üzü gəlin anasıyla doğum evindən Nəbigilə gətirdilər. Nəbi səhər o başdan çimib, dəstəmaz aldı, təzə bahalı paltarlarını geyindi. Həyətdə gəlinin, uşağın ayağının altında qurban kəsdi. Içəri keçib rahatlanandan sonra, arvadına: "Mən uşağı görmək istəyirəm, bələyini açın!" - dedi. Gəlin azca kənarda durmuşdu, arvad bələyi açdı. Nəbi irəli gəlib: "Allah, şükür!" - deyib, sağ əlinin şəhadət barmağıyla uşağın nəcisindən götürüb ağzına qoydu. Hamı donmuşdu. Bir an sonra otaqdakıları qəribə titrətmə tutdu. Hamı ağlayırdı... Nəbi otaqdan çıxdı...
Bəy Qasım güzgüdə bir də alnındakı çapıqlara baxdı. Ürəyində özü-özlüylə yazıq-yazıq danışdı: "Əməliyyatdan sağ çıxsam, özümə ad qoyacam Nemes Qasım...". Duruxdu, dediyinə qımışan kimi oldu. Ancaq kasıb şorbasında yağ üzən kimi, bu arzu - yumor damlası Bəy Qasımın ümumi əhvalında heç nə idi. Bəlkə də, boğulan adamın saman çöpünə əl atması kimi bir şeydi...

X FƏSİL

Salxım-salxım buludlar

Aydın illüminatordan buludlara baxırdı. Buludlar topa-topa, salxım-salxım. Bəziləri birləşib ağ gülə, divə, cinə, şeytana oxşayırdı, hətta bir an Bəy Qasıma oxşayanını da gördü - gözləri çərələ... Yuxarıdan aşağı baxdı, əyrim-üyrüm çay - qoltuğunda barxana gedən, ayranı tökülmüş qarıydı elə bil. Gəncliyində şeir yazdığından, hərdən təşbehlərlə düşünər, gördüklərini nəyəsə bənzədərdi. Və birdən ona elə gəldi ki, böyrəkləri ekiz qızlarıdı, birini nişanlayıb, bu yaxınlarda gəlin köçürəcək. Qızını gəlin köçürəcək ata hansı hissləri keçirirsə, o haldaydı Aydın. Uşaqlıq illərində Tavat nənəsi əyilib-qalxıb təndirə çörək yapanda, üz-gözü necə allanırdısa, indi bütün vücudu təndirdəydi elə bil...
Son iki gecə-gündüz Aydın üst-üstə bir saat yatmış olardı, ya olmazdı. Göz qapaqları ağır qazamat darvazası kimi sözünə baxmadan qapanırdı. Qəribə yuxu görürdü Aydın: Oğlu Orxanın neçə illərdi övladı olmurdu. Həkimlər də deyirdilər ki, gəlindən deyil, oğlundandı. Və indi nəyə görəsə həkimlər Aydının bətninə mayalayırlar uşağı, uşağı yox ekizləri. Ay Allah, bu uşaqlar başlanğıcda elə balacadılar, balacadılar ki, alma boydadılar. Ay Allah, lap elə böyrək boydadılar. (Böyrəkləri bətnindəki, ekiz uşaqlarıdı Aydının.) Böyrəklərini yox, bir böyrəyini doğub verəcək övladlığa Bəy Qasıma.
"Ay Allah, Bəy Qasım nəydi, bəs Orxan necoldu..." - yerində vurnuxdu Aydın, ayıldı. Ayıldı deyəndə ki, ayılan kimi oldu, kipriklərini qaldırıb yanında Bəy Qasımı gördü - doğacağı övladını saxlayacaq adamı. Yox, yox! Böyrəyini saxlayacaq adamı. Yuxunun təsirindəniydi, ya nəydi Qasım ilk dəfə ona məhrəm, çox məhrəm gəldi. Oğlu kimi, ya heç özü də bilmədi kim kimi... Qasım onun övladını saxlayacaq həm ata, həm də anaydı... Aydın Qasıma ilıq, doğma gözlərlə baxırdı, Aydın yuxudan hələ tam ayılmamışdı...
Təyyarənin salonunda işıqlar yandı. Işıq iki əl idi, Aydının kipriklərindən tutub göz qapaqlarını səhnə pərdəsi kimi yuxarıya çəkdi. Aydın bu dəfə yanındakı Bəy Qasımı aydın, lap aydın gördü. Üzündə-gözündə ağrıların və qorxunun çox şeyi sil-süpür elədiyi Bəy Qasımı.

davamı
XS
SM
MD
LG