Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:38

Adil Cəmil "Məni sevməyənlərə", "Bir dəfə"


MƏNI SEVMƏYƏNLƏRƏ


Niyə xoşunuza gəlmirəm, deyin,
Mən də sizin kimi adamam axı.
Necə manqurt olum, necə kütbeyin,
Hərcayı sözləri udamam axı.

Üz dönür astara, astar üz olur,
Düz dönür dərəyə, dərə düz olur.
Əgər yalandırsa, niyə düz olur
Mənim ürəyimə bu daman axı?

Arxam yox - seçilim, haqqım yox - seçim,
Suyu da qıymazlar mənə bir içim.
Necə alovlanıb yanmasın içim -
Tamama dərs keçir natamam axı.

Fələk də baş açmır bu kəm-kəsirdən,
Əslində, nə qalıb zatı əsildən?..
Naqislik gözləmən bizim nəsildən -
Mən elə tərtəmiz atamam axı.


BIR DƏFƏ

Yazın yazısını yaşayan çiçək,
Bir dəfə açırsan, cəmi bir dəfə.
Əsarət, cəsarət böl\güsü varsa
Kimi min yol ölür, kimi bir dəfə.

El ağlar dalınca eldən getmişin,
Yoxsa nə mənası altmış, yetmişin.
Vədəsi gəlmişin, vaxtı yetmişin
Tapılmır çarəsi, çəmi bir dəfə.

Ayaq basdığımız bu tin, bu dalan
Böyümək istəsən deyir xırdalan...
Yalançı dünyada sevinmək yalan,
Güləşsən yıxmazsan qəmi bir dəfə.

Sinəmin dağları həsrət dağıdır,
Qurduğum qalanı həsrət dağıdır.
Mənim bu ürəyim dərd qaynağıdır -
Qurumur gözümün nəmi bir dəfə.

Nəfsi tox olanlar ölməz acından,
Yolları keçirər ayaq ucundan.
Ümid yox əyilən dor ağacından
Bir dəfə qərq olur – gəmi bir dəfə.

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG